Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6913/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lazım qızına qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-167/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan 34 saylı MKİS tərəfindən təsdiq olunmuş 05 avqust 2021-ci il tarixli aktın məzmunundan görünür ki, Bakı şəhəri,Nizami rayonu, R.Rüstəmov küçəsindəki 47 saylı evin 83 saylı mənzilnə həmin evin 86 saylı mənzilindən su axıdılmışdr.
2. İş materiallarında olan DƏDRX-dən verilmiş RX seriyalı,1216214 seriyalı çıxarışdan görünür ki, Bakı şəhəri,Nizami rayonu, R.Rüstəmov küçəsindəki 47 saylı evin 83 saylı mənzil xx.xx.2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir.
3. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri,Nizami rayonu, R.Rüstəmov küçəsindəki 47 saylı evin 83 saylı mənzilnə həmin evin 86 saylı mənzilindən su axıdılmışdr. Susızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək işlərin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1033 manat təşkil edir.
4. İş materiallarında olan DƏDRX-dən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 47 saylı evin 86 saylı mənzili hal-hazırda 1/3 hissədə Məmmədova Nailə Şamil qızının 1/3 hissədə Məmmədova Naibə Şamil qızının,1/3 hissəsi isə Cavabdeh2 Lazım qızının mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lazım qızına maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsindəki 50 saylı evin 38 saylı mənzildə yaşayır.Təxminən 2021-ci ilin əvvəllərindən onun mülkiyyətində olan Bakı şəhəri,Nizami rayonu, R.Rüstəmov küçəsindəki 47 saylı evin 83 saylı mənzilnə həmin evin 86 saylı mənzilindən su axıdılıb və mənzilinə ciddi ziyan dəyib. 86 saylı mənzilin sahibi Cavabdeh1 olmasına baxmayaraq mənzilin nəzarəti onun bacısı Cavabdeh2 Lazım qızındadır. Həmin vaxtlar İradə ilə bu barədə dəfələrlə danışıb, bu problemi yoluna qoymaq lazımdı desə də cavabdeh ona əvvəlcə1-2 günə təmir etdirəcəyi barədə vəd vermiş, bir dəfə usta çağıraraq təmir etmiş, amma buna baxmayaraq yenə su axıdılmış və bu dəfə mənzili tamamən yararsız hala düşmüşdür, hazırda nasazlığı aradan qaldırmır və “hara şikayət edirsən et” deyir. Halhazırda cavabdehlərin səhlənkarlığı nəticəsində evinə axıdılan suyun nəticəsində xeyli miqdarda ona ziyan vurub.Su axıdılması nəticəsində evinin koridoru, yəni dəhliz hissəsinin tavanı və divarları, eləcədə hamam otağının tavanı dağılaraq qopur. Ən son hadisə zamanı 05 avqust 2021-ci il tarixində 34 saylı MKİS-nin əməkdaşları tərəfindən mənzilinə baxış keçirilib və akt tərtib edilib, müəyyən olunub ki, mənzilinə üst qonşu olan 86 saylı mənzildən su axır və ciddi ziyan dəyib. Həmin aktı da məhkəməyə sübut kimi təqdim etmişdir.Ona dəyən maddi ziyanın ödənilməsini dəfələrlə tələb etsə də, bunun müsbət nəticəsi olmayıb. Bu isə onun hüquqlarını kobudcasına pozur.Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lazım qızından 1000 manat maddi ziyanın və 500 manat mənəvi ziyanın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir..
7. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-167/2022 saylı, 27 iyul 2022ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 Lazım qızından vurulmuş maddi ziyana görə 1000 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh1 və Cavabdeh2 Lazım qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının mənzilinə suyun məhz vaxtilə onların mülkiyyətində olmuş 86 saylı mənzildən axıdılmasının müəyyən edilməsi üçün ekspert tərəfindən tədqiqat aparılmamışdır, mənzilə baxış keçirilməmişdir, üstəlik həmin mənzil onların mülkiyyətində olmadığı üçün onlar hazırki iddiaya cavab verməli olan şəxslər də deyil. Buna görə də, hazırki halda onlar tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi müəyyən olunmur. İddiaçıya qarşı hər hansı mülki hüquq pozuntusu törətmədikləri üçün də ona dəyən zərərlə bağlı səbəbli əlaqə mövcud deyil. Göründüyü kimi, iddiaçı iddia ərizəsində onların qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanın vurulduğunu qeyd etsə də, nəzərə almamışdır ki, həmin mənzil 2021-ci ilin sentyabr ayından onların mülkiyyətində deyil və ümumiyyətlə anlarının vəfatından sonra onlar həmin mənzildən istifadə etməmişdirlər. 2021-ci ildə isə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında mənzil satılmışdır. Buna görə də, onlar hazırki tələb üzrə iddiaya cavab verməli olan şəxslər deyillər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 Lazım qızı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 Lazım qızı nın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 21 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.
15. Maddə 226.1 yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır;
16. Maddə 226.2 yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir;
17. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
18. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır; a. birincisi mülki hüquq pozuntusu olmalıdır, b. ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, c. üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır.
19. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır.
20. Maddə 1111.2 əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir;
21. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilmməəsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətlər təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-167/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
32. Həmçinin o da qeyd olunmalıdır ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdelərhin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
33. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, İddiaçı məxsus Bakı şəhəri,Nizami rayonu, R.Rüstəmov küçəsindəki 47 saylı evin 83 saylı mənzilə yuxarı mərtəbədə yerləşən cavabdehlərə məxsus 86 saylı mənzildən su axması faktı müəyyən olunmuşdur.
34. Birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq haqlı olaraq hesab etmişdir ki, iddia mübahisələndirilən hissədə əsaslı olduğundan təmin olunmalıdır.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Həmçinin cavabdeh apellyasiya şikayətində iş üzrə təyin edilmiş ekspert rəyi ilə razı olmadığını qeyd etsə də, ekspert rəyinin mötəbərliyini təkzib edəcək hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də, apellyasiya şikayətinin qeyd olunan dəlili də əsaslı sayıla və qətnamənin ləğvi üçün əsas ola bilməz. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində mənzili satdıqlarını və iddiaya cavab verməli şəxslərin onlar olmadıqlarını bildirsə də, iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsindən görünür ki, cavabdehlər həmin mənzili 18 sentyabr 2021-ci il tarixdə satmışlar. İş materiallarında olan 34 saylı MKİS tərəfindən təsdiq olunmuş 05 avqust 2021-ci il tarixli aktdan görünür ki, su axıdılması hadisəsi cavabdehlərin mənzili satmalarından daha əvvəl baş vermişdir. Ona görə də apellyasiya şikayətinin bu dəlili də əsassızdır.
36. Göründüyü kimi, apellyasiya şikayətlərində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-167/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.