Məhkəmə qərarları › İş №2(103)-6923/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6923/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6923/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X4 (sədrlik edən və məruzəçi), İ oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(005)-1609/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev 236 ünvanında yerləşən və faktiki sahəsi 557 kv.m. təşkil edən mənzillərin sökülməsi nəticəsində ona və ailə üzvlərinə cavabdehlərin vurduğu (əldən çıxmış fayda) 295.000 manat dəyərində maddi zərərin və 50.000 manat həcmində mənəvi zərərin, ümumilikdə 345.000 manat pulun cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentindən alınaraq onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1992-ci ildə Ağdam rayonunda gedən döyüşlərdə həyat yoldaşı X6 şəhid olmuşdur. İki azyaşlı körpəsi evinin içinə düşən erməni mərmisi nəticəsində vəfat etmişdir. 1991-ci il təvəllüdlü qızı X5, özü və yaşlı anası Ağdam rayonundan Bakı şəhərinə 1993-cü ildə məcburi köçkün kimi gələrək Nəsimi rayonunda 48 saylı MKİS-nin ərazisində bir otaqlı evdə məskunlaşmışlar. Əlinin qabarıyla və Özbəkistan Respublikasında yaşayan və ölkəyə qayıdan gələn, atasınınanasının 9 uşağının köməyi ilə ünvan 2 ünvanında yerləşən 29 və 30 saylı mənzilləri 2003-cü ildə qurub yaratmışlar. Üç evin birləşməsi nəticəsində iki ev yaradaraq birləşdirərək 410 kv.m. tikili mövcud olub. Torpağın dövlət ehtiyacları üçün alınması məqsədilə onun və qızının mülkiyyətdə olan mənzillər həmin təsirə məruz qalmışdır. Söküntü zamanı tələb yalnız yeni tikilən mənzillər olub. 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gedən söküntü zamanı o, evlə təmin olunmaq istəyini bildirdikdən sonra müəyyən bir müddət qəbullarda olduğu zaman və şəxsən sabiq Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun qəbul otağında özü şəxsən göstəriş vermişdir ki, o, və qızı evlə təmin edilsinlər. Sonradan isə onlara mənzillərin dəyərinin artıq olması və bir dəfəyə külli miqdarda pulun ödənilməsi müəyyən çətinlik yaratdığı üçün müəyyən bir yaxın müddətlərdə onları razı salınmağa vədlər verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri və həmçinin söküntü komissiyasının üzvləri də yaxşı bilirlər ki, mənzillərin söküldüyü ərazi şəhərin mərkəzi olmaqla həmin ərazidə mənzillərin bir kv.m. 4-5 min manat təşkil edirdi. Mənzillərin faktiki sahəsi 557 kv.m. təşkil edirdi. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənzillərin alqı-satqısı nəticəsində 538.000 manat pul onlara ödənilmişdir. Hər dəfə də qəbullarda olduğu zaman pulun qalan hissəsinin əvəzinə mənzil verəcəkləri ilə onu inandırmışlar. Bir müddət keçdikdən sonra isə yenidən pul kompensasiyası verəcəklərinə vədlər verilmişdir. Həmin vədlərin uzandığını və reallaşmadığını görüdükdə hər dəfə Prezident Administrasiyanda qəbullarda olmuş və oradan da onu hər dəfə Bakı Şəhər İcra Hakimiyyətinə göndərmişlər. İcra Hakimiyyəti də hər dəfə şikayət etməməsini və maliyyə çətinlikləri olduğundan qısa müddətdə tələbin təmin olunacağını bildirmişlər. Lakin sonradan, daha doğrusu da xx.xx.2021-ci il tarixdə M- 87/4-152/2-t/1 saylı məktubla ona imtina məzmunlu cavab verildikdən sonra Bakı İnzibati Məhkəməsində kompensasiya ödənilməsi vəzifəsinin vəzifəli şəxsin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 40410 manat, Bakı İnzibati Məhkəmənin müvafiq qərarına əsasən iddia tələbi qismən təmin edilmiş və 350.880 manat pulun ödənilməsi qərara alınmışdır. Cavabdeh Bakı İcra Hakimiyyəti hər iki vəsaitin ödənilməsini hətta məhkəmə qərarı icraya yönəldilməsinə baxmayaraq uzun müddət yubandırdıqdan sonra kompensasiyanı 06 yanvar 2023-cü il tarixdə almışdır. Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamenti mənzili sökərkən onlara hesablanaraq verilməli olan kompensasiya məbləğini vaxtında ödəməli olduğu halda bir qismini 2013-cü ildə digər hissəsini isə məhkəmələrə salmaqla uzun müddətli (10 il) mübarizədən sonra Prezident Administrasiyasında, müxtəlif dövlət orqanlarında hüquqlarını tələb edərkən, nəhayət Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev cənablarına şəxsən məktublarını, şikayətlərini çatdırdıqdan sonra məhkəmə qərarlarının icrası qaydasında ödəmişlər. Belə ki, qeyd edilən kimi 291290 manat pul vəsaiti ödəmişlər. Halbuki həmin vəsaitlər 2013-cü ildə tam şəkildə ödənilməli idi. O, və qızı pullarını vaxtında alsaydı, vaxtında da istədiyi mənzilləri Bakı şəhərində əldə edə bilərdilər. Lakin hal-hazırda ödənilən kompensasiya məbləğinə şəhərin mərkəzində hətta 200-250 kv.m. sahədən ibarət mənzillər əldə edə bilməmişlər. Bakı İcra Hakimiyyətinin nümayəndələri Bakı İnzibati Məhkəməsində məhkəmə iclasları zamanı özləri etiraf etmişlər ki, 2013-cü il tarixdə sökülən mənzilin 136 kv.m sahəsinin ödənilməli olan kompensasiyasını ödəməmişlər. Nə səbəbə görə mənzilin pulu dövlətin hesabında 10 il saxlanılaraq iddiaçıya illər sonra ödənilməli idi. Bakı İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfatı Departamentinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Vəkil sorğusu nəticəsində müəyyən edilmişdir ki, 2013-2023-cü illərdə istehlak və mənzil bazarında qiymət indekslərinə köklü dəyişikliklər baş verməklə 133,5 faiz, isehlak indeksi isə 187,2 faiz nisbətində dəyişərək artım müşahidə olunmuşdur. Beləliklə də 2013-cü ildə onlara ödənilməli olan 291.290 min manat pulun fərqi 238.232,7 manat təşkil etmişdir. Ona görə də cavabdehlər dəymiş 238.232,7 manat fərqini onlara ödəməlidirlər. Bundan başqa, 10 il müddətində hüquqlarını bərpa etməyə, haqqını tələb edərkən yollarda, həkimlərdə, ictimai nəqliyyatda, poçt şöbələrində xeyli miqdarda vəsaitlər xərcləmişdır. Özündə saxladığı qəbzlərə əsasən 1 ilin qəbzləri təxminən 415 manat təşkil etmişdir. Halbuki, 10 il ərzində təxminən 5.000 manat teleqram və məktublara pul xərcləmişdir. Müvəqqəti olaraq Buzovna qəsəbəsində yaşadığı üçün şəhər mərkəzinə hər dəfə hər gedişində 20-30 manat pul vəsaiti xərcləmişdir. Kirayə üçün Bakı İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən onlara yardım göstərilməmişdir. Pozulmuş hüquqlarının bərpasını tələb edərkən bu illər ərzində ağır xəstəliklərə düçar olmuşdur. Ağır dərəcəli hipertoniya və kəskin ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir, hazırda ikinci qrup əlildir. İcra Hakimiyyətinin söküntü komissiyasının üzvləri heç nəyə mahal qoymadan qanunsuz olaraq mənzilə gələrək onları zorla qanunsuz çıxarmağa çoxsaylı cəhdlər edirdilər, məhkəmə qərarı olmadan qollarından tutub zorla çıxardırdılar. Xəstə anası bu şiddətli təzyiqlərə dözməyərək dünyasını dəyişmişdir. Qızı isə qorxu xəstəliyinə tutulmuş, özü isə hipertoniya, ürək çatışmazlığı xəstəliyinə tutulmuşdur. Beləliklə də işin faktiki hallarından məlum olduğu kimi, cavabdehlərin 2013-ci ilin mart ayından başlayaraq hazırda məhkəməyə müraciət etdiyi dövrədək ona 295.000 manat maddi maddi zərər vurmuşdurlar. Cavabdehlərin onu və ailəsini evdən zorla evlərini sökərək çıxartması nəticəsində, uzun müddət onu dövlət orqanlarında, məhkəmə çəkişmələrinə cəlb etməsi və hərəkətləri onu mənəvi və fiziki iztirablar keçirməsinə səbəb olmuşdur. Nəticədə hipertoniya və ürək çatışmamazlığı xəstəliyinə düçar olaraq uzun müddətdir ki, həkim müalicəsi və nəzarəti altındadır. Mənəvi vurulmuş zərərin dəyəri qiymətsiz olsa da, o, bu zərəri 50.000 manat həcmində dəyərləndirir. Qanuna görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur.

3. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia həcminin artırılması barədə vəsatət təqdim edərək, iddiaçının və onun qızı X1 mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev 236 ünvanında yerləşən və faktiki sahəsi 557 kv.m. təşkil edən mənzillərinin sökülməsi nəticəsində ona və ailə üzvlərinə cavabdehlərin vurduğu 408.794 manat dəyərində maddi zərərin və 50.000 manat həcmində mənəvi zərərin, ümumilikdə 458.794 manat pulun cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentindən alınaraq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Məhkəmə-mühasibat ekspertizasının məhkəməyə daxil olmuş 9/4377saylı 25 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir. Birinci sual üzrə 2013-cü ilin mart ayından xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 391.290.0 manat məbləğində pul vəsaitinin 23 yanvar 2023-cü il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 732.494.88 manat (əsas məbləğ 391.290.0 manat faiz indeksi 341.204.88) məbləğində, Komitənin müəyyən etdiyi illik mənzil bazarında qiymət indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 391.290.0 manat məbləğində pul vəsaitinin 23 yanvar 3023-cü il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 522.372.15 manat (əsas məbləğ 391.290.0 manat faiz indeksi 131.082.15 manat) məbləğində olması müəyyən edilir. 391.290.0 manat pul vəsaiti üzrə Mərkəzi Bank uçot dərəcəsi nəzərə alınmaqla 2013-cü ilin mart ayından xx.xx.2023-cü il tarixədək olan dövr ərzində hesablanan faiz ümumilikdə 300.179, 21 manat təşkil edir. İkinci sual üzrə 2013-cü ilin 29 mart tarixindən xx.xx.2017-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 188.800.0 manat məbləğində pul vəsaitinin 28 dekabr 2017-ci il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 256.390,4 manat (əsas məbləğ 188.800.0 manat, faiz indeksi 67.590.4 manat) məbləğində . komitənin müəyyən etdiyi illk mənzil bazarında qiymət indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 188.800.0 manat məbləğində pul vəsaitinin xx.xx.2017-ci il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 222.406.4 manat (əsas məbləğ 188.800.0 manat faiz indeksi 33.606.4 manat) məbləğində olması müəyyən edilir. 188.800,0 manat pul vəsaiti üzrə Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində hesablanan faiz ümumilikdə 65.826,96 manat təşkil edir. Cavabdeh Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış iddiaya qarşı etirazın məzmunu ilə də məlum olmuşdur ki, İddiaçı mənzilinin sökülməsi ilə əlaqədar məhkəməyə müraciət olunduqdan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3597/2015 saylı 13 avqust 2015-ci il tarixli qərarın icrası ilə əlaqədar cavabdehlər tərəfindən 188.800 manat kompensasiya məbləği 2017-ci ildə əlavə olaraq ödənilmişdir. Bu səbədən də ekspertiza qarşısında suallar qoymaqla məhkəmədən 188.800 manat pul vəsaiti üzrə də təhqiqat aparılmasını və 29 mart 2013-cü il tarixdən – 28 dekabr 2017-ci illər üzrə 188800 manat pul vəsaitinin artım faizi fərqinin hesablanmasını xahiş etmişdik. Ona görə də iddiaçıya dəymiş maddi zərərin əhəmiyyəti nəzərə alınmaqla ekspert rəyi ilə müəyyən olunan və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar əsas tutulmaqla itkiyə uğramış, yəni əldən çıxmış fayda olaraq pul vəsaitinin indeksasiyasının yüksək nisbət fərqi ilə müəyyən edilmiş hesablama indeksi məhkəmə tərəfindən nəzərə alınmalıdır və rəhbər tutulmalıdır.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 1609/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

6. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, cavabdehlər mənzilləri sökərkən İddiaçı və onun qızına kompensasiyanı 2013-cü ildə tam verməli olduğu halda, həmin kompensasiyanın qalığını 10 ildən sonra məhkəmə qərarı əsasında, məhkəmə qərarlarının icrası qaydasında ödəmişlər. İddiaçı 2013-2023-cü illərdə istehlak və mənzil bazarında qiymət indekslərinə köklü dəyişikliklərin baş verməsinə əsaslanaraq hazırki iddia tələbini irəli sürmüşdür. Məhkəmə araşdırma zamanı bu halları müəyyən etsə də, yanlış nəticəyə gələrək belə hesab etmişdir ki, hazırda iddiaçı əldən çıxmış faydanı tələb edir, ancaq həmin əldən çıxmış fayda tələbini istehlak və mənzil bazarında qiymət indekslərindəki artımla əsaslandırmağa çalışmışdır. Məhkəmə iddiaçının adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlər barədə məhkəməyə hər hansı dəlil, sübut təqdim etməmisini qeyd edərək belə qənaətə gəlmişdir ki, iddiaçı 458.794 manat əldən çıxmış faydanın onun xeyrinə tutulmasını tələb etsə də, ona öhdəliklərin icra edilməməsinə görə hər hansı gəlir, artım, bəhər və s. əldə edilməsindən məhrum olması sübut olunmur. Sual olunur ki, belə olan halda məhkəmə nə səbəbə görə öz təşəbbüsü ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edərək iddiaçının əldən çıxmış fayda qismində itkiyə uğramış pulunun indeksasiyasını hesablatdırmışdır. Məhkəmə itkinin meyarını hansı üsulla müəyyən edilməsini mötəbər sübut kimi qəbul etmək niyyətində olmuşdur? Bir halda ki, iddianın maddi hüquqi əsası müəyyən edilməmişdirsə, Dövlət Statistika Komitəsinin arayışına əsasən istehlak və mənzil bazarında qiymət indekslərindəki artımla bağlı hesablamanın nəticəsi ekspert tərəfindən necə müəyyən edilmişdir? Hesab edir ki, iddianın əsasları işdə olan sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə isə iddiaçının tələbini sübutlar baxımından deyil, yalnız öz gəldiyi subyektiv qənaətinə görə təmin etməmişdir. İşdəki sübutlar və iş üzrə əsaslandırılan maddi hüquq normaları baxımından iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirdilər.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bakı Şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması barədə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

10. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-1609/2023 nömrəli qətnaməsi ləğv edilməli və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.

15. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2013-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, X11 küçəsi, bina 236 ünvanında yerləşən 30 saylı mənzil İddiaçı tərəfindən 210.000 manata, 29 saylı mənzil isə X5 tərəfindən 140.000 manata Bakı şəhər İcra Hakimiyyətinə satılmışdır.

16. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1(81)-3597/2015 nömrəli qərarından görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri, X11 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı faktiki istifadəsində olan 66 kv.m. hissəyə hər kv.m. üçün 1.500 manat olmaqla 99.000 manat və 20% - 19.800 manat, 30 saylı mənzilə görə İddiaçı ödənilmiş 210.000 manat məbləğə müvafiq olaraq 20% - 42.000 manat, cəmi 160.800 manat, habelə 29 saylı mənzilə görə X2 ödənilmiş 140.000 manat məbləğə müvafiq olaraq 20% - 28.000 manat miqdarında əlavə ödəmələrin hesablanması və ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1649/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı və X1 apellyasiya şikayətləri qismən təmin edilmiş, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1(81)-3597/2015 nömrəli qərarı iddianın 10% miqdarında əlavə kompensasiyanın tutulmamasına dair hissəsində qismən ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılmış, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Bakı şəhəri, X11 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı faktiki istifadəsində olan 66 kv.m. hissəyə hər kv.m. üçün 1.500 manat olmaqla 99.000 manat məbləği ödənilməsi göstərilmiş dəyərinə 9% - 8.910 manat, 30 saylı mənzilə görə 18.900 manat, habelə 29 saylı mənzilə görə X2 12.600 manat miqdarında əlavə ödəmələrin hesablanması və ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir.

18. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1534/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı və X1 faktiki istifadəsində olan 136 kv.m. hissəyə görə cəmi 350.880 manat miqdarında kompensasiyanın hesablanması və ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir.

19. Hazırda iddiaçı cavabdeh inzibati orqanlardan vurulmuş maddi və mənəvi zərərin ödənilməsini xahiş edir və bu tələbini cavabdehlərin qanunsuz hərəkətləri – kompensasiyanın inzibati orqanlar tərəfindən uzun müddət yubandırdıqdan sonra ödənilməsi ilə əsaslandırır.

20. İnzibati-prosessual qanunvericiliyin tələblərinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 1609/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar