Məhkəmə qərarları › İş №2(103)-6912/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6912/2021

04.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6912/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı1 MMC-nin nümayəndəsi X1, ilkin iddia üzrə Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlaklara dair çıxarışların ləğv edilməsi” barədə ilkin, Cavabdeh2 İddiaçı1 MMC-nə qarşı “pul” bərədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı1 MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2f Cəlil oğluna və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 1 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 8 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair RX seriyalı, ******* nömrəli mülkiyyətə dair çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə hazırda mübahisə predmetini təşkil edən mənzillərin yerləşdiyi ərazidə İddiaçı1 MMC-yə yaşayış binasının tikintisi üçün icazə verilmişdir. Bununla bağlı, qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tələb olunan sənədlər əldə edilmişdir. Eyni zamanda, tikinti üçün ayrılmış ərazidə yerləşən birmərtəbəli köhnə tikililərin, o cümlədən mübahisə predmetini təşkil edən mənzillərin razılaşdırılmış dəyəri İddiaçı1 MMCyə aid olan "xxxx" MTK tərəfindən onların mülkiyyətçilərinə tam şəkildə ödənilmiş və bundan sonra mübahisə predmetini təşkil edən mənzillər formal olaraq Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə keçirilmişdir. Bu şəxslər həmin mənzillər üçün hər hansı məbləğdə pul ödəməmişdilər. "xxxx" MTK-nın təsisçisi və 10.04.2013-cü il tarixdən 03.02.2016-cı il tarixədək sədri olan Cavabdeh2 həmin mənzillərin sökülməsi məqsədi ilə əldə edilməsindən məlumatlı olmuş və bu əmlaklar məhz onun sədr olan dövrdə, nəinki razılığı və iştirakı ilə, həmçinin bilavasitə rəhbərliyi ilə sökülmüşdür. Bu hal onun imzası ilə İddiaçı1 MMC-nin adından Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış məktublarla da öz təsdiqini tapır. Mənzillər söküldükdən sonra onların yerində hündürmərtəbəli və çoxmənzilli yeni yaşayış binası inşa edilmişdir. Bu mənzillər mövcud olmadığından onlara dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin müraciət bügünədək cavabsız qalmış və Xidmət tərəfindən qeydiyyat ləğv edilməmişdir. Halbuki, Cavabdeh2 və Cavabdeh3 əmlakları tam məhv olmuş və bunun nəticəsində onların qeydiyyatı hər cür hüquqi mənasını itirmişdir. Bu səbəbdən onlar bu məsələdə maraqlı şəxs olaraq bu əmlaklara dair dövlət reyestrində aparılmış qeydiyyatın və qeydiyyata uyğun olaraq verilmiş çıxarışların ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Eyni zamanda, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin altı il olduğunu və Cavabdeh2 və Cavabdeh3 bu müddəti də ötürdüyünü bildirmiş və bu barədə ərizə təqdim edərək, ilk iddianın təmin, həm əsassız olması səbəbindən, həm də iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı1 MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə İddiaçı1 MMC-dən mənzillərinin dəyəri olaraq 1.764.000 manat pulun, mənəvi zərərə görə 200.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməyərək, Daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 4 saylı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 5 saylı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 9 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 13 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 4 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 1 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 8 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı, 5 saylı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı, 6 saylı mənzillərə dair Cavabdeh2 və Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 2 saylı mənzilinə dair Cavabdeh3 mülkiyyət hüququ barədə aparılmış qeydiyyat və onun əsasında verilmiş müvafiq olaraq MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddia tələbinin rədd və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərini qarşılıqlı iddia tələbinə oxşar məzmunla əsaslandıraraq, şikayətlərində qeyd etmişlər ki, iş materiallarına mübahisəli evlərin bazar qiymətini dair qiymətləndirmə rəyləri əlavə edilsə də, birinci instansiya məhkəməsi əsassız olaraq qarşılıqlı iddia tələbini təmin etməmişdir. Məhkəmə yalnız iddiaçının mülahizələrinə əsaslanmış və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, həmçinin, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, əlavə olaraq izahatlarında bildirmişlər ki, Cavabdeh2 heç vaxt İddiaçı1 MMC-nin rəhbəri olmamış və ona məxsus evlər kompensasiya ödənilmədən qanunsuz olaraq sökülmüşdür. MMC ilə Cavabdeh2 arasında olan razılığa əsasən Cavabdeh2 icra hakimiyyətinə müraciət edərək evlərin sökülməsinə razılıq verir, MMC-də öz növbəsində evlərin dəyərini ona ödəyir. Lakin MMC tərəfindən indiyədək ödənişlər olunmamışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, buna görə də kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına görə, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Özəlləşdirilmiş ərazilərdə binanın, fərdi evin layihələşdirilməsi və tikintisinə icazə verilməsi haqqında” 466 nömrəli, 18.09.2003-cü il tarixli Sərəncamı ilə "xxxx" Holdinq kompaniyasının müraciəti və Nərimanov Rayon İcra Hakimiyyətinin razılıq məktubu nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945 saylı məhəllədə 0,386+0,08 ha torpaq sahəsi (0,08 ha torpaq sahəsi özəlləşdirilib, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin 000048 saylı şəhadətnaməsi ilə) yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icazə əsasında "xxxx" Holdinq kompaniyasının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" Holdinq Kompaniyasına yaşayış binasının tikintisinə icazə verilməsi haqqında” 13 nömrəli, 14.01.2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə yaşayış binasının tikintisi üçün "xxxx" Holdinq Kompaniyasına icazə verilmiş və bu ərazinin döngə nöqtələrini özündə əks etdirən 03/189 nömrəli ayrıc aktı tərtib edilmişdir. Sərəncama uyğun olaraq layihələndirmə işləri aparılmış, o cümlədən aidiyyəti rəylər alınmış və yekun sənədlər müvafiq qaydada razılaşdırılaraq təsdiq edilmişdir. Həmin vaxt tikinti üçün ayrılmış ərazidə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin, 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzillər, habelə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin, 1 saylı, 3 otaqlı, 4 saylı, 5 saylı, 8 saylı, 9 saylı, 2 otaqlı, ümumi sahəsi 27,5 kv.m. olan 13 saylı, 2 otaqlı, yaşayış sahəsi 26,56 kv.m. olan 13 saylı, 4 otaqlı, ümumi sahəsi 78,8 kv.m. olan və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzillər Cavabdeh2, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin, 2 saylı, 7 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin, 1 otaqlı, 4 saylı mənzillər isə Cavabdeh3 mülkiyyətində olmuşdur. Bu mənzillərdən 12 ədədi 23-29 fevral 2012-ci il tarixlərdə, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin yaşayış sahəsi 26,56 kv.m. olan 13 saylı mənzil isə 19.03.2014-cü il tarixdə Cavabdeh2 mülkiyyətinə keçmişdir. Həmçinin, müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan mənzillər, həm də həmin ərazidə olan digər mənzillər (tikililər) 2013-2014-cü il tarixlərdə Cavabdeh2 və Cavabdeh3 iştirakı və razılığı ilə sökülmüşdür. Cavabdeh2 "xxxx" MTK-nın təsisçisi və 10.04.2013-cü il tarixdən 03.02.2016-cı il tarixədək, yəni söküntü aparılan zaman kooperativin sədri olmuşdur. Cavabdeh3 isə onun qardaşıdır. Cavabdeh2 həmin vaxt imzaladığı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına ünvanlanmış 12 və 15 mart 2015-ci il tarixli məktublarda inşa ediləcək yeni bina üçün ayrılan ərazidə bir yaşayış evi istisna olmaq şərti ilə, başqa evlərin boşaldımasının, sakinlərin köçürülməsinin və evlərin sökülməsinin təmin edilməsi, habelə müvəqqəti saxlanılmış bir yaşayış evinin təhlükəsiz istismarı üzrə lazımi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verilmiş və yaşayış binasının tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın hazırlanması üçün tapşırığın verilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş Tikinti işlərinin başlanılması üçün əsas olan 15.04.2015-ci il tarixli, 088 nömrəli Xüsusi Nişanda obyektin təyinatı qismində 18 mərtəbəli 2 girişli yaşayış binası (1 və 2-ci mərtəbələr qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi və həyətin altı avtodayanacaq və texniki sahə) göstərilmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, aparılmış tikinti işləri nəticəsində həmin, o cümlədən Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş mənzillərin yerləşdiyi ərazidə hündürmərtəbəli, çoxmənzilli yeni tikili inşa edilmişdir. Bununla bağlı 16.04.2019-cu il tarixdə İddiaçı1 MMC Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski 33 ünvanında Cavabdeh2 məxsus evlərin onun özü tərəfindən sökülməsi və ərazinin boşaldılması, sökülən evlərin yerləşdiyi torpaq sahəsinin 2004-cü ildə İddiaçı1 MMC-yə icarəyə verildiyi barədə məlumat verilmiş və bu əmlaklara dair ona verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Həmin müraciətə 1 saylı Bakı ərazi idarəsi tərəfindən bügünədək münasibət bildirilməmişdir. Hazırda İddiaçı1 MMC Cavabdeh2 və Cavabdeh3, habelə Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda göstərilən halları, o cümlədən qeyd edilən mənzillərin tikinti üçün ayrılmış torpaq sahəsində yerləşdiyini, sökülməsi məqsədi ilə "xxxx" MTK tərəfindən və onun vəsait hesabına alındığını və formal olaraq, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verildiyini, onların özlərinin də razılığı və bilavasitə iştirakı ilə söküldüyünü, Cavabdeh2 "xxxx" MTK-nın təsisçisi və söküntü aparılan vaxt sədri olduğunu, söküntü barədə Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına ünvanlanmış məktubların da İddiaçı1 MMC-nin səlahiyyətli şəxsi kimi onun tərəfindən imzalandığını bildirir və qeyd edilən mənzillərə dair dövlət reyestrində olan qeydin və bu qeyd əsasında verilmiş çıxarışların ləğv edilməsini tələb edir. Cavabdeh2 iddiada göstərilənlərlə razılaşmır, İddiaçı1 MMC-nin sədri vəzifəsində işləyən zaman şəxsən vətəndaşlara pul ödəyərək, fərdi evləri vətəndaşlardan əldə etdiyini, İddiaçı1 MMC-nin təsisçisi ilə əldə edilmiş razılığa əsasən ona həmin evlərin yerində inşa ediləcək binadan mənzillərin və yaxud nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vədin verildiyini, lakin qarşı tərəfin vədlərə əməl etmədiyini, nəticədə ona maddi zərərin vurulduğunu, mübahisələndirdiyi mənzillərin hazırki bazar qiymətinin 1.764.000 manat təşkil etdiyini bildirir və bununla bağlı “X3” MMC-nin qiymətləndirmə hesabatını təqdim etməklə, İddiaçı1 MMC-dən həmin məbləğdə maddi, habelə 200.000 manat məbləğində mənəvi zərərin əvəzinin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb edir. Məhkəmə tərəfindən təyin edilmiş əmlakların qiymətləndirilməsi ekspertizası üzrə aparılmış ekspert tədqiqatı nəticəsində tərtib edilmiş hesabatlara əsasən Cavabdeh2 mübahisələndirdiyi mənzillərin bazar dəyəri 1.568.750 manat, likvid dəyəri isə 1.380.500 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəf olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdehlərin əmlakının sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində, onların mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab vermişdir. Belə ki, İddiaçı1 MMC-yə bağlılığı olan (təsisçisi, 2013-2016-cı illərdə isə "xxxx" MTK-nı sədri olmuşdur) və bu cəmiyyətin tikinti apardığı ərazilər barədə tam məlumatlı olan 26 yaşlı Cavabdeh2 məhz İddiaçı1 MMC üçün ayrılmış ərazidə, məhz tikintinin başlanması və bunun üçün orada olan tikililərin sökülməsi ərəfəsində, yəni 2012-ci ilin fevral ayında 7 gün ərzində alqı-satqı yolu ilə əsasən 1910-cu ilə aid olmaqla qəzalı vəziyyətdə olan 1, 2 və 3 deyil, 12 ədəd, bundan sonra isə 19.03.2014-cü ildə həmin ərazidən əlavə olaraq 1 ədəd, qardaşı Cavabdeh3 isə 3 mənzil alır. Sonradan, yəni 2013-2014-cü illərdə bu mənzillərin hamısı onun iştirakı ilə sökülür və "xxxx" MTK-nın sədri olaraq o, bu barədə (ərazinin sökülməsi, boşaldılması, orada qalan sakinlər və sair) rəsmi məktublarda Bakı şəhər İcra Hakimiyyəti Başçısına məlumat verir. Onun həmin mənzillərin hər hansı birində nəinki 1 gün belə yaşaması, həmçinin, ümumiyyətlə yaşamaq niyyətində olması müəyyən edilmir. Belə olan halda, məhkəmə, hətta, ən azı daxili inamının formalaşması baxımından da həmin vaxt 26 yaşı olan Cavabdeh2 bu əmlakların alınması üçün vəsaitinin mənbəyi, hər hansı başqa yerdə ən azı bunun yarısı sayda mülkiyyətinin olması, bu sayda köhnə tikilinin alınmasına olan zərurət barədə hər hansı sualın verilməsinə ehtiyac görmür və belə qənaətə gəlir ki, bu əmlaklar İddiaçı1 MMC ("xxxx" MTK) tərəfindən və onun vəsaiti hesabına, sökmək və yerində yaşayış binası inşa etmək niyyəti ilə alınmış və işgüzar münasibətlər baxımından ona bağlı olan Cavabdeh2 adına rəsmiləşdirmişdir. Əsas məqsəd və niyyət mülkiyyətçilərlə hər hansı problem yaşamamaq, bu əmlakları vahid əldən idarə etmək və zamanında orada olan əmlakların hər hansı maneə olmadan və mümkün qədər qısa müddət ərzində sökülməsini təmin etmək və yaşayış binasının tikintisinə başlamaq olmuşdur. Bu hal Cavabdeh2 İddiaçı1 MMC-nin prezidenti və "xxxx" MTK-nın sədri olaraq 2014-cü ilin yanvar və fevral aylarında mülkiyyətçisi olduğu mənzillərin yerləşdiyi ərazidə yaşayan digər sakinlərə (Dilarə Məmmədova, Validə Cəfərova və İslam Abdullayev) ünvanladığı məktubların məzmunu ilə də sübuta yetirilir. Belə ki, həmin məktublarda bu şəxslərə ərazidə yerləşən fərdi yaşayış və qeyriyaşayış tikililərinin sökülməsinin və sakinlərin köçürülməsinin “X2 vəsaiti hesabına həyata keçirildiyi bildirilir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış digər məktubda isə sakinlərdən birinin təklif olunan məbləğlə razılaşmadığı barədə məlumat verilir və həmin məktubda da bu məsələlərin “X2 vəsaiti hesabına həyata keçirildiyi qeyd edilir. Bu baxımdan köçürülmə prosesi təbii ki, mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini özündə ehtiva edir. Belə olan halda, bu proses başlayandan və qeyd edilən məktublar göndəriləndən sonra həmin ərazidə olan daha bir mənzilin 19.03.2014-cü il tarixdə, yəni artıq onun kooperativin sədri olan zaman Cavabdeh2 tərəfindən, 3 mənzilin isə onun qardaşı Cavabdeh3 tərəfindən onların vəsaiti hesabına alınması qeyri-mümkündür. Həmin vaxt real olaraq belə bir alqı-satqıların bağlanması həm İddiaçı1 MMC-nin ("xxxx" MTKnın), həm də mülkiyyətçilərin özlərinin maraqlarına uyğun olan bir hal deyil. Digər tərəfdən həmin ərəfədə, yəni köçürmə prosesləri gedən zaman mülkiyyətçilərlə razlıq əldə edilməsi mümkün olan bir şəraitdə bu əmlakların real olaraq, yəni öz vəsaitləri hesabına İddiaçı1 MMC "xxxx" MTK-nın tərəfindən deyil, məhz bu iki qardaş tərəfindən alınmasına şəraitin yaradılmasının da izahı yoxdur. Yuxarıda qeyd olunduğu kimi, ilkin iddia üzrə cavabdehlərə məxsus əmlaklar artıq sökülmüş, cavabdehlər isə hazırda bunun müqabilində kompensasiya istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, işin yuxarıda sadalanan hallarına əsasən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə isə iddiaçılar işin yuxarıda sadalanan hallarına əsasən onlara maddi ziyan dəydiyini sübut edə bilməmişlər. Xüsusilə qeyd edilməlidir ki, İddiaçı1 MMC-yə yaşayış binasının tikintisi üçün ayrılmış ərazidə yerləşməklə Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş mənzillər onun deyil, məhz İddiaçı1 MMC-nin (Nehrəm MTK-nın) vəsaiti hesabına, sökülmə və yerində yaşayış binasının tikilməsi niyyəti ilə alınmış, sadəcə olaraq işguzar bağlılığı olan Cavabdeh2 və onun qardaşı Cavabdeh3 adına rəsmiləşdirilmiş və bu əmlaklar sonradan hər hansı məbləğdə və formada kompensasiyanin ödənilməsi barədə razılıq olmadan, Cavabdeh2 və Cavabdeh3 razılığı, şəxsi rəhbərliyi və iştirakı ilə sökülmüşdür. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyəti Başçısının Sərəncamı ilə yaşayış binasının tikintisi üçün İddiaçı1 MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində yerləşən tikililərdən 12 ədədi 2012-ci ildə, 1 ədədi 2014-cü ildə Cavabdeh2, 2 ədədi 2014-cü ildə və 1 ədədi 2015-ci ildə Cavabdeh3 mülkiyyətinə keçmişdir. Buna əsas onlarla həmin əmlakın keçmiş mülkiyyətçiləri arasında bağlanmış alğı-satqı müqavilələri olmuşdur. Bu əmlaklar hazırda real olaraq, naturada mövcud deyillər, onlar 2013-2015-ci illər ərzində sökülərək, məhv edilmişlər və onların yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binası inşa edilmişdir. Ötən dövr ərzində onların bir hissəsinə dair dövlət reyestrində aparılmış qeydiyyat da ləğv edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh2 mülkiyyətində olmuş 9 mənzilə və Cavabdeh3 mülkiyyətində olmuş 1 mənzilə dair hələ də dövlət reyestrində qeydiyyat mövcuddur. İddiaçı1 MMC-də bu əmlakların məhv edilməsini, yerində ona aid olan "xxxx" MTK tərəfindən yaşayış binasının inşa edilməsini əsas gətirib, həmin qeydiyyatın onun maraqlarına toxunduğunu, qeydiyyatın ləğvi ilə bağlı qeydiyyatı aparmış quruma müraciət etməsinə baxmayaraq, həmin qurum tərəfindən müraciəti üzrə bügünədək hər hansı tədbirin görülmədiyini bildirir və bu səbəbdən həmin əmlaklara dair çıxarışın ləğv edilməsi məsələsini qaldırmaqla hüquqi nəticə etibarı ilə aparılmış qeydiyyatın ləğv edilməsini tələb edir. Cavabdeh2 nəticə etibarı ilə ona qarşı qaldırılmış iddianın rədd edilməsini tələb etmir, eyni zamanda bu əmlakların onun idarəsinə zidd olaraq sökülməklə məhv edilməsini də bildirmir. Sadəcə olaraq bu əmlakların əvəzi olaraq ona inşa ediləcək binada mənzillərin və ya nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vədin verildiyini, lakin nəticədə hər hansı mənzilin verilmədiyini və kompensasiyanın ödənilmədiyini bildirir və mülkiyyət hüququna əsaslanaraq kompensasiyanın ödənilməsini tələb edir. Kollegiya qeyd edir ki, Cavabdeh2 İddiaçı1 MMC ilə onun arasında mülkiyyətində olmuş əmlakların sökülməsi müqabilində mənzillərin verilməsi və ya kompensasiyanın ödənilməsi barədə razılığın (vədləşmənin) olmasını bildirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etmir. Hər bir halda, belə bir razılıq reallıqda mövcud olduğu halda, onun təminatı və gələcəkdə yarana biləcək hər hansı anlaşılmazlığın və ya mübahisənin (məsələn, hazırki mübahisə) qarşısını almaq üçün tərəflər bu razılaşmanı hüquqi baxımdan hər hansı bir formada rəsmiləşdirmiş olardılar. Digər tərəfdən Cavabdeh2 razılaşmanın nəticəsi olaraq, ona neçə mənzil və ya hansı məbləğdə kompensasiyanın ödəniləcəyi barədə də hər hansı fikir söyləmir. Kompensasiya məbləğinin müəyyən edilməsi üçün söküntü dövründə bu əmlakların qiymətləndirilməsini təsdiq edən hər hansı sənəd də mövcud deyil. Cavabdeh2 yalnız hazırda, yəni mübahisə çərçivəsində kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün tədbirlər görür və nəticədə kompensasiya qismində əmlakların hazırki bazar qiymətini tələb edir. Bununla belə, Cavabdeh2 qeyd etdiyi, lakin mövcudluğunu sübut edə bilmədiyi “razılaşma” üzrə ona vəd edilən kompensasiyanın məbləği sirr olaraq qalır. Həmin vaxt kompensasiyanın ödənilməsi üçün İddiaçı1 MMC-nin ("xxxx" MTK-nın) nağd vəsaitinin olmaması da istisna deyildi. Lakin ən azı təminat və etibar, habelə razılığa əməl edilməsi baxımından, yeni inşa ediləcək binanın çox yox, yalnız 1 mənzili ilə bağlı ipoteka müqaviləsi bağlanıla bilərdi. Lakin belə bir hal da aşkar edilməmişdir. Cavabdeh2 iddia ərizəsində özü də etiraf edir ki, sonradan onunla təsisçi arasında narazılıqlar yaranmış və bunun nəticəsi olaraq kompaniyanın sədri vəzifəsindən kənarlaşdırılmışdır. Lakin həm bu hadisədən əvvəl, həm də bu hadisədən sonra onun İddiaçı1 MMC-yə kompensasiya məbləğinin ödənilməsi ilə bağlı rəsmi müraciəti olmamışdır. Yalnız ona qarşı hazırki iddia qaldırıldıqdan sonra Cavabdeh2 kompensasiya məbləğinin ödənilməsi tələbini irəli sürmüş və ilk olaraq, mülkiyyətində olmuş 5 mənzil üçün kompensasiya məbləğini tələb etmişdir. Halbuki, iddia ərizəsinə mülkiyyətində 13 mənzilin olduğunu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrinin arayışını əlavə etmişdir. Lakin qarşılıqlı iddia ərizəsində digər əmlaklara görə hər hansı məbləğdə kompensasiya almasını qeyd etməmişdir. Digər tərəfdən ilk tələbində göstərdiyi və kompensasiyasını tələb etdiyi Xan Şuşinski küçəsində yerləşən 32 saylı ev üzrə hər hansı mənzil onun mülkiyyətində olmamışdır. Mülkiyyətində ümumilikdə 13 mənzilin olmasına baxmayaraq, hazırda 12 mənzil üzrə kompensasiya məbləğini tələb edir. Lakin 13-cü mənzil barədə hər hansı fikir bildirmir. Həmin mənzillərin bir hissəsinin dövlət reyestrində olan qeydinin ləğv edilməsinə baxmayaraq, bu məsələyə də hər hansı münasibət bildirmir. Bu da öz növbəsində qeyd edilən mənzillərin sökülməsi müqabilində hər hansı məbləğdə kompensasiyanın ödənilməsi ilə bağlı Cavabdeh2 ilə İddiaçı1 MMC arasında hər hansı bir razılaşmanın olmaması qənaətinə gəlmək üçün əsas yaradır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı1 MMCyə yaşayış binasının tikintisi üçün ayrılmış ərazidə yerləşməklə Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş mənzillər onun deyil, məhz İddiaçı1 MMC-nin (Nehrəm MTK-nın) vəsaiti hesabına, sökülmə və yerində yaşayış binasının tikilməsi niyyəti ilə alınmış, sadəcə olaraq işguzar bağlılığı olan Cavabdeh2 və onun qardaşı Cavabdeh3 adına rəsmiləşdirilmiş və bu əmlaklar sonradan hər hansı məbləğdə və formada kompensasiyanin ödənilməsi barədə razılıq olmadan, Cavabdeh2 və Cavabdeh3 razılığı, şəxsi rəhbərliyi və iştirakı ilə sökülmüşdür. Bu da öz növbəsində onun İddiaçı1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının əsaslı olmaması qənaətinə gəlmək üçün əsas yaradır və rədd edilməsini şərtləndirir. Kollegiya, İddiaçı1 MMC-nin iddiası ilə bağlı qeyd edir ki, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlaklar məhv olduğundan İddiaçı1 MMC qanunvericiliyin tələblərinə uyğun olaraq, onlarla münasibətdə aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı ilk növbədə bu əmlakların dövlət reyestrini tərtib edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin müraciəti cavabsız qalmış və nəticə etibarı ilə bu əmlakların məhv olması bu qurum tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən İddiaçı1 MMC Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlaklara dair verilmiş çıxarışların ləğvini məhkəmə qaydasında mübahisələndirir və bununla da hüquqi nəticə etibarı ilə həmin əmlaklara dair dövlət reyestrində aparılmış qeydin ləğvini tələb edir. Bununla belə, məhkəmə kollegiyası Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlakların öz iradələrinə uyğun olaraq və razılıqları əsasında sökülməsi yolu ilə məhv olunmasını, əmlakların məhv olunmasının mübahisəsiz hal olduğunu, mövcud vəziyyətdə onun qeydiyyatının hər cür hüquqi mənasının itdiyini, bu halın həmin əmlakların vaxtı ilə yerləşdiyi yerdə yeni tikili inşa edən İddiaçı1 MMC-nin maraqlarına toxunduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Kollegiya hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlaklar məhv olduğundan İddiaçı1 MMC qanunvericiliyin tələblərinə uyğun olaraq, onlarla münasibətdə aparılmış qeydiyyatın ləğv edilməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlakların öz iradələrinə uyğun olaraq və razılıqları əsasında sökülməsi yolu ilə məhv olunmuşdur. Əmlakların məhv olunması mübahisəsiz haldır və mövcud vəziyyətdə onun qeydiyyatının hər cür hüquqi mənası itmişdir. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində ilkin iddia üzrə cavabdehlərin mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsassız hesab edir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Şərh olunanların məcmusunu nəzərə almaqla kollegiya hesab edir ki, qarşılıqlı iddiaçıya MMC tərəfindən hər hansı bir ziyanın vurulması sübut edilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətlərii təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar