Məhkəmə qərarları › İş №2(103)-6959/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6959/2024

16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6959/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9081/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9081/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki iddia ərizəsi elektron qaydada məhkəməyə daxil olmuş, iddia ərizəsində iddiaçılar qismində İddiaçı1 və İddiaçı2 göstərilmiş, iddia ərizəsi “İddiaçı1” tərəfindən imzalanmışdır. Bununla belə iş materiallarına İddiaçı1 İddiaçı2 təmsil etmək, onun adından sənədləri imzalamaq və s. səlahiyyətlərinin olmasını təsdiq edən etibarnamə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi, onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalandığından ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçılardan İddiaçı1 hazırkı tələbinə dair işə Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən baxılaraq məhkəmə qətnaməsi qəbul edilmiş və həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır (iş № e-2(011)-1823/2024).

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. İddiaçı1 xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə şikayət ilə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-9081/2024 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraatın davam etdirilməsi xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın imzalanmadığına görə geri qaytarılması barədə qərardad qanunsuzdur, heç bir normativ hüquqi akta əsaslanılmayıb. Konstitusiyaya, MPM-ə, qanuna zidd olan bu qərardad ləğv olunmalıdır. MPM-in 151.3 maddəsinə görə məhkəmə iddia ərizəni onun daxil olmasından 5 gün müddətində qaytarmayıbsa, qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü ildə daxil olub. Qərardad isə xx.xx.2024-cü ildə, yəni 10 gün müddətində qəbul olunub. Deməli, MPM-in 151.3-cü maddəsinə görə, iddia ərizəsi qəbul edilmiş sayılır. Məhkəmənin iddia ərizəsinin imzalanmadığını iddia etməsi absurddur. Çünki o, MPM-in 10-1.3-cü maddəsi əsasında elektron kabinetdən imzalayıb verib və 10-1.5-ci maddəsinə əsasən, ərizənin, sənədlərin və s. başqa qaydada verilməsi tələb oluna bilməz.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9081/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-9081/2024 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Mülki Prosessual Məcəlləsi

Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. İş materialları ilə müəyyən olunur ki, iddia ərizəsi elektron qaydada tərtib edilib. İddia ərizəsində iddiaçıların 2 nəfər - İddiaçı1 və İddiaçı2 olması qeyd edilib. Lakin iddia ərizəsi yalnız İddiaçı1 tərəfindən imza edilib.

12. İddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və iddiaçının şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddia ərizəsində iddiaçılar qismində İddiaçı1 və İddiaçı2 Məğrub oğlu göstərilmiş, iddia ərizəsi “İddiaçı1” tərəfindən imzalanmışdır. Lakin İddiaçı1 digər İddiaçı2 təmsil etmək səlahiyyəti ilə bağlı iş materiallarına heç bir sənəd əlavə edilməmişdir.

14. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

15. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

16. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9081/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar