Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6959/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X28 oğlunun katibliyi, İddiaçı Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin nümayəndəsi X7 və X18, Cavabdeh X8 nümayəndəsi və vəkili X13, Maraqlı şəxs “xxxx” QSC-nin nümayəndəsi X19 və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3667/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti cavabdeh X10 qarşı vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxnin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olıınmuş “xxxx Xətlərinin X22” və “xxxxn 2011-2015-ci illərdə İnkişafına dair Dövlət Proqramı”nda İİİ yeni (Bənövşəyi) xəttin “Xocəsən” elektrik deposu, “Avtovağzal”, B-02, B-03, B-04 stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində Biləcəri Heybət mənzilindən “Xocəsən” elektrik deposuna çəkilməsi nəzərdə tutulan dəmir yol xəttinin tikintisinin layihələndirilməsi məqsədi ilə xx.xx.2011-ci il tarixli 357 saylı Sərəncamla 23,7 ha torpaq sahəsinə bitişik 2,466 ha torpaq sahəsi “xxxx” QSC-nin daimi istifadəsinə ayrılmışdır. “xxxx” QSC Azrbaycan Respublikasının Baş Nazirinin müavininə xx.xx.2016-cı il tarixli 40N-10/2-66 saylı məktubla müraciət edərək, Cəmiyyətin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlirkdə “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərindəki evlərin saxlanması və ya köçürülməsi haqqında Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy əsasında müvafiq göstəriş verilməsini xahiş etmişdir. “xxxx” QSC-nin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə “Xocəsən- Avtovağzal” mənzil tunellərinin üzərindəki evlərin köçürülməsi haqqında Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy əsasında tunellərin tikintisi ilə bağlı aparılan işlər tunellərin üstündə tikilmiş fərdi yaşayış evlərində qəzalı vəziyyətin yaranması, qatarların hərəkətindən yaranmış dinamik zərbələrin, titrəmənin yer səthinə ötürülməsi nəticəsində fərdi yaşayış evlərində mənfi fəsadlar yaratdığından həmin fərdi yaşayış evləri müstəqil ekspertlər “xxxx” MMC tərəfindən qiymətləndirilmişdir. Azərbaycan Respublikası Baş Nazirinin müavininin xx.xx.2016-cı il tarixli 17/3800-12 saylı dərkənarı ilə ödənilərək, köçürülmə işlərinin təmin olunması Binəqədi Rayon İcra Hakimiyyətinə, köçürülməsi nəzərdə tutulmuş obyektlərin sahiblərinə kompensasiya ödənilməsi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin bank hesabına 4368758,0 manat ödənilməsinin təmin olunması və köçürülmə ilə əlaqədar tələb olunan sənədlərin Maliyyə Nazirliyi ilə razılaşdıraraq Rayon İcra Hakimiyyətinə təqdim olunması isə “xxxx” QSC-yə tapşırılmışdır. Köçürülməsi nəzərdə tutulan fərdi yaşayış evlərinin hər kv.m. 500-600,0 manat, əlavə 20% və yardımçı sahələrə 20-200,0 manat məbləğində kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Kompensasiyanın ödənilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti siyahı üzrə evlərin faktiki sahibləri ilə notarial qaydada müqavilə bağlayaraq vəsaitləri onların “xxxx” ASC-nin Binəqədi filialında açılmış hesablaşma-hesablarına köçürmüşdür. Aparılan qiymətləndirmə zamanı X5 ətraf tikililəri ona məxsus olan tikililər kimi qeyd etdirərək, qiymətləndirmə hesabatında A, B və C tikililəri kimi göstərilmiş əraziyə ödənilməli vəsaitin alınması məqsədilə oğlu X10 xx.xx.2016-cı il tarixli etibarnamə vermişdir. Verilmiş etibarnamə əsasında Zahid Allahverdiyev xx.xx.2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti ilə alqı-satqı müqaviləsi bağlamış və Dövlət büdcəsindən kompensasiya formasında 154710,00 manat məbləğində vəsait “xxxx” ASC-nin Binəqədi filialında açılmış hesablaşma-hesabına köçürülmüşdür. X2 nümayəndəsi X14 154710,00 manat məbləğində vəsaiti “xxxx” ASCnin Binəqədi filialında açılmış hesablaşma-hesabından almışdır. Sonradan iddiaçı X21 Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq mərhum X5 tərəfindən özünün evinin yardımçı sahəsi kimi göstərilmiş 98,37 kv.m. tikilinin onun fərdi yaşayış evinin olmasını iddia etmişdir. X14 məhkəmədə ifadələr verərək bu faktı təsdiq etmişdir. Həmçinin, digər mənbələrdən aparılmış araşdırma zamanı yardımçı sahə kimi qeyd olunmuş 98,37 kv.m tikilinin 2010-cu ildən iddiaçı X15 istifadəsində olması və Allahverdiyevlər ailəsinə hər-hansı bir aidiyyətinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3886/18 saylı xx.xx.2018-ci il tarixli Qərarına əsasən iddiaçı X15 iddia tələbi təmin edilərək, ona məxsus evin “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərindəki köçürülməsi nəzərdə tutulan evlərin siyahısından çıxarılması qərara alınmış və qərar hüquqi qüvvəsini almışdır. Məhkəmə çəkişməsi zamanı müəyyən olunmuş faktlara görə “xxxx” QSC Binəqədi Rayon İcra Hakimiyyətinə 40N-10/3-243 saylı xx.xx.2019-cu il tarixli məktubla müraciət edərək, Nazirlər Kabinetinin tapşırığı ilə yaranmış komissiyanın rəyi əsasında “Xocəsən- Avtovağzal” mənzil tunellərinin üzərindəki köçürülməsi nəzərdə tutulan 61 fərdi yaşayış evlərinin müəyyən edildiyi, kompensasiya ödənilərək köçürülməsi məqsədilə kadastr planlarından çıxarışlar hazırlandığını və müstəqil qiymətləndirici tərəfindən vəsaitin hesablandığını, X2 adına rəsmiləşdirilən tikililərdən 98,37 kv.m. sahəsi olan B yardımçı tikilinin onun evinin yardımçı sahəsi kimi göstərdiyini və kompensasiya məbləği olaraq 35413,00 manat məbləğində bu tikili üçün vəsait aldığını bildirmişdir. Qeyd olunan səbəblərə əsasən “xxxx” QSC 98,37 kv.m. sahəsi olan B yardımçı tikiliyə görə X10 artıq ödənilmiş 35413,00 manat məbləğində kompensasiyanın geri alınmasını Rayon İcra Hakimiyyətindən xahiş etmişdir. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyəti cavabdeh X10 02/09-11-32/134 saylı xx.xx.2019-cu il tarixli “Tələbnamə” göndərməklə "xxxx” ASC-nin Binəqədi filialından artıq alınmış 35413,00 manat məbləğində kompensasiya məbləğinin 5 iş günü müddətində geriyə Binəqədi Rayon İcra Hakimiyyətinin hesablaşma hesabına ödənilməsini tələb etmişdir. Lakin cavabdeh Z.Allahverdiyev bu tələbə məhəl qoymamışdır. Qeyd olunanlara əsasən, onlar hazırpkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3667/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia təmin olunmamışdır. İddiaçı Binəqədi rayon icra hakimiyyəti qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12787/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan iddiaçı Binəqədi rayon icra hakimiyyəti kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-2137/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12878/2019 saylı qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellasiya instansiyasına göndərilmişdir. Qətnaməni ləğv edən kassasiya instansiyası məhkəməsi öz qərarında digər məsələlərlə yanaşı, aşağıdakıları qeyd etmişdir: İşdən görünür ki, mərhum Zərifə Allahverdiyeva üçün ayrılmış kompensasiya onun oğlu Zahid Allahverdiyev tərəfindən 2016-cı ilin dekabr ayının 30-da alınmış, Zərifə Allahverdiyeva isə xx xxxxxx 2017-ci il tarixdə, yəni 1 ay 3 gündən sonra vəfat etmişdir. Ödənilən kompensasiyanın ümumi məbləğinin 154.710 manat təşkil etməsi həmin vəsaitin Zərifə Allahverdiyeva tərəfindən qısa bir müddət ərzində xərclənməsi qənaətinə gəlmək üçün əsas vermir. Eləcə də, onun tərəfindən bu müddət ərzində hər hansı bir qiymətli əmlakın əldə edilməsi iş materiallarından görünmür. Bu isə belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, həmin pul başqası tərəfindən ələ keçirilmişdir. İddiaçının qənaətinə görə, mərhum Zərifə Allahverdiyeva həmin pul məbləğinin bankdan götürülməsini oğlu Zahid Allahverdiyevə etibar etdiyi üçün və o, anası ilə birlikdə yaşadığı üçün mirası qəbul etmiş vərəsə kimi pul ondan tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mirası qəbul etməməsi barədə nəticəyə gələrkən Zahid Allahverdiyevin adına vərəsəlik işinin açılmamasına dair AR Ədliyyə Nazirliyinin xx xxx 2019-cu il tarixli məktubuna əsaslanmışdır. Məhkəmə kollegiyası bu zaman nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin norma mirasın faktiki qəbul edilməsi imkanını da nəzərdə tutduğundan, cavabdehin adına vərəsəlik işinin açılmaması iddianın rədd edilməsi üçün əsas verməmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə instansiyaları iddianı əsassız sayarkən mübahisəyə səbəb olmuş pul vəsaitinin taleyi ilə əlaqədar heç bir ciddi araşdırma aparmamış və bu barədə cavabdehə suallar verməklə alınmış kompensasiyanın yoxa çıxmasının səbəblərini aydınlaşdırmamışdır. Anasının ölümündən sonra yoxa çıxmış külli miqdarda kompensasiyanın cavabdeh tərəfindən ümumiyyətlə axtarılmaması və bununla əlaqədar heç bir orqana müraciət olunmaması onun pul vəsaitinin taleyindən xəbərsiz olmasına şübhə yaradır. İş üzrə həqiqətin müəyyən edilməsi üçün zəruri olmasına baxmayaraq kompensasiyanı aldıqdan sonra onu anasına verib – verməməsi, mərhumun ölümünün son günlərini kiminlə yaşaması müəyyən olunmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi «Elektron notariat» informasiya sistemində Zahid Allahverdiyevin adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılmadığı müəyyən edilməməsi səbəbindən iddianı təmin etməmişdir. Hesab edirlər ki, cavabdehə qarşı artıq alınmış 35413,00 məbləğində pulun qaytarılması barədə hazırkı iddia tələbinin rədd edilməsində məhkəmənin əsaslanmış olduğu cavabdeh X8 mərhum anası X2 rəsmi qaydada vərəsəsi olmaması və onun mirasını rəsmi şəkildə qəbul etməməsi iddia tələbinin rədd etməsi üçün əsas ola bilməz. Mirasın qanuni şəkildə qəbul edilməməsi onun ümumiyyətlə qəbul edilmədiyi anlamına gəlmir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri Y.Hüseynov və V.Ələkbərova apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun ifadə verdilər və təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Z.Allahverdiyevin nümayəndəsi və vəkili M.Əliyev apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, X9 altı övladı olmuş və onun ölümündən sonra altı vərəsəsi qalmışdır. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi N.Rəhimzadə və vəkili X6 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 488092 nömrəli etibarnamənin surətindən görünür ki, X5 10 il müddətinə səlahiyyətlərini X10 etibar etmişdir. İş materiallarında olan X5 ilə Binəqədi Rayon İcra Hakimiyyəti arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli Müqavilənin surətindən görünür ki, birinci tərəf uzun müddətdir istifadəsində olan Bakı şəhəri Binəqədi rayonu Xocasən yaşayış massivində yerləşən və ümumi sahəsi 318,43 kv.m olan fərdi yaşayış evindən 154710,00 manat kompensasiya müqabilində ikinci tərəfin xeyrinə imtina edir. Həmin müqaviləni Zərifə Allahverdiyevanın adından etibarnamə əsasında onun oğlu Zahid Allahverdiyev imza etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, TT2779835 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, X14 etibarnamə əsasında X4 ayrılmış 154710 manat kompensasiyanı almışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən X10 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, təkrar aparılmış qiymətləndirmə rəyinə əsasən mərhum Cavabdeh tərəfindən özünün yardımçı sahəsi kimi göstərilmiş 98,37 kv.m. tikiliyə görə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ona əlavə 35413 manat vəsait ödənilməsi müəyyən edildiyindən, həmin vəsaitinin 5 gün müddətində geriyə - Binəqədi Rayon İcra Hakimiyyətinin hesablaşma-hesabına ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində xx.xx.2019-cu il tarixədək olan məlumatlara əsasən Cavabdeh adına respublikanın notariat ofislərində vərəsəlik işinın açılmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, cavabdeh X8 həmin tarixə aktiv kreditlərinin cəmi qalığ məbləği 7,317.01 manat təşkil edir. Məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş X20 göstərmişdir ki, o, X9 nəvəsidir. Nənəsinin altı uşağı olmuşdur, onlardan biri də anası Tahirə Mahmudovadır. Mərhum nənəsi həyatının son günlərini onların yanında yaşamış və elə onların evində də dünyasını dəyişmişdir. Onun atası Cavanşir Mahmudov qaraciyərin serrozu xəstəliyindən əziyyət çəkmiş və Türkiyə Respublikasında əməliyyat olunmuşdur. Atasının müalicəsi ilə bağlı onların külli miqdarda borcları olmuşdur. Mərhum nənəsi Cavabdeh hələ sağlığında evin sökülməsinə görə ona ödənilmiş kompensasiya məbləğindən atasının müalicəsi ilə bağlı yaranmış borclarını ödəmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsininxx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçı X14 cavabdeh Binəqədi RİH-nə qarşı kompensasiyanın ödənilməmiş hissəsinin ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, onun iddiası təmin edilməmişdir. Qeyd edilən məhkəmə qərarının məzmunundan görünür ki, həmin iş üzrə iddiaçı Zahid Allahverdiyev izahat verərək mərhum anası Zərifə Allahverdiyevanın hüquqi varisi olduğunu bildirmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı X14 cavabdeh Binəqədi RİH-nə qarşı əlavə kompensasiyanın ödənilməsi barədə iddiası mümkün sayılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Binəqədi rayon İcra Hakimiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2016cı il tarixli müqavilə əsasında sonuncu Bakı şəhəri Binaqədəi rayonu Xocasən qəsəbəsində Motodrom adlanan ərazidə yaşadığı fərdi yaşayış evindən («A», «B» və «C» tikililəri) yeni metro xətlərinin inşası ilə əlaqədar aparılan tikinti işləri üzrə Dövlət proqramı çərçivəsində 154710,00 manat kompensasiya almaqla, Binəqədi RİH-nin xeyrinə imtina etmişdir. Qeyd edilən müqaviləni Zərifə Allahverdiyevanın adından etibarnamə əsasında çıxış edən oğlu Zahid Allahverdiyev imzalamış, kompensasiya məbləğini də bankdan Zahid Allahverdiyev etibarnamə əsasında qəbul etmişdir. Sonradan həmin fərdi yaşayış evinin «B» tikilisinin Zərifə Allahverdiyevaya deyil, X21 adlı şəxsə məxsus olması müəyyən edilmiş və sonuncunun iddiası əsasında1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı əsasında həmin tikili dövlət proqrammı əsasında köçürüləcək evlərin siyahısından çıxarılmışdır. Qeyd edilən «B» tikilisinə görə, iddiaçı tərəfindən Cavabdeh 35413,00 manat kompensasiya məbləği hesablanaraq ödənilmişdir. X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı Binəqədi RİH qeyd edilən məbləğin geri qaytarılmasını cavabdeh Z.Allahverdiyevdən tələb etsə də, sonuncu həmin məbləği ödəməkdən imtina etmişdir. İddiaçının qənaətinə görə, bütün sənədləşdirmə işlərinin aparılmasında və kompensasiya məbləğinin alınmasında X9 adından onun oğlu Zahid Allahverdiyev çıxış etmiş və onun ölümündən sonra ondan qalmış mirası da faktiki olaraq Zahid Allahverdiyev qəbul etmişdir. Bunu Binəqədi RİH-nə qarşı qaldırmış olduğu iddialarında Zahid Allahverdiyevin özü də etiraf etmiş, həmin iddia ərizələrində anasının hüquqi varisi olduğunu göstərmişdir. Ona görə də, kompensasiya qismində artıq ödənilmiş vəsaiti Zahid Allahverdiyev qaytarmalıdır. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, o, anasını etibarnamə əsasında təmsil etmiş və kompensasiya məbləğini aldıqdan sonra bütün məbləği dərhal anasına təqdim etmişdir. Anasının həmin vəsaiti kimə verməsindən və necə istifadə etməsindən xəbəri yoxdur. Həmçinin, onun anasından heç bir miras əmlak qalmadığını, nə onun, nə də digər vərəsələrin anasından heç bir əmlakı miras kimi qəbul etmədiklərini bildirmişdir. Onun Binəqədi RİH-nə qarşı qaldırmış olduğu inzibati işdə özünü anasının vərəsəsi kimi təqdim etməsini isə Binəqədi RİH-nin və «xxxx» QSC-nin əməkdaşlarının özləri guya ona kömək etmək məqsədi ilə məsləhət görmüşlər. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanma ilə bağlı iddia tələbi yalnız o halda əsaslı ola bilər ki, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsasının olmaması, həmçinin bu cür varlanmanın həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənməsi, iddiaçının əmlakdan məhrum olması, cavabdeh iddiaçının hesabına əmlak əldə etməsi müəyyən edilmiş olsun. Yalnız bu üç əsasın birlikdə mövcud olması müəyyən edildiyi halda, əsassız varlanma ilə bağlı iddia tələbi əsaslı hesab edilə bilər. Lakin hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, X12 ilə Binəqədi RİH arasında fərdi yaşayış evinin kompensasiya müqabilində sonuncuya verilməsi ilə bağlı müqavilə mövcud olmuş, cavabdehə kompensasiya məbləği, o cümlədən hazırkı iddia tələbinin predmetini təşkil edən 35413,00 manat həmin müqavilənin əsasında ödənilmişdir. Qeyd edilən müqavilənin həqiqiliyi isə sonradan mübahisələndirilməmişdir. «B» tikilisi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə həmin tikilinin dövlət proqramı əsasında köçürüləcək evlərin siyahısından çıxarılması vəzifəsi cavabdeh Binəqədi RİH-nin üzərinə vəzifə olaraq qoyulsa da, qeyd edilən müqavilə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi əsassız varlanma ilə bağlı mülki hüquq normalarının dispozisiya şərtlərinə cavab vermədiyindən bu əsasla geri ödənilməsi tələbi qanuni və əsaslı hesab edilə bilməz. Bundan başqa, iddia tələbi tərəflər arasında bağlanmış müqavilənin tərəfi olan mərhum X3 Allahverdiyevə qarşı sürülmüşdür. Halbuki məhkəmə araşdırması zamanı X9 Zahid Allahverdiyevdən başqa, digər vərəsələrinin də olduğu müəyyən edilmişdir. Bu zaman iddiaçı işin o hallarına əsaslanmışdır ki, Zahid Allahverdiyev həmin müqavilə bağlanarkən və kompensasiya məbləği alınarkən mərhum Cavabdeh etibarnamə əsasında təmsil etmişdir. Həmçinin, iddiaçı hazırkı apellyasiya şikayətində cavabdeh Zahid Allahverdiyevin onlara qarşı qaldırmış olduğu inzibati məhkəmə mübahisələrində özünün mərhum anası Zərifə Allahverdiyevanın vərəsəsi olduğunu bildirməsinə, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən mərhum anasından qalmış mirası faktiki qəbul etməsinə istinad etmişdir. Qeyd edilən dəlillərlə bağlı məhkəmə kollegiyası izah edir ki, vərəsənin mirası Mülki Məcəllənin 1243.2-ci maddəsinin dispoziya şərtlərində göstərilən qaydada qəbul etməsinin müəyyən olunması üçün ilk növbədə miras əmlakın özünün mövcud olması, sonra isə vərəsənin həmin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi müəyyən edilməlidir. Cavabdeh Zahid Allahverdiyevin Binəqədi RİH-nə qarşı inzibati məhkəmə icraatı qaydasında qaldırdığı iddialarında Z.Allahverdiyev özünü mərhum anası Zərifə Allahverdiyevanın hüquqi varisi olduğunu qeyd edərkən, anasına ödənilmiş kompensasiya məbləğinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsinə deyil, mərhum anası ilə Binəqədi RİH arasından bağlanmış müqavilənin predmeti olmuş fərdi yaşayış evində faktiki yaşamasına istinad etmişdir. Lakin qeyd edildiyi kimi, həmin mübahisəli fərdi yaşayış evi ilə bağlı mərhum Zərifə Allahverdiyeva hələ sağlığında Binəqədi RİH ilə müqavilə bağlayaraq bu əmlaka olan hüquqlarından sonuncunun xeyrinə imtina etdiyindən, bununla da qeyd edilən fərdi yaşayış evi və ona dair hüquqlar artıq mərhum Cavabdeh qalmış miras əmlak kütləsinə daxil olmadığından, cavabdeh Zahid Allahverdiyev həmin əmlaka münasibətdə mərhum anasının varisi hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. X12 ödənilmiş 154710,00 manat kompensasiya məbləğinin onun miras kütləsinə daxil olub-olmaması, əgər daxil olmuşdursa, həmin məbləğin cavabdeh Zahid Allahverdiyev tərəfindən qəbul edilib-edilməməsi məsələsinə münasibətdə isə kollegiya qeyd edir ki, göstərilən kompensasiya məbləğinin miras əmlak hesab edilməsi üçün həmin məbləğin X9 öldüyü günə qədər onun sahibliyində, istifadəsində və sərəncamında olması müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. X9 həmin pul vəsaitini öz sağlığında kiməsə (o cümlədən öz vərəsələrinə) verməsi (hədiyyə etməsi) bu vəsaitin onun ölümündən sonra miras kütləsinə daxil olmasını istisna edir. Cavabdeh Zahid Allahverdiyev anasına ödənilmiş kompensasiya məbləğini anasının verdiyi etibarnamə əsasında qəbul etdiyini və dərhal da bütün məbləği anasına verdiyini, həmin məbləğdən ona heç nə qalmadığını bildirmişdir. İddiaçı Bakı şəhəri Binəqədi RİH isə X12 ödənilmiş kompensasiya məbləğinin onun ölümündən sonra miras aktivinə daxil edilib-edilməməsi, daxil edilmişdirsə, həmin miras aktivinin hansı hissəsinin onun vərəsəsi olan cavabdeh Zahid Allahverdiyev tərəfindən miras əmlak kimi qəbul edilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, bu halları sübut etmək vəzifəsi iddiaçı olaraq Binəqədi RİH-nin üzərinə düşür. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, ...məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında şərh edilən hüquqi mövqeyə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. ….Proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Konstitusiya Məhkəməsinin bu qərarında şərh etdiyi hüquqi mövqeyindən göründüyü kimi, mülki mühakimə icraatı zamanı işə baxan məhkəmənin məqsədi nəyin bahasına olursa olsun, obyektiv həqiqətin deyil, tərəflərin çəkişməsi və dispozitivlik prinsiplərinə riayət etməklə, onların təqdim etdikləri sübutlar əsasında «hüquqi həqiqətin» müəyyən edilməsindən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin halları ilə bağlı düzgün hüquqi nəticəyə gəlmiş və iddianı təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Binəqədi şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3667/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən hesablanmaqla, 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6959/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6959/2020
16.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver