Məhkəmə qərarları › İş №2(103)-6953/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6953/2023

12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6953/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(006)-2190/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: 18 iyun 2007-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 204.1-ci və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 20 iyun 2007-ci ildə isə həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli, A- 1242/2007 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası CM nin 234.4.3 və 204.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 9 il müddətinə, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq əmlakı müsadirə olunmamaqla 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət İşləri və X13 İşlər üzrə Məhkəmə Kollegiyasının Apellyasiya şikayətinin yekun baxılmasına dair 29 may 2008-ci il tarixli, 1(105)-49/2008 saylı Qərarına əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü dəyişdirilmiş, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə cinayət təqibinə xitam verilmiş və Azərbaycan Respublikası CM-nin 66.3 cü maddəsinin tətbiq edilib cəzaların toplanılmasına dair hissə hökmdən xaric edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 8 dekabr 2009-cu il tarixli, 1(102)-379/2009 saylı Qərarına əsasən İddiaçı AR CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəza 2 il azaldılmış və üzərində 7 il azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2012-ci il tarixli, 7(103)-734/2012 saylı Qərarına əsasən İddiaçı cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqda ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli qərarının ləğv edilməsi, məhkum İddiaçı cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunması və o, cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi və qərarın icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 09 saylı Cəzaçəkmə Müəssisəsinə və Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2013-cü il tarixli, 7(060)-59/2013 saylı Qərarına əsasən İddiaçı cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı cəzasının çəkilməmiş qalan 1 il 1 ay 24 günündən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Sonradan İddiaçı İnsan hüquqları üzrə Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək “İnsan hüquq və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3 (c) bəndlərinə əsaslanmaqla onun barəsindəki cinayət işinə məhkəmələrdə baxılarkən həmin Konvensiyada nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayət etmiş, lakin məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndinə müvafiq olaraq işlərin siyahısından ərizəsinin iş üzrə icraatının dayandırmaq qərarı vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 12(102)-3(a)/2022 saylı Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə məhkəmə kollegiyasının 08 dekabr 2009-cu il tarixli qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il tarixli qərarı İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilmiş və cinayət işi həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsində yeni apellyasiya baxışına təyin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-29/2023 saylı hökmünə əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş, İddiaçı qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə dair ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 41.370,48 manat, mənəvi zərərə görə 250.000 manat məbləğində pulun dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 204.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə, Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalan qismən toplamaq yolu ilə ona qəti olaraq əmlakı müsadirə olunmamaqla 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 20 iyun 2007-ci ildən hesablanması hökm edilib. Həmin hökmlə həmçinin X11, X3, X7, X2 və X8 da Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunublar. Hökmdən iddiaçı və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilib. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və X13 işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü dəyişdirilib, iddiaçının təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə cinayət təqibinə xitam verilməsi və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tətbiq edilib cəzaların toplanmasına dair hissənin hökmdən xaric edilməsi, ona Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının dəyişdirilmədən saxlanılması qərara alınıb. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qərarından kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 08 dekabr 2009-cu il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilərək ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəza 2 il azaldılaraq üzərində 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasının saxlanılması qərara alınıb. 07 iyun 2010 cu il tarixdə iddiaçı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (bundan sonra AİHM) ərizə ilə müraciət edərək "İnsan hüquqlarının və X6 haqqında" Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin 1 və 3 (c) bəndlərinə əsaslanmaqla onun barəsindəki cinayət işinə məhkəmələrdə baxılarkən Konvensiyada nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayət edib. Ərizə AİHM tərəfindən icraata qəbul edilib və ərizəyə 32370/10 nömrəsi verilib. AİHM iddiaçının 32370/10 saylı ərizəsi üzrə 30 yanvar 2020-ci il tarixli qərarında (İddiaçı Azərbaycana qarşı) Hökumətin verdiyi birtərəfli bəyannaməni nəzərə alaraq işin Məhkəmənin baxışından çıxarılması ilə bağlı qərar qəbul edib. Məhkəmənin tərəflərə mübahisənin dostyana həlli ilə bağlı təklifi çərçivəsində Azərbaycan Hökuməti 6 sentyabr 2019-cu il tarixli bəyannamə ilə iddiaçının Konvensiya ilə zəmanət verilən hüquqlarının pozulması ilə bağlı faktın müəyyən edildiyini bildirib. Bəyannamənin 2-ci bəndində Hökumət iddiaçıya dəymiş maddi və mənəvi zərəri, eləcə də xərcləri qarşılamaq üçün 3.000 (üç min) avro, o cümlədən həmin məbləğ üzrə ondan tutulacaq vergini ödəməyə hazır olduğunu bəyan edib və Məhkəməyə Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndi üzrə müraciəti işlər siyahısından çıxarmağı təklif edib. AİHM-in 30 yanvar 2020-ci il tarixli qərarının 1-ci bəndində Azərbaycan Respublikası Hökumətinin birtərəfli qaydada bəyannamə yolu ilə iddiaçının Konvensiya ilə zəmanət verilən hüquqlarının pozuntusunu tanıdığını etiraf etdiyi qeyd edilib. AİHM-in 30 yanvar 2020-ci il tarixli qərarından sonra hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu iddiaçı ilə bağlı ölkədaxili məhkəmələr tərəfindən qəbul edilmiş qərarlara yenidən baxıb. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 12(102)-3(a)/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 08 dekabr 2009-cu il tarixli qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il qərarı iddiaçının Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə Sumqayıt Apeliyasiya Məhkəməsində yeni apeliyasiya baxışına təyin olunması qərara alınıb. Sumqayıt Apeliyasiya Məhkəməsinin Cinayət Kollegiyasının l(105)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü iddiaçının Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilib, iddiaçıya qarşı irəli sürülmüş CM-nin 234.4.3-cü maddəsinə dair ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilib. Qərara əsasən Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun 18 iyun 2007-ci il tarixdə iddiaçının yaşadığı ünvan 1 ünvanında keçirilmiş axtarış zamanı aşkar edilməsi güman edilən bir ədəd selofan bükülüdə olan ümumi xalis çəkisi 100,171 qram olan külli miqdarda narkotik vasitə heroinin kimə məxsus olması, həmin narkotik vasitənin iddiaçının yaşadığı ünvanda yardımçı tikiliyə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qət edilib. Həmçinin iddiaçıya pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilib. İddiaçı təhqiqat və istintaq orqanının qanunsuz hərətəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya almalıdır. Odur ki, o, məhkəməyə müraciət edir. İddiaçı ali təhsilli hüquqşünasdır, 1982-ci ildən etibarən polis orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən müstəntiq, istintaq bölməsinin rəisi, Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional şöbəsinin rəisi, həbsindən əvvəl son 2 ildə isə Nəqliyyatda Baş Polis İdarəsinin Sumqayıt Xətt Məntəqəsinin rəisi vəzifəsində işləyib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə uğurlu nəticələrinə görə dəfələrlə mükafatlandırılıb, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 iyun tarixli 867 saylı Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib, polis polkovniki rütbəsində olub. Müharibə veteranıdır. İbtidai istintaq orqanı tərəfindən ona elan edilən ittihama görə, o, guya külli miqdarda, yəni ümumi xalis çəkisi 100,171 qram olan narkotik vasitə-heroini istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyıb və saxlayıb, istintaqa məlum olmayan vaxtda və şəraitdə 10 ədəd saxta 100 ABŞ dollarlıq əskinaslarını əldə edib və saxlayıb. 2007-ci ilin iyunun 18-də səhər saat 6 radələrində 30 nəfərə yaxın mülki və qara komuflyajlı, avtomatla silahlanmış maskalı şəxslər iddiaçının yaşadığı Abşeron rayonunun Saray kəndindəki həyət evinə hücum ediblər. Həyət bayır hissədən də silahlı və maskalı şəxslər tərəfindən mühasirəyə alınıb. Daha sonra iddiaçı azyaşlı oğlu Vüsalla birlikdə başına torba keçirilərək, hamının gözü qarşısında yaşadıqları evdən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına aparılıb, təxminən 8 saat orada saxlandıqdan sonra onun barəsində şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edilib və MTN-in istintaq təcridxanasına yerləşdirilib. Keçmiş MTN-in itsintaq təcridxanasında iddiaçıya davamlı fiziki zorakılıq və mənəvi təzyiqlər edilib, ondan Abşeron rayonunun həmin vaxt icra başçısı olan Zakir Fərəcovun həyatına sui-qəsdin hazırlanmasında iştirakını etiraf etməsi tələb edilib. Həmin vaxt iddiaçıda şəkər xəstəliyi yaranıb. Sonradan yerli məhkəmələr tərəfindən iddiaçı həmin qanunsuz və saxta ittihamlar əsasında əvvəl 11, daha sonra 9, ən sonda isə 7 (yeddi) il azadlıqdan məhrum edilib və sonuncu 7 il müddətini günəgün çəkərək, azadlığa çıxıb. İddiaçının yaşadığı Saray qəsəbəsi balaca qəsəbədir, qəsəbənin demək olar ki, bütün sakinləri onu tanıyır. Uzun illər polis orqanlarında qüsursuz işlədiyindən qəsəbə daxilində böyük nüfuza malik olub. Onun qəsəbədəki evinin mühasirəyə alınması, heç bir zərurət olmadığı halda adi istintaq hərəkəti olan axtarışın çoxsaylı maskalı və atomatlı şəxslərin müşayiəti altında aparılması və onun sonradan azyaşlı oğlu ilə başlarına qara torba keçirilərək aparılması qəsəbə sakinlərinə çox təhlükəli cinayətkar kimi tədim etmək məqsədi güdüb. İddiaçı bildirir ki, 2017-ci ilin iyunun 18-də qanunsuz, insan ləyaqətini alçaldan tərzdə həbs edilməsi və daha sonra yerli məhkəmələrin ədalətsiz hökm və qərarları ilə uzun müddətə azadlıqdan məhrum edilməsi nəticəsində o maddi və mənəvi ziyana məruz qalıb, peşəkar polis karyerasından məhrum edilib. Keçmiş MTN-də ona verilən davamlı işgəncələr nəticəsində onda şəkər xəstəliyi yaranıb. Həbsdə olduğu müddətdə "İİ tip ağır gedişli şəkərli diabet və İ dərəcəli hipertoniya" xəstəliyi proqressivləşib. Həmçinin, həbsdə "xroniki qastrit, xroniki spastik kolit, sidik turşulu diatez və xoriniki prostatik" xəstəliklərinə tutulub, cəza çəkdiyi müddətdə xəstəlikləri kəskinləşdiyi üçün dəfələrlə stasionar müayinə və müalicə olunması üçün Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib, qalan dövrdə isə ambulator müalicə alıb. Uzun müddətə azadlıqdan məhrum olunduğu müddətdə özü və ailəsi gərgin stress və sarsıntı keçirib. Azadlığa çıxdıqdan sonra mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalında müalicələr alıb. Belə ki, o, xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixədək həmin hospitalın nevrologiya şöbəsində müalicə alıb. Ona qoyulan diaqnoz "baş beyin qan dövranının kəskin pozğunluğu, sağ tərəfli hemiparez, şəkərli diabet tip 2, hipertoniya xəsətəliyi İİ mərhələ" olub. Eyni hospitalda xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixədək nevrologiya şöbəsində müalicə alıb. İddiaçıya bu dəfə qoyulmuş diaqnoz isə "Sol orta beyin arteriyası hövzəsində keçirilmiş insultun qalıq əlamətləri. Sağ tərəfli hemiparez. Motor afaziya elementləri ilə. Hipertoniya xəstəliyi İİİ mərhələ. Dissirkulyar ensefalopatiya İİ mərhələ" olub. xx.xx.2021- xx.xx.2021-ci il tarixləri aralığında isə iddiaçı sözügedən hospitalda "Beyni infarktının nəticələri (əsas diaqnoz), keçirilmiş işemik insultdon sonrakı vəziyyət. Sağ tərəfli hemiparez" və xəstəliklə yanaşı gedən "insultdan asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskieroz. Hipertoniya xəstəliyi İİİ" və s. xəstəliklərindən müalicə alıb. Bu səbəbdən, iddiaçı ona vurulmuş mənəvi zərəri 250.000 (iki yüz əlli min) manat məbləğində qiymətləndirir. Bundan başqa, o, ona vurulmuş maddi ziyana görə kompensasiyanı belə əsaslandırır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin.14 yanvar 2008-ci il tarixli.Ə78ş/h nömrəli əmri ilə iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə müvafiq olaraq xidmətdən xaric edilib. Əsas kimi sözügedən Əsasnamənin 135-ci maddəsinin 3-cü bəndi əsas götürülüb. Həmin bənd cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olduğuna görə xidmətdən xaric edilməni nəzərdə tutur. Həmin vaxt onun aylıq əmək haqqı 363 (üz yüz altmış üç) manat 20 (iyirmi) qəpik təşkil edib, iddiaçı həbs ediləndən sonra 2007-ci ilin iyul-2008-ci ilin yanvar ayları üçün (cəmi 7 ay) əmək haqqını almayıb. Bu isə 2542 (iki min beş yüz qırx iki) manat 40 (qırx) qəpik təşkil edir (7 ay x 363,20=2542,40). Bundan başqa, o, 2011-ci ilin yanvar ayında xidmət haqqının son yaş həddinə görə təqaüdə çıxmalı idi. Ancaq, iddiaçı 2008-ci ilin yanvar ayında xidmətdən xaric edilib. Bu isə 3 il üçün 13,075 (on üç min sıfır yetmiş beş) manat 20 (iyirmi) qəpik edir (36 x 363,20=13,075 manat 20 qəpik). İddiaçı ibtidai istintaqda və məhkəmə prosesləri dövründə 8 vəkillə təmsil olunub. Həmin vəkillərdən birinin-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Azər Əzizovun verdiyi elektron ödəniş qəbzindən görünür ki, iddiaçı onun sonuncu məhkəmə prosesində-Sumqayıt Apellyasiya Məhkəməsində müdafiəsinin həyata keçirilməsi üçün 112,11 manat (yüz on iki manat on bir qəpik) ödəyib. Digər vəkillərin ödəniş qəbzləri olmadığından sonuncu qəbzlə hesabladıqda bu, ümumi 896 manat 88 qəpik edir. Bundan başqa, qanunsuz həbsindən sonra onda şəkər xəstəliyi yaranıb və bu xəstəlik proqressivləşib. İddiaçı 2010-cu il 14 avqust tarixindən etibarən bu vaxta qədər şəkər xəstəliyi ilə əlaqədar hər ay müntəzəm dərmanlar qəbul edir. Həmin dərmanlar aşağıdakılardır: Janumet 50/100 mq-38 manat; Tresiba (insulin iynəsi) 31 manat; Kontour plus (şəkər testi) 22 manat (3 aylıq); Tripliksam 5-1.25/10. 28 manat; Kardio maqnil 75 mq. 7 manat; Cəmi hər ay 125 manat edir. 126 x 156 ay (ötən 13 ilin ayları) = 19.656 manat (on doqquz min altı yüz əlli altı). Bundan başqa, iddiaçı 23 may 2016-cı ildən DİN-in A.Heydərov adına hospitalında keçirdiyi insult xəstəliyinə görə müalicələr alır. İldə 2 dəfə olmaqla müalicə kursu keçir. Müalicə kursuna aşağıdakı dərmanlar daxildir: Cerobrolizin (iynə)-93 manat 52 qəpik; Somazin (iynə)-53 manat 32 qəpik; Kentron (iynə)-58 manat 80 qəpik; Lipson forte (iynə)-47 manat 52 qəpik; ATF (iynə)-28 manat 41 qəpik; Vitamin B 6 (iynə)-12 manat; Cerebrovin (tabletka)-61 manat; Natriya xlorid-spris-9 manat 73 qəpik; cəmi 7 il üçün 6 aydan bir olmaqla (cəmi 14 dəfə) müalicə kursu üçün aşağıdakı məbləğ ortaya çıxır: 364 manat 30 qəpik xl4=5.100 (beş min yüz) manat 20 (iyimi) qəpik. Bu isə cəmi müalicə xərcləri üçün 24.756 (iyirmi dörd min yeddi yüz əlli altı) manat 20 (iyirmi) qəpik edir (19656+5.100=24.756 manat 20 qəpik). Beləliklə, müddi ziyan xərci bütövlükdə 41,370 manat, 48 qəpik edir (2542 manat 40 qəpik +13,075 manat 20 qəpik+896 manat 88 qəpik+19.656 manat+5.100 = 41,370 manat, 48 qəpik). İddiaçının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsi hüququnun olması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 68-cı maddəsindən, İnsan hüquqlarının və X6 haqqında Konvensiyanın (bundan sonra Konvensiya) 5-ci maddəsindən, Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra AİHM) president qərarlarından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 36 cı maddəsi, V və XX fəslindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1001-ci maddəsindən, "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunundan, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarından, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105) 29/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından irəli gəlir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək maddi zərərə görə 42445,06 manat, mənəvi zərərə görə 250.000 manat məbləğində pulun dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi, azadlıqdan məhrum olunduğu və azadlığının məhdudlaşdırıldığı 7 il müddətin onun iş stajına əlavə olunması və pensiyanın yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(006)- 2190/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən maddi ziyana görə 18.801,72 (on səkkiz min səkkiz yüz bir manat, yetmiş iki qəpik) manat, mənəvi zərərə görə 71.300 (yetmiş bir min üç yüz) manat, ümumilikdə 90.101,72 (doxsan min yüz bir manat, yetmiş iki qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 71.300 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab etmişdir. Belə ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi cəzaçəkmə müəssisəsində (66 ay), xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi isə məntəqə tipli cəzaçəkmə müəssisəsində (4 ay) olmuş, daha sonra iddiaçı xx.xx.2013-cü il tarixli qərarla cəzasının çəkilməmiş qalan 1 il 1 ay 24 günündən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı həbs olunana qədər Nəqliyyatda Baş Polis İdarəsi Sabunçu XPŞ Sumqayıt XPM-nin rəisi vəzifəsində çalışmış, işlədiyi müddətdə aylıq əmək haqqı 363,20 manat məbləğində olmuşdur. İddiaçının 2007-ci ilin iyun ayından qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyi nəzərə alınsa, o zaman 2007-ci ilin iyul ayının 1-dən 2008-ci ilin iyul ayının 1-nə kimi, (əmək pensiyası hesablanana qədər), yəni 12 aylıq əmək haqqı (12x363,20=4358,40 manat) təşkil etməkdədir. Odur ki, iddiaçıya ödənilməyən 4358.40 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı 2008-ci il tarixdə xidmətdən xaric edilərək təqaüdə göndərilsə də, ona yalnız xx.xx.2008-ci il tarixdən etibarən əmək haqqı 100 faiz məbləğində deyil, 92 faiz məbləğində pensiya təyin edilmişdir. Qanunsuz cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməyi nəticəsində ona 100 faiz deyil, 92 faiz təqaüd təyin edilmişdir. Bu da 15 il ərzində ona təqaüdünün 8 faizlik kəsrlə ödənilməsinə səbəb olmuşdur. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli pensiya məbləğinin hesablanması haqqında məktubuna əsasən iddiaçıya ödənilməli olan 15 il müddət üçün kəsir məbləği, yəni 12433,60 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir. Eyni zamanda, iş materiallarında olan sənədlərdən və satış çeklərindən görünür ki, iddiaçı qanunsuz olaraq həbs edildiyi müddətdə müalicə kursları keçmiş və çox sayda dərmanlar almışdır. Satış çekləri ilə sübut olunur ki, iddiaçı tərəfindən dərmanlara ümumilikdə 1112.84 manat məbləğdə pul vəsaiti xərclənmişdir. Həmçinin, məhkəmə iddia tələbinin vəkil xərclərinin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı hüquqlarının müdafiəsi üçün vəkillərlə təmsil olunmuş və vəkil xərcləri ödəmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən vəkil xərci olaraq ödənilən 896,88 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab etmişdir ki, iddia tələbi “maddi ziyanın ödənilməsi hissəsində” əsaslıdır və qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyanın əvəzi kimi cəmi 18801,72 manat məbləğində pul vəsaiti tutulmalıdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin Maliyyə Nazirliyinə münasibətdə mümkünsüz hesab edilərək rədd olunması xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya qarşı baş verən kütləvi qanunsuzluqlar, mənəvi və fiziki zorakılıqlarla müşayiət olunub, o, peşəkar və yüksək çinli polis karyerasından da məhrum olunub, sağlamlığında ciddi və aradan qaldırılması mümkün olmayan problemlər yaranıb. Bu baxımdan 250.000 manat ona vurulmuş mənəvi ziyanın cüzi bir hissəsi belə deyildir. Məhkəmənin mübahisləndirilən qətnaməsindən onun bu məbləği “çox olmaqla real qiymətləndirməməsi”nin səbəbləri aydın olmur. İddiaçının cavabdehdən tələb etdiyi 42445,06 (qırx iki min dörd yüz qırx beş manat, sıfır altı qəpik) manat maddi zərərin isə yalnız 18801,72 manat hissəsi təmin edilib. Məhkəmə maddi zərərin müayinə və müalicə xərci üçün tələb olunan hissəsinin, yəni 24756,20 manatın yalnız cüzi bir hissəsini 1112.84 manatını təmin edib. Məhkəmə müalicə xərclərinin qalan hissəsini təmin etməməsini satış çeklərinin olmaması ilə əsaslandırıb. Halbuki, satış çeklərinin olmaması iddiaçının qanunsuz olaraq həbs edildiyi müddətdə müalicə kursları keçməsini və çox sayda dərmanlar almasını və qəbul etməsini inkar etmir. Bununla da məhkəmənin müayinə və müalicə üçün faktiki olaraq çəkilmiş 23643,36 manatı təmin etməməsi qanunsuz və əsassız olub. İddiaçı bildirir ki, o, istintaq və məhkəmə orqanlarının səhvi ucbatından xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi cəzaçəkmə müəssisəsində (66 ay), xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi isə məntəqə tipli cəzaçəkmə müəssisəsində (4 ay) qanunsuz olaraq həbsdə olub. Bu müddət ərzində o, güclü mənəvi iztirab və sarsıntı keçirib, ağır xəstəliyə düçar olub. Məhkəmənin təyin etdiyi maddi ziyana görə 18.801,72 (on səkkiz min səkkiz yüz bir manat, yetmiş iki qəpik) manat, mənəvi zərərə görə 71.300 (yetmiş bir min üç yüz) manat, ümumilikdə 90.101,72 (doxsan min yüz bir manat, yetmiş iki qəpik) manat məbləği bu iztirab və sarsıntıların əvəzini ödəmək üçün yetərli deyil. Bu səbəbdən də iddiaçının cavabdeh orqandan tələb etdiyi mənəvi və maddi zərərin qalan hissəsi – müvafiq olaraq mənəvi zərərə görə 178.700 manat və maddi zərər görə isə 23643,36 manat da təmin edilməlidir. Cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü və 1101-ci maddələrinin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 386 nömrəli Fərmanında da bunun bağlı hər hansı müddəa müəyyən edilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi hər hansı bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə borcludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmələrdir (hakimlərdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində dövlət orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlətin adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamışdır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 71.300 manat müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin mövqeyi “mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Belə ki, iddiaçı 2013-cü ildə şərti olaraq vaxtından əvvəl azadlığa çıxmış və həmin dövrdə məhkəmə təcrübəsində kompensasiyanın məbləği mənəvi ziyana görə 300-500 manat civarında müəyyən edilirdi. Eyni zamanda mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əsassız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir. Həmçinin, maddi ziyanla bağlı məhkəmə tərəfindən tam mötəbər (rəsmi) sənədlərə istinad edilməmişdir ki, bu hal da maddi ziyan hissəsinin tam əsaslı olmamasına dəlalət edir. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, digər tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin edilməyən maddi və mənəvi ziyan hissəsində, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Cinayət Prosessual Məcəllə: 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. Bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.

Mülki Məcəllə:

21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı.

“İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyatorların apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi cəzaçəkmə müəssisəsində (66 ay), xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi isə məntəqə tipli cəzaçəkmə müəssisəsində (4 ay) olmuş, daha sonra iddiaçı xx.xx.2013-cü il tarixli qərarla cəzasının çəkilməmiş qalan 1 il 1 ay 24 günündən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hazırda iddiaçı azadlıqdan məhrumetmə yerində saxlanılması ilə ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır mənəvi, eləcə də maddi ziyan vurulmasını iddia edərək vurulmuş mənəvi zərərə görə 250.000 manat məbləğinin cavabdehdən alınaraq ona ödənilməsini iddia etmiş, birinci instansiya məhkəməsi isə iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Apellyasiya şikayətində isə iddiaçı qeyd etmişdir ki, ona qarşı baş verən kütləvi qanunsuzluqlar, mənəvi və fiziki zorakılıqlarla müşayiət olunub, o, peşəkar və yüksək çinli polis karyerasından da məhrum olunub, sağlamlığında ciddi və aradan qaldırılması mümkün olmayan problemlər yaranıb. Bu baxımdan 250.000 manat ona vurulmuş mənəvi ziyanın cüzi bir hissəsi belə deyildir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı müəyyən müddət ərzində polis orqanlarında və müxtəlif instansiya məhkəmələrində cinayət təqibinə məruz qalması zamanı əsəb və stress keçirməsi, mənəvi iztirablara məruz qalması nəticəsində ona mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmamışdır. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 71.300 manat həcmində təmin olunması barədə gəldiyi nəticə ədalətli olmaqla işin faktiki hallarına uyğun olmuşdur. İddiaçı apellyasiya şikayətində həmçinin iddia tələbinin – maddi ziyanın tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Məhkəmə kollegiyası iddia tələbinin maddi ziyanın tutulmasıilə bağlı hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, satış çeklərinin olmaması iddiaçının qanunsuz olaraq həbs edildiyi müddətdə müalicə kursları keçməsini və çox sayda dərmanlar almasını və qəbul etməsini inkar etməməsi iddianın bu hissəsinin tam təmin edilməsinə əsas vermir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 1 iyul 2000-ci il). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona dəymiş maddi ziyanın məbləğinin iddia tələbində göstərilən məbləğdə olması barədə mötəbər sübutlarını təqdim etməmişdir. Həmçinin iddiaçı özü apellyasiya şikayətində qeyd etmişdir ki, dərmanların alınması və müalicə kurslarından keçməsini təsdiq edən – təqdim edilmiş sənədlərdən başqa hər hansı sübutu olmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin müzakirə edilən dəlili də əsassız olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini də əsassız sayır və hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 71.300 manat məbləğində pul iddiaçının xeyrinə ödənilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması (həbsdə qalması, məhkəmə çəkişmələrinə cəlb edilməsi) faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq azadlıqdan məhrum olunmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla həmin məbləğin hər ay üçun 1000 manat olmaqla 71300 manat məbləğində müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Bu baxımdan, məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirməsini əsaslı, cavabdehin bu hissədə apellyasiya şikayətinin dəlillərini isə əsassız sayır. Kollegiya apellyasiya şikayətinin mənəvi zərərin müəyyən edilməsi ilə bağlı iddiaçının 2013-cü ildə şərti olaraq vaxtından əvvəl azadlığa çıxmış və həmin dövrdə məhkəmə təcrübəsində kompensasiyanın məbləği mənəvi ziyana görə 300-500 manat civarında müəyyən edilməsinə dair dəlilinə qiymət verərək hesab edir ki, apellyator bu dəlili ilə yanakı da olsa iddiaçıya mənəvi zərər vurulmasını bir növ təsdiq edir, lakin ona ödənilməli olan məbləğlərin qeyd edilən məbləğ əsasında müəyyən olunmağını bildirir. Məhkəmə kollegiyası hesab edir ki, ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq azadlıqdan məhrum olunmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərinə qiymət verməkdə davam edərək hazırki işin faktiki hallarına (iddiaçının iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa ciddi xəsarət yetirilməsi) baxaraq bir daha qeyd edir ki, birinci instansiya məhkəməsi formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq düzgün mövqeyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin Mülki Məcəlləsinin 1101-ci maddəsini tətbiq edərkən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunmasına dair dəlillərinə qiymət verərək əsassız sayır. Belə ki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normanı tətbiq edərkən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə birinci instansiya məhkəməsində cəlb olunmadıqları üçün, onların təqsirinin müəyyən edilməsi mümkün olunmamışdır. Cavabdeh bu halla nə birinci instansiya məhkəməsinə, nə dəki apellyasiya instansiyası məhkəməsinə vəsatətlə müraciət edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı həbs olunana qədər Nəqliyyatda Baş Polis İdarəsi Sabunçu XPŞ Sumqayıt XPM-nin rəisi vəzifəsində çalışmış, işlədiyi müddətdə aylıq əmək haqqı 363,20 manat məbləğində olmuşdur. İddiaçının 2007-ci ilin iyun ayından qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyi nəzərə alınsa, o zaman 2007-ci ilin iyul ayının 1-dən 2008-ci ilin iyul ayının 1-nə kimi, (əmək pensiyası hesablanana qədər), yəni 12 aylıq əmək haqqı (12x363,20=4358,40 manat) təşkil etməkdədir; Digər tərəfdən iddiaçı 2008-ci il tarixdə xidmətdən xaric edilərək təqaüdə göndərilsə də, ona yalnız xx.xx.2008-ci il tarixdən etibarən əmək haqqı 100 faiz məbləğində deyil, 92 faiz məbləğində pensiya təyin edilmişdir. Qanunsuz cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməyi nəticəsində ona 100 faiz deyil, 92 faiz təqaüd təyin edilmişdir. Bu da 15 il ərzində ona təqaüdünün 8 faizlik kəsrlə ödənilməsinə səbəb olmuşdur. Odur ki, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli pensiya məbləğinin hesablanması haqqında məktubuna əsasən iddiaçıya ödənilməli olan 15 il müddət üçün kəsir məbləği, yəni 12433,60 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir. Eyni zamanda, iş materiallarında olan sənədlərdən və satış çeklərindən görünür ki, iddiaçı qanunsuz olaraq həbs edildiyi müddətdə müalicə kursları keçmiş və çox sayda dərmanlar almışdır. Satış çekləri ilə sübut olunur ki, iddiaçı tərəfindən dərmanlara ümumilikdə 1112.84 manat məbləğdə pul vəsaiti xərclənmişdir. Həmçinin, iş materiallarından göründüyü kimi iddiaçı hüquqlarının müdafiəsi üçün vəkillərlə təmsil olunmuş və 896,88 manat məbləğində pul vəsaiti vəkil xərcləri ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi “maddi ziyanın ödənilməsi hissəsində” qismən - cavabdehdən iddiaçının xeyrinə maddi ziyanın əvəzi kimi cəmi 18801,72 manat məbləğində pul vəsaitinin tutulması barədə düzgün nəticəyə gəlmişdir. Beləlikdə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət məsuliyyətinə əsassız və qanunsuz olaraq cəlb olunması ilə məhkum olunması təqsirin sübuta yetməməsi əsası - İddiaçı qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə dair ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə təsdiqlənmişdir. Məhkəmə kollegiyası həmçinin şikayətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101-ci maddəsində konkret dövlət büdcəsi nəzərdə tutulmamasına dair dəlili ilə bağlı qeyd edir ki, dövlətin səlahiyyətlərini Maliyyə Nazirliyinin həyata keçirilməsi qanunvericiliklə tənzimlənir. Belə ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Cavabdehin apellyasiya şikayəti ilə bağlı kollegiya qeyd edir ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(006)- 2190/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar