Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6962/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının vəkili X5, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4836/2021 saylı, 27 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aparılmış tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən etibarnamə əsasında Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 1, ev 3A ünvanının qarşısında ünvan 1 ünvanında apardığı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə verərək, ona məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 1, ev 3A ünvanının qarşısında ünvan 1 ünvanında təmir və tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4836/2021 saylı, 27 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni saylı, 10 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, həmin tikilini etibarnamə əsasında X1 almışdır və orada təmir və bir sıra əlavə işlər həyata keçirir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili R.Məmmədzadə şikayətlə razılaşmayaraq, məhkəməyə Binəqədi Rayon Məhkəməsinin 2(001)-3899/2019 saylı, 14.06.2019-cu il tarixli qətnaməsini təqdim edərək, bildirdi ki, iddiaçı tərəf bundan öncə cavabdeh kimi X3 qoymaqla hazırkı iddia ərizəsi, eyni zamanda iddianın təmin tədbirinə dair ərizəylə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3899/2019 saylı, 03.05.2019-cu il tarixli qərardadı ilə iddianın təmin tədbirinə dair ərizəsi təmin edilmiş, həmin ünvanda tikinti işlərinin aparılması cavabdehə qadağan olunmuş, rayon məhkəməsinin eyni saylı, 14.06.2019-cu il tarixli qətnaməsi ilə onların iddia tələbi təmin edilməmişdir. Sonradan həmin iş üzrə cavadeh C.Bayramov iddianın təmin tədbiri barədə qərardadın qadağasından yayınmaq üçün hazırkı iş üzrə Cavabdeh etibarnamə vermiş, indi həmin ünvanda tikintini formal olaraq bu xanım davam etdirir. İddiaçı da məcbur olub eyni iddia tələbi ilə Cavabdeh qarşı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin olunmalı, rayon məhkəməsini qərardadı ləğv edilməli, hazırkı iddia ərizəsinin yolverilməzliyi məsələsinin müəyyən edilməsi üçün iş materialları rayon məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim olunmuş Binəqədi Rayon Məhkəməsinin 2(001)-3899/2019 saylı, 14.06.2019-cu il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə iddiaçı cavabdeh X4 qarşı cavabdehin Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 1, ev 3A ünvanının qarşısında apardığı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə iddia ərizəsi təmin edilməmişdir. İddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)-3899/2019 saylı, 03.05.2019-cu il tarixli qərardadından görünür ki, həmin ünvanda cavabdeh X2 tikdiyi yarım tikilinin davamı olaraq tikinti işlərinin aparılmasının ona qadağan edilməsi qərara alınmışdır. Kollegiya həmin məhkəmə aktlarını nəzərdən keçirib belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçı eyni ünvanda-Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 1, ev 3A ünvanının qarşısında ünvan 1 ünvanında etibarnamə əsasında Cavabdeh tərəfindən aparılan tikintinin sökülməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Belə olan halda bəlli olur ki, hazırkı mülki iş üzrə Cavabdeh etibarnamə verilmiş şəxs kimi əvvəlki iş üzrə cavadeh C.Bayramovu təmsil edir. Başqa sözlə, rayon məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisənin olması halını yoxlamamış, buna dair zəruri araşdırma aparmamış və qeyd olunan hallara əhəmiyyət verməmişdir. Belə ki, MPM-in 153-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları təsbit edilmişdir. Həmin hallardan biri də, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır... (maddə 153.2.2. ). Məhkəmə kollegiyası bildirir ki, nə qədər ki, hazırkı iddia ərizəsi artıq icraata qəbul olunmuşdur, onda, rayon məhkəməsi bu halları araşdırmalı, iddiaçının təqdim etdiyi Binəqədi Rayon Məhkəməsinin 2(001)-3899/2019 saylı, 14.06.2019-cu il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsini müəyyən etdiyi halda, hazırkı iş üzrə icraata xitam verilməli olub-olmamasını (maddə 261.0.2.), eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işin həmin və ya digər məhkəmənin icraatında olmasını müəyyən edərsə, hazırkı iddia ərizəsinin baxılmamış saxlanması məsələsini (maddə 259.0.4) aydınlaşdırmalı və buna müvafiq qərar qəbul etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən halların araşdırılması və iddia ərizəsinin yolverilməzliyi məsələsinin müəyyən edilməsi üçün iş materialları rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 1 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4836/2021 saylı, 27 may 2021-ci il tarixli qərardadı ləğv edilsin və hazırkı iddia ərizəsinin yolverilməzliyi ilə bağlı məsələsinin müəyyən edilməsi üçün iş materialları rayon məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6962/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6962/2021
07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver