Məhkəmə qərarları › İş №2(103)-6957/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6957/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6957/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “deliktdən yaranmış öhdəlik və ziyanın tələbi” ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-71/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş ÖM seriyalı 058585 №-li Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 9 saylı evin 14 saylı mənzili İddiaçı adına 1125 saylı reyestr kitabında 30/118935 nömrə ilə qeydiyyata alınmışdır.

2. Fotoşəkillərdən mənzilin tavanında və divarlarında su sızmaların olduğu görünür.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli, 10/3337 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 9 saylı evin 14 saylı mənzilin yaşayış otağı tikilisinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq sözügedən mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 9 saylı evin 16A saylı mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamış, bu səbəbdən də su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 9 saylı evin 14 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1002,0 manat məbləğində müəyyən olunmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2023-cü il tarixli, 10/7298 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 9 saylı evin 16A saylı mənzilinə baxış keçirilən zaman sözügedən mənzilin su-kanalizasiya xətlərinin üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 14 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 14 saylı mənzilə su sızması 16 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin 12,5 kv.m olan köməkçi sahəsinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 1071 manat 60 qəpik pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Suraxanı rayonu Bül-bülə qəsəbəsi Caparidze küçəsi ev 9 mənzil 14-ün sahibidir. 13 fevral 2022-ci il tarixdə onun mənzilindən bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində mənzilinin 12,5 kv m olan yeni təmirdən çıxmış köməkçi sahəsinin tavanı və divarı yararsız hala düşmüşdür. Onun mənzilindən yuxarıda 16 №li mənzildə Cavabdeh yaşayır. Baş verənlərin səbəbi Cavabdeh oğlu mənzilə su tökülməməsi üçün, su tökülməsi ehtimal olunan yerlərə su keçirməyən tikinti materiallarından istifadə etməmiş, keyfiyyətsiz borulardan və bağlama qurğulardan istifadə etməsi, eləcədə təmirdə peşəkarlığı olmayan şəxslərdən istifadə etməsidir. Cavabdehin təqsiri nəticəsində onun mənzilinin köməkçi sahəsinin tavanının alçipanı və divarının kağızları, onlara bitişik tikinti materialları tam yararsız hala düşmüşdür. Korlanmış tavan və divarların şəkilləri çəkilmiş, maddi sübut kimi materiala əlavə olunmuşdur. Cavabdehin təqsiri nəticəsində korlanmış sahəni əvvəlki vəziyyətə gətirmək üçün 1071 manat 60 qəpik məbləğində təmir bərpa işlərinin aparılması lazımdır. Təmir bərpa işləri üçün lazım olan tikinti materialları və onların dəyəri materiala əlavə olunur. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-71/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim X1) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1002 (bir min iki) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün Cavabdeh 30,02 (otuz manat iki qəpik) manat məbləğində pulun tutularaq Dövlət Büdcəsinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması müəyyən edilmişdir. Cavabdeh ekspertiza rəyi ilə razılaşmayaraq iddiaçının mənzilinə suyun onun mənzilindən axıdılmasını inkar etsə də, işdə olan sübutlarla (ekspertiza rəyi, şəkillər və s.) suyun məhz cavabdehə məxsus yaşayış sahəsindən axması müəyyən olunmuş, cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. İlkin ekspertiza rəyində cavabdehin mənzilinin qapısı bağlı olduğu üçün cavabdehin mənzilinə baxış keçirilməsinin mümkünsüzlüyü qeyd olunsa da, ekspertizanın keçirilməsinin vaxtı və yeri barədə hər iki tərəfə müvafiq bildiriş göndərilmiş, lakin ekspertiza zamanı cavabdehin mənzilinin qapısı bağlı olmuşdur. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1111.2-ci maddəsinin tələbinə əsasən cavabdeh onun mənzilinin altında yerləşən iddiaçının mənzilinə su axıdılmasına görə məsuliyyətdən azad olunması üçün zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etmə vəzifəsi daşıyır. Cavabdeh isə qeyd olunan faktı inkar edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, işdə olan ekspertiza rəyləri, fotoşəkillər və digər sübutlarla iddiaçı tərəfə məxsus mənzilə su axıdılması nəticəsində mənzilin divarına, tavanına və s. zərər dəyməsi faktı müəyyən edilmişdir. Dəymiş zərərin məbləğinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, iddiaçının evinə cavabdehin evindən su sızması nəticəsində ona dəymiş maddi zərər ekspert rəyinə əsasən 1002 manat məbləğində qiymətləndirilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 1097.1–ci, 1111-ci, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü, 218-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ekspertizanın rəyi ilə razılaşmamışdır. Belə ki, ekspert iddiaçıya dəstək nümayiş etdirərək yalan rəy vermiş, məhkəmə isə onun qeyd etdiyi dəlilləri araşdırmadan həmin əsassız rəyi sübut kimi qəbul edərək, mənzilə vurulan zərərin məbləğini iki qatdan da, artıq hesablanmasını ifşa etməyərək qanunsuz, əsassız və ədalətsiz nəticəyə gəlmişdir. Göründüyü kimi ekspert mənzilin ölçülərində sadə riyazı hesablamaları düzgün hesablamamış və bundan əlavə divarlardan boya qatının qaşınması və sonradan həmin divarlara boya qatını ilə birlidə divar kağızının vurulmasına dair şişirdilmiş smeta tərtib etmişdir. Bundan əlavə ekspert suyun onun mənzilindən sızmasını müəyyən etməmiş və etimal etmişdir ki, 14 saylı mənzilə su sızması 16 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Halbuki, ekspert eksprement keçirərək suyun sızma səbəblərini müəyyən edə bilərdi. Digər tərəfdən iddiaçının mənzilinə baxış keçirərkən onun iştirakını təmin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

e) Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Hazırkı mülki işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılmasının mümkün olması müəyyən edilmişdir. Cavabdeh ekspertiza rəyi ilə razılaşmayaraq iddiaçının mənzilinə suyun onun mənzilindən axıdılmasını inkar etsə də, işdə olan sübutlarla (ekspertiza rəyi, şəkillər və s.) suyun məhz cavabdehə məxsus yaşayış sahəsindən axması müəyyən olunmuş, cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1111.2-ci maddəsinin tələbinə əsasən cavabdeh onun mənzilinin altında yerləşən iddiaçının mənzilinə su axıdılmasına görə məsuliyyətdən azad olunması üçün zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etmə vəzifəsi daşıyır. Cavabdeh isə qeyd olunan faktı inkar edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, işdə olan ekspertiza rəyləri, fotoşəkillər və digər sübutlarla iddiaçı tərəfə məxsus mənzilə su axıdılması nəticəsində mənzilin divarına, tavanına və s. zərər dəyməsi faktı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə su axıdılması nəticəsində iddiaçıya maddi ziyan dəyməsi iş materialları ilə sübuta yetirilmişdir.

22. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzi kimi 1002 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsini qət etmiş, qalan hissədə iddia təmin edilməmiş, İddiaçı isə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.

23. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 9 saylı evin 14 saylı mənzilə həmin mənzilin üstündə yerləşən, cavabdehə məxsus 16A saylı mənzildən su axması nəticəsində iddiaçıya maddi zərər vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissədə iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının mülkiyyətində olan mənzilə ziyan vurmadığını bildirsə də, ziyanın vurulması məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə sübuta yetirilmişdir.

24. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə almaqla belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

25. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 1002 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

26. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-71/2023 nömrəli, 13 aprel 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar