Məhkəmə qərarları › İş №2(103)-6962/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6962/2020

30.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6962/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1rşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-4713/2019 nömrəli qətnaməsindən cavabdeh X3 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1rşı iddia ərizəsi, iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 34317 ABŞ dolları və 3024 avro məbləğində əmanət qalığı, 5200 ABŞ dolları məbləğində faiz məbləğinin İddiaçı1, 12742 ABŞ dolları məbləğində əmanət qalığı və 2372 ABŞ dolları məbləğində faiz, cəmi 15144 ABŞ dollarının İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)- 4713/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X2 34.317 ABŞ dolları tutularaq İddiaçı1 və 12.742 ABŞ dolları tutularaq İddiaçı2 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxx” ASC-də sığorta hadisəsi baş verdikdən sonra “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir iddiaçıya ayrılıqda 18.917 ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. Əmanətin qorunmayan hissəsi isə əmanətçinin müraciəti əsasında “Banklar haqqında” Qanunun tələblərinə müvafiq olaraq kreditor tələbi kimi qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-725/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3043/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı iddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, xx.xx.2020-ci il tarixdə iddiaçıların vəkili məhkəməyə teleqram ünvanlayaraq məhkəməyə teleqram ünvanlayaraq xx.xx.2020-ci il tarixdə Qəbələdə icra hərəkətlərində iştirak edəcəyindən təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşin hallarını, həmçinin, prosesin təxirə salınmasını xahiş edən şəxsin teleqramda qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyini, eləcə də işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyünü nəzərə alaraq, məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir:“... İddiaçıların adına qoyulmuş əmanətlərin cavabdeh tərəfindən qorunan əmanətlər olması da mübahisələndirilməmiş, hətta cavabdeh iddiaçıların hər birinə 18917 ABŞ dolları (30000 manat ekvivalentində) kompensasiya da ödəmiş və bu işin mübahisəsiz halıdır. Buna görə də, əmanətin sığortalanmamış(qorunmayan) əmanət hesab edərək onu təminatsız kreditor tələblərinə aid etmək yol verilməzdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq hesab edir ki, məhkəmə göstərilən nəticələrinə gələrkən tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin materiallarından görünür ki, iddiaçılarla bank arasında bağlanılmış standart əmanət (depozit) hesabı haqqında müqavilələrə əsasən iddiaçılar müvafiq məbləğləri illik 10,4 faiz olmaqla müddətli depozitə qoymuşlar. Bankın müflis elan olunması ilə əlaqədar sığorta hadisəsi baş vermiş, cavabdeh tərəfindən iddiaçıların hər birinə 18917 ABŞ dolları (30000 manat ekvivalentində) kompensasiya məbləği verilmiş, İddiaçı1 34317.04 ABŞ dolları, İddiaçı2 isə 12742.92 ABŞ dolları kompensasiya olunmayan məbləğləri qalmışdır. Ona görə də qeyd olunan halları tərəflərin heç biri mübahisələndirməmişdir. İşin materiallarından həmçinin görünür ki, “xxxxxxxxxxx” ASC-də sığorta hadisəsi baş verdikdən sonra “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir iddiaçıya ayrılıqda 18.917 ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. Əmanətin qorunmayan hissəsi isə əmanətçinin müraciəti əsasında “Banklar haqqında” Qanunun tələblərinə müvafiq olaraq kreditor tələbi kimi qeydə alınmışdır. İşin mübahisəli halı da qeyd olunan, yəni qalan məbləğlərin sığortalanmış (qorunan) əmanət olub-olmaması ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən xx.xx.2019-cu il tarixdə qüvvədə olan «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununa da istinad etmişdir. .... İşin materiallarından görünür ki, “xxxxxxxxxxx” ASC-də sığorta hadisəsi xx.xx.2016-cı ildə baş vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun Bankın lisenziyasının ləğv edilməsindən 1 ay sonra qəbul edilməsinə baxmayaraq, bu Qanunun geriyə tətbiq edilməsini əsaslandırmamış, həmin qanunun müddəalarını hazırki mübahisəyə tətbiq etmiş, bununla da maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermişdir.” Kollegiyanın qənaətinə görə, hazırkı mübahisəyə xx.xx.2016-cı il tarixdə qəbul olunmuş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiq olunması mümkün deyildir; çünkü işin mübahisələndirilməyən hallarına görə, xx xxxxxx 2014-cü il tarixində bağlanılmış depozit hesabı haqqında müqaviləyə əsasən X5 qızı İddiaçı1 xeyrinə “xxxxxxxxxxxxxx” ASC-yə 20.000 ABŞ dolları məbləğində pul vəsaitini depozitə qoymuşdur. xx xxxx 2015-ci il tarixində İddiaçı1 ilə bağlanılmış müqavilə əsasında 30000 ABŞ dolları bankla açılmış depozit hesabına qoymuşdur. Həmin gün İddiaçı2 ilə bağlanılmış depozit hesabı haqqında digər müqavilə ilə 30000 ABŞ dolları banka müddətli depozitə qoyulmuşdur. Bağlanılmış müqavilələrin şərtinə görə əmanət illik 10,4 faiz olmaqla depozitə qoyulmuş və Bank əmanətçinin ilk tələbi ilə əmanət məbləğinin ən azı ¼ hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 bank günü müddətində geri qaytarmalıdır.; Mülki Prosessual Məcəllənin217.2-ci maddəsinə görə isə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Başqa sözlə, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə tərəflər arasında müqavilələrin bağlandığı dövrdə qüvvədə olmuş qanun tətbiq olunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə qanunu səhv təfsir etmiş, bununla nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini ən geci beş bank günü müddətində verməlidir; 950-ci maddəsinə görə isə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci və 2.1.2.6-cı maddələrinə əsasən, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə X6 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 8.1.20-ci maddəsinə görə, X8 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Qanunun 26.1-ci maddəsinə görə, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun 27.1-ci maddəsinə görə isə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. İddiaçıların “xxxxxxxxxxxxxx” ASC-də (“xxxxxxxxxxx” ASC-də) yerləşdirdikləri əmanətlərin “Əmlanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq sığortalanmış olduğu işin mübahisələndirilməyən halıdır; mübahisəli olan həmin əmanətlərin hansı hissəsinin sığortalandığı və müvafiq olaraq kompensasiyanın hansı məbləğdə ödənilməli olması ilə bağlıdır. Yuxarıda qeyd olunduğu kimi, iddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmanətlər tam olaraq sığortalanmışlar və bu səbəblə də tam olaraq qaytarılmalıdırlar. Kollegiya hesab edir ki, məhkəmənin həmin mövqeyini əsaslandıran hər hansı hüquq norması mövcud deyildir. Əksinə, yuxarıda qeyd olunduğu kimi, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsində Fond tərəfindən əmanətin 100 faizi həcmində sığortalanması göstərilsə də, kompensasiyanın ödənilməsinin son həddi 30 000 manat məbləğində müəyyən olunmuşdur. Yəni Qanunun normasına görə əmanətin valyutasından və həmin əmanətin yerləşdirmə tarixinə valyutanın Azərbaycan manatına məzənnəsindən asılı olmayaraq ödənişin son həddi 30 000 manat müəyyən olunmuşdur ki, həmin məbləğ də iddiaçıların hər birinə ödənilmişdir. Qeyd olunmalıdır ki, iddiaçıların əmanətlərinin qalıq hissəsi kompensasiya olunmayan (sığortalanmayan) hissə olduğundan, məhz bu səbəblə “Banklar haqqında” Qanunun 77-ci maddəsi çərçivəsində bankın ləğvedicisi tərəfindən qeydə alınmışdır. Belə olan halda isə həmin əmanətlər bankın aktivləri formalaşdıqca, Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında ödənilməlidir və onların sığortalı əmanət kimi Fonddan tutulması qanunvericiliyin mənasına uyğun deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, “xxxxxxxxxxx” ASC-nin yüzlərlə təminatsız kreditoru, o cümlədən əmanətçisi mövcuddur və onlar məhz bankın aktivləri hesabına tələblərinin ödəniləcəyinə ümid etməkdədirlər. Bu isə o deməkdir ki, iddiaçıların əmanət məbləğlərinin qalığının sığortalı əmanət kimi qiymətləndirilməsi, onları digər kreditorlara münasibətdə üstün vəziyyətə gətirməklə normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə, həmçinin ədalət, insaf və mənəviyyat tələblərinə də uyğun deyildir. Kollegiya, həmçinin, qeyd edir ki, X3 Himayəçilik Şurası xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. X3 Himayəçilik Şurasının iclasının xx xxxx 2016-cı il tarixli qərarına əsasən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmişdir. İş materiallarında görünür ki, xx xxxxxx 2014-cü il tarixində bağlanılmış depozit hesabı haqqında müqaviləyə əsasən X5 qızı İddiaçı1 xeyrinə “xxxxxxxxxxxxxx” ASC-yə 20000 ABŞ dolları məbləğində pul vəsaitini depozitə qoymuşdur. xx xxxx 2015-ci il tarixində İddiaçı1 ilə bağlanılmış müqavilə əsasında 30000 ABŞ dolları bankla açılmış depozit hesabına qoymuşdur. Həmin gün İddiaçı2 ilə bağlanılmış depozit hesabı haqqında digər müqavilə ilə 30000 ABŞ dolları banka müddətli depozitə qoyulmuşdur. Bağlanılmış müqavilələrin şərtinə görə əmanət illik 10,4 faiz olmaqla depozitə qoyulmuş və Bank əmanətçinin ilk tələbi ilə əmanət məbləğinin ən azı ¼ hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 bank günü müddətində geri qaytarmalıdır. Göründüyü kimi X5 ilə bank arasında müqavilə bağlanan dövürdə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixdən 12 faiz müəyyən edilmiş və iddiaçının əmanəti həmin dövr üçün sığortalanmış hesab edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə isə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)- 4713/2019 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar