Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-694/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına qarşı mülki iş üzrə (Açar sözlər: əşyaların mənzildən çıxarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızının iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-264/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan xx.xx.2000-ci il tarixdə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evinin çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozu ünvanında yerləşən torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
2. İş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(55)-34/2024 saylı qətnaməsi ilə Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızı və X7 arasında olan nikahın pozulması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evindən Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına məxsus əşyaların boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozunda hal-hazırda mülkiyyətində və istifadəsində olan fərdi yaşayış evini qardaşı X6 03 sentyabr 2016-cı il tarixdə ailə qurduqdan sonra yaşamağa evləri olmadığından həmin evdə yerləşmələrinə icazə vermişdir. X1 Saatlı Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(055)-18/2023 saylı qətnaməsi əsasında Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızı ilə nikahları pozulmuş, nikahları pozulmazdan təqribən 02 il əvvəl Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızı faktiki olaraq ayrılaraq qeydiyyatda olduğu ünvanda Saatlı rayonu Nabatkənddə yaşamışlar. Dəfələrlə Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına əşyalarını evindən götürməsini bildirməsinə baxmayaraq götürməkdən imtina etmişdir. Əşyaların həmin evdə qalması ona çətinlik yaratdığından ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük savxozunda yerləşən fərdi yaşayış evini boşaltması zəruri və qanuna müvafiqdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-264/2024 nömrəli, xx.xx.2024-cü il qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evindən cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına aid əşyaların evdən çıxarılması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 11.1, 11.2, 152.1, 228.1, 228.2, 228.5-ci maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına, İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına Əlavənin 1 saylı Protokolun 1-ci maddəsinə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 14.2, 77.1, 80, 88 və 106.1, 217.4, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsinin təmin edilməsinə əsaslı səbəb kimi sözü gedən və mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 2 sot torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilməsini və həmçinin həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili kimi hesab edilən daşınmaz əmlakla bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından, analoji münasibətlərlə bağlı Avropa Məhkəməsinin presedentlərində nümayiş etdirdiyi mövqe nəzərə alınmaqla, mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməsini, şəxsin, yəni iddiaçının mülkiyyət hüququnu tanınması kimi qiymətləndirilməsi olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsinə münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından səhvə yol verir və həmin normaların şərhini düzgün əsaslandırmır. Belə ki, iddiaçı iddia ərizəsində sözü gedən və mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evini və həmin ünvanda yerləşən 2 sot torpaq sahəsini xüsusi mülkiyyəti kimi göstərmişdir. Halbuki, sözü gedən və mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçmədiyindən onun xüsusi mülkiyyət kimi tanınması kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 146.2-ci maddəsinin tələblərindən irəli gələn müddəları nəzərə almaqla, əksinə iddiaçını xüsusi mülkiyyətçi kimi tanınmasına və həmin əmlak üzərində sərancam vermək hüququnun olduğu kimi tanınmasına hüquqi qiymət verməməlidir. İkinci əsaslandırma ondan ibarətdir ki, birinci instansiya məhkəməsi sözü gedən və mübahisə predmeti olan əmlakın mülkiyyət hüququnun təmin edilməsilə yanaşı cavabdehin həmin əmlakın yerləşdiyi ünvanda yerləşən torpaq sahəsinə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunduğunu əsas gətirməklə iddia predmetindən kənara çıxaraq cavabdehin əmlakın yerləşdiyi ünvanda yerləşən torpaq sahəsinə istifadə hüququnun olduğu məsələsini iddianın təmini üçün əsaslı olduğu qənaətinə gəlmişdir. Cavabdeh sözü gedən və mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 1 mərtəbəli və 3 otaqdan ibarət fərdi yaşayış evinə uşaqları ilə birgə köçürülməklə istifadə hüququnun tanınması barədə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə cavabdehin iddiaçıya qarşı qaldırdığı “evə köçürülməklə yaşayış hüququnun tanınması” tələbinə dair mülki iş hal-hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Zaur Tağıyevin 2-(003)-3167/2024 saylı mülki iş üzrə icraatında olmaqla xx.xx.2024-cü il tarixə məhkəmə baxışına təyin edilmişdir. Və bu barədə iddiaçı tərəfindən “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair mülki işə baxılmış və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Hakim Ramilə Xəzriyə xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı “iddiaçıya məxsus evdən cavabdehə məxsus cehiz əmlakın çıxarılması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-264/2024 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılması barədə vəsatətlə müraciət etmişdir. Lakin həmin vəsatətin təmin edilməməsi barədə cavabdehə xəbər verilməmiş, hər hansı bir bildiriş göndərilmişdir. Bu barədə cavabdeh yalnız xx.xx.2024- cü il tarixdə “evə köçürülməklə istifadə hüququnun tanınması tələbinə” dair mülki işə baxan hakim Zaur Tağıyev tərəfindən məhkəmə baxışında bildirilmiş və həmin qətnamədən apellyasiya şikayəti verilib-verilməməsi ilə əlaqədar halların müəyyən edilməsi üçün məhkəmə baxışı xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Birinci instansiya məhkəməsi iddiaçının cehiz əmlakın evdən çıxarılması tələbinə üzrə işə baxarkən, cavabdehin həmin əmlaka, yəni torpaq sahəsinə istifadə hüququnun olub-olmadığını müəyyən etməyə çalışmışdır. Halbuki, həmin hallar üzrə digər iddia tələbinin olduğu və həmin iddia tələbi hal-hazırkı cehiz əşyaların evdən çıxarılması iddia tələbi ilə bağlılıq təşkil etdiyindən, ona görə də cavabdeh birinci instansiya məhkəməsinin cehiz əşyaların evdən çıxarılması tələbinə dair mülki iş üzrə icraata, cavabdeh tərəfindən iddiaçıya qarşı verilmiş evə uşaqları ilə birgə köçürülməklə istifadə hüququnun tanınması tələbinə dair mülki işə baxıb hüquqi qiymət verilənə kimi dayandırılması barədə xəbərdarlıq edildiyi halda, həmçinin bu barədə elektron məhkəmə sistemində gördüyü halda, lakin buna əhəmiyyət verməyərək, iddiaçının cehiz əşyaların evdən çıxarılması tələbinə dair mülki işə baxılmasını davam etdirərək və qeyd olunan faktiki halları, hüquqi əsasları nəzərə almayaraq, iddia ərizəsinin təmin edilməsi qənaətinə gələrək maddi hüquq normalarının tətbiqi baxımından kobud qanun pozuntusuna yol verərək ədalətsiz qətnamə çıxartmışdır. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya qarşı verilmiş sözü gedən və mübahisə predmeti olan evə övladları ilə birgə köçürülməklə istifadə hüququnun tanınması tələbinə dair mülki işə baxılmasını, cavabdeh tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-264/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilib-verilməməsinin müəyyən edildikdən sonra baxıla biləcəyini nəzərə alaraq, məhkəmə baxışın təxirə salmaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (003)-264/2024 saylı qətnaməsi baxmayaraq ki, həmin tarixdə çıxarılmışdır, lakin həmin tarixdən 20 gün gec göndərilmiş və poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Bu halda özlüyündə ondan xəbər verir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş icraatın dayandırılması barədə vəsatətin təmin edilib-edilmədiyi barədə rəsmi məlumat vermədən birbaşa iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlmişdir. Yuxarıda qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması kimi də qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlillərindən biri də birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsinin təmininə əsas kimi “Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddələrinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına istinad etməsidir, belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbinə dair münasibətdə, 2000ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzilindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı olan iddia tələbinə dair birinci instansiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi baxımından səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair “qərarında hüquq normalarının tətbiqi ilə bağlı açıqlamışdır. Qərarda qeyd olunur ki, “Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun yaşayış (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. Hal-hazırda qüvvədə olmuş Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinin, yuxarıda göstərilən hallara izah verərkən qeyd etmişdir ki, eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Lakin göründüyü kimi, sözü gedən ev mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmamışdır. Belə olan halda Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Bu hüququ mövqelərə əsaslanaraq X5 Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə əsasən Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli qərarında təsbit olunan hüquq normalarının müəyyən edilmiş konstitusiya-hüquqi mənasına uyğun Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müdəaları özü-özlüyündə yaşayış sahəsinə sahiblik, istifadə və sərancamvermənin hüquqi tənzimlənməsinə dair konstitusiya prinsipləri ilə uzlaşmayan və konstitusion hüquq olan mənzil hüququnun müdafiəsini təmin etməyən norma kimi qiymətləndirilə bilməz. Bu baxımdan Ali Məhkəmənin presedent hüququna əsasən Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair “ qərarına istinad edərək belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı istər birinci instansiya məhkəməsi, istər də apellyasiya instansiya məhkəməsi tərəfindən məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 01-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdə olan Saatlı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2 (055)-18/2023 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh faktiki olaraq 2014- cü il tarixdə ailə həyatı quraraq Rzayev Rəsulun valideynlərinə məxsus fərdi yaşayış evinə gəlin köçərək onunla 2015-ci ilin oktyabr ayına kimi yaşamaqla, lakin sonradan həmin tarixdən 2022-ci il tarixə kimi sözü gedən evdən qovulana kimi birgə təsərüffat aparmışlar. Bu hal qətnamədə sübut olaraq qeyd edilmişdir. Belə ki, cavabdeh 2015-ci il tarixdə sözü gedən və mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunun yerləşdiyi 2 sot torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini tikdirdikdən sonra Rzayev Rəsul ilə yaşadığı zaman da həmin ev xüsusi mülkiyyətdə olmamış, cavabdehlə Rzayev Rəsulun istifadəsində olmuş, lakin mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmamış və bu günə qədər də fərdi yaşayış evi nə Rzayev Rəsulun, nə də iddiaçının mülkiyyətində deyil. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbinə dair münasibətdə yanlışlığa yol verir. Lakin bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsində qeyd etdiyi formal mülahizə xarakterli sözləri təsdiq edəcək hər hansı bir sübut təqdim etmədiyi halda, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində istinad etdiyi dəlilləri əsaslı hesab etməklə iddia ərizəsinin təmin edilməsi üçün əsas olduğu qənaətinə gəlmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi irəli sürmək üçün subyekt olub-olmadığını müəyyən etməlidir. Belə ki, iddiaçı sözü gedən və mübahisə predmeti olan əmlaka dair mülkiyyət hüququ olmadığı halda hansı əsaslarla cehiz əşyaların evdən çıxarılması tələbi ilə çıxış edə bilərdi. Çünki, iddiaçı sözü gedən və mübahisə predmeti olan əmlaka dair mülkiyyət hüququ olmadığından onun üzərində sahiblik və sərancam vermək hüququ məhz əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən qeydiyyatdan keçdiyi tarixdən yaranmalı idi ki, bu hal da olmadığından, birinci instansiya məhkəməsi iddiaçını subyekt kimi qəbul etməyərək iddianın əsaslı olmadığı qənaətinə gəlməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.B-un şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N,Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 uyanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxdıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Birinci instansiya məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından səhvə yol verməklə səthi yanaşdığından və həmin halların araşdırılmasına əhəmiyyət vermədiyindən, həmin hallar yenidən apellyasiya icraatında araşdırılmaqla hüquqi qiymət verildikdən sonra ədalət öz yerini tapacaqdır. Cavabdeh hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (003)-264/2024 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
12. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29.2. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
14. Maddə 152.1 mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
15. Maddə 152.2, 152.3 və 152.4 sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
16. Maddə 157.4. əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər.
17. Maddə 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
18. Maddə 158.2. əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
19. Maddə 159. sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
20. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
21. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin
22. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-264/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. İddiaçı özünə aid və məxsus olan evi müvəqqəti olaraq qardaşına yaşaması üçün vermişdir. Ona görə də qardaşı ailəsi ilə birlikdə həmin evdə müvəqqəti olaraq yaşayırdı. Lakin, bir müddət sonra qardaşı arvadı ilə boşanmış və qardaşı arvadı evi tərk edib getmişdir. Bundan əlavə hazırkıi iddia tələbində iddiaçı cavabdehə məxsus əşyaların istifadəsində olan evdən çıxarılmasını xahiş edir.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur.
36. Hazırki iş üzrə tərəflər arasında yuxarıda sadalanan mütləq şərtlərin yerinə yetirilməsi müəyyən olunmamışdır.
37. Digər tərəfdən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
38. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
39. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
40. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarına əsaslanaraq haqlı olaraq hesab etmişdir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilin yaşayış sahəsindən istifadə hüququ olmadığından, onlar özlərinə məxsus əşyalarla birlikdə evdən çıxarılması barədə iddia tələbi təmin edilməlidir.
41. Eyni zamanda, iddia tələbi üzrə olan əmlak dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən daşınmaz əmlakla bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından, analoji mübahisələrlə bağlı Avropa Məhkəməsinin presedentlərində nümayiş etdiyi mövqe nəzərə alınmaqla, mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir.
42. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”
43. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdi ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir.
44. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hallara və qanundan irəli gələn tələblərə əsasən hesab edir ki, cavabdehin və ona məxsus olan əşyaların iddiaçının mülkiyyətində olan mənzilində qalması, iddiaçının mənzildən mülkiyyətçi kimi istifadə etmək hüququnu pozur.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına aid edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-264/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.