Məhkəmə qərarları › İş №2(103)-6928/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6928/2023

12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6928/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və həmin Birliyin Bakı Regional Qazın Satışı Departamentinə qarşı “əsassız hesablanmış borcun silinməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndəsi (övladı) Rzalı Vüqar Mətləb oğlunun və Cavabdeh2 nümayəndəsi Quliyeva Aygün Gündüz qızının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 3.316,50 manat məbləğində borcun silinməsi, həmin borcun hesablanmasına əsas olmuş aktların və borcu özündə əks etdirən “Abonentin saldonun” etibarsız hesab edilməsi, borcun hesablanması barədə qərarın ləğv edilməsi, onun ünvanına aid qaz xətti üzərində cavabdehlərin əməkdaşlarının özbaşına quraşdırdıqları mexaniki sayğacın smart sayğacı ilə əvəz edilməklə əvvəlki vəziyyətin bərpa edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, Yaşar Hüseynov küçəsində yerləşən 8 saylı evdə yaşayır. Həmin ev cavabdehlər tərəfindən təbii qazla təchiz olunur və bununla bağlı evdən kənarda, yəni küçədə qaz smart sayğacı quraşdırılmışdır (abonent kodu: **********00000). İddiaçı, istehlak etdiyi təbii qazın dəyərini sayğaca uyğun olaraq ödəmiş, cavabdehlərə borcu olmamışdır. Bu yaxınlarda cavabdehlərin əməkdaşları onun yaşadığı ünvana gələrək və ona xəbər vermədən smart sayğacı mexaniki sayğac ilə əvəz etmişlər. Daha sonra iddiaçıya məlum olmuşdur ki, cavabdehlər tərəfindən ona əlavə sərfiyyat kimi 3.316,50 manat məbləğində borc hesablanmışdır. Borcun yaranma əsası ilə bağlı iddiaçı cavabdehlərə müraciət etdikdə, cavabdelərin əməkdaşları iddiaçıya bildirmişlər ki, onun evinə aid qaz sayğacı nasazlıqlar səbəbindən yenisi ilə əvəz edilmiş, əvvəlki qaz sayğacına baxış keçirilərkən müəyyən edilmişdir ki, sayğaca müdaxilə olunmuş, bununla əlaqədar olaraq müvafiq aktlar tərtib edilmiş, həmin aktlar əsasında borc hesablanmış, borc, “Abonentin saldosuna” mədaxil edilmişdir. İddiaçı hesab edir ki, cavabdehlərin əməkdaşlarının həmin hərəkətləri əsassız və qanunsuz olmuşdur. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Departamentinin İtirilmiş qazın dəyərinin hesablanması Komissiyası tərəfindən təsdiq edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamənin” “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul olunması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli aktların etibarsız hesab edilməsi, iddiaçıya hesablanmış borcun bir hissəsinin – 2.592 manat borcun silinməsini, iddiaçının ünvanına aid qaz xətti üzərində quraşdırılmış smart sayğacının mexaniki sayğac ilə əvəz edilməsinin qanunsuz hesab edilməsini, həmin mexaniki sayğacın smart sayğac ilə əvəz edilməsi öhdəliyin Cavabdeh2 üzərinə qoyulmasını qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iddianın bir qisminin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər mübahisələndirmirlər ki, istehlakçı olan iddiaçıya məxsus fərdi yaşayış evinin qaz təchizatı ilə hesablaşmasını təmin edən qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Belə olan halda, həmin sayğacda yaranan problemə görə istehlakçı olan iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca hər hansı müdaxilə edilməsində iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Belə olan halda isə məhkəmə iddia tələbinin göstərilən hissələrdə əsaslı olması qənaətinə gəlir. Lakin “Abonent saldosunun” etibarsız hesab edilməsi və 3.316,50 manat məbləğində borcun silinməsi hissəsində qismən əsaslı olması qənaətinə gəlir. Beləliklə qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh tərəf özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul olunması haqqında” xx.xx.2023-cü il tarixli və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli aktların, iddiaçının abunə koduna hesablanmış 21.600 kub metr itirilmiş qazın sərfiyyatı barədə hesabatın etibarsız hesab edilməsi barədə iddia tələbi də təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, iddiaçı, 33.16,5 manat məbləğində borcun silinməsini tələb edərkən, qazın sərfiyyat üçün ödəməli olduğu pul vəsaitinin də əsassız olduğunu bildirsə də bunu təsdiq edən sübutları təqdim edə bilmir. Bunun əksinə olaraq, cavabdeh tərəf iddia tələbinin həmin dəlillərini təkzib edən “Abonentin saldosunu” təqdim edir. “Abonentin saldosundan” göründüyü kimi, iddiaçının qazın sərfiyyatına görə 724,5 manat məbləğində borcu mövcuddur. Məhkəmə qeyd olunanların kontekstində mübahisəyə qiymət verəndə hesab edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır və borc məbləğinin 2.592 manat həcmində olan hissəsi silinməlidir. Cavabdeh tərəfin iddiaçıya məxsus ünvanda quraşdırdığı smart sayğacını dəyişərkən, iddiaçıya məxsus yaşayış evinin qaz təchizatı xətti üzərində mexaniki qaz sayğacını quraşdırması ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Belə ki, cavabdeh tərəf iddiaçıya məxsus ünvanda quraşdırılmış samart (ağıllı) sayğacını dəyişərkən iddiaçını yeni samart sayğacla təmin etməli idi. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh tərəf yeni ağıllı sayğacın quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olmasını əsaslandırmamışdır. Bu baxımdan məhkəmə, iddiaçının belə bir tələbi irəli sürməkdə haqlı olması qənaətinə gəlir. Rayon Məhkəməsi iddianın bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni isə onunla əsaslandırmışdır ki, həmin hissələrdə iddia tələbi əsassızdı və sübuta yetmir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməsi barədə hissədə ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan istifadə etməsi, yəni təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlar ilə rəsmiləşdirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyə ziyan dəymişdir. Həmin borcun silinməsi üçün əsas yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tam həcmdə əsassız olan iddianı qismən də olsa təmin etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barə məlumat

7. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uğun izahat verdi.

8. İş üzrə digər cavabdeh olan Departament işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh Departamentin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

9. İddiaçının nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. e) apellyasiya baxışının həddi barədə məlumat

10. İddia tələbinin bir qismi Rayon Məhkəməsi tərəfindən təmin edilməsə də iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmışdır.

11. Qətnamədən apellyasiya şikayəti vermiş Birlik də iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmış, lakin iddianın bir qisminin təmin edilməsi ilə bağlı nəticə ilə razılaşmayaraq məhz həmin nəticəni mübahisələndirmişdir.

12. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Odur ki, qeyd edilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) işdə olan sənədlər barədə məlumat

14. Cavabdehlərin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, iddiaçının ünvanına aid qaz xəttinin üzərində qurşadılmış qaz (smart) sayğacın giriş hissəsində dəlik aşkar olunmuş, sayğacın plombuna müdaxilə olunmuşdur.

15. Cavabdehlərin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, iddiaçının ünvanına aid qaz xəttinin üzərində qurşadılmış qaz (smart) sayğacın çıxış arxa plastmas borusu deşilib.

16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, yuxarıda qeyd edilən qaz sayğacı qaz təsərrüfatının layihəsmeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanmış və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunmuşdur.

17. İddiaçının adına tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, iddiaçıya 3.316,5 manat borc hesablanmışdır.

18. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” aktdan görünür ki, qaz paylayıcısı olan Birlik tərəfindən qazın istehlakçıya – iddiaçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacı müəyyən edilmişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

19. Göstərilənləri, nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.).

20. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).

22. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən aktda sayğaca müdaxilə edilməsi qeyd edildiyindən, cavabdeh Birlik və cavabdeh Departament yuxarıda qeyd edilən maddi hüquq normaların tələblərinə əsasən, istehlakçının (hazırki halda – iddiaçının) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetiriməli və onlara (cavabdehlərə) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidirlər. Lakin cavabdehlər iddiaçının təbii qazdan qeyri-qanunu istifadə etməsini, yəni təbii qazın talamasını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğində zərərin ödənilməsini iddiaçıdan tələb etmişlər.

24. Nəzərə alınsa ki, iddiaçının təbii qazdan qeyri-qanunu istifadə etməsini təsdiq edən hər hansı sübut cavabdehlər tərəfindən məhkəmələrə təqdim edilməmişdir, o zaman müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı müzakirə edilən hissədə təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassızdır.

25. İddianın smart sayğacın mexaniki qaz sayğacı ilə əvəz olunmasının qanunsuz hesab edilməsi və həmin qaz sayğacının smart qaz sayğacı ilə əvəz edilməsi öhdəliyinin cavabdeh tərəfin üzərinə qoyulması barədə tələblə bağlı məhkəmə qeyd edir ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti su istehlakçılarını ağıllı sayğaclarla təchiz edir (maddə 11.1.). Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir (maddə 11.2.). Bu Qanunun 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş hallarda ağıllı sayğacların quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olması enerji təchizatçıları tərəfindən əsaslandırılmalıdır (maddə 11.3.). Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılır (maddə 11.4.). İstilik enerjisini ölçmək üçün istehlakçıların ağıllı sayğaclardan istifadəsi texniki cəhətdən mümkün və ya iqtisadi cəhətdən səmərəli olmadığı hallarda, istilik enerjisinin təchizatçısı öz hesabına istilik enerjisi istehlakının ölçülməsi məqsədilə istilik nəzarət cihazlarını və istilik xərclərinin istilik istifadə miqdarına bağlı olaraq bölgüsünü təmin edən sistemləri bu Qanunun 11.3-cü maddəsi nəzərə alınmaqla quraşdırır (maddə 11.5.).

26. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi, cavabdehlərin əməkdaşları iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz (smart) sayğacını yenisi ilə mexaniki qaz sayğacı ilə əvəz edərkən həmin normaların tələblərini pozmuşlar. Onlar iddiaçıya məxsus ünvana aid qaz təchizatı xətti üzərində mexaniki qaz sayğacı deyil, smart (ağıllı) sayğacı quraşdırmalı idilər. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəf yeni ağıllı sayğacın quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olmasını əsaslandırmamışdır.

27. Göstərilənlərə əsasən müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçının ünvanına aid qaz xətti üzərində quraşdırılmış smart sayğacının mexaniki sayğac ilə əvəz edilməsinin qanunsuz hesab edilməsi, həmin mexaniki sayğacın smart sayğac ilə əvəz edilməsi öhdəliyin cavabdeh Birliyinin üzərinə qoyulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən nəticəyə aid dəlilləri də əsassızdır.

28. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar