Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6944/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ev üzərində payın müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2160/2023 saylı, 10 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı xx.xx.2004-cü il tarixdə X10 ilə nikaha daxil olmuşdur. Cavabdeh iddiaçının əri X6 iddiaçıdan əvvəlki nikahdan doğulmuş oğludur. X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində “Məscid küçəsi” adlanan ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və dövlət qeydiyyatına alınmamışdır. İddiaçı mərhum əri ilə ailə münasibətində olduğu dövrün böyük hissəsini həmin özbaşına tikilidə mərhum əri və onun əvvəlki nikahından olan uşaqları (biri iş üzrə cavabdeh olan) ilə birlikdə yaşamışdır. Hazırda həmin evdə Cavabdeh yaşayır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində “Məscid küçəsi” adlanan ünvandakı fərdi yaşayış evinə köçürülməsi, həmin evin 4/6 hissəsinin onun payı hesab edilərək istifadəsinə verilməsi, ev dövlət reyestrində qeydə alındıqdan sonra isə 4/6 hissənin onun adına rəsmiləşdirilməsi, iddianın verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə çəkdiyi 300 manat məbləğində xərcin Cavabdeh oğlundan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X10 ilə 2000-ci ilin avqust ayında ailə qurmuş, nikahları Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2004-cü il tarixdə 922 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir (həmin nikahdan övladları yoxdur). X2 Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində “Məscid küçəsi” adlanan yerdə torpaq sahəsi əldə edərək orada fərdi yaşayış evi inşa etdirmiş və birgə təsərrüfat aparmaqla yaşamışlar. X10 ədliyyə orqanlarında işlədiyindən ev təssərrüfatının yükünü demək olar ki, həmişə özü çəkmiş, göstərilən evin tikintisi zamanı da orada işləyənlərin gündəlik çayını-çörəyini vermiş, yeri gəldikdə su, palçıq və daş da daşımışdır. Bir sözlə, xeyli müddət əziyyət çəkərək həmin evin tikintisini başa çatdırmış və dörd nəfərdən ibarət ailə tərkibi ilə ora köçüb birlikdə yaşamış, yaşadığı dövrdə ailənin gündəlik ev və təsərrüfat qayğılarını çəkmişdir. Belə ki, həyat yoldaşının birinci nikahdan olan 2 (iki) övladının, o cümlədən xx.xx.1991-ci il təvəllüdlü Şəhla adlı qızının və xx.xx.1992-ci il təvəllüdlü Rövşən adlı oğlunun (hazırkı iddia üzrə cavabdehin) da qayğısını çəkmiş, onlara analıq edərək böyütmüş, boya-başa çatdırmışdır. Hal-hazırda isə onlar ailəlidirlər. Belə ki, təxminən 2012-ci ildə şəhla üçün toy edib onu gəlin köçürmüş, rövşəni isə 2015-ci ildə evləndirərək gəlini yuxarıda göstərilən evə gətirmişlər. həyat yoldaşı X10 xx.xx.2019-cu ildə iran islam respublikasında xəstəlikdən vəfat etmiş və cənazəsi oradan gətirilərək yaşadıqları evin yerləşdiyi məkanda, yəni Hövsan südçülük sovxozu ərazisində yerləşən məzarlıqda dəfn edilmişdir. Onun ölümü evdə baş vermədiyindən həkim arayışı ala bilməmiş, bu səbəbdən də onun barəsində ölüm haqqında şəhadətnamə bir müddət verilməmişdir. Odur ki, X10 ölüm faktı onun müraciəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında ölüm haqqında şəhadətnamə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmişdir. Həyat yoldaşının vəfatından bir neçə gün sonra (yəni onun “yeddisi" çıxmamış) ailədə ona qarşı münasibət kəskin surətdə dəyişmiş və min bir əziyyətlə böyütdüyü Cavabdeh (cavabdeh) ona qarşı olmazın hörmətsizliklər edərək onu evdən qovmuşdur. Odur ki, qohumlarına sığınmağa məcbur olmuş və artıq 4 (dörd) ildir ki, qohum evində qalır. Artıq o, belə bir yaşayış tərzindən bezmiş, usanmış və təngə gəlmişdir. Göründüyü kimi, Cavabdeh həyat yoldaşı ilə birgə nikah dövründə tikilməsində və qurulubyaradılmasında min bir zəhməti və əzab-əziyyəti olan yuxarıda göstərilən fərdi yaşayış evindən onu qanunsuz olaraq məhrum etmişdir. Hansı ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yaxın qohumların məsələ ilə bağlı Rövşənlə danışıqları zamanı onu həmin evə buraxmayacağını, haralara şikayət edəcəyinin isə onu qətiyyən maraqlandırmadığını birmənalı olaraq bildirmişdir. Hətta vəkilinin (və nümayəndənin) onunla telefon danışığı zamanı da Rövşən eyni fikirləri söyləmişdir. Ona görə də hesab edir ki, məsələ məhkəmə qaydasında həll edilməli, yəni həmin evə köçürülməli və evin 4/6 hissəsi ona aid edilərək onun istifadəsinə verilməlidir. Sadalanan maddi hüquq normalarının mahiyyəti baxımından hesab edir ki, birgə nikah dövründə inşa edilmiş yuxarıda göstərilən fərdi yaşayış evinin 1/2, yəni hazırkı halda 3/6 hissəsi ona, qalan digər 3/6 hissə isə hər birinə (o və iki övlad) miras payı olaraq 1/3 hissədə aid edilməlidir. Yəni nəticə etibarilə göstərilən fərdi yaşayış evində onun payının ümumi çəkisi 4/6 hissə təşkil edir ki, o həmin evə köçürülməli və göstərilən hissə onun istifadəsinə verilməli, əmlak dövlət reyestrində qeydə alındıqda isə həmin 4/6 hissə onun adına rəsmiləşdirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirmişdir ki, Cavabdeh onun əmisi oğludur. İddiaçı isə əmisinin arvadı olmuşdur. O, 2000-ci ildə əsgərliyə getməmişdən əvvəl mübahisəli ev mövcud olmuşdur. Həmin vaxt əmisi, əmisi oğlu və əmisi qızı həmin evdə yaşamışlar və evin ətrafında tikililər olmamışdır. Həmin vaxtlar evin iki otaqdan ibarət olduğunu xatırlayır. Əmisi iddiaçı ilə evlənərkən əmisi uşaqları təxminən 10-11 yaşlarında olmuşdur. Mübahisəli evin təmirində bir fəhlə kimi o da iştirak etmiş, həmin zaman palçıq daşımağa kömək etmişdir. Ədliyyə polisi olmasına baxmayaraq tikinti işini bacardığı üçün evin bənna işini əmisi özü görmüşdür. Əsgərliyə gedənə kimi o özü də evin tikintisində iştirak etmişdir və o zamanlar Təranə xanım hələ evdə olmamışdır. Əsgərlikdən gəldikdən sonra isə əmisi evlənmək istədiyini bildirmiş, təxminən 1-2 il sonra Təranə xanımla ailə qurmuşdur. Həmin vaxt ev təmirsiz 2 otaq, hamam, sanuzeldən ibarət olmuşdur. Zalın tikilməsinə atası kömək etmiş, onun zaldan xəbəri olmamışdır. Əmisi evi özü tikmiş və orada başqa bir usta görməmişdir. Əsgərlikdən gəldikdən sonra uzun müddət həmin evdə olmadığından Təranə xanımı ilk dəfə orada nə vaxt gördüyünü xatırlamır. Lakin xatırlayır ki, 2007-ci illərdə Təranə xanım həmin evdə ona qonaq kimi qulluq etmişdir. Təranə xanım evin tikintisində deyil, təmirində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, İddiaçı mərhum qardaşının həyat yoldaşı, Cavabdeh isə mərhum qardaşının oğludur. Qardaşı ilə Təranənin neçənci ildə ailə qurduqları yadında deyil. Lakin onlar əvvəllər kirayədə yaşamış, sonradan mübahisəli evin bir otağını tikib orada yaşamağa başlamış, daha sonra evdə yaşaya-yaşaya digər otaqları artırmışlar. İkinci otağın tikintisinə iddiaçının kürəkəni də köməklik etmişdir. Belə ki, qardaşı onunla dost olduğu üçün həmişə birbirlərinə kömək etmişlər. İddiaçı qardaşı rəhmətə getməmişdən 5-6 ay əvvəl evi tərk edib getmiş, onu heç kim qovmamışdır. Lakin qəbul edir ki, qardaşının yasında həmin vaxt yaşı 90-ı keçmiş atası nə dediyini bilməyərək iddiaçının qardaşına “gedin Təranəni təzədən ərə verin” demiş, o da atasının bu sözünü bəyənməyərək oradan kənarlaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirmişdir ki, İddiaçı onun bacısı, Cavabdeh isə bacısının mərhum ərinin birinci evliliyindən olan oğludur. Bacısı Təranə mərhum Fərmayılla 2000-ci ildə ailə qurmuş, 2001-ci ildə onların övladları olmuş, lakin uşaq rəhmətə getmişdir. Buna baxmayaraq bacısı Təranə Fərmayılın uşaqlarına analıq etmiş, onlara öz doğma uşaqları kimi baxmışdır. Onlar öncə Sumqayıt şəhərində, sonra isə başqa bir yerdə kirayədə yaşamışlar. Daha sonra Binə qəsəbəsində bir otaqlı ev inşa edib oraya köçmüşlər. Onun (şahidin) həyat yoldaşı ustadır və Fərmayılla dost olmuşlar. Bir gün Fərmayıl ondan arvadını da götürüb evə gəlməsini istəmiş, evə bir otaq əlavə etmək istədiyini bildirmişdir. Onlar həmin vaxt Gəncədə yaşamışlar və Fərmayıl çağırdığı üçün yoldaşı Vahidlə birlikdə bacısıgilə gəlib 1-2 ay orada qalmışlar. Həmin vaxt əri mübahisəli evdə bir otaq inşa etmiş və evin damını vurmuşdur. Onlar bacısıgildə yaşayarkən Təranə otağın ortasına pərdə çəkmiş və eyni otaqda qalmışlar. Əri otağı inşa edib bitirdikdən sonra isə öz evlərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, İddiaçı onun bacısı, Cavabdeh isə bacısının mərhum ərinin birinci evliliyindən olan oğludur. Bacısı Fərmayılla 2000-ci ildə ailə qurmuşdur. Onlar ailə qurarkən evləri olmamış, kirayədə yaşamışlar. Sonra Binə qəsəbəsində torpaq almışlar. Həmin torpağın pulunun bir hissəsini atası vermişdir. Orada bir otaq tikib oraya köçmüşlər. Daha sonra Gəncədə yaşayan bacısının əri 2005-ci ildə gələrək evin qalan otaqlarını tikmişdir. Bacısı Fərmayılın uşaqlarına analıq etmiş və onlara doğma övladları kimi baxmışdır. Hətta 2000-ci ildə bacısı xəstələndiyi üçün uşaqları qardaşıgilə qoymuşlar və onlar 5-6 ay ərzində uşaqlara baxmışlar. Əri ölən zaman bacısı evdə olmuş, ona zəng edərək bildirmişlər ki, gəlib bacısını aparsın. O zamandan bəri onunla qalır. Sumqayıt şəhərində üç qardaş yaşayırlar. Bacısı hansı qardaşının yanında qalmaq istəyirsə hər dəfə onunla qalır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, İddiaçı onun bibisi, Cavabdeh isə bibisinin ögey oğludur. X22 ailə qurarkən Fərmayılın Rövşən və Şəhla adında iki övladı olmuşdur. O, 20 il ərzində Fərmayılın uşaqlarına öz uşaqları kimi baxmış, onları böyüdüb boya-başa çatdırmışdır. Onlar ilk vaxtlar Fərmayılın uşaqları ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşamışlar. Fərmayıl növbədə olduğu üçün bibisi uşaqlarla tək qalmış və bəzən ondan, eləcə də əmisi oğlu Etibardan və bibisi oğlu Samirdən onlarla birlikdə qalmağı xahiş etmişdir. Sonralar isə Binə qəsəbəsində torpaq sahəsi almış və ev tikməyə başlamışlar. Fərmayıl orada bir otaqlı ev tikdikdən sonra həmin evə köçmüşlər. Hətta digər bibisinin usta olan yoldaşı Vahid də evin tikintisində iştirak etmişdir. Bibisigillə bir ailə kimi olmuş və tez-tez bir-birlərinin evinə gəlibgetmişlər. Bibisi ailə qurduqdan sonra Fərmayıl tez-tez sərxoş halda evə gələrək evdə dava salmışdır. Dava olan kimi Təranə bibisi ya onların, ya da digər qardaşlarının evinə getmişdir. Lakin hər dəfə əri ona geri gətirmişdir. Fərmayılla bibisi arasında mübahisələr çox olmuşdur. Fərmayıl sonradan namaz qılmağa başlamışdır. Təxminən qış aylarında Təranə bibisi yenidən Fərmayılla mübahisə etmiş və əri onu döymüşdür. Bu səbəbdən də bibisi onların evinə gəlmişdir. Bibisi onlarda olan zaman Fərmayıl müalicə üçün İrana getmişdir. Deyilənə görə İrandan gələrkən rəhmətə getmişdir. Əri öldükdən sonra bibisi də yas mərasiminə getmiş və orada qalmışdır. Lakin Fərmayıl kifayət qədər miras qoyduğu üçün bibisi bir neçə gün orada qaldıqdan sonra onu incitməyə başlamışlar. O da yenidən onların evinə qayıdıb gəlmişdir. İddiaçının 4 qardaşı və 1 bacısı var. Bu 4 il ərzində 1 ay onlarda, 1 ay digərlərinin yanında qalmış, sabit yaşayış yeri olmamışdır. Bu müddət ərzində cavabdeh Rövşənlə görüşmüşlər. Rövşən ona barışıq təklif etmişdir. O da Rövşənə demişdir ki, mərhum atası Fərmayıldan başqa yerdə 3 sot torpaq qalmışdır. Həmin torpağın qonşuluğunda əmisi də 3 sot torpaq almışdır və əmisi oğlu həmin torpaqda ev tikir. Lakin onlar ailə arasında razılığa gəlmişlər ki, həmin evi tikib başa çatdıraraq bibisi Təranəyə versinlər. Həmin vaxt Rövşən demişdir ki, onun “Nasosnı”da 5 otaqlı evi var və həmin evi 85000 manata satıb Təranə xanıma ev alacaq. Əlavə etmişdir ki, atası ona tapşırmışdır ki, arvadını evsiz qoymasın. Lakin cavabdeh dediklərinə əməl etməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2160/2023 saylı, 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində “Məscid küçəsi” adlanan ünvandakı fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun və 300 (üç yüz) manat məbləğində vəkil xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı və mərhum əri Fərmayıl İsmayılov 2004-cü ildə rəsmi nikaha daxil olduğundan bu ev iddiaçının iddia etdiyi kimi 2002-2003-cü illərdə tikilmiş olsa belə onların birgə nikahı dövründə tikilmiş əmlak hesab edilə bilməzdi. Bu evə məhz tərəflərin rəsmi nikaha daxil olduğu 2004-cü ildən sonra evin dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulmasına dair (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və s.) məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən iddiaçı özbaşına tikili olan evə çəkilmiş xərcin birgə nikah dövründə əldə edilmiş ümumi vəsait olduğunu iddia edərək bu evə köçürülməyi tələb edə bilməz. Lakin nəzərə alınmalıdır ki, evin iddiaçının mərhum əri ilə nikahı dövründə tikilib-tikilməməsi ilə bağlı tərəflərin izahatları üst-üstə düşməsə də, hər iki tərəf qəbul edir ki, İddiaçı mərhum Fərmayıl İsmayılovla rəsmi nikaha daxil olduğu 2004-cü ildən ərinin 2019-cu ildə ölümündən bir neçə ay əvvələ qədər həmin evdə əri və onun uşaqları ilə birlikdə yaşamışdır. Bununla belə Cavabdeh iddia edir ki, atasının 2019-cu ilin aprel ayında ölümündən bir neçə ay əvvəl – 2018-ci ilin dekabr ayında İddiaçı əri ilə mübahisə edərək evi könüllü surətdə tərk etmiş, ərinin ölümünə qədər geri qayıtmamışdır. İddiaçı isə iddia edir ki, o, ərinin ölümündən bir neçə ay əvvəl əri ilə mübahisə edərək evi tərk etsə də, ərinin yas mərasimi üçün evə qayıtmış, lakin cavabdeh və ailə üzvləri onu evdə qalmağa qoymamışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə birinci və ikinci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Hazırkı işdə İddiaçı münasibətdə birinci halın mövcudluğu mübahisəsizdir. Belə ki, o, hazırda köçürülmək istədiyi evdə uzun illər yaşamışdır. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçı uzun illər yaşadığı evdən məhrum olmuşdur. Belə ki, tərəflərin izahatları əsasında müəyyən edilir ki, İddiaçı əri Fərmayıl İsmayılovun ölümündən bir neçə ay əvvəl onunla mübahisə edib evdən getmiş, yalnız ərinin ölümündən sonra onun yas mərasimi üçün evə qayıdaraq orada qalmaq istəmişdir. Məhz bu səbəbdən cavabdeh hesab edir ki, iddiaçı evi könüllü tərk etmiş hesab edilməlidir. Məhkəmə isə bununla razılaşmamışdır. Belə ki, nikah dövründə ər-arvad arasında mübahisə olması, bu mübahisəyə görə arvadın əri ilə birlikdə yaşadığı evdən çıxıb getməsi və onların bir neçə ay ayrı yaşamaları hələ o demək deyil ki, tərəflər aralarında olan ailə münasibətlərinə birdəfəlik son vermək qərarına gəlmiş və arvad evi həmişəlik tərk etmişdir. Üstəlik, məhkəmə iclasında izahatları dinlənilən iddiaçı və şahidlər də iddiaçı və mərhum ərinin aralarında tez-tez belə mübahisələr olduğunu, iddiaçının evi tərk etdiyini, lakin hər dəfəsində ərinin onu gətirməsi ilə evə geri qayıtdığını bildirmişlər. Hazırkı iş üzrə cavabdeh də mərhum atasının sağlığında iddiaçı ilə olan nikahının pozulması üçün tədbir gördüyünü iddia etməmiş, bununla bağlı ilkin sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, İddiaçı daimi yaşayışını təmin edəcək özünə məxsus evi yoxdur. Tərəflərin izahatlarından belə görünür ki, mərhum ərindən ona Sumqayıt şəhərində 0.03 ha torpaq sahəsi miras qalsa da, bu torpaq sahəsi üzərində yaşayış üçün yararlı ev tikilməmişdir. Həmçinin iş üzrə Cavabdeh həmin torpaq sahəsinin vərəsə kimi yalnız iddiaçıya verilməsini məhkəmə qaydasında mübahisələndirmişdir (Müvafiq mülki iş hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır). Belə olan halda iddiaçı başqa daimi yaşayış yeri olduğuna, bununla da əri ilə illərdir yaşadığı evə artıq ehtiyacı qalmadığına görə evi tərk edə bilməzdi. Həmçinin onun hazırda da daimi yaşayış yerinə ehtiyacı aradan qalxmamışdır. Bundan başqa, iddiaçı iddia etmişdir ki, ərinin yası üçün evə gedib orada qalmaq istəsə də cavabdeh və qohumları ondan evi tərk etmələrini istəmiş, hətta cavabdehin babası (iddiaçının qayınatası) onun qardaşına “Oğlum öldü, uşağı da yoxdur. Aparın qızınızı başqasına ərə verin” demiş, bundan sonra iddiaçı qardaşları ilə birlikdə evi tərk etmişdir. İddiaçının bu hadisələrin şahidi kimi göstərdiyi və bu iş üzrə şahid (cavabdeh tərəfdən) kimi dindirilmiş mərhumun qardaşı Duman İsmayılov da atasının həmin vaxt iddiaçının qardaşına belə sözlər dediyini qəbul etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı uzun illər yaşadığı mübahisəli evdən məhrum edilmişdir. Belə ki, yaşayış yerindən məhrum edilmə dedikdə təkcə fiziki güc tətbiq edilərək, zorla evdən çıxarılma, əşyaların bayıra atılması və s. kimi hallar başa düşülmür. Evdən çıxmağın tələb edilməsi, evdə yaşamaq üçün şərait yaradılmaması, yaxud evdə yaşamaq istəyən şəxsin evdən “könüllü” çıxıb getməsi üçün ona psixoloji təsir göstərilməsi, təhqir edilməsi də evdən məhrum edilmə kimi başa düşülməlidir. Belə görünür, hazırkı işdə də bu baş vermiş, iddiaçı evdən fiziki güc tətbiq edilərək çıxarılmasa da, ona əri ilə birgə nikahından uşağı doğulmadığı, dolayısı ilə ərinin ölümündən sonra mübahisəli evdə yaşamalı olmadığı deyilərək yaşayış yerindən məhrum edilmişdir. İddiaçının yaşayış yerindən məhrum edilməsinin qanuni olubolmamasına münasibətdə məhkəmə qeyd etmişdir ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırkı işdən isə görünür ki, iddiaçının köçürülmək istədiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququ rəsmiləşdirilmədiyindən həmin ev özbaşına tikilidir. Ev özbaşına tikili olduğundan Cavabdeh həmin evin mülkiyyətçisi deyil. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Odur ki, pozuntunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (evdə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Məhkəmə iddianı evə köçürülmə hissəsində əsaslı saysa da, qalan hissədə iddia tələbi ilə razılaşmamışdır. Belə ki, özbaşına tikili üzərində mülkiyyət hüququ yaranmadığından bu tikili üzərində iddiaçının paylı mülkiyyət hüququ müəyyən edilə, həmin pay onun istifadəsinə verilə bilməz. Həmçinin ev gələcəkdə dövlət qeydiyyatına alınarsa, həmin əmlakdan 4/6 hissədə payın müəyyən edilməsi də yol verilməzdir. Çünki məhkəmə gələcəkdə əldə edilməsi ehtimal olunan mülkiyyət hüququ üzərində pay müəyyən edə bilməz. Eyni zamanda iş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur. Bundan başqa, iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən “vəkil xidməti” təyinatı ilə 4 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan vəkil orderindən görünür ki, order 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iş üzrə İddiaçı hüquqi yardım göstərməsi məqsədilə verilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının 4 saylı Vəkil Bürosunun hesabına ödədiyi 300 manat məbləğində pul bu iş üzrə hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən xərc olmuşdur. Məhkəmə hesab etmişdir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 300 manat məbləğində vəkil xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddianın təmin edilmiş hissəsinə mütənasibdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci, 180.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115.0.6, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin - iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, həmin evin tikintisi üçün torpaq sahəsi Binə qəsəbəsi, Hövsan südçülük sovxozu tərəfindən qanuni əsaslarla verilsə də, orada inşa edilmiş evi özbaşına tikinti hesab etmişdir. Habelə, məhkəmə araşdırması zamanı iddiaçı, əri və ərinin 1-ci nikahdan olan 2 (iki) uşağı ilə birlikdə Sumqayıt şəhərində kirayələrdə yaşadıqları, həmin dövrdə evin 1 (bir) otağının, sonra isə digər otaqlarının iddiaçının Gəncədə yaşayan bacısının həyat yoldaşı mərhum Vahid tərəfindən inşa edildiyi müəyyən edilsə də, məhkəmə həmin evi birgə nikah dövründə tikilmiş əmlak hesab etməmişdir. Bu səbəbdən iddiaçının həmin evdə payı müəyyən edilməmiş və məhkəmə iddiaçını yalnız həmin evə köçürməklə kifayətlənmişdir. Məhkəmə habelə hesab etmişdir ki, evin gələcəkdə dövlət qeydiyyatına alınacağı təqdirdə belə, iddiaçının həmin əmlakda payının müəyyən edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutları, xüsusən də iddiaçı tərəfindən təqdim edilən şahidlərin ifadələrini nəzərə almamış, onları təhrif etmiş, habelə həmin ifadələrdə mühüm əhəmiyyət kəsb edən xüsusatları qətnaməyə köçürməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi mübahisəli evin yerləşdiyi torpaq sahəsinin hansı əsaslarla əldə edildiyinin, eləcə də fərdi yaşayış evinin tikilməsi üçün müvafiq icazənin olub-olmamasının müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparmamış, bu məqsədlə iddiaçının vəkili tərəfindən yerli icra və idarəetmə orqanlarının mübahisəyə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin - iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə - iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsi:
31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının köçürülməyi və payının tanınmasını tələb etdiyi ev hüquqi rejiminə görə özbaşına tikili olmaqla daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı iddia edir ki, bu evin yerləşdiyi torpaq sahəsi mərhum əri Fərmayıl İsmayılovla faktiki nikah münasibətində olduğu 2002-ci ildə alınmış, evin tikintisinə başlanılmış, bir otaq tikildikdən sonra– 2002-ci ilin noyabr ayında evə köçmüşlər. Qanunvericiliyə əsasən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun yaranması isə həmin hüququn dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Hazırki işin hallarına əsasən isə iddiaçının mübahisələndirdiyi - Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində “Məscid küçəsi” adlanan ünvandakı fərdi yaşayış evi üzrə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı isə adıçəkilən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması barədə mötəbər sübutlar təqdim etməmiş, iş materialları isə həmin hal müəyyən edilməmişdir. İddiaçı apellyasiya instansiyası məhkəməsinə yalnız elektron kabinet vasitəsi ilə Bakı şəhər Xəzər Rayon Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 63 saylı məktubunu təqdim etmişdir. Həmin məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv zavodunun yataqxanasında qeydiyyatda olan X7 Binə bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilməmişdir. Vətəndaş X1 sovxozu tərəfindən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinə görə 2012-ci ildən Binə bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmə kollegiyası təqdim olunun arayışa qiymət verərək bu sənədin iddianın və apellyasiya şikayətinin dəlillərinin əsaslı olması kimi qiymətləndirmir. Belə ki, bu arayış daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq etmir. Payların bölgüsü üçün mülkiyyət hüququ yaranmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi özbaşına tikili üzərində mülkiyyət hüququ yaranmadığından bu tikili üzərində iddiaçının paylı mülkiyyət hüququ müəyyən edilə, həmin pay onun istifadəsinə verilə bilməməsinə dair düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində həmin evin tikintisi üçün torpaq sahəsinin Binə qəsəbəsi, Hövsan südçülük sovxozu tərəfindən qanuni əsaslarla verilməsini bildirsə də məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir, həmçinin mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Kollegiya həmçinin sözügedən evin gələcəkdə dövlət qeydiyyatına alınarsa, həmin əmlakdan 4/6 hissədə payın müəyyən edilməsinin də yol verilməz olmasına dair qənaəti ilə də razılahır və qeyd edir ki, məhkəmə gələcəkdə əldə edilməsi ehtimal olunan mülkiyyət hüququ üzərində pay müəyyən edə bilməz. Kollegiya daha sonra birinci instansiya məhkəməsinin İddiaçı və mərhum əri Fərmayıl İsmayılov 2004-cü ildə rəsmi nikaha daxil olduğundan bu evin iddiaçının iddia etdiyi kimi 2002-2003-cü illərdə tikilmiş olsa belə onların birgə nikahı dövründə tikilmiş əmlak kimi hesab edilə bilməməsinə dair mövqeyini də əsaslı sayır. Belə ki, sözügedən evə məhz tərəflərin rəsmi nikaha daxil olduğu 2004-cü ildən sonra evin dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulmasına dair (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və s.) məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı özbaşına tikili olan evə çəkilmiş xərcin birgə nikah dövründə əldə edilmiş ümumi vəsait olduğunu iddia edərək bu əsasla evə köçürülməyi kimi tələbi əsaslı sayıla bilməz. Bununla bağlı kollegiya qeyd edir ki, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar). Göründüyü kimi, nikah müddətində yalnız ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1). Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin müzakirə edilən hissədə qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin müzakirə edilən hissədə qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikası Ailə Məcəlləsinin, eləcə də Mülki Məcəllənin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri eləcə də tərəflərin birgə nikahları dövründə tərəflərin ümumi gəlirləri əsasında əldə edilmiş əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırkı iş üzrə isə, iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia etdiyi evin bu cür statusa malik olduğu müəyyən olunmamışdır. Belə ki, mübahisəli evin iddiaçı ilə mərhum X6 birgə nikah dövründə əldə edilməsi, eləcə də həmin fərdi yaşayış evinin məhz tərəflərin ümumi gəlirləri hesabına alınması müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmiş,göstərilən nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2160/2023 saylı, 10 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə