Məhkəmə qərarları › İş №2(103)-6922/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6922/2023

28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6922/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: hərracın və hüquqi nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4060/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı əsas borc üzrə 180000 (bir yüz səksən min) manat, faiz borcu üzrə 16435 (on altı min dörd yüz otuz beş) manat, cərimə borcu üzrə 4027,79 (dörd min iyirmi yeddi manat, yetmiş doqquz qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 200522,79 (iki yüz min beş yüz iyirmi iki manat, yetmiş doqquz qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" İKB ASCyə verilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən, 97,9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən, 97,9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 301.500 (üç yüz bir min beş yüz) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən, 97,9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinin satıldıqdan bir ay sonra boşaldılması, İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12526/2019 saylı, 7 oktyabr 2019-cu il tarixli qətnaməsi, sonuncu isə Ali Məhkəmənin 2(102)-1760/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

3. Hərracın keçirilməsi haqqında Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 11170/111260/19-15-4 saylı, 09 sentyabr 2019-cu il tarixli sifariş məktubu "xxxx" MMC-yə daxil olmuş və "xxxx" MMC tələbkar Cavabdeh2 ASC və borclu İddiaçı Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 11170/111260/19-15-4 saylı, 09 sentyabr 2019-cu il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsinin 06 noyabr 2020-ci il tarixdə, saat 11:00-da ilkin hərrac, 23 noyabr 2020-ci il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya 12 oktyabr 2020 və 11 noyabr 2020-ci il tarixlərdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirişlər göndərilmiş, həmin bildirişlər borclu İddiaçı tərəfindən qəbul edilmişdir. Bununla yanaşı hərrac barədə “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) elan verilmişdir. "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoluna əsasən, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyriyaşayış sahəsini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh2 ASC həmin əmlakı 192206,25 manata əldə etmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Hərracın Yekunları barədə 55/08 saylı, 23 dekabr 2020-ci il tarixli Protokola əsasən, sözügedən qeyri-yaşayış sahəsi tələbkar Cavabdeh2 ASC-yə 192206,25 manata satılmasına dair, "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında hərracın nəticələrinə dair protokol tərtib olunmuşdur. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X11 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) “hərracın və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933 məhəllə "xxxx"-nin xx.xx.2020-ci il tarixdə keçirdiyi hərracın (23 dekabr 2020-ci il tarixli 55/08 saylı hərrac protokolu) etibarsızlığı və hərracın hüquqi nəticələrinin etibarsızlığı, o cümlədən "xxxx" ASC-yə verilmiş xx.xx.2021-ci il tarixli ********** çıxarışın etibarsızlığı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin 1 saylı filialı ilə kredit müqaviləsi bağlayaraq 180.000 (bir yüz səksən min) manat kredit götürmüş, kreditin təminatı kimi xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsini arvadı X1 xəbərsiz ipoteka ilə yüklü etmişdir. Bankın rəhbərliyi ilə aralarında olan şifahi razılaşmaya əsasən kredit ona güzəştli şərtlərlə verilməli idi. Bankın həmin dövrdəki rəhbərliyi kredit müqaviləsində göstərilən məbləğin yarısını onlara qaytarmalı olduğunu, bunun müqabilində krediti uzun müddətə və kiçik hissələrlə ödəyəcəyinə şərait yaradacağını təklif və vəd etdi. Qeyd etmişdir ki, o, Çernobıl əlilidir, həmin dövrdə səhhəti kəskin şəkildə ağırlaşmışdı, ciddi müayinə və müalicə tələb olunurdu. Lakin, maddi vəziyyəti çox ağır olduğundan müalicə olunmaq üçün vəsaiti yox idi. Ona görə də kredit götürməyə məcbur qaldı və nəticədə bankın rəhbərliyinin təklifini və irəli sürdüyü bu ağır şərti qəbul etməyə vadar oldu. Bir müddət keçəndən sonra, ona məlum oldu ki, "xxxx" İKB ASC-nin rəhbərliyi və eləcə də adı dəyişilmişdir. Bununla əlaqədar olaraq bankın kredit götürdüyü filialına getdi və burada ona bildirdilər ki, bankın bütün rəhbər heyəti o cümlədən onunla birbaşa danışıqlar aparmış, kredit müqaviləsini bağlayarkən götürdüyü kreditin ödənişi zamanı ona tam güzəştli şərait yaradacağı barədə şifahi razılığa gəldiyi rəhbər şəxslər artıq bankın idarəçiliyindən uzaqlaşdırılmışdır. Bundan sonra maddi sıxıntıları ilə əlaqədar kredit ödənişlərini edə bilmədiyi üçün bank borcu almaq üçün məhkəmədə iddia qaldırmışdır. Bildirmişdir ki, arvadı X5 ilə xx.xx.1989-cu il tarixdə rəsmi nikah bağlayaraq, ailə həyatı qurmuşlar. Hal-hazırda mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyriyaşayış sahəsini birgə nikah dövründə əldə etmişlər. Həyat yoldaşı X5 birgə nikah dövründə əldə etdikləri əmlakın ondan xəbərsiz ipoteka ilə yüklü edilməsindən xəbərdar olduqdan sonra, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəmədə iddia qaldırmışdır və onun iddiası əsasında hazırda məhkəmə mübahisəsi davam etməkdədir. Hal-hazırda X2 Daşınmaz Əmlakın DRX tərəfindən Cavabdeh2 ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsasında kassasiya şikayəti üzrə Ali Məhkəmənin icraatında 2(102)- 2794/2023 saylı iş vardır. Qeyd etmişdir ki, məhkəmə mübahisələri davam etdiyi bir vaxtda "xxxx" tərəfindən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılması ilə bağlı ona xx.xx.2020-ci il tarixli 01/2108 saylı təklif və bildiriş gəlmişdir. O və həyat yoldaşı Nailə Gülmalıyeva hər ikisi ayrı-ayrılıqda dərhal hərracın təşkilatçısı Nəsimi rayon İcra və probasiya Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə məktub yazaraq (müvafiq sənədlər əlavə edilməklə) bildirmişlər ki, ipoteka predmeti olan mübahisələndirilən əmlakla bağlı məhkəmə cəkişməsi davam edir, məhkəmə mübahisəsi davam etdiyi bir vaxtda və iş üzrə yekun məhkəmə aktı olmadığına görə, mübahisəli əmlakın hərraca çıxarılması qanunsuzdur. Ona görə də, göstərilən hüquqi əsaslara istinad edərək hərracın keçirilməməsini və dayandırılmasını xahiş etmişlər. Bundan sonra o, hesab etdi ki, hərrac dayandırılmışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, məhkəmə çəkişmələri davam etdiyi bir vaxtda xüsusi mülkiyyətində olan əmlakını bank və hərrac onun iştirakını təmin etmədən hərraca çıxarmışlar və tamamilə qanunsuz şəkildə formal hərrac keçirərək ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsini qanunsuz olaraq Cavabdeh2 ASC-nin mülkiyyətinə keçirmişlər və nəticədə bank mübahisəli əmlaka dair xx.xx.2021-ci il tarixli ********** saylı çıxarış əldə etmişdir. Halbuki, daşınmaz əmlakla bağlı hərracların keçirilməsinin hüquqi əsaslarını və qaydasını müəyyən edən, hal-hazırda qüvvədə olan qanunvericilik aktlarının norma və tələblərinə görə, xüsusi mülkiyyətdə olan əmlak hərraca çıxarılarkən mülkiyyətçinin hüquqları qorunmalı, o cümlədən əmlakın mülkiyyətçisinin hərracda iştirakı təmin edilməklə əmlakın satın alınması ilk növbədə mülkiyyətçiyə təklif olunmalıdır. Eyni zamanda hərraca çıxarılan daşınmaz əmlakın qiyməti hərrac keçirilən dövrdə daşınmaz əmlakın orta bazar qiymətinə uyğun müəyyən edilməlidir. Qeyd etmişdir ki, hərrac keçirilən zaman mübahisəli daşınmaz əmlakın orta bazar qiyməti təqribən 800000 - ******* manat civarında olmuşdur. Lakin, mübahisəli əmlak hərraca çıxarılan zaman əmlakın mövcüd orta bazar qiyməti deyil, 2016-cı ildə əmlak girov qoyularkən bank tərəfindən keçirilmiş qiymətləndirmə nəticəsində müəyyən edilmiş 301.500 manat qiymət hərracda satış qiyməti kimi təyin edilmişdir. Yuxarıda göstərdiyi bütün xüsusatlardan açıq-aşkar göründüyü kimi, hərrac tamamilə qanunsuz, formal və bir başa Cavabdeh2 ASC-nin sifarişi və “dirijorluğu” ilə keçirilmiş və bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası, Beynəlxalq Konvensiyalar və Azərbaycan Respublikasının mövcüd qanunvericilik aktları ilə təsbit olunmuş mülkiyyət hüququ ən kobud şəkildə pozulmuşdur. Bir daha yuxarıda sadaladığı əsaslara istinad edərək qeyd etmişdir ki, hərracların keçirilmə qaydasını tənzimləyən mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla keçirildiyindən sözügedən hərrac və yaratdığı hüquqi nəticələr məhkəmə qaydasında etibarsız hesab edilməlidir.

6. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən 103 saylı qeyri-yaşayış binasına tutma yönəldilməsi qət edilmişdir. 10 may 2019-cu il tarixli icra vərəqəsinin və Nərimanov Rayon İcra və probasiya Şöbəsinin 11170-111260/19-15-4 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmişdir. Hərracın keçirilməsinə dair bildirişlər və ipoteka predmetinin əldə olunmasına dair təklif tərəflərə göndərilmişdir. Hərracın yekunlarına dair protokol 23 dekabr 2020-ci il tarixdə tərtib edilmişdir. "xxxx" MMC ilə ipoteka saxlayan bank Cavabdeh2 ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh2 ASC xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən 103 saylı qeyri-yaşayış binasına dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətindən çıxarış almışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4060/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının həm qeydiyyatda olduğu, rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) elan verilmişdir. Müvafiq ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti icra mərhələsində icra məmurunun qərarı ilə deyil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinun ilkin satış qiyməti 305000 manat məbləğində qiymətləndirilmişdir. Həmin hissələrdə də Nəsimi Rayon Məhkəməsinin qətnaməsi hazırki iddiaçı tərəfindən, həmin iş üzrə cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, hər iki halda qüvvədə saxlanılmışdır.

9. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisələri davam etdiyi bir vaxtda "xxxx" tərəfindən Gülmalıyevlərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyriyaşayış sahəsinin açıq hərracda satılması ilə bağlı İddiaçı xx.xx.2020-ci il tarixli 01/2108 saylı təklif və bildiriş gəlmişdir. İddiaçı və Nailə Gülmalıyeva hər ikisi ayrı-ayrılıqda dərhal hərracın təşkilatçısı Nəsimi rayon İcra və probasiya Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə məktub yazaraq (müvafiq sənədlər əlavə edilməklə) bildirmişlər ki, ipoteka predmeti olan mübahisələndirilən əmlakla bağlı məhkəmə cəkişməsi davam edir, məhkəmə mübahisəsi davam etdiyi bir vaxtda və iş üzrə yekun məhkəmə aktı olmadığına görə, mübahisəli əmlakın hərraca çıxarılması qanunsuzdur. Yuxarıda qeyd edilən hüquqi əsaslara istinad edərək hərracın keçirilməməsini və dayandırılmasını xahiş etmişlər. Lakin, sonradan məlum olmuşdur ki, məhkəmə çəkişmələri davam etdiyi bir vaxtda Cavabdeh2 ASC mübahisəli əmlakın qanunsuz olaraq hərraca çıxarılmasına nail olmuş, tamamilə qanunsuz şəkildə formal hərrac keçirərək Teyyub və Nailə Gülmalıyevlərə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** saylı çıxarış əldə etmişdir. Halbuki, daşınmaz əmlakla bağlı hərracların keçirilməsinin hüquqi əsaslarını və qaydasını müəyyən edən, hal-hazırda qüvvədə olan qanunvericilik aktlarının norma və tələblərinə görə, xüsusi mülkiyyətdə olan əmlak hərraca çıxarılarkən mülkiyyətçinin hüquqları qorunmalı, o cümlədən əmlakın mülkiyyətçisinin hərracda iştirakı təmin edilməklə əmlakın satınalınması ilk növbədə mülkiyyətçiyə təklif olunmalıdır. Eyni zamanda hərraca çıxarılan daşınmaz əmlakın qiyməti hərrac keçirilən dövrdə daşınmaz əmlakın orta bazar qiymətinə uyğun müəyyən edilməlidir. Qeyd edir ki, hərrac keçirilən zaman mübahisəli daşınmaz əmlakın orta bazar qiyməti təqribən 700000-800000 manat civarında olmuşdur. Lakin, mübahisəli əmlak hərraca çıxarılan zaman əmlakın mövcüd orta bazar qiyməti deyil, 2016cı ildə əmlak girov qoyularkən bank tərəfindən keçirilmiş qiymətləndirmə nəticəsində müəyyən edilmiş 301.500 manat qiymət ilkin qiymət hərracda satış qiyməti kimi təyin edilmiş, və yekun olaraq cəmi 192.206 manata bank əmlakı ələ keçirmişdir. Bir daha yuxarıda sadaladığı əsaslara istinad edərək qeyd edir ki, hərracların keçirilmə qaydasını tənzimləyən mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla keçirildiyindən sözügedən hərrac və yaratdığı hüquqi nəticələr məhkəmə qaydasında etibarsız hesab edilməlidir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə mübahisəsi getdiyi bir vaxtda hərrac keçirilmişdir. İpoteka müqaviləsinin etibarsızlığı ilə bağlı birinci instansiya məhkəməsində araşdırma gedən zaman ipoteka predmeti hərraca çıxarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2021-ci il tarixlidir. Hərrac isə bundan bir il qabaq keçirilmişdir. Hərracda iştirakla bağlı İddiaçı müraciət olunur. Birinci instansiya məhkəməsində Nailə Gülmalıyevanın iddiası əsasında məhkəmə prosesi yeni başlamışdır. Nailə Gülmalıyeva ərizə verir və Nəsimi Rayon Məhkəməsinin qərardadını təqdim edir ki, harrac dayandırılsın. Lakin buna baxmayaraq əvvəl hərrac keçirilir. Nailə Gülmalıyevanın həmin işlərdən xəbəri olmamışdır. Ekspert saxta rəy vermişdir. Hərrac gedən zaman formal prosedurlar pozulmuşdur. Hərrac keçirilməsinə əsas olmuş məhkəmə qətnaməsi 2022-ci ilin iyul ayının sonunda Ali Məhkəmənin qərarına əsasən qanuni qüvvəsini almışdır. Tərəflərindən icra Nəsimi Rayon İcra Şöbəsinə müraciət olunmuşdur.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsində bu iş araşdırılarkən həm hərrac mərkəzi tərəfindən, həm də tərəflərindən bütün materiallar işə əlavə olunmuşdur. Əmlakın qiyməti və hərrac bildirişləri ilə bağlı hallar bütün sənədlərdə öz əksini tapmışdır. Əmlakın qiyməti məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Tərəfin bununla bağlı kifayət qədər apellyasiya və kassasiya şikayətləri olmuş və heç biri təmin olunmamışdır. İpoteka müqaviləsinə gəldikdə isə qarşı tərəf hesab edirsə ki, hərrac dayandırılmalı idi, bununla bağlı icra məmurunun hərəkətlərindən şikayət verilməli idi. Hazırda mübahisəli əmlak satılmışdır. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 22.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 23.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

24. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 25.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

26. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

27. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Qanunun

28.41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 29.41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 30.42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 31.43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 32.44-cü maddəsinə əsasən, Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

33.14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı əsas borc üzrə 180.000 manat, faiz borcu üzrə 16.435 manat, cərimə borcu üzrə 4.027,79 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" İKB ASC-yə verilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən, 97,9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 301.500 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən, 97,9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinin satıldıqdan bir ay sonra boşaldılması, İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12526/2019 saylı, 7 oktyabr 2019-cu il tarixli qətnaməsi, sonuncu isə Ali Məhkəmənin 2(102)-1760/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 37.Nərimanov rayon İcra və Probasiya şöbəsinin sifarişi (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(0063)-1221/2019 saylı icra vərəqəsi) əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə hərrac keçirilmiş, həmin hərracların baş tutmaması elan edilmiş, ipoteka predmeti ipoteka saxlayana təklif edilmiş, nəticədə xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən 103 saylı qeyri-yaşayış sahəsi 192.206,25 manata "xxxx" ASC-yə satılmışdır. Hərracların keçirilməsi ilə bağlı bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks edilən bildirişlər göndərilmişdir. Buna baxmayaraq iddiaçı daşınmaz əmlakın ona təklif edilmədiyinə istinad edərək, habelə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətindən, mövcud məhkəmə mübahisələrinə baxmayaraq hərracın dayandırlmadığından narazı olduğunu bildirərək, bu əsaslarla keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. 38.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, ipoteka predmetinin ilkin satış qiyməsti qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnaməyə əsasən kredit müqaviləsi üzrə tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən 103 saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, sahənin açıq hərracdan satılması və mənzilin ilkin satış qiymətinin 301.500 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. 39.Qeyd edilməlidir ki, tələbin əmlaka yönəldilməsinə dair məhkəmə aktı qanuni qüvvədə olmaqla icra vərəqəsi verilmiş, ilkin hərrac isə xx.xx.2020-ci il tarixində keçirilmişdir. Belə olan halda icra vərəqəsinin verilməsi və hərracın keçirilməsi arasında olan müddət çox qısa olmaqla əmlakın dəyərinin əhəmiyyətli qaydada artması baxımından yenidən qiymətləndirmə rəyinin alınması ağlabatan hesab edilə bilməz. 40.Bundan başqa iddiaçının istinad etdiyi digər dəlil ilə əlaqədar kollegiya vurğulayır ki, təkrar hərrac baş tutmamış elan edildiyi halda ipoteka predmetinin ipoteka verənə təklif edilməsi ipoteka qanunvericiliyində nəzərdə tutulmamışdır. Əksinə, “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. İş materiallarından da göründüyü kimi ipoteka saxlayan öz hüququndan vaxtında istifadə etməklə, qanunvericiliklə müəyyən edilmiş 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək üçün edilmiş təklifi qəbul etmişdir. 41.Həmçinin iddiaçının ipoteka predmeti olan əmlakla bağlı məhkəmə cəkişmələri davam etdiyi bir vaxtda bu əmlakın hərraca çıxarılmasının qanunsuz olduğuna dair dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçının istinad etdiyi bu hal qanunvericiliyə uyğun şəkildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Əks yanaşma mülki hüquq münasibətlərinin subyekti olan bankın qanunla qorunan maraqlarına və mülki dövriyyənin sabitliyinə zidd olardı. Nəzərə alınmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq zərər vurmuş olur.

42. İş materiallarından göründüyü kimi iddiaçı tərəf olduğu kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməməklə bankı müqavilə üzrə ödənilməyən bu məbləği dəyərləndirmək imkanından məhrum etmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İddiaçı əsas öhdəliyini lazımınca icra etmədiyindən, bankın ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmış, nəticədə bank ipoteka predmeti olan qeyri-yaşayış sashəsinə tutmanın yönəldilməsi və hərracın keçirilməsi ilə iddiaçının kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasına nail olmuşdur. Həmçinin qeyd edilməlidir ki, məhz hərracın keçirilməsinə əsas olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi hərrac keçirilən və protokol tərtib edilən zaman qanuni qüvvəsini almışdır.

43. Kollegiya iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən 103 saylı qeyri-yaşayış sahəsinin satılmasına dair hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. 44.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 46.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4060/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar