Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6911/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 Əlisəftər oğlunun iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Binəqədı rayonu, C.Hacıbəylı küçəsində yerləşən sahəsi 220,6 kv.m olan 152 C saylı qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 174 saylı Sərəncamı ilə Cavabdeh Mənzil Tikinti Kooperativinə ünvan 1 ünvanında cizgidə göstərilən sərhədlər daxilində 2314,66 kv.m. torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 312 nömrəli Sərəncamı ilə «Pilot layihə» çərçivəsində ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən mövcud yataqxananın qəzalı olması səbəbindən sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnsitutunun tərtib etdiyi şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.
2. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3383 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu müəyyən edilmişdir.
3. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsi hazırda istismara yararsız və qəzalı vəziyyətdədir. Qeyd olunan qeyri-yaşayış sahəsinin bərpası mümkün deyildir. Yenidən tikintiyə 1 kv.m.sahə üçün 400-450 manat arası, ümumilikdə isə 78.500 manat vəsait tələb olunur.
4. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3101 saylı, 18 iyul 2022-ci il tarixli rəyi ilə qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu və iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalı olmaqla Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədəuyğun hesab olunmadığı müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsinə aparılmış tikinti nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmır-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 110.300,0 manat məbləğində müəyyən olunmuşdur.
5. Həmin ekspertiza rəyinə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin «Azkommunlayihə» KLİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalıdır. Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədə uyğun hesab olunmur.
6. Cavabdeh MTK-nın sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə qeyri-yaşayış sahəsinə Cavabdeh MTK tərəfindən aparılmış tikinti işləri səbəbindən dəymiş ziyanın bərpası üçün tələb olunan işlərin dəyəri (material və işçilik haqqı daxil) xx.xx.2022-ci il tarixinə 1842 manat təşkil etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi ziyan olaraq 200.000 manat, mənəvi ziyan olaraq 300.000 manat pulun və həmçinin ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, həmin qeyri-yaşayış sahəsi uzun müddətdir ki, tikiş fabriki kimi fəaliyyət göstərir. Lakin bir neçə ildir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yaxınlığında, tikilinin özülünə demək olar ki, bitişik şəkildə “Mahal" MTK tərəfindən hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin hündürmərtəbəli yaşayış binasının inşasını həyata keçirmək üçün qazma və tikinti işləri nəticəsində ona məxsus əmlak ciddi şəkildə ziyan görərək qəzalı vəziyyətə düşmüşdür. Belə ki, yan divarlarda geniş şəkildə çatlar yaranmış, qeyri-yaşayış sahəsinin dam örtüyü sıradan çıxmış, tikiliyə elektrik enerjisinin verilməsi dayandırılmış, orada fəaliyyət göstərən işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaranmışdır. Bıı baxımdan fəaliyyətini məcburi şəkildə dayandırmalı olmuşlar. Dəfələrlə Cavabdeh MTK rəhbərliyinə bu barədə müraciətlər ünvanlamış, lakin heç bir nəticə əldə olunmamışdır. Ona vurulmuş maddi ziyan 200.000 manat təşkil edir. Cavabdeh MTK-nın rəhbərliyi hər dəfə iddiaçıya dəymiş ziyanın aradan qaldırılacağına və ya əvəzi ödənilməklə qeyri-yaşayış sahəsinin satın alınacağına söz versə də, bu günə kimi heç bir addım atılmamışdır. Bu neçə ildə onun işi dayanmışdır. Hər dəfə cavabdeh tərəfindən aldadılaraq iddiaçıya bəhanələr uydurulması, əmlakının yararsız vəziyətə salınmasından irəli gələn stres və psixoloji basqı iddiaçıya mənəvi zərər yetirmiş, nəticədə ona 300.000 manat məbləğində mənəvi ziyan dəymişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2022 saylı, 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia qismən təmin olunaraq, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 110.300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 110.330 manat pulun tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
10. Məhkəmə Cavabdeh MTK tərəfindən aparılmış tikinti işləri ilə əlaqədar iddiaçının mülkiyyətində olan əmlaka 200.000 manat məbləğində ziyan dəyməsi, habelə iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsi barədə qənaətə gəlmişdir. Məhkəmə iş üzrə əldə olunmuş ekspert rəyini əsas götürərək vurulmuş ziyanın məbləğini 110 300 manat müəyyən etmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1115-ci maddələri, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə tərəflərin iştirakı ilə yerində baxış keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilməsinə baxmayaraq, ekspert tərəfindən tərəflərin iştirakı təmin olunmadan xx.xx.2022-ci il tarixdə rəy verilmişdir. Mütəxəssis öz rəyində Cavabdeh MTKya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4 m ara məsafəsində yerləşməsinin obyektin bərpa və gücləndirilməsi üçün hansı maneələri yaratması barədə heç bir izahat verməmişdir. Cavabdeh MTK tərəfindən sözügedən ünvanda tikilən yaşayış binası İddiaçı məxsus obyektin tikintisindən illər sonra və 4 metrlik məsafədə inşa olumuşdur. Belə olan halda əgər bir mərtəbəli obyektin 4 metr yaxınlığında 18 mərtəbəli yaşayış binasının tikintisi müvafiq qurumların rəyləri nəzərə alınmaqla tikilmişdirsə necə olur ki, binanın 4 metrliyində 1 mərtəbəli obyektdə bərpa gücləndirmə işlərinin aparılması mümkün olmasın. Ekspert öz rəyində iddiaçıya məxsus obyektin ümumi sahəsini təşkil edən 220.6 kv.metri fantastik bir rəqəmə 500 manata vurmaqla guya Cavabdeh MTK-nın iddiaçıya məxsus obyektin 220.6 kv.metrinə ziyan vurması görüntüsü yaratmış, hansı mənbədən istifadə etməsi məlum olmayan məlumatlara əsaslanmaqla güya obyektin tikintisinin 1 kv.metr sahə üçün qiymətini 500 manat müəyyən etmişdir. İşin faktiki halı isə ondan ibarətdir ki, obyektə MTK-nın nümayəndələri tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, obyektin yalnız MTK tərəfindən inşa olunmuş yaşayış binasına yaxın hissəsində yerləşən 2 otağına ziyan dəymişdir. Həmin otaqların da ümumi sahəsi təxminən 20-30 kv.metr təşkil edir. Məhkəmədə işə baxılarkən cavabdehin nümayəndəsi tərəfindən məhkəmə qarşısında vəsatət qaldırılaraq obyektdə yerində baxış keçirilməsi və faktiki zərərin yerində müəyyən edilməsi xahiş edilmişdir. Məhkəmə vəsatəti təmin etməyərək baxış keçirilməsinin işin uzadılmasına xidmət etdiyini əsaslandırmağa çalışmışdır. Halbuki, məhkəmə tərəfindən tədqiqat obyektinə yerində baxış keçirilsəydi həqiqətən də obyektin 220.6 kv.metr sahəsinə deyil, yalnız 20-30 kv.metr hissəsinə ziyan dəyməsi aşkar oluna bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
16. İddiaçı və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
22. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı: «mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir». Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Bu baxımdan əmlak hüquqlarının reallaşdırılması, öhdəliklərin yerinə yetirilməsilə bağlı münasibətlərə hər hansı qanunsuz müdaxilə edilməsi, maneə yaradılması məqbul hesab oluna bilməz»
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfinən tanınan və qorunan hüquqdur.
29. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir.
30. Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2022-ci il tarixli rəyi ilə qeyri-yaşayış sahəsinə və yaşayış binasına Tikintidə X1 Agentliyinin mütəxəssisi, eləcə də tərəflərin iştirakı ilə ekspert tərəfindən baxış keçirilmiş, müvafiq rəy verilmişdir.
31. Məhkəmə ekspert rəyinin mötəbərliyini qəbul edərək dəymiş ziyanın məbləğini 110.300,0 manat məbləğində müəyyən etmişdir. Ekspert rəyi kifayət qədər əsaslandırıldığından və onun mötəbərliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən məhkəmə kollegiyası iş üzrə əlavə, yaxud təkrar ekspertiza təyin olunmasına lüzum görmür.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.