Məhkəmə qərarları › İş №2(103)-6951/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6951/2020

16.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6951/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı «xxxxxx» MMC-nin nümayəndəsi və vəkili X4, Cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3805/2019 saylı, xx xxxxxx 2019-cu il tarixliqətnaməsindən cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxx» MMC cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızından 1.500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq «xxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxx» MMC-nin direktorunun xx.xx.2016-cı il tarixli 29-Ş saylı əmri ilə cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızı «xxxxxx» MMC-nin satış şöbəsinə operator vəzifəsinə işə götürülmüş və tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə 274 saylı əlavə edilmişdir. Əlavənin 1-ci bəndinə əsasən, işçinin «xxxxxx» MMCnin Tədris Mərkəzində sahibkarlıq, kommersiya fəaliyyətini tənzimləyən normativ aktların biliyinin artırılması, menecmentin nəzəriyyə və təcrübəsinin artırılması, işgüzar inzibatçılıq, ünsiyyət etikasına yiyələnməsi, idarədə istehsalat texnologiyasının yeniliklərinin öyrənilməsi, məhsul və xidmətlərin standartlarının və texniki şərtlərinin biliyinin artırılması, satış psixologiyası və prinsiplərinə yiyələnməsi, təhsil alması üçün təhsil xərclərini «xxxxxx» MMC öz üzərinə götürür, işçi isə tədris müddəti bitdikdən sonrakı 3 il müddətində «xxxxxx» MMC-də İİİ dərəcə operator vəzifəsini icra edir. Tərəflərin razılaşmasına əsasən işçinin Tədris Mərkəzində təhsil alması xərcləri 1.500 manat təşkil edir. Həmin əlavənin 6- cı bəndinə əsasən işçinin təşəbbüsü ilə və ya işçinin təqsirli hərəkəti nəticəsində 3 il müddətindən tez əmək müqaviləsinə xitam verilərsə işçi 1.500 manat məbləğində təhsil xərclərini tam (100 %) həcmdə «xxxxxx» MMC-yə ödəyir. Məmmədova (Tağızadə) Aytən Zöhrab qızı xx.xx.2018-ci il tarixdən əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq heç bir üzrlü səbəb göstərmədən işə gəlməmişdir. Bu barədə xx.xx.2018-ci il tarixdə akt tərtib olunmuşdur. Cavabdeh onun təhsil xərclərinə ödənilmiş 1.500 manat pulu 7 gün ərzində «xxxxxx» MMC-yə ödəməli idi. Lakin uzun müddət keçməsinə və cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh qaytarmalı olduğu 1.500 manat məbləğində pulu qaytarmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3805/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 1.500 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızından iddiaçı «xxxxxx» MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızının nümayəndəsi və vəkili X2 birinci instansiya məhkəməsi baxışı zamanı iştirakları təmin edilmədiyindən apellyasiya baxışında qarşılıqlı iddia ilə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13280/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, Cavabdeh İddiaçı MMC-yə qarşı, İddiaçı MMC ilə aralarında bağlanmış xx xxxx 2016-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavənin etibarsız hesab olunması, təhsil haqqı kimi ödənilməsi tələb olunan 1500 manat məbləğinin ödənilməsi tələbinin qanunsuz hesab olunması və qarşılıqlı iddianın verilməsi üçün ödənilən 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1991/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh kasasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 13280/2019 saylı qətnaməsinin ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin və qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «xxxxxx» MMC-nin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin eyni zamanda qarşılıqlı iddianın təmin olunmamasını və Bakı şəhəri şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmaqla yekun nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, Məmmədova (Tağızadə) Aytən Zöhrab qızının iştirakının təmin etməmiş və onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir ki, bu da Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 387.2.4-cü maddəsinin tələbləri baxımından düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Qeyd olunan maddənin məzmunundan görünür ki, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etməmişsə, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olur. Ona görə də, Məmmədova (Tağızadə) Aytən Zöhrab qızının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə dəlili əsaslıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarından qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.5-ci maddəsində nəzərədə tutulmuş yeni tələb apellyasiya instansiya məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan aslı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məmmədova (Tağızadə) Aytən Zöhrab qızı ondan aslı olmayan səbəblərdən iddia tələbini məhz birinci instansiya məhkəməsin təqdim edə bilməməsi iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3805/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia üzrə iddiaçı «xxxxxx» MMC-nin cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızına qarşı borc tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, “xxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016cı il tarixli fərdi əmək müqaviləsinə 1 nömrəli əlavə etibarsız hesab olunmalı, təhsil haqqı kimi 1500 manat pulun ödənilməsi tələbi qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası iki iddia tələbinin olmasını nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla hər iki iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hər iki iddia tələbi üzrə aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızı «xxxxxx» MMC-nin satış şöbəsinə operator vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə 274 saylı əlavədən görünür ki, əlavənin 1-ci bəndinə əsasən, işçinin «xxxxxx» MMC-nin Tədris Mərkəzində sahibkarlıq, kommersiya fəaliyyətini tənzimləyən normativ aktların biliyinin artırılması, menecmentin nəzəriyyə və təcrübəsinin artırılması, işgüzar inzibatçılıq, ünsiyyət etikasına yiyələnməsi, idarədə istehsalat texnologiyasının yeniliklərinin öyrənilməsi, məhsul və xidmətlərin standartlarının və texniki şərtlərinin biliyinin artırılması, satış psixologiyası və prinsiplərinə yiyələnməsi, təhsil alması üçün təhsil xərclərini «xxxxxx» MMC öz üzərinə götürür, işçi isə tədris müddəti bitdikdən sonrakı 3 il müddətində «xxxxxx» MMC-də İİİ dərəcə operator vəzifəsini icra edir. Tərəflərin razılaşmasına əsasən işçinin Tədris Mərkəzində təhsil alması xərcləri 1.500 manat təşkil edir. Həmin əlavənin 6-cı bəndinə əsasən işçinin təşəbbüsü ilə və ya işçinin təqsirli hərəkəti nəticəsində 3 il müddətindən tez əmək müqaviləsinə xitam verilərsə işçi 1.500 manat məbləğində təhsil xərclərini tam (100 %) həcmdə «xxxxxx» MMC-yə ödəyir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 02-Ş saylı əmrdən görünür ki, satış şöbəsinin operatoru Tağızadə Aytən Zöhrab qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilərək, o, işdən azad edilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx xxxxxxxx 2016-cı il tarixli, 1 saylı əlavənin Əmək Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıbbağlanmaması ilə bağlı heç bir araşdırma aparmadan, bu barədə işə əlavə edilmiş sübutlara obyektiv hüquqi qiymət vermədən, sözügedən əlavənin Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtləri pozmamaqla bağlanması və etibarlı olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdən görünür ki, tərəflər arasında əmək müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığı halda, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol verərək, hazırki əmək mübahisəsinə Əmək Məcəlləsinin deyil, Mülki Məcəllənin normalarını tətbiq edib və bununla da Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin tələblərini pozub. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ, İİİ, İV bəndlərinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 9-cu maddəsinin “a” və “ı” bəndlərinə görə, sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq və peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından sayılır. Həmin Məcəllənin 12.1-ci maddəsinin “f” bəndində göstərilir ki, işə qəbul, işdə irəli çəkilmə, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. Sadalanan normaların mənasından da göründüyü kimi işçinin əmək funksiyalarını yerinə yetirərkən işdə hər hansı təzyiq, şərt və sair üsullar tətbiq etməklə müəyyən müddətə işdə məcburi saxlanması işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması hesab olunur. Əmək Məcəlləsinin 44.2-ci maddəsində göstərilir ki, tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Bundan başqa, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.47-ci maddəsinə əsasən, təhsil müəssisəsi-müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin Qanunun 24.4-cü maddəsində göstərilir ki, əlavə təhsil ixtisasartırma və yenidən hazırlama qurumlarında, peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir. Kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq apelyasiya icraatı zamanı iddiaçı təşkilatın Tədris Mərkəzinin ümumiyyətlə təhsil müəssisəsi statusuna malik olub-olmaması, həmin Mərkəzin fəaliyyəti üçün xüsusi razılığın verilib-verilməməsi, Tədris Mərkəzinin təhsil proqramına uyğun fəaliyyət göstərib-göstərməməsi ilə bağlı araşdırma aparılsa da, iddiaçı şirkət tədrislə bağlı çəkilən xərclərin hansı formada, qaydada ödənilməsini və sair təsdiq edə bilməmişdir. Halbuki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli, 510 saylı Fərmanının 17.3-cü maddəsində göstərilir ki, əlavə təhsili həyata keçirən ixtisasartırma və yenidənhazırlanma qurumları və digər müəssisələr Azərbaycan Respublikası Təhsil Nazirliyindən müəyyən məbləğdə dövlət rüsumu ödəməklə lisenziya almalıdırlar. Kollegiya hesab edir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə-Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqdlər mübahisə edilən və əhəmiyyətsiz deyə iki qrupa bölünür (Mülki Məcəllənin 337-ci maddəsi). İşdən görünür ki, tərəflərin imzaladıqları xx xxxx 2016-cı il tarixli əmək müqaviləsi əmək qanunvericiliyinin tələblərinə cavab verdiyi halda, həmin müqaviləyə xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış 1 saylı əlavədə göstərilən şərtlər ümumiyyətlə əmək qanunvericiliyinin mahiyyətinə ziddir. Belə ki, işəgötürən ixtisasartırma və tədris keçmə adı altında, əslində bu əlavə ilə cavabdehi 3 il müddətində iddiaçı təşkilata işləməyə məcbur etmişdir, digər müddəalar ilə isə bu müddətdən tez əmək müqaviləsinə xitam verildikdə təhsil haqqı kimi 1.500 manat pulun cavabdehdən tutulması şərtləndirilmişdir. İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx xxxxxxxx 2016-cı il tarixli, 1 saylı əlavə Əmək Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından etibarsız olmuşdur. Ona görə də, qarşılıqlı iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə 3 il müddətindən tez, cavabdehin təqsirli hərəkəti nəticəsində xitam verildiyindən və bu səbəbdən də cavabdehin iddiaçı təşkilata 1.500 manat razılaşdırılmış təhsil haqqını ödəməyə borclu olmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla, iddiaçı təşkilat təhsil haqqına görə cavabdehdən 1.500 manat pul tələb etsə də, işdə, həmin məbləğin həqiqətən ödənilməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut (kassa mədaxil, məxaric orderi, qəbzi, ciddi mühasibat və vergi sənədləri və sair) yoxdur. Apelyasiya icraatı zamanı iddiaçı təşkilatın nümayəndəsinə bununla bağlı hər hansı mötəbər yazılı sübut təqdim edilməsi təklif edilsə də, bu barədə heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 14.1, 14.2, 77.1, 77.3, 81-ci maddələrinin tələblərini pozaraq, işin bu halını yalnız tərəflər arasında bağlanmış əmək müqaviləsinə 1 saylı əlavə ilə əsaslandırmağa çalışmışdır. Halbuki, sadalanan prosessual normaların mənasına görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni zamanda işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmçinin kollegiya hesab edir ki, qarşılıqı iddia tələbi tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx xxxxxxxx 2016-cı il tarixli, 1 saylı əlavə etibarsız hesab olduğundan ilkin iddia tələbi təmin edilə bilməz. Ona görə də, kollegiya hesa edir ki, qarşılıqlı iddia tələbinin digər hissəsi (pul tələbi) üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi təmin edilmədindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilməlidir. Həmçinin qarşılıqlı iddia tələbi təmin edildiyindən ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3805/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia üzrə iddiaçı «xxxxxx» MMC-nin cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızına qarşı borc tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, “xxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli fərdi əmək müqaviləsinə 1 nömrəli əlavə etibarsız hesab olunmalı, təhsil haqqı kimi 1500 manat pulun ödənilməsi tələbi qanunsuz hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3805/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia üzrə iddiaçı «xxxxxx» MMC-nin cavabdeh Məmmədova (Tağızadə) Aytən Zöhrab qızına qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. “xxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli fərdi əmək müqaviləsinə 1 nömrəli əlavə etibarsız hesab olunsun və təhsil haqqı kimi 1500 manat pulun ödənilməsi tələbi qanunsuz hesab edilsin. İlkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMCdən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar