Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6964/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: lazımi qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə apellyasiya şikayətinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-544/2025 nömrəli, 05 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının və maddi ziyanın əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən 200.8 kv.metr qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddiaçıya təhvil verilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan icarə haqqı (dəymiş ziyanın) 128.151 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 420 manatın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi və Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən 200.8 kv.metr qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilənədək xx.xx.2025-ci il tarixdən hesablanmaqla aylıq 3923,64 manat məbləğində dəymiş maddi ziyanın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-544/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən və ümumi sahəsi 200.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, 125,100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulması, Bakı şəhəri Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilənədək xx.xx.2025-ci il tarixdən başlayaraq aylıq 3300 manat icarə haqqı hesablanmaqla maddi ziyanın əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-544/2025 nömrəli, 05 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
5. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
6. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə, bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.4.1-ci maddəsində qeyd edilir ki, iddianın qiyməti müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda — bütün vermə və ya ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla müəyyən edilir.
8. Həmin Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
9. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
10. Həmin Məcəllənin 363.1.2-ci madəsində qeyd edilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə lazımi qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.
12. Belə ki, hazırki mübahisə üzrə iddia tələbi 3 hissədən ibarət olmaqla, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, icarə haqqı kimi 128.151 manat məbləğində pul vəsaitinin və mübahisəli qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilənədək xx.xx.2025-ci il tarixdən hesablanmaqla, aylıq 3923,64 manat məbləğində dəymiş maddi ziyanın cavabdehlərdən tutulması ilə bağlıdır.
13. Göründüyü kimi, iddia tələbi həm qiymətləndirilməyən (qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində), həm də qiymətləndirilən (icarə haqqı kimi 128.151 manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixdən hesablanmaqla, aylıq 3923,64 manat məbləğində dəymiş maddi ziyanın tutulması hissəsində) hissələrdən ibarətdir.
14. Əlavə olaraq bildirilir ki, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, aylıq 3923,64 manat məbləğində dəymiş maddi ziyanın tutulması hissəsində iddianın qiyməti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.4.1-ci maddəsinə əsasən, 141.251,04 manat (3923,64 x 36 ay) məbləğində müəyyənləşdirilmişdir.
15. Belə olan halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, iddia tələbinin müəyyənləşdirilən qiyməti üzrə apellyasiya şikayətinin verilməsinə görə ödənilməli olan rüsumunun məbləği iddia tələbinin qiymətləndirilməyən hissəsinə münasibətdə 50 manat + iddia tələbinin qiymətləndirilən hissəsinə münasibətdə (128.151 manat + 141.251,04 manat = 269.402,04 manat) 279,70 manat olmaqla, ümumillikdə 329,70 manat təşkil etmişdir.
16. Lakin, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən, qanunvericiliyin göstərilən tələbinin Cavabdeh2 tərəfindən yerinə yetirilmədiyi və yalnız 50 manat məbləğində dövlət rüsumunun ödənildildiyi müəyyən edilmişdir.
17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-544/2025 nömrəli, 05 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər : Xumar Mərdanova Vahid Sadıqov