Məhkəmə qərarları › İş №2(103)-6926/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6926/2021

14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6926/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanla bağlı pul tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1926/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya vurduğu maddi ziyana görə 500 manat pulun və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Eyni zamanda, yaşadığı ərazidə fermer təsərrüfatı var. Belə ki, cavabdeh 08 iyul 2020-ci il tarixdə saat 17:00 radələrində iddiaçıya məxsus fermer təsərrüfatına daxil olaraq, televizoru, peyk antenanı, qapı pəncərəni sındıraraq, əkin sahəsini dağıdaraq, iddiaçıya maddi ziyan vurmuşdur. Baş vermiş bu hadisə ilə bağlı olaraq, iddiaçı şikayət ərizəsi ilə Hacıqabul rayon Polis Şöbəsinə müraciət etdi. X1 sahə rəisi, polis mayoru Asif Həsənov tərəfindən MN-№ ******* saylı protokolu tərtib edildi. Bundan başqa, cavabdeh barədə Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə Hacıqabul RPŞ-dən daxil olmuş İnzibati Xəta haqqında materiala baxaraq, Hacıqabul Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 3(071)-481/2020 saylı qərarı ilə Cavabdeh təqsirli bilinib 100 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq etmişdir. Beləliklə, cavabdeh iddiaçıya 500 manat məbləğində maddi ziyan vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1926/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı bir neçə defə onun və atasının üzərinə böhtan ataraq onları həbs etdirməyə çalışmış və bir dəfə buna nail olmuşdur. Aralarında yaranan bütün mübahisələrin səbəbi 05.10.2010-cu il tarixdə iddiaçının onun atasını ferma təsərrüfatına rəhbər seçməsi olmuşdur. Belə ki, onun atası rəhbər seçildikdən sonra iddiaçıya torpaq barədə İcra hakimiyyəti tərəfindən sərəncam verilmiş, daha sonra iddiaçı məhkəməyə müraciət edərək, atasının rəhbər təyin edilyi MMC-nin sənədlərinin və möhrünü ona qaytarılmasını tələb etmişdir. Sonra onlar arasında uzun illər çeşidli mübahisələr olmuşdur. Bütün bunlardan sonra atası məcbur oldu ki, Hacıqabul məhkəməsinə müraciət etsin və iddiaçıya verdiyi 130.000 dollar barəsində Hacıqabul Rayon məhkəməsinə müraciət etsin. Məlumat üçün onuda bildirir ki, Hacıqabul rayon məhkəməsi bu barədə xeyrimizə qərar da vermişdir. Məhz bundan sonra Sarıbala polisin vasitəsi ilə ailəmizin bütün üzvlərinə o cümlədən mənə də ifrat dərəcəli böhtanlar atmağa başladı. Belə ki, guya mənim 08 iyul 2020-ci il tarixində onun əməlakının məhv edilməsi barəsində törətdiyi inzibati xəta haqqında 21 sentyabr 2020-ci il tarixində məhkəmə qərarı verilmişdir. Məhkəmə qərarı da tarixi göstərilməyən və polis tərəfindən tərtib olunan ******* protokola əsasən verilmişdir. Həmin protokolla da guya onun 500 manat ziyan vurmağı sübut olunmuşdur. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətlərinin təmin olunmasını, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 3(071)-481/2020 saylı “inzibati xəta haqqında” qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh 08 iyul 2020-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1-də yaşayan İddiaçı fermer təsərrüfatına daxil olaraq, televizoru, peyk antenanı, qapı pəncərəni sındıraraq, əkin sahəsini dağıdaraq 500 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh tərəfindən İddiaçı 500 manat məbləğində maddi ziyan vurulduğu nəticəsinə gəlmişdir. Belə ki, barədə qanuni qüvvədə olan məhkəmə qərarı vardır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1926/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar