Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6948/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(006)-4419/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.
2. RPA********** nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən sığortalı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 25000 manat məbləğində sığorta edilmiş, sığorta haqqı 50 manat, azadolma məbləği 250 manat, sığorta müqaviləsinin müddəti xx.xx.2024xx.xx.2025-ci il qeyd edilmişdir.
3. Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS-nin mühəndisi R.Sarıyev, texnik N.Sarıyev və çilingər Ə.Hüseynova tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə A.Abbaszadə küçəsində yerləşən 21 saylı binanın 36 saylı mənzilin kanalizasiya xəttində baş vermiş qəza nəticəsində (mənzilin sahibi X8) A.Abbaszadə küçəsi, ev 21, 28 nömrəli mənzilə su axmışdır (mənzilin sahibi İddiaçı). İddiaçı müraciətinə əsasən mənzilə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, həmin mənzilin qonaq otağın bir yataq otağı və dəhliz hissəsinə su axmışdır və baş vermiş qəza nəticəsində tavanlarına və divarlarına ziyan dəymişdir. 2020-ci ildən bu günə kimi həmin mənzildən mütəmdi olaraq evin içinə su sızmaları baş verilməsi qeyd edilmişdir.
4. Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS-nin rəisi Aruz Həsənovun 18 sentyabr 2025-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq verdiyi məktubda bildirmişdir ki, 23 aprel 2025-ci il tarixdə "xxxx"ya ünvanlanan məktubda texniki yalnışlıq olub, subasma hadisəsi 8 dekabr 2024-cü ildə baş vermişdir.
5. “X1” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ETM-014/TQ/25 nömrəli mütəxəssis rəyinə surətindən görünür ki, kı Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 21 saylı evin 28 saylı mənzilinə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3558 manat məbləğində müəyyən olunması qeyd olunmuşdur.
6. "xxxx" ASC tərəfindən 1 nömrəli MİS-in rəhbərliyən ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 21 saylı evin 28 saylı əmlakına iddiaçının bildirdiyinə görü xx.xx.2024-cü il tarixində qonşudan su sızması nəticəsində zərər dəymişdir. Lakin əməkdaşların baxışı nəticəsində həmin əmlaka köhnə zərərlər də aşkarlanmışdır. Hadisənin dəqiq baş vermə tarixi və həmçinin qeyd olunan tarixdən öncə baş vermiş hadisələr barədə məlumatın alınması qeyd olunmuşdur.
7. Məhkəmə tərəfindən Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS-nə ünvanlamış sorğunun cavabından görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-yə ünvanlamış məktubda texniki səhv olunub və su sızması xx.xx.2024-cü il tarixdə baş verib. Həmçinin Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 21-də 2-ci blokda evlərin su sızması 2020-ci ildən 2025-ci ilin aprel ayına kimi baş verməsi qeyd olunmuşdur.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-217/2025 nömrəli qətnaməsi ilə iddiaçıya vurulmuş maddi ziyana görə 2385 manat və mütəxəssis rəyinin tərtib edilməsi üçün ödənilmiş 350 manat cəmi 2735 manat X2 tutulması qət edilmişdir.
9. 23 yanvar 2025-ci tarixli ərizənin surətindən görünür ki, iddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı qeyd olunan tarixdə "xxxx"ASC-ə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təsviri hissəsində göstərilən fərdi yaşayış evinə dəymiş maddi ziyanın dəyəri 3558 manatın, mənəvi ziyana görə 1000 manat və 30,60 manat ödənilən dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən və "xxxx" ASC ilə PİCRPA**********/24 saylı icbari sığorta müqaviləsi əsasında sığortalanmış yaşayış sahəsinin faktiki istifadəçisidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli) əsasən Bakı şəhəri Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi, ev 21, mənzil 28 onun xüsusi mülkiyyətindədir. 2024-cü il dekabr ayında qonşu mənzildən (mənzil 36) su sızması nəticəsində mənzilinə maddi zərər dəymişdir. Su sızmasının baş verməsi ilə bağlı hal tərəfindən təxminən 2024-cü ilin dekabr ayında müşahidə edilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 1 saylı Mənzil-İstismar Sahəsinin aktı ilə rəsmiləşdirilmişdir. Tavan və divar örtüklərində dərin qüsurlar yaranmış, mənzilin yaşayış şəraiti pozulmuşdur. Dəymiş zərər məbləği üzrə tərtib olunmuş mütəxəssis rəyinə əsasən, mənzilə dəyən ümumi ziyan 3.558 (üç min beş yüz əlli səkkiz) manat olaraq qiymətləndirilmişdir. Sığorta müqaviləsi mövcud olsa da, "xxxx" ASC hadisəni qəbul etmiş, lakin dəymiş zərərin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Şirkət xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025 tarixli cavab məktublarında qeyri-müəyyən və əsassız səbəblərlə məsuliyyətdən yayınıb. Halbuki təqdim olunmuş akt və mütəxəssis rəyi ziyanın baş verməsini və miqyasını tam əsaslandırır. "xxxx" ASC hadisədən sonra zərərin əvəzinin ödənilməsini əsassız şəkildə ləngitmiş, iddiaçının təqdim etdiyi sənədlərə tam cavab verməkdən yayınıb. xx.xx.2025-ci il tarixli rəsmi aktda sızma hadisəsinin başvermə tarixi və mənzilə vurulmuş konkret ziyan açıq şəkildə göstərilmişdir. Sığorta ödənişindən yayınmaq məqsədilə "xxxx" ASC ona bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən bəri guya hadisənin başvermə şəraitinin dəqiqləşdirilməsi üçün Bakı şəhəri, Səbail rayonu üzrə 1 saylı Mənzil İstismar Sahəsinin rəhbərliyinə rəsmi sorğu göndərilmişdir. Lakin sonradan onun tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, belə bir sorğu ümumiyyətlə göndərilməmiş, bu məlumat heç bir sənədlə təsdiq olunmamışdır. Bu isə sığortaçının yalan bəhanələrlə öhdəliklərini yerinə yetirməmək və işi süni surətdə ləngitmək niyyətindən xəbər verir. Bundan əlavə, hadisə ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı müraciət əsasında Bank tərəfindən "xxxx" ASC-yə sorğu göndərilmiş və sığortaçı tərəfindən xx.xx.2025-ci il tarixli cavab təqdim edilmişdir. Həmin məktubda bildirilib ki, guya xx.xx.2025-ci il tarixində hadisənin təfərrüatlarını araşdırmaq məqsədilə 1 saylı Səbail Rayon Mənzil İstismar Sahəsinə rəsmi sorğu ünvanlanmışdır. Daha sonra Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, bu məsələ ilə bağlı "xxxx" ASC tərəfindən yalnız xx.xx.2025-ci ildə təkrar sorğu göndərilmişdir. Bu hal sığortaçının məsuliyyətdən yayınmaq məqsədilə hadisəni əsassız şəkildə ləngitdiyini və öz öhdəliklərini yerinə yetirmədiyini bir daha sübut edir. Bu cür qanunsuz ləngitmələr, onun zərərçəkmiş şəxs olaraq hüquqlarımın pozulması, emosional gərginlik, uzun müddət nəticəsiz gözləmə və ümumi mənəvi sarsıntı ilə nəticələnmişdir. Həmçinin, mülki hüquq münasibətlərində dürüstlük və vicdanlılıq prinsiplərinin bu şəkildə pozulması onda güvən itkisi və əsəb pozuntusuna səbəb olmuşdur. Bu baxımdan, ona 1000 (bir min) manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir.
12. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, cavabdehdən vurulmuş maddi ziyana dyəri 1173 manat, mənəvi ziyana görə 1500 manat və ödənilən dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi iddiaya mülahizə təqdim edərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixində İddiaçı Cəmiyyətimizə müraciət edərək mənzilinə zərər dəydiyini bildirmişdir. Müraciət dərhal qeydiyyata alınmış və sığorta araşdırmasına başlanılmışdır. Sığorta araşdırması çərçivəsində İddiaçı hadisənin təfərrüatları barədə yazılı izahat alınmışdır. Məlum olmuşdur ki, İddiaçı ünvan 4 ünvanından öz mənzilinə su sızması nəticəsində maddi zərər dəydiyini iddia edir. 2024-cü ilin oktyabr ayından mənzilində olmamış, xx.xx.2025-ci il mənzilinə gəldikdə subasmanın nəticələrini müşahidə etmişdir. Etiraf edir ki, "xxxx" ASC-yə gec müraciət etmişdir .İddiaçı isə sığortaçı qarşısında bu vəzifəsinə laqeyd yanaşmış, hadisədən xəbər tutduqdan yalnız 20 gün sonra "xxxx" ASCyə müraciət etmişdir. İddiaçı qanunvericiliklə xəbər vermə vəzifəsini kobud surətdə pozmasına baxmayaraq, "xxxx" ASC onun müraciətinə diqqətlə yanaşmış, zəruri" sığorta araşdırması aparmışdır. Belə ki, 27 yanvar 2025 tarixli 1336/C-********** nömrəli, 27 fevral 2025 tarixli 2590/C-********** nömrəli, 18 aprel 2025 tarixli 4130/C-********** nömrəli sorğular ilə aidiyyəti üzrə səlahiyyətli quruma ünvan 5 ünvanlanmışdır. Bu sorğu məktublarından yalnız sonuncu üzrə geridönüş olunmuş, müvafiq məktub və akt. təqdim olunmuşdur.
14. Məktubun və aktın məzmunu ilə tanış olduqda ziddiyyətlər aşkar edildiyinə görə (məktuba əsasən su sızma xx.xx.2024-cü il tarixində, akta əsasən isə xx.xx.2024-cü il tarixində baş vermişdir) aydınlaşdırmaq məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, 1 saylı Mənzil İstismar Sahəsinə təkrar sorğu (25 iyun 2025 tarixli 7809/C-********** nömrəli) göndərmək kimi obyektiv məcburiyyət yarandı. İddiaçı "xxxx" ASC-nin araşdırmasından narazı qalaraq sığortaçıların fəaliyyətinə nəzarət edən səlahiyyətli dövlət qurumuna Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət ünvanlamışdır. Mərkəzi Bank tərəfindən onun şikayəti üzrə müvafiq araşdırma aparılınış və xx.xx.2025-ci il tarixli 6-1- 26/2-H-3226/2-2110235/2025 nömrəli məktubla araşdırmanın yekununa dair ona rəsmi cavab verilmişdir. Cavabın məzmunundan da göründüyü kimi "xxxx" ASC-nin atdığı (bütün addımlar qanunvericiliyin tələbləri çərçivəsində olmuş və "xxxx" ASC təkrar sorğu göndərməkdə haqlı olmuşdur. Məlumunuzdur ki, İddiaçı xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, maddi ziyanın əvəzi olaraq 3558 manatın, mənəvi ziyanın əvəzi olaraq 1000 manatın "xxxx" ASC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli hazırlıq iclasında məlum olmuşdur ki, İddiaçı bir qədər öncə mənzilinə dəymiş sözügedən zərər ilə bağlı qonşusu X6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli hazırlıq iclasında Səbail rayon Məhkəməsinin 2(009)-217/2025 nömrəli iş üzrə xx.xx.2025ci il tarixli qətnaməsini əldə etdik. Qətnamə ilə tanış olduqdan sonra bizə tam aydın oldu ki, İddiaçı hüquqdan sui-istifadə edərək "xxxx" ASC-yə qarşı iddia etdiyi 3558 manat zərər ilə bağlı əvvəlcə X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xeyrinə qətnamənin çıxarılmasına nail olmuş, bunun davamı olaraq isə eyni hadisə və eyni zərər ilə bağlı "xxxx" ASC-yə qarşı da iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
15. Daha sonra cavabdehin nümayəndəsi yeni mülahizə təqdim etməklə qeyd etmişdir ki, X6 məxsus mənzildən İddiaçı məxsus mənzilə subasması nəticəsində sonuncunun mənzilinə dəymiş zərərlə bağlı hadisə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-217/2025 nömrəli mülki işi üzrə araşdırılmışdır. Həmin iş üzrə İddiaçı tərəfindən X5 2385 manat pul tələb edilmiş və həmin tələb məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tam təmin edilmişdir. Həmin qətnamə ilə hadisənin 8 noyabr 2024-cü ildə baş verdiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Hazırda iddiaçı həmin tarixdən sonra – dekabr ayında və sonrakı tarixlərdə yenidən subasma hadisələrinin olduğunu iddia edir. Halbuki həmin qətnamədən görünür ki, xx.xx.2025-ci il tarixdə “X1” MMC tərəfindən mənzilə dəyən zərərin məbləği ilə bağlı ekspert rəyi verilmiş və 27 may 2025-ci ildə məhkəmənin baxış iclası keçirilməklə qətnamə qəbul edilmişdir. Bu da onu göstərir ki, həmin məhkəmə işi üzrə məhkəmə araşdırması iddiaçının subasma hadisələrinin baş verdiyini iddia etdiyi bütün tarixləri əhatə etmişdir. Lakin məhkəmə araşdırması nəticəsində 8 noyabr 2024-cü ildən başqa tarixlərdə də subasma hadisəsinin baş verdiyi müəyyən edilməmişdir. Nəzərə almalıyıq ki, Mülki Prosessual Məcəllənin 82.3cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin maddənin tələbinə əsasən həmin qətnamə İddiaçı münasibətdə hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. İddiaçı hadisənin 8 noyabr 2024-cü ildə deyil, 8 dekabr 2024-cü ildə baş verməsi, o cümlədən subasma hadisələrinin 2025-ci ilin aprel ayına qədər davam etməsi barədə 1 nömrəli Mənzil İstismar Sahəsinin arayışını məhkəməyə təqdim etmişdir. Halbuki, preyudisial məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt Mənzil İstismar Sahəsinin mötəbərliyi şübhə altında olan arayışı ilə mübahisələndirilə bilməz. Göstərilənlərə əsaslanaraq qeyd edir ki, iddiaçının sığorta ödənişi tələb etdiyi hadisənin 8 noyabr 2024cü ildə baş verdiyi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən və həmin tarix xx.xx.2024-cü ildən qüvvədə olmuş sığorta şəhadətnaməsinin təminat müddətinə düşmədiyindən həmin hadisə sığorta hadisəsi hesab edilə bilməz. Şirkətin həmin hadisə üçün sığorta ödənişi etmək öhdəliyi yaranmır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiasının əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(006)- 4419/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
17. Qətnamənin əsaslarına görə, sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsinin baş verməsi, tarixi və nəticələri dəqiq, mötəbər və səbəb-nəticə əlaqəsini istisna etməyən sübutlarla təsdiqlənməlidir. Hüquqi doktrina bu tələbi “riskin reallığının sübut yükü” prinsipi kimi qəbul edir. İddiaçı öz izahatlarında 8 dekabr 2024-cü ildə növbəti dəfə subasma hadisəsinin baş verdiyini iddia etsə də, iş materiallarında həmin tarixə aid hər hansı mötəbər sübut yoxdur. MİS-in tərtib etdiyi akt, xx.xx.2025-ci ilə aiddir ki, bu sənəd hadisədən xeyli sonra tərtib olunduğundan və aktın mahiyyəti – yəni hadisənin baş verdiyi gün və ya ona yaxın tarixdə faktın təsdiqlənməsi tələbinə cavab vermədiyindən məhkəmə həmin sənədi sığorta hadisəsinin real vaxtda təsdiqi kimi qəbul etmir. Bundan başqa, sənədlərdə hadisənin tarixi ilə bağlı ziddiyyətlər mövcuddur: sığortaya ünvanlanan ilkin müraciətdə 8 noyabr 2024 göstərildiyi halda, daha sonra məhkəməyə təqdim edilən məktubda hadisənin 8 dekabr 2024-də baş verdiyi iddia edilir ki, bu ziddiyyət sənədin etibarlılığını şübhə altına alır. İddiaçı iddia etdiyi dekabr ayındakı subasma barədə sığortaçıya yalnız 23 yanvar 2025-ci ildə müraciət etmişdir. Halbuki sığorta qanunvericiliyinə görə, zərər baş verdiyi andan etibarən sığortaçı dərhal, yaxud qısa müddət ərzində məlumatlandırılmalıdır. Məlumat vermə öhdəliyinin gecikmə ilə yerinə yetirilməsi sığortaçının hadisəni real dövrdə araşdırmaq imkanını məhdudlaşdırır və riskin reallığının müəyyən edilməsinə mane olur. Bu hal sığorta münasibətlərində sığortalının üzərinə düşən vəzifəni yerinə yetirməməsi kimi qiymətləndirilir və ödəniş hüququnu istisna edir. Beləki, tərəf özü subasmanın olduğunu 2024-cü ilin dekabr ayında müşahidə etdiyini iddia ərizəsində qeyd etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı artıq yuxarı qonşusuna qarşı, yəni zərərvurana qarşı məhkəmə qaydasında iddia qaldırmış, həmin iddia üzrə ekspertizanın müəyyən etdiyi 3558 manat ziyanın 2385 manatını tələb etmiş və məhkəmə bu tələbi təmin etmişdir. Qətnamə 27 may 2025-ci ildə qəbul edilmiş və qanuni qüvvəyə minmişdir. Həmin iş üzrə məhkəmə ziyanın 8 noyabr 2024-cü il tarixli hadisə nəticəsində yarandığını müəyyən etmişdir. Ekspert rəyi isə aprel ayında tərtib olunmuş və noyabr–aprel dövründə meydana çıxmış ziyanın ümumi məbləğini göstərmişdir. İddiaçı ziyanın hansı hissəsinin sığorta müqaviləsindən əvvəlki dövrə, hansı hissəsinin isə sığorta müqaviləsi bağlandıqdan sonrakı dövrə aid olduğunu məhkəmədə sübut edə bilməmişdir. Sübutetmə yükünün iddiaçıda olması (“onus probandi actori incumbit”) hüququn ümumi prinsipidir və bu sübutun olmaması iddianın rəddini şərtləndirir. Beləki, məhkəmə iclasında iddiaçı özü bildirmişdir ki, subasma halı evin tavanında eyni yerdən baş vermişdir, 8 noyabr 2024-cü ildə baş verən hadisədən sonra təmir etdirməmiş və yenidən 8 dekabr 2024-cü ildə subasma baş vermişdir. Belə olan halda, hazırkı mülki araşdırma çərçivəsində ziyanın hansı hissəsinin 19 noyabr 2024-cü ildən 19 noyabr 2025-ci il tarixləri arasında baş verdiyini, yəni sığorta təminatının olduğu dövrə aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Əlavə olaraq, artıq zərərvurana qarşı açılmış işdə eyni fakt – yəni noyabr hadisəsi – üzrə hüquqi nəticə müəyyən olunmuşdur. Bu isə hüququn “res judicata” prinsipi baxımından eyni əsas üzrə təkrar tələb irəli sürülməsini istisna edir. İddiaçının əvvəlki işdə yalnız 2385 manat tələb etməsi, ziyanın tam məbləğini tələb etməməsi, yaxud iddia tələblərini dəqiqləşdirməməsi onun öz prosessual davranışı ilə bağlı nəticədir və bu, sonradan sığortaçıdan fərqli əsasla əlavə məbləğ tələb etmək hüququ yaratmır. Ziyanın iki mənbədən – həm zərərvurandan, həm sığortaçıdan – təkrar ödənilməsi isə sığorta hüququnun mahiyyətinə ziddir. İddiaçı məhkəmə iclasında bildirir ki, o, əslində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında zərərvurana qarşı iddia qaldırarkən, ziyanın məbləğini ekspert rəyindən sonra tam istəmiş, yəni iddia tələbini artırmış, lakin məhkəmə bunu şifahi etdiyi üçün nəzərə almamışdır. Buna münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı belə olan halda qətnaməni mübahisələndirə bilərdi. Hazırda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən halların yenidən araşdırılması yolverilməzdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 935.1.7-ci maddəsinə əsasən, sığortaçı zərərvuran tərəfindən ziyanın məbləğinin bir hissəsi ödənildikdə, ödənilmiş hissə qədər sığorta ödənişindən imtina edir. Lakin həmin norma yalnız konkret, mötəbər sübutlarla təsdiq edilmiş sığorta hadisəsi və həmin hadisə nəticəsində dəymiş zərərin məbləği dəqiq müəyyən edildiyi hallara şamil olunur. Hazırkı işdə isə nə 8 dekabr 2024-cü ildə subasmanın baş verməsi sübuta yetirilmiş, nə də ziyanın hansı hissəsinin məhz bu tarixdə baş verdiyi müəyyən edilə bilmişdir. Ekspert rəyi aprel ayında tərtib olunmuş və ziyanı ümumi şəkildə göstərmiş, yəni onu sığorta müqaviləsindən əvvəl və sonra baş vermiş hissələrə ayırmamışdır. Bu səbəbdən 935.1.7-ci maddədə nəzərdə tutulmuş dispozisiya tələbləri – yəni konkret müəyyən edilmiş sığorta hadisəsi və həmin hadisə üzrə dəqiq hesablanmış zərər məbləği – mövcud olmadığından, həmin maddənin ikinci hissəsinin tətbiqi hazırkı mübahisəyə uyğun deyil və iddianın təmininə hüquqi əsas yaratmır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında ziyanın iddiaçı tərəfindən göstərilən tarixdə sığorta hadisəsi kimi baş verməsi sübuta yetirilmir, ziyanın hansı hissəsinin sığorta müddəti daxilində yarandığını müəyyən etmək mümkün deyil, iddiaçı məlumat vermə öhdəliyini pozmuşdur, həmçinin həmin ziyan üzrə artıq məhkəmə qaydasında zərərvurandan kompensasiya almışdır. Bu hallar məcmu şəkildə iddianın təmin edilməsini istisna edir, Mülki Məcəllənin 935.1.1. və 935.1.7-ci maddələrinin məzmununu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassızdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 911.2, 922.1, 923.1, 923.2, 925.1, 935.1, 935.2-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlillərinə əsasən, sığorta hadisəsinin real baş verməsi, tarixi və nəticələri barədə sübutetmə yükü yalnız sığortalının üzərinə qoyula bilməz və qanunvericilik riskin reallığının sığortaçı tərəfindən də araşdırılmasını tələb edir. MİS tərəfindən bu işlə bağlı bir neçə dəfə arayış tərtib edilmiş, onlardan birində düzəliş aparılmışdır. Sığortaçının əməkdaşları həm yuxarı mənzilə, həm də iddiaçının mənzilinə baxış keçirmiş, lakin faktiki olaraq araşdırma aparmamışlar. Sığortaçıya müraciət etdikdən təxminən bir ay sonra onların nümayəndələri mənzilə baxış üçün gəlmişdir. Məhz onların tələbi əsasında arayış MİS tərəfindən tərtib edilmişdir. Bununla belə, sığortaçı uzun müddət boyunca guya araşdırma apardığını bildirsə də, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, əslində heç bir araşdırma aparılmamışdır. Hadisənin baş vermə tarixi və subasma hallarının davamlı xarakter daşıdığı iş materiallarında, o cümlədən video və yazılı sübutlarda əks olunmuş, eləcə də digər qonşuların zərər çəkməsi faktı ilə təsdiq edilmişdir. Əgər hadisəyə dair sənədlər arasında məlum uyğunsuzluqlar olmuşdursa, həmin ziddiyyətlərin aradan qaldırılması və dəqiq tarixlərin müəyyən edilməsi məhkəmənin və xüsusi bilik və araşdırma aparmaq imkanına malik olan sığortaçının vəzifəsi idi. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, yuxarı mərtəbədə də su basması baş verib və həmin şəxs bu barədə müraciət edib. Sübut olunur ki, bu hadisə müqavilə bağlandıqdan sonra baş vermişdir. Belə ki, yalnız bizim mənzil deyil, yuxarıdakı qonşunun mənzili də zərər görmüşdür. Paşa Sığortanın nümayəndəsi bu faktı təkzib etməmişdir. Mövcud sübutlar şəraitində yalnız sənədlərdəki tarix fərqini əsas götürərək hadisə faktını inkar etmək, zərərin ödənilməsindən imtina etmək qəbulolunmaz formal yanaşmadır və sığortalının mənafelərinin əsassız şəkildə məhdudlaşdırılması deməkdir. MİS tərəfindən xx.xx.2025-ci il tarixli aktın hadisədən müəyyən müddət sonra tərtib olunması sırf sığortaçıya müraciətdən sonra onların tələb etdiyi sənəd toplama prosesi ilə bağlı olmuşdur və bayram günlərinin çəkdiyi müddət gecikməni obyektiv izah edir. Bu hal aktın hüquqi qüvvəsini zəiflətmir, çünki sübutların yalnız hadisə günü toplanması faktiki olaraq mümkün deyil, bu barədə qanunvericilikdə tələb yoxdur və yazılı sübutlar məhkəmə tərəfindən qəbul edilməli və araşdırılmalıdır (MPM 78.1) . Həmçinin tərəf sübutu özü əldə edə bilmədikdə, məhkəmənin onu tələb etməsi nəzərdə tutulur (MPM 78.2) . Akt hadisənin baş verməsi faktını və nəticələrinin texniki təsvirini ehtiva etdiyindən, bu sübut iş üzrə iddianın faktiki əsasları ilə birbaşa əlaqəlidir və aidlik tələbinə tam cavab verir (MPM 80) . Sənədlər arasında tarix fərqi mövcud olduqda isə məhkəmə ziddiyyəti aradan qaldırmaq üçün əlavə sübutların təqdim edilməsini təmin etməlidir (MPM 77.3). Bütün bunlar edilmədən, yalnız formalaşdırma tarixinə əsaslanaraq aktın sübut dəyərinin inkar edilməsi — sübutların obyektiv, tam və hərtərəfli araşdırılması prinsipinə ziddir. Hətta məhkəmə iclasında hakim tərəfindən əlavə sübutların mövcud olub-olmaması barədə sual verildikdə, iddiaçı tərəfindən əlavə sübutlara ehtiyac varsa, təqdim edilə biləcəyi bildirilsə də, hakim buna ehtiyac olmadığını qeyd etmişdir. Halbuki, iddiaçı tərəf tərəfindən hadisənin düzgün şəkildə sübut edilməsi üçün bir sıra əlavə sübutların təqdim olunması mümkün idi. Lakin hakim tərəfindən buna zərurət görülmədiyindən, iddia təmin edilməmişdir. Sənədlərdə hadisənin tarixi ilə bağlı ziddiyyətin mövcud olması, zərərin müxtəlif dövrlərdə və mütəmadi baş verməsi ilə izah olunur. İddiaçı faktiki olaraq həmin mənzildə daimi yaşamamış, subasma hadisəsi yalnız mütəmadi baş verdiyi üçün müşahidə edilə bilmişdir. Bu səbəbdən dəqiq günü müəyyənləşdirmək obyektiv olaraq çətin olmuşdur. Bununla belə, sübutlar subasma prosesinin davamlı xarakter daşıdığını və 2025-ci ilin may ayına qədər fasiləsiz olaraq davam etdiyini təsdiq edir. Bu şərtlər daxilində yalnız tarix uyğunsuzluğuna istinad etməklə, hadisənin baş verməsini və nəticədə ziyanın ödənilməsini inkar etmək — sübutların tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə ziddir (MPM 14.1) və iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılması deməkdir. İddiaçının sığortaçıya müraciəti əvvəlki tarixdə (dekabr ayının sonunda) faktiki olaraq edilmiş, lakin sığortaçı tərəfindən MİS arayışının təqdim edilməməsi əsas göstərilərək müraciət qeydə alınmamışdır. Buna görə müraciətin rəsmiləşdirilməsi 23 yanvar 2025-ci ilə təsadüf etmişdir. Bu halda gecikmənin səbəbi iddiaçıdan deyil, sığortaçının sənəd tələb etməsi və prosedur gecikməsidir. Qanunvericilikdə sığorta hadisəsi barədə məlumatvermə üçün konkret müddət müəyyən edilməmişdir; gecikmə yalnız o halda sığorta ödənişindən imtina üçün əsas ola bilər ki, sığortaçının hadisəni araşdırmaq imkanlarını obyektiv şəkildə mümkünsüz etsin. Halbuki cavabdeh tərəfindən obyektə baxış keçirilmiş, MİS-in aktı ilə zərərin mövcudluğu və xarakteri təsdiqlənmişdir. Deməli, müraciət vaxtının araşdırmaya maneə yaratmadığı iş materialları ilə sübut olunur. Buna baxmayaraq, məhkəmə gecikmənin faktiki nəticələrini qiymətləndirmədən, sırf formal yanaşma ilə sığorta ödənişinin rədd edilməsini əsaslandırmışdır ki, bu da sübutların tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin pozulmasıdır. İddiaçının məlumatvermə öhdəliyinin gecikmə ilə yerinə yetirilməsi sığorta araşdırmasını mümkünsüz etməmişdir. Əksinə, sığortaçının əməkdaşları mənzilə baxış keçirmiş, zərərin mövcudluğunu təsdiqləmiş və onların tələbi əsasında MİS tərəfindən rəsmi akt tərtib edilmişdir. Bu isə göstərir ki, sığortaçı real vaxtda araşdırma aparmaq imkanına malik olmuş, lakin bu imkandan ümumiyyətlə istifadə etməmişdir. Məlumatvermə üçün qanunvericilikdə konkret müddət müəyyən edilmədiyindən, gecikmə yalnız o halda ödənişdən imtina üçün əsas ola bilər ki, faktiki olaraq araşdırmanı obyektiv şəkildə mümkünsüz etsin. İş materiallarında isə belə nəticə doğuran hər hansı hal sübut olunmamışdır. Bu halda yalnız formal gecikməyə əsaslanaraq hadisə faktının və ziyanın kompensasiyasının inkar edilməsi sübutların tam, hərtərəfli və obyektiv araşdırılması öhdəliyinin pozulmasıdır. Faktiki olaraq, dekabr ayında müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməmişdir. Paşa Sığortanın nümayəndəsi yalnız fevral ayının sonunda baxış keçirmişdir ki, bu da iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Bundan əlavə, MİS-in tərtib etdiyi akt 3 (üç) dəfə Paşa Sığortaya təqdim edilməsinə baxmayaraq, sığorta şirkəti belə bir aktın mövcud olmadığını iddiaçıya bildirmişdir. Halbuki həmin aktlar iddiaçı tərəfindən şəxsən Paşa Sığortaya təqdim edilmişdir. Məhkəmənin yuxarı qonşuya qarşı qaldırılmış iş üzrə qətnaməni əsas götürərək bu işdə sığortaçının öhdəliklərini istisna etməsi həm faktiki, həm də hüquqi baxımdan əsassızdır. Həmin iş üzrə məhkəmə yalnız zərərin mövcudluğunu və onun 8 noyabr 2024-cü tarixli hadisə nəticəsində yarandığını müəyyən etmişdir. Bu faktlar sığortaçı üçün prejudisial xarakter daşıyır və yenidən sübuta ehtiyac yoxdur, çünki həmin faktlar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiqlənmişdir (MPM 82.3) . Lakin həmin iş sığortaçıya qarşı deyil, zərərvurana qarşı qaldırılmışdır; yəni tərəflər tamam fərqlidir. Bu səbəbdən həmin qətnamə sığortaçının müqavilə üzrə öhdəliyini aradan qaldıra bilməz. MPM-in 259.0.4-cü maddəsinə görə məhkəmə yalnız o halda təkrar iddianı mümkünsüz sayır ki, tərəflər, tələbin predmeti və hüquqi əsası tam eyni olsun. Bu işdə həmin şərtlər mövcud deyil: burada iddianın əsası delikt məsuliyyəti deyil, sığorta müqaviləsi üzrə öhdəliyin icrasıdır. Bundan başqa, tarix dəqiqliyi məsələsinə gəlincə, iddiaçı həmin mənzildə daimi yaşamamış və subasma faktları yalnız mütəmadi yoxlama zamanı aşkarlanmışdır. Bu səbəbdən ilkin müraciətdə xx.xx.2024-cü il tarixinin göstərilməsi sonradan təqdim edilən sübutlarla dəqiqləşdirilmişdir. Məhkəmə praktikasında dəfələrlə təsdiq olunmuşdur ki, zərərin davamlı xarakter daşıdığı hallarda tək bir tarixlə məhdudiyyət qoymaq olmaz. İş materiallarında zərərin 2025-ci ilin may ayınadək fasiləsiz davam etdiyi sübuta yetirilmişdir (həmin mənzildə kanalizasiya xəttinin sıradan çıxması barədə video yazı mövcuddur) və bu fakt hadisənin konkret bir gündən asılı olmadığını, sığorta riskinin reallığını təsdiq edir. Belə olan halda, qonşuya qarşı məhkəmə qərarı yalnız zərərin faktını və səbəbini təsdiqləyən sübut kimi qiymətləndirilməlidir və sığortaçının ödənişdən imtina etməsi üçün hüquqi əsas yarada bilməz. “Onus probandi actori incumbit” ümumi mülki prosessual qayda olsa da, sığorta münasibətlərində sübutetmə yükü sabit deyil və tərəflərin əməli davranışından, texniki imkanlarından və hadisənin xarakterindən asılı olaraq dəyişə bilər. Xüsusilə, ziyanın yaranma mənbəyi mənzil daxilindən deyil, sığortalının nəzarət sferasından kənarda baş verən sızma və subasma kimi kompleks və dinamik proses olduqda, sığorta hadisəsinin təbiəti sübut yükünün yalnız iddiaçıda saxlanılmasını ədalətsiz və qeyri-praktik edir. İş materialları təsdiq edir ki, subasma prosesi birdəfəlik anlıq hadisə deyil, fasiləsiz və mütəmadi baş verən proses olmuş və 2025-ci ilin may ayına qədər davam etmişdir. Belə ardıcıl və davamlı ziyan hallarında təqsir və zərər məbləği zaman üzrə hissələrə mexaniki bölünə bilməz, çünki hər yeni sızma əvvəlkinin fəsadlarını dərinləşdirmiş, zərərin şiddətini artırmış və zəncirvari şəkildə vahid sığorta hadisəsi tərkibi yaratmışdır. Hadisənin davamlı olması, əvvəlki və sonrakı ziyan mərhələlərinin bir-birindən ayrılmaz hüquqi ziyan kompleksi kimi qiymətləndirilməsini labüd edir. Bakı şəhəri 1-ci Səbail MİS-nin xx.xx.2025-ci il tarixli sorğuya cavab gözlənilən dövrdə PAŞA Sığorta ASC özü dövlət orqanına rəsmi müraciət etməklə ziyanın mənşəyinin araşdırılması təşəbbüsünü öz üzərinə götürdüyünü qəbul etmişdir. Bu hal göstərir ki, cavabdeh sığortaçı sığorta hadisəsinin araşdırılmasına dair ilkin sübutların toplanmasını faktiki olaraq öz davranışı ilə öz üzərinə götürmüş, bununla da sübut yükünün qismən onun kontrol sferasına keçdiyini təsbit etmişdir. Sığortaçının hadisənin ekspert tədqiqinə və rəsmi təsdiqlərin alınmasına yönələn aktiv davranışı, iddiaçının sübut edə bilmədiyi ehtimalı ilə iddianın rədd edilməsini məntiqdən salır və sübut yükünün transformasiya olunduğunu göstərir. Ekspert rəyi aprel ayında tərtib olunsa da, rəy ədədi məbləği müəyyən edən, lakin zaman üzrə ayrılmanı tələb etməyən texniki sənəddir. 935.1.7-ci maddənin tətbiqi üçün zəruri olan “konkret sığorta hadisəsi” elementi burada tam mövcuddur, çünki subasma sığorta müqaviləsinin predmetində əks olunan klassik əmlak sığorta riski olmaqla, nəzarətdən kənar mənbədən gələn xarici fiziki təsir nəticəsində yaranan zərər kateqoriyasına aiddir. Qanun zərərin hər damlasının saat üzrə foto-pasportunu tələb etmir, sığorta predmetinin və zərərin sığortalı riskə aid olduğunu və məbləğin ekspertlə müəyyən oluna bildiyini tələb edir ki, bu da sübut olunmuşdur. Məhkəmə iddiaçının ziyanın “müqavilədən əvvəl və sonra baş vermiş hissələrini” ayırıb sübut etməməsini iddianın rəddinin əsası kimi təqdim etsə də, bu yanaşma davam edən sığorta hadisəsi doktrinasına və real ziyan dinamikasına ziddir. Subasma davamlı baş verdiyi üçün, zərərin ekspertlə müəyyən edilmiş ümumi məbləği 3,558 manat (və ya məhkəmə işində təsdiq olunan yekun rəqəm) vahid zərər kompleksinin ifadəsidir. Zərərin davam etməsi onun sığorta müqaviləsi dövründə də baş verdiyini avtomatik hüquqi nəticə kimi doğurur və əksini sübut etmə yükü bu mərhələdə artıq sığortaçının üzərinə düşür. Beləliklə, həm hüquqi, həm də məntiqi baxımdan sığorta hadisəsinin mövcudluğu, ziyanın sığortalanmış risk kateqoriyasına aidolma faktı və zərərin ekspertlə müəyyən edilə bilən ümumi məbləği sübut edildiyindən, məhkəmənin sübut yükünün yalnız iddiaçıda qaldığı və 935.1.7 tələblərinin olmadığından iddia rədd edilməlidir nəticəsi əsassızdır. İddianın təmin edilməsi üçün tələb olunan hüquqi şərtlər mövcuddur və iddianın rədd edilməsi maddi və prosessual normaların yanlış interpretasiyasına söykənir. Məhkəmənin sübutetmə yükünün yalnız iddiaçının üzərində olması barədə gəldiyi nəticə, mübahisənin mahiyyəti və sığorta hüququnun prinsipləri ilə uzlaşmır. Sığorta münasibətlərində sübutetmə yükü həm də sığortaçı tərəfin üzərinə düşür – cavabdeh Paşa Sığorta iddiaçının təqdim etdiyi sübutların əsassız olmasını sübut etməlidir. Lakin cavabdeh tərəf bunu edə bilməmişdir. Bu hal məhkəmə iclasının video yazılarında da açıq şəkildə sübuta yetirilmişdir. Belə ki, tərəfimizdən təqdim edilmiş heç bir sübut cavabdeh tərəfindən təkzib edilə bilməmişdir. Subasma hadisələri eyni mənbədən – yəni mənzilin tavanında olan eyni nasazlıqdan baş vermiş və zərər davamlı proses şəklində formalaşmışdır. xx.xx.2024-cü il tarixli ilk subasmadan sonra mənzilin tam təmir edilməməsinin səbəbi iddiaçının maliyyə və texniki imkanlarının olmaması, həmçinin sığortaçının hadisəni araşdırıb ödəniş etməsini gözləməsi olmuşdur. Bu, normal və hüquqi cəhətdən məqbul davranışdır. Sığorta hadisəsi hələ qiymətləndirilmədən xərclərin çəkilməsi tələb edilə bilməz. Davam edən subasma nəticəsində zərərin artan hissəsinin sığorta müddətində yarandığı iş materiallarındakı sübutlar və MİS aktı ilə təsdiq olunmuşdur. Zərərin əvvəlki tarixdə başlanmış olması onun sonrakı dövrdə yaranmış hissəsinin sığorta təminatından kənarlaşdırılması üçün əsas deyil, çünki sığorta riski mövcud olmuş və reallaşmağa davam etmişdir. “Res judicata” prinsipi yalnız tərəflər, tələb predmet və hüquqi əsas eyni olduqda tətbiq edilə bilər. Lakin zərərvurana qarşı olan işdə cavabdeh fiziki şəxs idi, hazırkı işdə isə cavabdeh sığortaçıdır; ilk iş delikt məsuliyyətinə, bu iş isə sığorta müqaviləsi üzrə məsuliyyətə əsaslanır. Bu səbəbdən əvvəlki məhkəmə aktı bu iş üçün res judicata təşkil etmir. Əksinə, qonşuya qarşı məhkəmə aktı prejudis xarakter daşıyır:zərərin mövcudluğu, hadisə faktıartıq məhkəmə tərəfindən müəyyən olunmuş və sığortaçı üçün məcburidir (MPM 82.3) .Deməli, bu faktları yenidən sübuta ehtiyac yoxdur. İddiaçının əvvəlki işdə yalnız 2385 manat tələb etməsi onun hüquqlarını məhdudlaşdırmır, çünki fərqli əsasla yaranmış öhdəliyin digər subyektdən tələb edilməsi hüququ qanunla təmin olunur. Burada təkrar ödəniş də yoxdur: iddiaçı zərərvuranın öhdəliyi üzrə artıq 2385 manat almış, hazırda isə yalnız ödənilməmiş qalıq olan 1173 manatı sığortaçıdan tələb edir. Bu, ziyanın eyni hissəsinin iki dəfə ödənilməsi deyil, ziyanın tam əvəzinin təmin olunmasıdır. Sığorta hüququnun mahiyyəti də zərərvuran ödəyə bilmədiyi və ya tam ödəmədiyi zərər hissəsini sığortaçının kompensasiya etməsindən ibarətdir. Əgər sığortaçı ödəniş edərsə, həmin məbləği zərərvurandan geri tələb etmək imkanı vardır — yəni heç bir halda ikinci dəfə ödəniş riski mövcud deyil. Belə olan halda, məhkəmənin bu arqumenti sığorta münasibətlərinin hüquqi mahiyyətinə və zəif tərəf olan sığortalının müdafiəsi prinsipinə ziddir. İddia tələbinin dəqiqləşdirilməsinin şifahi şəkildə bildirilməsi onun hüquqi nəticələrini istisna etmir. Mülki prosessual hüquq formanın deyil, mahiyyətin üstünlüyü prinsipinə əsaslanır və bu prinsip MPM-in əsas qaydalarından irəli gəlir. Məhkəmənin funksiyası prosessual formalizmi deyil, məhkəmiyyətinə toxunan tələbin tam araşdırılmasını təmin etməkdir. Bundan əlavə, MPMin müdafiə hüququna dair müddəaları məhkəməyə müraciət hüququnun məhdudlaşdırılmasını yolverilməz sayır (MPM 4.1-4.2) . İddiaçı tələbi artırdığı anda məhkəmənin vəzifəsi bu tələbi qeyd etmək və prosessual qərar vermək idi. Məhkəmənin hərəkətsiz qalmasının mənfi nəticələri iddiaçının üzərinə yüklənə bilməz. Əgər məhkəmə tələbin artırılmasını sənədləşdirməmişsə, bu, məhkəmə tərəfindən yol verilmiş prosessual pozuntudur və iddiaçının sonradan başqa cavabdehdən – fərqli hüquqi əsasla (sığorta müqaviləsi üzrə) tələb irəli sürmək hüququnu məhdudlaşdıra bilməz. “Qətnaməni mübahisələndirə bilərdi” arqumenti mövcud prosessual hüquqlara ziddir və iddiaçının müdafiə imkanlarını əsassız məhdudlaşdırmaq cəhdidir. Mülki Məcəllənin 935.1.7-ci maddəsi yalnız eyni zərərin eyni hissəsinə görə iki dəfə ödənişin qarşısını almaq məqsədi daşıyır. Bu normanın məğzi budur: əgər zərərvuran müəyyən hissəni ödəyibsə, sığortaçı həmin eyni hissəni bir daha ödəmir. Yəni norma təkrar kompensasiyanın qarşısını alır, sığortaçını məsuliyyətdən azad etmir. Hazırkı işdə zərərvuran qonşu tərəfindən ödənilmiş 2385 manat noyabr hadisəsinə, ödənilməmiş 1173 manat isə sığorta dövründə davam edən və ağırlaşan sonrakı subasma nəticəsində yaranmışdır. Bu, eyni hadisə üzrə iki dəfə ödəniş deyil, eyni ümumi zərərin iki fərqli dövrü və iki fərqli məsuliyyət subyekti üzrə kompensasiyasıdır. Məhkəmə özü də zərərin mövcudluğunu və davam etdiyini təsdiq etmişdir — sadəcə onun nə vaxt düşdüyünü dəqiqləşdirməyə çalışır. Lakin davam edən zərər proseslərində hüquq tətbiqi bir qaydanı tələb edir, şübhələr zəif tərəf olan sığortalının xeyrinə qiymətləndirilməlidir. Əgər məhkəmə iddia etdiyi kimi ziyanın dəqiq tarixlər üzrə bölgüsünün çətin olduğunu düşünürsə, bu çətinlik iddiaçının deyil, sığortaçının öhdəliyinin aradan qalxmasına gətirib çıxara bilməz. Əks halda, hər bir sığortaçı sadəcə “tarix dəqiq deyil” deyərək bütün sığorta sistemini mənasızlaşdırmış olar. 935.1.7-ci maddə bu mübahisədə sığortaçını deyil, iddiaçını müdafiə edir, çünki artıq ödənmiş 2385 manat çıxıldıqdan sonra ödənilməmiş 1173 manatın kompensasiyası birbaşa sığortaçının öhdəliyidir. Bu məbləği ödəməmək üçün heç bir qanuni əsas yoxdur. Cavabdeh iddiaçının müraciətindən sonra heç bir real araşdırma aparmamış, müstəqil sübut toplamaq və zərərin səbəbini müəyyən etmək öhdəliyini yerinə yetirməmişdir. Sığortaçı tərəfindən guya MİS-ə sorğu göndərildiyi bildirilsə də, iddiaçı tərəfindən məlum olmuşdur ki, (həmçinin iş materialları da göstərir ki,) sözügedən sorğu ümumiyyətlə təqdim edilməmiş, MİS-ə çatdırılmamışdır. Bu hal cavabdehin sübutetmə prosesindən yayınması və bağlanmış müqavilə şərtlərinə bilərəkdən əməl etməməsi deməkdir. Cavabdehin bu prosessual hərəkətsizliyinə, iddiaçıya yalan məlumatlar verməsi barədə qətnamədə heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəflərin bütün iddia və etirazlarını araşdırmalı, əhəmiyyətli faktların qiymətləndirilməsini qərarda əks etdirməlidir. Məhkəmənin bu öhdəliyi icra etməməsi, həmçinin yalnız iddiaçının davranışına fokuslanaraq cavabdehin prosesual pozuntularını nəzərdən kənarda saxlaması obyektivlik və bərabərlik prinsipinin pozulmasıdır. Əksinə bütün sübut etmə çətinlikləri yalnız iddiaçının üzərinə yüklənmişdir. Halbuki mövcud hüquq doktrinasına əsasən, sığorta münasibətlərində sübut və araşdırma imkanları daha geniş olan tərəf sığortaçı olduğundan, belə vəziyyətdə sübutlardakı hər hansı ziddiyyət və ya çatışmazlıq iddiaçının ziyanına deyil, sığortalının müdafiə mexanizmi kimi qiymətləndirilməlidir. Cavabdehin bu fəaliyyətsizliyi və prosessual vəzifələrin pozulması fonunda iddiaçının məlumatvermə gecikməsi əsasında ödənişdən imtina edilməsi hüquqa tam ziddir və sığortaçının qanunsuz imtina yolunu legitimləşdirmək mənasına gəlir. Sığortaçının öhdəliyini yerinə yetirməyərək sübutları toplamaqdan imtinası şəraitində, iddiaçının üzərinə sübutetmə yükünün tam şəkildə keçirilməsi prosessual ədalət və bərabərlik prinsipinin pozulmasıdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslardan ən başlıcasını təşkil edir. O cümlədən məhkəmə bütün tələblərə hüquqi münasibət bildirməli olduğu halda qətnamədə mənəvi ziyana dair hüquqi qiymətləndirmə yoxdur. Göründüyü kimi məhkəmə yalnız cavabdehin bütün iddialarını əsas götürmüş, cavabdehin iddialarına söykənmiş və sübutların hüquqi qüvvəsini ədalətli qiymətləndirməmiş, sübutların qiymətləndirilməsində ədalət balansı olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
23. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. Maddə 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
25. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilməsi və iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
28. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
29. Birinci instansiya məhkəməsi yekun aktında iddiaçının apellyasiya şikayətində irəli sürdüyü arqumentləri qiymətləndirərək iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticəni işin aşağıda qeyd olunan halları ilə əsaslandırmışdır: - ziyanın iddiaçı tərəfindən göstərilən tarixdə sığorta hadisəsi kimi baş verməsi sübuta yetirilmir; - ziyanın hansı hissəsinin sığorta müddəti daxilində yarandığını müəyyən etmək mümkün deyil; - iddiaçı sığortaçıya məlumat vermə öhdəliyini pozmuşdur; - qeyd olunan ziyan üzrə artıq məhkəmə qaydasında zərərvurandan kompensasiya alınmışdır.
30. Məhkəmə kollegiyası ilk növbədə, qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən sığortaçı zərərvuran tərəfindən ziyanın məbləğinin bir hissəsi ödənildikdə, ödənilmiş hissə qədər sığorta ödənişindən imtina edir. Lakin həmin norma yalnız mötəbər sübutlarla təsdiq edilmiş sığorta hadisəsi və həmin hadisə nəticəsində dəymiş zərərin məbləği dəqiq müəyyən edildiyi hallara şamil olunur.
31. Hazırkı iş üzrə isə nə 08 dekabr 2024-cü il tarixində subasmanın baş verməsi sübuta yetirilmiş, nə də ziyanın hansı hissəsinin məhz bu tarixdə baş verdiyi müəyyən edilə bilmişdir. Ekspert rəyi aprel ayında tərtib olunmuş və ziyanı ümumi şəkildə göstərmiş, yəni onu sığorta müqaviləsindən əvvəl və sonra baş vermiş hissələrə ayırmamışdır. Bu səbəbdən Mülki Məcəllənin 935.1.7-ci maddədə nəzərdə tutulmuş dispozisiya tələbləri – yəni konkret müəyyən edilmiş sığorta hadisəsi və həmin hadisə üzrə dəqiq hesablanmış zərər məbləği – mövcud olmadığından, həmin maddənin ikinci hissəsinin tətbiqi hazırkı mübahisəyə uyğun deyil və iddianın təmininə hüquqi əsas yaratmır.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(006)- 4419/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(006)- 4419/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.