Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6900/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı ("xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “vurulmuş zərərin ödənilməsi” tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X4, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı ("xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-3420/2025 nömrəli 07 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" KB ASC və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəflərindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı CSQE029502 namizəd nömrəsi ilə Böyük Britaniyada keçirilməsi nəzərdə tutulan imtahanda (İngiltərədə «Solicitor» (Vəkil) adını qazanmaq üçün müraciət formasını doldurararaq təqdim etmiş) iştirak üçün qeydiyyatdan keçmişdir;
2. İmtahanın keçirildiyi yer Böyük Britaniya, London, E1 1LP, 56 Commercial Roadda yerləşən X2 – İTTS – Aldgate East-2 adlı imtahan mərkəzi, imtahanın tarix və vaxtı xx.xx.2024-cü il, saat 08:00, imtahanın davam etmə müddəti 375 dəqiqə müəyyən edilmişdir;
3. X6 vermiş İddiaçı müvafiq sertifikat təqdim olunmuşdur;
4. Bundan öncə, İddiaçı üzvlüyə qəbul üçün xidmət haqqı kimi «X1»-ə (Vəkillər Kollegiyası) Leobank tətbiqi vasitəsilə 100 Pounds (Funt sterlinq) (ödəniş anına məzənnə üzrə 220,74 manat) məbləğində ödəniş etmişdir;
5. Ödənişlə bağlı, bank tərəfindən 39,73 manat 18 % ƏDV hesablanmış və iddiaçının hesabından silinmişdir; 7) Bundan bir müddət sonra iddiaçı Leobank tətbiqi vasitəsilə 523915****4140 nömrəli kart hesabına card-to-card əməliyyatı ilə 151,70 manat ödəniş etməyə çalışmış, bankın İT sistemində texniki çətinliklər olduğundan ödənişi həyata keçirə bilməmiş, digər bank hesabı vasitəsilə ödənişi icra etmişdir;
6. İddiaçı daha sonra «Leobank» mobil tətbiqinə daxil olduqda, hesabından da 154,73 manat (151,70 + 3,03 köçürmə komissiyası) həcmində vəsaitin çıxdığını aşkar etmişdir;
7. İddiaçı qeyd olunan məsələlərlə bağlı cavabdeh banka dəfələrlə müraciət etsə də (yazışmalar txt formatında təqdim olunub), ƏDV məbləği olan 39,73 manat vəsait, həmçinin 154,73 manat vəsaiti geri qaytarılmamışdır;
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin 18 sentyabr 2025-ci il tarixli 3-21-2-2/2-Q-42043/2025 saylı məktubunda qeyd olunmuşdur ki, qeyri-rezidentə edilmiş ödənişlərdən bank tərəfindən ƏDV-nin hesablanması barədə xx.xx.2025-ci il tarixli müraciətə (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********296800 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildirilmişdir ki, sorğuda qeyd olunan fiziki şəxsin ölkə hüdudlarından kənarda keçirilmiş imtahanda əyani şəkildə iştirak etməsi halında, qeyri-rezidentin göstərdiyi xidmətlər Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən ƏDV-yə cəlb edilmir, ölkə hüdudlarından kənarda keçirilmiş imtahanda məsafədən qoşulmaqla onlayn formada iştirak edildiyi təqdirdə isə Vergi Məcəlləsinin 168.1.5-ci və 169-cu maddələrinin müddəalarına əsasən qeyri-rezidentə aparılan ödəmələrdən ödənişi aparan bank tərəfindən alıcının vəsaiti hesabına ƏDV hesablamaqla dövlət büdcəsinə ödənilir. Belə ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlər və xidmətlərin göstərilməsi «Elektron ticarət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqısatqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət hesab edilir. Göründüyü kimi, qeyrirezident şəxs tərəfindən vergi uçotunda olmayan şəxslərə ölkə hüdudlarından kənarda elektron ticarət qaydasında otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi Azərbaycanda ƏDV-yə cəlb olunur və həmin qeyri-rezident şəxsə ödənişlər aparılarkən bank tərəfindən alıcının vəsaiti hesabına ƏDV tutulur. Bununla yanaşı, Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə, xidmətlərin faktiki göstərildiyi yer ƏDV məqsədləri üçün xidmətlərin göstərildiyi yer sayılır. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 168-ci və 169-cu maddələri, «Elektron ticarət haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Məlumat üçün bildirilmişdir ki, vergi qanunvericiliyinə dair qüvvədə olan normativ hüquqi aktlarla və vergitutma ilə bağlı normativ xarakterli digər aktlarla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin «Qanunvericilik» bölməsi vasitəsi ilə tanış ola bilərsiniz. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə, İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-1), Bakı şəhəri Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15 ünvanında yerləşən xidmət mərkəzinə, həmçinin Milli Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinə (ünvan: Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 105) və ya bütün vergi ödəyicilərinə xidmət mərkəzlərinə (o cümlədən Milli Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi istisna olmaqla, digər xidmət mərkəzləri üzrə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində vergi ödəyicilərinin xidmət mərkəzlərinə əvvəlcədən onlayn növbəyə yazılma elektron xidməti (https://new.etaxes.gov.az/eportal/az/onlinequeue) vasitəsi ilə növbə tutmaqla) müraciət edilə bilər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC-dən ona vurduğu maddi ziyana görə 194,46 manat və 28 fevral 2025-ci il tarixdən hesablanmaqla qətnamə qəbul olan günədək hər gecikdirilmiş gün üçün 7 % həcmində gecikdirmə faizi, mənəvi ziyana görə 1.000 manat və 28 fevral 2025-ci il tarixdən hesablanmaqla qətnamə qəbul olan günədək hər gecikdirilmiş gün üçün 7 % həcmində gecikdirmə faizi, ümumilikdə 1.194,46 manat və 7 % həcmində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)- 3420/2025 nömrəli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
11. Sonradan, "xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" Kommersiya Bankında bank hesabı açmış və bununla bağlı, ona «Leobank» plastik kartı təqdim edilmişdir. Həmin plastik kart vasitəsilə mütəmadi olaraq ödəniş əməliyyatları aparmışdır ki, müəyyən hallarda bank tərəfindən vergi və ödəniş qanunvericiliyi tələbləri pozulmuş, nəticədə maddi və mənəvi zərərə məruz qalmışdır. Aşağıda bu hallar və qanunvericilik pozuntuları barədə daha ətraflı məlumat verəcək. 20 fevral 2025-ci il tarixdə İngiltərədə «Solicitor» (Vəkil) adını qazanmaq üçün sonuncu müraciət formasını doldurararaq təqdim etmiş və üzvlüyə qəbul üçün xidmət haqqı kimi «X1»-ə (Vəkillər Kollegiyası) Leobank tətbiqi vasitəsilə 100 Pounds (~220,74 manat) məbləğində ödəniş etmişdir. Ödənişlə bağlı, bank tərəfindən əlavə 39,73 manat (220,74 manatın 18 %-i) ƏDV hesablanmış və hesabından müvafiq olaraq silinmişdir. Banka 20 fevraldan başlayaraq dəfələrlə müraciət edib, İngiltərə Vəkillər Kollegiyasına edilən ödənişlə bağlı ƏDV-nin tətbiq edilməməli olduğunu izah etsə və bununla bağlı, xeyli sayda təsdiqedici sənədlər təqdim etsə də, Bank tərəfindən vəsaitin qaytarılmasından imtina edilmişdir. Bundan əlavə, məsələyə 5 iş günü ərzində baxılıb, cavab veriləcəyi bildirilsə də, ona imtina cavabı 13 mart tarixində təqdim edilmişdir. İmtina cavabı belə əsaslandırılmışdır ki, o, həmin sənədi İngiltərədə fiziki aldığı barədə sübut (təyyarə bileti, otel bronu və s. bu tipli) təqdim etməmişdir. 28 fevral tarixində Leobank tətbiqi vasitəsilə 523915****4140 nömrəli kart hesabına card-to-card əməliyyatı ilə 151,70 manat dəyərində ödəniş etməyə çalışsa da, bankın İT sistemində yaranan texniki çətinliklər səbəbindən ödənişi həyata keçirə bilmədiyini görüb, digər bank hesabı vasitəsilə ödənişi icra etmişdir. Lakin, daha sonra «Leobank» mobil tətbiqinə giriş edərkən, hesabından da 154,73 manat (151,70 + 3,03 köçürmə komissiyası) həcmində vəsaitin çıxdığını görmüş, dərhal banka ödənişin qaytarılması ilə bağlı müraciət etmişdir. Baxmayaraq ki, bank tərəfindən ödənişin texniki nasazlıq səbəbindən icra olunduğu bildirilmiş, lakin yenə də sorğuya 30-60 gün ərzində baxılacağı qeyd edilmiş, hesabına pul köçürtdüyü adamın razılığı olacağı təqdirdə, ödənişin qaytarılacağı qeyd olunmuşdur. Baxmayaraq ki, ödənişin tərəfindən avtorizasiya (yekun razılıq verilmədiyini və ya təsdiq edilmədiyini) edilmədiyini, ödənişdən öncə və dərhal sonra ödənişlə bağlı məlumat verilmədiyini Bank əməkdaşlarının diqqətinə çatdırmış, habelə «Ödəniş Xidmətləri və Ödəniş Sistemləri» haqqında qanunun tələblərini - sübutetmə yükünün Bankın üzərində olduğunu və əməliyyatın icrasında bankın səhvi olmadığını sənədlərlə təsdiq etmələrini xahiş etsə də, müraciətləri uğursuz olmuşdur. O da nəzərə alınmalıdır ki, ödənişlə bağlı hər hansı OTP və ya mobile app üzərindən təsdiq kodu gəlməmiş, beləliklə ödənişlə bağlı Bank tərəfindən gücləndirilmiş müştəri autentifikasiya tətbiq edilməmişdir. Bildirir ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma (ƏDV) obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Məcəllənin 168.1.3-cü maddəsinə əsasən, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə - xidmət yeri müvafiq olaraq, xidmətlərin faktiki göstərildiyi yer hesab edilir. Daha da aydın olması üçün deyir ki, 168.1.3-cü maddəyə nümunə kimi futbol oyunlarına, konsertə, teatra giriş, konfranslarda iştirak, üzvlük haqları və s. daxildir. ƏDV məqsədləri üçün xidmət yerinin xidmətlərin faktiki göstərildiyi yer saylması isə onunla bağlıdır ki, həmin xidmətlər, xidmətlərin baş verəcəyi ölkə ilə sıx əlaqəlidir. Əlaqəliliyin müəyyən edilməsi üçün, xidmətin fiziki olaraq baş tutma lokasiyası, xidmətdən faydalanmanın baş verdiyi məkan kimi faktorlar nəzərə alınır. Nəzərə alınsa ki, məntiq etibarilə ödədiyi xidmət haqqı İngiltərə Vəkillər Kollegiyasına qəbul üçün ödənilmiş xidmət haqqıdır, hansı fəaliyyətlə ki, ancaq Birləşmiş Krallıqda məşğul ola bilər, aydın olur ki, aldığı xidmətin Azərbaycanla hər hansı əlaqəsi (Azərbaycan bank kartı ilə ödəməsindən savayı) yoxdur. Onu da əlavə edir ki, bu halda tərəfindən hər hansı xidmət idxal edilmir, belə ki, vəkil kimi yalnız İngiltərədə fəaliyyət göstərə bilər. Beləliklə, yuxarıdakı əsaslandırmadan da aydın olur ki, bu hal üzrə xidmətin göstərildiyi yer Birləşmiş Krallıq hesab edilir. Bu isə o deməkdir ki, xidmət yeri Azərbaycan olmadığı üçün bank tərəfindən ƏDV qanunsuz olaraq tutulmuşdur və bank tərəfindən dərhal geri qaytarılmalıdır. Digər məsələyə gəldikdə isə, «Ödəniş Xidmətləri və Ödəniş Sistemləri» haqqında Qanunun 35.2-ci maddəsinə əsasən, ödəniş əməliyyatlarının elektron formada məsafədən həyata keçirilməsi (card-to-card da bura daxildir) zamanı ödəniş xidməti təchizatçısı (yəni, Bank) əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət gücləndirilmiş müştəri autentifikasiyasını (OTP kod, barmaq izi, face İD, və s.) tətbiq etməlidir. Bankla yazışmada nəyə görə ödənişdə OTP kod və oxşar autentifikasiya metodlarından istifadə edilmədiyi soruşulsa da, qarşı bank tərəfindən bunun tələb edilmədiyi bildirilmişdir (halbuki, Qanunun 35.2-ci maddəsini bunu ödənişi icra edən bankın öhdəliyi kimi müəyyən edir). Həmin Qanunun 25.5-ci maddəsinə əsasən, ödəniş xidməti istifadəçisi (yəni, o) ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə və ya ödəniş əməliyyatının səhv icra olunduğunu bildirdikdə, ödəniş xidməti təchizatçısı (Bank) ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını, ödəniş əməliyyatı üzrə məbləğin ödəniş xidməti istifadəçisinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyini və ödəniş əməliyyatının texniki nasazlıq və ya ödəniş xidməti təchizatçısının digər nöqsanı nəticəsində təsirə məruz qalmadığını sübuta yetirməlidir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, ödəniş xidməti təchizatçısı (Bank) avtorizə edilməmiş ödəniş əməliyyatı haqqında ödəniş xidməti istifadəçisindən bu Qanunun 25.1-ci maddəsi ilə müəyyən edilmiş halda bildirişi aldıqdan sonra bu Qanunun 25.5-ci maddəsində nəzərdə tutulan sübutları (məsələn, ödənişin təsdiqinə dair loqlar, OTP kod göndərilməsi ilə bağlı sübutlar, sistem dayanmasının olmaması ilə bağlı hesabat və s.) 5 iş günündən gec olmayaraq təqdim edə bilmədikdə, ödəniş əməliyyatının məbləğini ödəyiciyə növbəti iş günündən gec olmayaraq geri ödəməlidir. Onu da qeyd edir ki, 28 fevral tarixində Bankın İT sistemində ciddi problemlər yaşanmış və Bank tərəfindən bu İT sistemindəki çətinliklərə görə hesablaşmalarda problemlər yaşanmışdır. Baxmayaraq ki, öz ödənişi ilə bağlı, Qanunun 25.2-ci maddəsində qeyd edildiyi kimi, ödəniş əməliyyatını aşkar etdikdən həmən sonra banka bu barədə bildiriş vermiş, buna baxmayaraq bank bildirişi aldıqdan 5 iş günü keçsə də, bununla bağlı ona hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Qanunun 31.1-ci maddəsinə əsasən, ödəniş xidməti təchizatçısı ödəyici tərəfindən verilən ödəniş sərəncamının icra olunmamasına, səhv icra edilməsinə, həmçinin pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəyici qarşısında məsuliyyət daşıyır. Bu halda ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş, əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği dərhal ödəyicinin ödəniş hesabına bərpa etməlidir. Həmin Qanunun 31.5-ci maddəsinə əsasən, ödəniş xidməti təchizatçısı, o cümlədən vasitəçi icra edilməmiş, səhv icra edilmiş ödəniş əməliyyatlarının icrası üzrə və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə məsuliyyət daşıdığı halda, ödəniş xidməti istifadəçisi tərəfindən ödənilən xidmət haqları və digər xərclərin məbləği də kompensasiya edilməlidir. Ona görə də, Qanunun 25.2-ci maddəsinin tələblərini nəzərə alaraq, Bank ona 151,70 manat həcmdə ödənişin və 3,03 manat həcmdə komissiyanın geri qaytarılmasını qısa müddət ərzində həyata keçirməlidir. Habelə Qanunun 31.6-cı maddəsinə görə, ödəniş xidməti istifadəçisi icra edilməyən, səhv icra edilən ödəniş əməliyyatlarına və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəniş xidməti təchizatçısından ödəniş əməliyyatı üzrə məbləğ, xidmət haqqı və digər xərclərdən əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə uyğun olaraq faizlərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Ona görə də, Bankdan Qətnamə qəbul edilənədək hər gecikdirilmiş gün üçün (28 fevraldan qətnamə qəbul edilən günədək hesablanmaqla) illik 7 % həcmdə gecikdirmə faizi ödənilməsini tələb edir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 12-ci maddəsinə əsasən, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəməsinin Plenum qərarına əsasən, şəxsə mənəvi zərər vurulması onun iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qeyd edir ki, bank dəfələrlə yanlış, bir-birinə zidd və qeyri-dəqiq məlumatlar verməklə vaxtını və enerjisini almış, əmlak hüquqlarının pozulmasına səbəb olmuş və nəticədə onu mənəvi zərərə məruz qoymuşdur. Bununla bağlı, eyni hərəkətin digər müştərilərə münasibətdə yaşanılmaması, Bank tərəfindən müqavilə öhdəliklərinin pozulması ilə bağlı sərf etdiyi vaxtı, enerjini nəzərə alaraq, əmlak hüquqlarının pozuntusu nəticəsində ona dəymiş mənəvi zərərə görə 1.000 manat məbləğində kompensasiyanın ona ödənilməsinin məqsədəmüvafiq olduğunu düşünür.
13. Cavabdeh "xxxx" KB ASC iddiaya etiraz verərək onunla əsaslandırmışdır ki, 20 fevral 2025-ci il tarixində İngiltərədə «Solicitor» (Vəkil) adını qazanmaq üçün sonuncu müraciət formasını dolduraraq təqdim etmiş və üzvlüyə qəbul üçün xidmət haqqı kimi «X1»-yə (Vəkillər Kollegiyası) Leobank tətbiqi vasitəsilə 100 Pounds (-220,74 manat) məbləğində ödəniş etmişdir. Ödənişlə bağlı, bank tərəfindən əlavə 39,73 manat (220,74 manatın 18 %-i) ƏDV hesablanmış və hesabından müvafiq olaraq silinmişdir. Xidmətin göstərildiyi yer Birləşmiş Krallıq hesab edilir. Bu isə o deməkdir ki, xidmət yeri Azərbaycan olmadığı üçün bank tərəfindən ƏDV qanunsuz olaraq tutulmuşdur və bank tərəfindən dərhal geri qaytarılmalıdır. İddia ərizəsinin ikinci dəlili ondan ibarətdir ki, 28 fevral tarixdə Leobank tətbiqi vasitəsilə 523915****4140 nömrəli kart hesabına card-to-card əməliyyatı ilə 151,70 manat dəyərində ödəniş etməyə çalışsa da, bankın İT sistemində yaranan texniki çətinliklər səbəbindən ödənişi həyata keçirə bilmədiyini görüb, digər bank hesabı vasitəsilə ödənişi icra etmişdir. Lakin, daha sonra «Leobank» mobil tətbiqinə giriş edərkən, hesabından da 154,73 manat (151,70 + 3,03 köçürmə komissiyası) həcmində vəsaitin çıxdığını görmüş, dərhal banka ödənişin qaytarılması ilə bağlı müraciət etmişdir. Baxmayaraq ki, bank tərəfindən ödənişin texniki nasazlıq səbəbindən icra olunduğu bildirilmiş, lakin yenə də sorğuya 3060 gün ərzində baxılacağı qeyd edilmiş, hesabına pul köçürtdüyü adamın razılığı olacağı təqdirdə, ödənişin qaytarılacağı qeyd olunmuşdur. Baxmayaraq ki, ödənişin tərəfindən avtorizasiya (yekun razılıq verilmədiyini və ya təsdiq edilmədiyini) edilmədiyini, ödənişdən öncə və dərhal sonra ödənişlə bağlı məlumat verilmədiyini Bank əməkdaşlarının diqqətinə çatdırmış, habelə «Ödəniş Xidmətləri və Ödəniş Sistemləri» haqqında qanunun tələblərini - sübutetmə yükünün bankın üzərində olduğunu və əməliyyatın icrasında bankın səhvi olmadığını sənədlərlə təsdiq etmələrini xahiş etsə də, müraciətləri uğursuz olmuşdur. O da nəzərə alınmalıdır ki, ödənişlə bağlı hər hansı OTP və ya mobile app üzərindən təsdiq kodu gəlməmiş, beləliklə ödənişlə bağlı bank tərəfindən gücləndirilmiş müştəri autentifikasiya tətbiq edilməmişdir. Ona görə də, Qanunun 25.2ci maddəsinin tələblərini nəzərə alaraq, Bank ona 151,70 manat həcmdə ödənişin və 3,03 manat həcmdə komissiyanın geri qaytarılmasını qısa müddət ərzində həyata keçirməlidir. Hesab edirlər ki, iddia tələbinin ilk hissəsində icraata xitam verilməli, ikinci hissəsində isə iddia ərizəsi qanunsuz və əsassız olduğundan aşağıdakı səbəblərdən təmin olunmamalıdır. İddia ərizəsinin ilk dəlili ilə bağlı qeyd edilməlidir ki, vergi qanunvericiliyinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Bu halda banklar vergi agenti kimi çıxış edərək həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını və ödənilməsini həyata keçirir. Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 iyul 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, «Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident şəxs tərəfindən keçirilən və onlayn qaydada olmayan imtahan elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin imtahana görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə aparılan ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur». Göründüyü kimi, vergi orqanın cavabında da onlayn qaydada olmayan imtahan, yəni şəxsin fiziki olaraq iştirak etdiyi imtahanın xidmət hesab edilmədiyi və həmin imtahana görə aparılan ödənişlərdən banklar tərəfindən ƏDV tutulmadığı qeyd edilmişdir. İddiaçının müraciəti əsasında bank tərəfindən aparılmış araşdırma əsasında da müştərinin təqdim etdiyi sənədlərdə göstərilən məlumatlara əsasən, xidmət ölkə hüdudlarından kənarda onlayn qaydada təqdim edilməsi məlum olmuşdur. İddiaçı həmin xidməti fiziki olaraq həmin ölkədə aldığını təsdiq edən sübut təqdim edə bilməmişdir. İddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixində, İddiaçı məxsus 40****6608 nömrəli Leobank kartından 154,73 manat (3,03 manat komissiya) məbləğin 523915****4140 nömrəli köçürülməsi iş materiallarına əlavə edilmiş hesabdan çıxarışla da öz təsdiqini tapır. Bundan sonra müştərinin balans məbləği 352,15 manat təşkil etmişdir. Tarixi: xx.xx.2025, 15:25:41; Təyinat: 523915******4140; Məbləğ: - 154,73; Komissiya: 3,03; Balans: 352,15. Bütün qeyd edilənlərdən əlavə iddiaçının ödənişin geri qaytarılması barədə Online müraciəti əsasında Bank tərəfindən "xxxx" ASC-yə sorğu verilmişdir. Sorğuya cavab olaraq, "xxxx" ASC qeyd olunmuş köçürmənin müştərinin özü tərəfindən İddiaçı qaytarıldığı bildirilmişdir (iş materiallarında). Buna görə də, hazırki halda "xxxx" KB ASC ödənişin geri qaytarılması ilə bağlı cavabdehlik daşımır. Məhz məsələnin obyektiv araşdırılması üçün sonuncu məhkəmə iclasında "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilmişdir. Əlavə olaraq o da qeyd edilməlidir ki, bu iki tələb bir iddiada birləşdirə bilməz. İddianın «ƏDV bank tərəfindən geri qaytarılması» hissəsində icraata xitam verilməlidir. Hüquqi baxımdan iddiaya cavab verməli olan subyekt bank deyil, çünki bank burada yalnız vergi agenti kimi çıxış edir. Başqa sözlə dedikdə bankın iddiaya cavab verməsi mümkün deyil və məhkəmə həmin hissədə iddianı bank barəsində xitam etməlidir. Belə ki, vergi qanunvericiliyinə əsasən, hazırkı halda bank vergi agenti kimi çıxış edir və yalnız tutulmuş ƏDV-ni vergi orqanlarına köçürür. Buna görə də, iddiaçı vergi agenti statusuna görə, ƏDVnin qaytarılması tələbini birbaşa banka deyil, müvafiq vergi orqanlarına yönəltməklə inzibati qaydada iddia qaldırmaq hüququna malikdir. Vergi agentinin öz üzərinə vergilərlə bağlı mübahisələrdə cavabdehlik və ya iddiaya cavab vermək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Hazırkı işdə iddianın birinci hissəsi bankın vergi agenti kimi fəaliyyət göstərməsi ilə bağlıdır və bu hissədə iddia bank barəsində qaldırıla bilməz, çünki bank vergilərin tutulması və dövlət büdcəsinə ödənilməsi üzrə vasitəçi funksiyasını həyata keçirir və vergi orqanları qarşısında cavabdehdir. Bu səbəbdən, iddianın bu hissəsinə mülki məhkəmə qaydasında baxılması mümkün deyil. Yuxarıda qeyd olunan işin faktik və hüquqi əsaslarını nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iddia tələbinin «bank tərəfindən ƏDVnin bank tərəfindən dərhal geri qaytarılması» hissəsində icraata xitam verilməsi barədə qərardad, digər hissələrində isə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-3420/2025 nömrəli 07 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş maddi ziyana görə 194,46 manatın cavabdeh "xxxx" KB ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ceyhun Tağıyev)
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2-ci, 139.1-ci, 385-ci, 386-cı, 442-ci, 445-ci, 448-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına, Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 81-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayəti verərək qətnamənin qismən, 39,73 manat pul vəsaitinin (ƏDV məbləğinin) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv olunması və iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Üçüncü şəxs apellyasiya şikayətini etirazın məzmununa uyğun əsaslandırmışdır.
18. Qətnamədən cavabdeh "X7" ASC apellyasiya şikayəti verərək qətnamənin ƏDV-nin geri qaytarılması tələbi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini, texniki nasazlıq nəticəsində köçürülmüş pul vəsaitinin geri qaytarılması ilə bağlı hissədə isə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin sənəd qiymətləndirilsə belə, o yalnız imtahana dəvəti təsdiq edir. Sənəddə şəxsin imtahanda faktiki iştirak etməsi, iştirakın müddəti və formasına dair hər hansı məlumat yoxdur. Buna görə də sənəd imtahanda əyani iştirak faktını sübut etmir və sübut kimi qəbul edilə bilməz. İmtahanda əyani iştirakın təsdiqi üçün faktını sübut etmir və sübut kimi qəbul edilə bilməz. İmtahanda əyani iştirakın təsdiqi üçün birbaşa sübutlar — təyyarə bileti, otel bronu, pasportda müvafiq tarixlər üzrə giriş-çıxış qeydlərinin təsdiqlənmiş surəti və digər həmin kimi sənədlər — təqdim edilməli idi. Bu sübutlar təqdim olunmadığı halda, sadəcə dəvət sənədi əyani iştirakın mövcudluğunu təsdiq etmir. Belə olan halda isə vergi qanunvericiliyinə uyğun olaraq xidmətin onlayn göstərilməsi halı yaranır və ƏDV tutulmasının düzgün olması təsdiqlənir. Kapital Bank ASC-nin 10 mart 2025-ci il və 05 sentyabr 2025-ci iltarixli e-poçt (maildə) məktubunda bildirilib ki, müştəri ilə əlaqə saxlanıldıqdan və məsələ izah edildikdən sonra qəbul edən şəxs vəsaiti artıq göndərən şəxsə qaytardığını bildirmişdir. X11 ASC-dən şifahi şəkildəalınan məlumata görə, köçürülmüş vəsait müştərinin özü tərəfindən İddiaçı kart vasitəsilə deyil, digər üsullarla (ehtimal olunur ki, Milion, e-Manat terminalları və ya nağd formada) geri qaytarılmışdır. Bu səbəbdən ödənişlər Kapital Bank ASC-nin bank çıxarışlarında öz əksini tapmır və mübahisəli məbləğin faktiki olaraq geri qaytarılması "xxxx" ASC tərəfindənsübuta yetirilə bilmir. Vergi qanunvericiliyinə əsasən, hazırkı halda bank vergi agenti kimi çıxış edir və özündə vergi öhdəliyi daşımır, yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutulan ƏDV-ni vergi orqanlarına köçürür. Deməli, iddiaçı ƏDV-ninqaytarılması tələbi ilə birbaşa banka müraciət etmək səlahiyyətinə malik deyil; bu tələb müvafiq vergi orqanlarına, yəni inzibati qaydada təqdim edilməli olan tələblər sırasındadır. Vergi agentinin vergi münasibətlərindən irəli gələn mübahisələrdə cavabdehlik daşımaq və ya iddiaya cavab vermək hüququ mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin261.0.1-ci maddəsinə əsasən, hakim işin məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı müəyyən edildikdə, həmin iş üzrə icraata xitam verməlidir. Bu maddədən irəli gələrək, “ƏDV-ninbank tərəfindən geri qaytarılması” tələbi mülki hüquq mübahisəsi olmayıb, inzibati orqanın səlahiyyətinə aid məsələ olduğundan, bu hissə üzrə icraata xitam verilməsi məhkəmənin vəzifəsi idi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı tərəfindən apellyasiya şikayətlərinə qarşı etiraz daxil olaraq, şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxanılmasını xahiş etmişdir.
ç) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
24. Azərbaycan Respublikası Vergi Məcəllənin: 168.1.3-cü maddəsinə əsasən, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə xidmət yeri müvafiq olaraq, xidmətlərin faktiki göstərildiyi yer hesab edilir. 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. e) Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Apellyatorlar tərəfindən qətnamə tam mübahisələndirilərək onun tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
29. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı CSQE029502 namizəd nömrəsi ilə Böyük Britaniyada keçirilməsi nəzərdə tutulan imtahanda (İngiltərədə «Solicitor» (Vəkil) adını qazanmaq üçün müraciət formasını doldurararaq təqdim etmiş) iştirak üçün qeydiyyatdan keçmişdir. İmtahanın keçirildiyi yer Böyük Britaniya, London, E1 1LP, 56 Commercial Road-da yerləşən X2 – İTTS – Aldgate East-2 adlı imtahan mərkəzi, imtahanın tarix və vaxtı xx.xx.2024-cü il, saat 08:00, imtahanın davam etmə müddəti 375 dəqiqə müəyyən edilmişdir. X6 vermiş İddiaçı müvafiq sertifikat təqdim olunmuşdur. Bundan öncə, İddiaçı üzvlüyə qəbul üçün xidmət haqqı kimi «X1»-ə (Vəkillər Kollegiyası) Leobank tətbiqi vasitəsilə 100 Pounds (Funt sterlinq) (ödəniş anına məzənnə üzrə 220,74 manat) məbləğində ödəniş etmiş, ödənişlə bağlı, bank tərəfindən 39,73 manat 18 % ƏDV hesablanmış və iddiaçının hesabından silinmişdir. Bundan bir müddət sonra iddiaçı Leobank tətbiqi vasitəsilə 523915****4140 nömrəli kart hesabına card-to-card əməliyyatı ilə 151,70 manat ödəniş etməyə çalışmış, bankın İT sistemində texniki çətinliklər olduğundan ödənişi həyata keçirə bilməmiş, digər bank hesabı vasitəsilə ödənişi icra etmişdir. İddiaçı daha sonra «Leobank» mobil tətbiqinə daxil olduqda, hesabından da 154,73 manat (151,70 + 3,03 köçürmə komissiyası) həcmində vəsaitin çıxdığını aşkar etmişdir. İddiaçı qeyd olunan məsələlərlə bağlı cavabdeh banka dəfələrlə müraciət etsə də (yazışmalar txt formatında təqdim olunub), ƏDV məbləği olan 39,73 manat vəsait, həmçinin 154,73 manat vəsaiti geri qaytarılmamışdır. Hazırda isə iddiaçı həmin vəsaitlərin geri qaytarılmasını tələb edir.
30. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti isə iddiaya etiraz edərək bildirmişlər ki, qeyri-rezident şəxs tərəfindən vergi uçotunda olmayan şəxslərə ölkə hüdudlarından kənarda elektron ticarət qaydasında otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi Azərbaycanda ƏDV-yə cəlb olunur və həmin qeyri-rezident şəxsə ödənişlər aparılarkən bank tərəfindən alıcının vəsaiti hesabına ƏDV tutulur.
31. Cavabdeh "xxxx" KB ASC isə iddia tələbinə etiraz edərək göstərmişlər ki, hüquqi baxımdan iddiaya cavab verməli olan subyekt bank olmadığından və bank burada yalnız vergi agenti kimi çıxış etdiyindən, bankın iddiaya cavab verməsi mümkün deyil və məhkəmə iddianın «ƏDV bank tərəfindən geri qaytarılması» hissəsində icraata xitam verilməlidir.
32. Məhkəmə kollegiyası isə qeyd edir ki, iddiaçı tərəfindən ödənilən xidmət haqqı İngiltərə Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün ödənilmiş üzvlüklə bağlı haqdır, hansı fəaliyyətlə ki, ancaq fiziki olaraq Birləşmiş Krallıqda məşğul ola bilər. Yəni adığı xidmətin Azərbaycanla hər hansı əlaqəsi yoxdur.
33. Bundan əlavə bu ödəniş, heç bir halda elektron ticarət çərçivəsində aparılan ödəniş hesab edilmir. Belə ki, “Elektron ticarət haqqında” qanununun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqısatqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət hesab edilir. İndiki halda, üzvlük ödənişinin qarşılığında aldığım İngiltərədə vəkil fəaliyyəti göstərmək lisenziyası informasiya sistemləri vasitəsilə təqdim edilən online xidmət kimi dəyərləndirilə bilməz. Habelə, vəkil lisenziyası verilməsinə səbəb yalnız ödənişlə bağlı deyil, həmçinin imtahanları uğurla keçməkdir. Ona görə də bu halda, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, alıcının hesabına bank tərəfindən ƏDV tutulması vergi qanunvericiliyi ilə də nəzərdə tutulmamışdır.
34. Belə ki, Vergi Məcəllənin 159.2-ci maddəsinə əsasən, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.
35. Göründüyü kimi, fiziki şəxsin ölkə hüdudlarından kənarda keçirilmiş imtahanda əyani şəkildə iştirak etməsi halında, qeyri-rezidentin göstərdiyi xidmətlər Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən ƏDV-yə cəlb edilmir. Bu səbəbdən, iddiaçıdan 39,73 manat məbləğində ƏDV-nin tutulması əsaslı olmamışdır. Eyni zamanda digər məbləğ 154,73 manat (151,70 + 3,03 köçürmə komissiyası) pul vəsaitini də iddiaçıya geri qaytarılmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur.
36. Eyni zamanda kollegiya cavabdeh "xxxx" KB ASC-nin "xxxx"ın işə cəlb edilməli olduğunu və əgər onlar işə cəlb olunarsa, ödənişin geri qaytarıldığını sübut edəcklərini bildirsələr də hər bir halda ödəniş geri qaytarılsa idi, bu iddiaçının hesabdan çıxarışında əks olunardı və bu zaman "xxxx" KB ASC özü də bu halı sübut edə bilərdi. Belə olan halda ödəniş iddiaçıya "xxxx" tərəfindən deyil, xidmət göstərən bank tərəfindən qaytarılmalıdır.
37. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya dəymiş ziyanın ödənilməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-3420/2025 nömrəli 07 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.