Məhkəmə qərarları › İş №2(103)-695/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-695/2024

29.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-695/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətin naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq pulunun bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq pulunun bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətin naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq pulunun bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-983/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2014- cü il tarixdə tərtib edilmiş fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 75.7 kv/m, yaşayış sahəsi 40.1 kv/m, yardımçı sahəsi 35.6 kv/m olan fərdi yaşayış evinin hüquq sahibi X3r.

2. 05.09.2022-ci il tarixli Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X1 vərəsəsi İddiaçıdır və ona şəhadətnamə üzrə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X4 verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.7 kv/m, yaşayış sahəsi 40.1 kv/m, yardımçı sahəsi 35.6 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir və o, miras əmlakdan ½ hissədə irs almalıdır. Miras əmlakın ½ payı açıq saxlanılır.

3. 21.12.2022-ci il tarixli Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdur və ona şəhadətnamə üzrə verilən miras əmlak DƏDRX tərəfindən X4 verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.7 kv/m, yaşayış sahəsi 40.1 kv/m, yardımçı sahəsi 35.6 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir və o, miras əmlakdan ½ hissədə pay almalıdır.

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsi, 3 saylı ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı münasibətdə ½ hissə (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2022) kimi qeydiyyata alınmış; ½ hissədə açıq qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanda yerləşən sahəsi 75.7 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinin istifadədə olan torpaq sahəsi ilə birlikdə naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq pulunun paylar üzrə bərabər bölünərək ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh və o bacı qardaşdırlar. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi anasından miras qalmış və vərəsəlik qaydasında o əmlakı qəbul etmişdir. Buna dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və çıxarışla rəsmiləşdirilmişdir. Vərəsəlik işi aparılan vaxt cavabdehə məlumat verilmiş və notariat ofisinə dəvət edilmişdir, ancaq o gəlmədiyindən 1/2 hissə açıq saxlanılmışdır. O, digər hissəyə dair çıxarış əldə etmişdir. Həmin əmlakda bərabər paylara sahibdirlər. Cavabdehlə eyni evdə yaşamaq mümkün deyildir. Zamanında fərdi yaşayış evinin sahibi olmuş Mirzəyeva Züleyxa, yəni onların anasını da cavabdeh incitmiş, onu öz əmlakına buraxmamış, mübahisəli evdə yaşamasına müxtəlif maneələr yaratmışdır. Sonradan anası karonavirusa yoluxaraq vəfat etmişdir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Əmlakın naturada bölünməsini, bu mümkün olmadığı təqdirdə isə əmlakın satılaraq pulunun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qanunvericiliyə görə cavabdehə bildiriş və pretenziya göndərmişdir.

7. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-983/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasından əldə edilən vəsait İddiaçı (½ hissə) və Cavabdeh (½ hissə) arasında paylarına mütənasib surətdə bölünməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsinə sərf olunmuş 50 (əlli) manat məbləğində pul vəsaitinin İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın naturada bölünməsi barədə iddia qaldırılsa da, mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığından məhkəmə iddianın bu hissəsini təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmamalıdır. Cavabdeh mübahisəli mənzildə yaşasa da, iddiaçının özünə məxsus evdə yaşaması mümkün olmamış və beləliklə də o, həmin əmlakın paylı mülkiyyətçisi kimi mülkiyyətindən istifadə edə bilmir. İşin icraatı zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə uyğun olaraq ayrılan mülkiyyətçi olan iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsinə razı olub-olmaması məsələsini aydınlaşdırmış, tərəflərin razılıq əldə etməsi üçün məhkəmə baxışı iki dəfə təxirə salınmışdır. İddiaçı, payının ½ hissə təşkil etməyinə və evin dəyərinin 70000 manat civarında olmasına baxmayaraq, dəyəri 20000 manat olan, kimə məxsus olduğu bilinməyən hansısa torpaq sahəsinin satılaraq iddiaçıya ödənilməsinə razı olmadığını bildirmişdir. Tərəflər arasında kompensasiya məbləği barədə qarşılıqlı razılaşma olmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə əməl edilmiş hesab edilməlidir. Bu səbəbdən də məhkəmənin qənaətinə görə, tərəflərin paylı mülkiyyətində olan mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından, paylara uyğun kompensasiya verilməsi barədə yekdil razılığı əldə edilmədiyindən, iddiaçı ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdə haqlı olmuşdur. Buna görə də iddia həmin hissədə təmin olunmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 213.1-213.3, 213.5, 220.2, 220.3, 220.4, 220.6, 221-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 23 iyul 2013-cli il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 88, 103.1, 217.4, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-983/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında iddiaçıya mülkiyyətin dəyərinin yarısı olan 20 000 manat pul və eyni qiymətə torpaq sahəsi təklif edilsə də, məhkəmə bu mərhələni həll etmədən bir başa açıq hərracdan əşyanının satılması qənaətinə gələrək hazırki maddənin tələblərini pozub. Halbuki, həmin Məcəllənin 220.4.– cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Cavabdehin iddiaçıya etdiyi kompensasiya hissəsində məhkəmə bütün faktiki halları araşdırmamışdır. Bankdan 20000 götürüb iddiaçıya vermək istəsə də, iddiaçı bununla razılaşmamışdır. Sotunun qiyməti 10000 manat olan 2 sot torpaq sahəsi var ki, həmin torpaq sahəsinin satılandan sonra pulunun, yəni 20000 manat pulun iddiaçıya verilməsini təklif edir, lakin iddiaçı bununla da razılaşmamışdır. Mübahisə predmeti olan əmlakın qiymətinin araşdırılmaması və yalnız iddiaçının qeyd etdiyi guya 70 000 manat olması iş üçün əhəmiyyəti olan halın sübut edilməməsidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apelyasiya şikayəti formaldır, ancaq vaxt qazanmaqdan ibarətdir, qətnamənin icraasını süni şəkildə uzatmaqdır. Belə ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı və cavabdehin anasından miras qalmış və vərəsəlik qaydasında iddiaçı əmlakı qəbul etmişdir.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2 (010) -983/2023 saylı qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 10/1901 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən, mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə (1/2 hissə) naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un və 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X5 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə hesab edir ki, tamamilə qanunidir və əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadı ilə keçirilən məhkəmə tikinti –texniki ekspertizası ilə müəyyən edilmişdir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsi, ev 3 ünvanda yerləşən, mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə (1/2 hissə) naturada bölünməsinin İnşaat Norma və Qaydaları ilə mümkün deyildir. Bununla da nəticəyə gəlir ki, bölünməsi mümkün olmayan əmlakın açıq hərracda satılaraq pul vəsaitlərinin bölünməsi mümkündür, ona görədə birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Bundan başqa cavabdeh apelyasiya şikayətində qeyd edir ki, Mübahisə predmeti olan əmlakın qiymətinin araşdırılmaması və yalnız iddiaçının qeyd etdiyi guya 70 000 manat olması iş üçün əhəmiyyəti olan halın sübut edilməməsidir , burada sual olunur ki, əmlakın dəyərinin 20000 min manat olmasını cavabdeh necə sübut edir onda ? bundan başqa cavabdeh bildirir ki, əmlakın dəyəri olan 20 min manatı təklif edilib iddiaçı bununla razı olmayıb, birinci instansiya məhkəməsi bu mərhələni həll etmədən bir başa açıq hərracdan əşyanın satılması qənaətinə gələrək hazırki maddənin tələblərini pozduğunu qeyd edir, hesab edir ki, cavabdehin apelyasiya şikayəti bu hissədə tamamilə əsassızdır. Cavabdeh hələ bir sübut eləsin ki, əmlakın dəyəri 20 min manatdırmı ? Hesab edir ki, açıq hərracda satılması dedikdə qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində qiymətin müəyyən edilməsi və digər hallar araşdırılacaqdır, və qiymətlə bağlı suallara cavab tapılacaqdır. Bundan başqa icra mərhələsində qiymət müəyyən edilərsə, cavabdeh həmin mərhələdə də müəyyən edilmiş vəsaitin ½ hissəsini iddiaçıya ödəyə bilər, iddiaçıda öz növbəsində icra hərəkətlərinin aparılmasının dayandırılmasını və barışıq sazişi də bağlaya bilər. Azərbaycan Respublikası b) Proses iştirakçılarının izahatı

13. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək bildirir ki, birinci instansiya məhkəməsi mənzilin qiymətləndirmə məsələsini aydınlaşdırmamışdır.Tərəflərin hüquqları eyni olsa da, iddiaçının başqa yerdə yaşayış yeri var. Amma,cavabdehin yeganə yaşayış yeri həmin evdir.Cavabdeh rayon məhkəməsində vəkillə təmsil olunmayıb, o, hüquqi cəhətdən savadsızdır. Onlar mübahisə etmir, razılığa gəlmək istəyir.Hərraca satışa çıxarılan zaman qiymət get-gedə düşəcək. Hesab edir ki, ekspertiza təyin edilməlidir. Həmçinin, işə baxan hakim barəsində xüsusi qərardad çıxarılmasını xahiş edir.

14. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək bildirir ki, o, payının satılıb pulunun verilməsini tələb edir.Anasının ölümünə qardaşı səbəb olub,onu heç cür bağışlaya bilməz. Anasını küçəyə atmışdı. Mənzil satılsın, onun payı da verilsin.Özü satmır, deyir babasından qalan evdir.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil çıxış edərək bildirir ki, evin satılmasını və bölünməsini istəyir. Barışıq mümkün deyil.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırki halda iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edir. Kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. İddiaçı ünvan 2 ünvanda yerləşən sahəsi 75.7 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinin naturada bölünməsi,bu mümkün olmadıqda açıq hərracda satılaraq pulunun paylar üzrə bərabər bölünərək ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

23. Birinci instansiya məhkəməsi, ekspert rəyini əsas götürərək belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı,ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasından əldə edilən vəsait İddiaçı (½ hissə) və Cavabdeh (½ hissə) arasında paylarına mütənasib surətdə bölünməli,iddia qalan hissədə təmin edilməməli və iş üzrə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsinə sərf olunmuş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir.

24. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki,onun iddiaçıya etdiyi kompensasiya hissəsində Məhkəmə bütün faktiki halları araşdırmamışdır.Bankdan 20000 götürüb iddiaçıya vermək istəsə də, iddiaçı bununla razılaşmamışdır. Sotunun qiyməti 10000 manat olan 2 sot torpaq sahəsi var ki, həmin torpaq sahəsinin satılandan sonra pulunun, yəni 20000 manat pulun iddiaçıya verilməsini təklif edir,lakin iddiaçı bununla da razılaşmamışdır.

25. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.70 kv.m olan fərdi yaşayış evinin hazırkı bazar və likvid dəyərini müəyyən etmək üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-695/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertiza keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2024-cü il tarixli 9/561-10/703 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.70 kv.m olan fərdi yaşayış evinin hazırkı bazar və likvid dəyəri aşağı səviyyəli təmirli olmağı nəzərdə tutulmaqla torpaqla birlikdə orta bazar dəyəri təqribən 63588,00,manat likvid dəyəri 57229,00 manat müəyyən edilmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

27. Cavabdeh apellyasiya şikayətində bankdan 20000 götürüb iddiaçıya vermək istəsə də, iddiaçının bununla razılaşmadığını bildirmişdir. Sotunun qiyməti 10000 manat olan 2 sot torpaq sahəsi var ki, həmin torpaq sahəsinin satılandan sonra pulunun, yəni 20000 manat pulun iddiaçıya verilməsini təklif etdiyini bildirmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin verdiyi rəydən də göründüyü kimi əmlakın orta bazar dəyəri təqribən 63588 manatdır.

29. Göründüyü kimi tərəflər arasında məbləğlə bağlı razılıq əldə edilə bilinməmişdir.

30. Tərəflərin paylı mülkiyyətində olan mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından, paylara uyğun kompensasiya verilməsi barədə yekdil razılığı əldə edilmədiyindən, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.

31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

33. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-983/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Ekspertizanın keçirilməsi ilə əlaqədar 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar