Məhkəmə qərarları › İş №2(103)-6903/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6903/2023

29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6903/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: maddi zərər tələbi, əsl olmayan cavabdehə qarşı iddia) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 29 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı "xxxx" MMC-dən 400 manat dəyərində hədiyyə kartları əldə etmişdir. Sonradan "xxxx" MMC hesabata uyğun balansında olan, sifariş verdiyi və gömrüklənməmiş idxal olunacaq parfumeriya və kosmetika mallarını "xxxx" MMC-yə (əvvəlki adı "xxxx" MMC) müqavilə əsasında satmışdır. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş hədiyyə kartları ilə "xxxx" MMC-nin mağazalarında ödəniş etmək istəmiş, hədiyyə kartlarının məhsul ilə əvəzləşdirilməsi şirkətin itkilərlə üzləşməsinə səbəb olduğundan onun tələbinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 900 manat maddi, 100 manat mənəvi ziyanın əvəzinin tutularaq ona ödənilməsini xahiş etmişdir.

a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 400 manat məbləğində müddətsiz hədiyyə kartlarının ya yeni kartlara dəyişdirilməsi, ya da məbləğin geri qaytarılması, məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumu və vəkil xərcləri nəzərə alınmaqla 1000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-dən 600 AZN məbləğində tarix məhdudiyyəti olmayan hədiyyə kartları əldə etmiş, həmin kartlardan 2 ədədini (200 manat dəyərində) 2019-cu ilin dekabrında "xxxx" MMC-nin Nərimanov filialında istifadə etmişdir. 2022-ci ilin 23 mart tarixində "xxxx" MMC-nin mağazasından seçdiyi məhsulların dəyərini digər hədiyyə kartları ilə ödəmək istəyərkən xəzinədar xanım kartların əsassız olaraq qüvvədə olmadığını bildirmişdir. Daha sonra şirkətin hüquqşünası ona "xxxx" MMC-də hüquqi dəyişikliklərin baş verdiyini və onun öhdəliklərinin "xxxx" MMC tərəfindən tam yox, qismən alındığını bildirmişdir. Bundan sonra o, "Azad İstehlakçılar” Birliyinə, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Qeyd edilən Xidmətdən ona xx.xx.2022-ci il tarixində cavab məktubu ünvanlanmış və bildirilmişdir ki, "xxxx" MMC onun 2019-cu ildə "xxxx" MMC-dən 600 manat dəyərində hədiyyə kartları aldığını təsdiq etmiş, lakin öncədən alınmış kartların "xxxx" MMC-yə məxsus mağazalarda məhsul ilə əvəzləşdirilməsinin şirkətin itkilərlə üzləşməsinə səbəb olacağı üçün onun tələbinin yerinə yetirilməsindən imtina edilmişdir. İddiaçı qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq şirkət alındıqda onun bütün öhdəliklərinin qarşılanması mütləq olduğundan bütün debitor və kreditor öhdəliklərin yeni yaranmış, yaxud birləşdirilmiş şirkət tərəfindən ödənilməli olduğunu, habelə kartların qüvvədən düşməsi barədə istehlakçıya heç bir məlumat verilmədiyini nəzərə alaraq, onun 400 manat məbləğində müddətsiz hədiyyə kartlarının ya yeni kartlara dəyişdirilməsi, ya da məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmiçinin kartlar qəbul edilmədiyindən o, məcbur olub öz şəxsi vəsaitindən istifadə etməklə zəruri olan müxtəlif kosmetik və gözəllik vasitələri, kremlər və s. almışdır. Bundan əlavə dövlət qurumlarına, “Azad İstehlakçılar” Birliyinə və məhkəməyə müraciət üçün, eyni zamanda vəkil tutulması üçün xərclər çəkmişdir. Bununla əlaqədar 1000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir.

4. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 900 manat maddi, 100 manat mənəvi ziyanın əvəzinin tutularaq ona ödənilməsini xahiş etmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən əsassızdır və ona görə də, təmin edilməməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 50.3 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a. Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq iddiaçının tələbini təmin etməmişdir. Belə ki, Cavabdeh MMCnin nümayəndəsi bildirmişdir ki, Cavabdeh MMC müstəqil hüquqi şəxsdir və onun ilkin cavabdeh olan "xxxx" MMC ilə heç bir hüquqi varisliyi, bağlılığı və ya asılılığı mövcud deyildir. Lakin nəinki həmin şirkət, o cümlədən məhkəmə “İdeal Kompani MMC” (hazırda “Adore Kompani MMC”) və "xxxx" şirkəti arasında xx.xx.2019-cu il tarixli, 28/12/19 saylı alqı-satqı müqaviləsinin düzgün hüquqi təfsirini aparmamış, nəticədə onun istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, qeyd olunan müqavilənin 1.2-ci bəndində göstərilir ki, hazırkı müqavilənin predmetinə satıcının ticarət markaları, loqo, satış nişanları, sloqanlar, reklam daşıyıcıları, saytlardan və onlar ilə bağlı digər WEB texnologiyalardan, sosial şəbəkələrdə satıcıya məxsus resurslardan (bloq, səhifə, çatlar, müştərilər və s.) istifadə hüququ (intellektual olduğu halda müəlliflik və digər hüquqlar daxil olmaqla), distribyutor (retail) olduğu markalar üzrə bütün hüquqlar, balansından olan bütün inventarlar və müştəri bazası daxildir. Cavabdeh bunlarla bağlı məhkəməyə heç bir tutarlı dəlil təqdim edə bilməmiş, iddia etmişdir ki, “müştəri bazası” dedikdə vaxtı ilə "xxxx" MMCnin korporativ satış müqavilələri bağlamış olduğu digər şirkətlər nəzərdə tutulur. Lakin yuxarıda qeyd edilən bənddən aydındır ki, alıcı (“İdeal Kompani MMC”, hazırda “Adore Kompani MMC) satıcıya ("xxxx") məxsus resurslardan, o cümlədən müştərilərdən istifadə hüququ əldə edir və satıcının müştəri bazası da həmin alqı-satqı müqaviləsinin predmetidir. Başqa sözlə, alıcı müştərilər və müştəri bazası ilə bağlı bütün hüquqları əldə etməsinə rəğmən, həmin hüquqlarla bağlı yaranan öhdəliklərdən əsassız şəkildə imtina etməyə cəhd göstərir. Digər tərəfdən, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə görə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan faktlardan bir daha aydın olur ki, məhkəmə sübutları lazımi şəkildə tədqiq etməmiş, nəticədə əsaslandırılmamış qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia rədd olunduğundan və qətnamə apellyasiya qaydasında yalnız iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinə ilk növbədə, onun cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verilməli və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir.

21. Bu kontekstdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər.

22. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).

23. Hazırkı iş üzrə iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi ilk növbədə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir.

24. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, vaxtı ilə iddiaçıya müxtəlif hədiyyə kartları vermiş "xxxx" MMC hesabata uyğun balansında olan, sifariş verdiyi və gömrüklənməmiş idxal olunacaq parfumeriya və kosmetika mallarını hazırkı iş üzrə cavabdehə, yəni "xxxx" MMC-yə (əvvəlki adı "xxxx" MMC) müqavilə əsasında satmışdır. Bununla yanaşı müqavilənin predmetinə ticarət markaları, loqo, satış nişanları, sloqanlar, reklam daşıyıcıları, saytlardan və onlar ilə bağlı digər WEBtexnoloqiyalardan, sosial-şəbəkələrdə "xxxx" MMC-yə məxsus resurslardan (bloq, səhifə, çatlar, müştərilər və s.), istifadə hüququ intellektual, olduğu halda müəlliflik və digər hüquqlar daxil olmaqla), distribyutor (retail) olduğu markalar üzrə bütün hüquqlar, balansında olan bütün inventarlar və müştəri bazası daxildir.

25. Həmçinin iş materiallarından müəyyən edilir ki, qeyd olunan MMC-lərin hər biri ayrı-ayrılıqda müstəqil hüquqi şəxslərdir, nizamnamələri, təsisçiləri, kapitalları və s. fərqlidir. "xxxx" MMC isə hazırda ləğv olunmayıb və hüquqi şəxs kimi fəaliyyətdədir.

26. İddiaçı isə müqavilənin predmetinə "xxxx" MMC-yə məxsus resursların (bloq, səhifə, çatlar, müştərilər və s.) və müştəri bazasının daxil olmasını əsas götürərək cavabdehin müştərilər və müştəri bazası ilə bağlı bütün hüquqları əldə etməsinə baxmayaraq, həmin hüquqlarla bağlı yaranan öhdəliklərdən əsassız şəkildə imtina etdiyini iddia etmişdir.

27. Lakin iddiaçı nəzərə almamışdır ki, “müştəri resursları” və “müştəri bazası” anlayışlarının müqavilənin predmetinə daxil olması cavabdehin üzərinə iddiaçının iddia etdiyi vəzifələri qoymur. Belə ki, cavabdehə müqavilə əsasında müştəri bazasının və müştəri resurslarından istifadə etmək hüququnun verilməsi özündə “vaxtilə "xxxx" MMC-in müştərilər qarşısında üzərinə götürdüyü öhdəliklərin də cavabdehin üzərinə qoyulması” mənasını ehtiva etmir.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki mülki işdə isə iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulmasını sübuta yetirə bilməmiş, apellyasiya şikayətini mülahizələrlə əsaslandırmışdır.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmiş, iddiaçı isə tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Nəticədə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmış və iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsininiş üzrə 24 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar