Məhkəmə qərarları › İş №2(103)-6968/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6968/2024

23.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6968/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair ilkin, Cavabdeh pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4159/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən verilmiş çəkisi 20.2 qram, 585 əyarlı qızıl dəstinin (briliant qaşlı qızıl üzük, briliant qaşlı qızıl bilərzik, briliant qaşlı qızıl boyunbağı, briliant qaşlı qızıl sırğa), çəkisi 2.4 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 4.1 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 3.1 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 3.1 qram, 585 əyarlı qızıl üzüyün və çəkisi 3.3 qram, 585 əyarlı qızıl boyun bağının, 585 əyarlı qızıl dəstinin (qızıl sırğa və qızıl üzük), sandığın, güzgünün və şamdanın, hamam xalatının, qızıl qabının, daraq dəstinin, üzük xonçasının, nişan qəndinin, kosmetika dəstinin, kəlağayının, paltonun, idman ayaqqabısının, gəlinlik ayaqqabısının, uzunboğaz çəkmənin (bot), 3 (üç) cüt çəkələyin, yun dəstinin, yaşıl rəngli donun, qırmızı rəngli donun, köynəyin, 2 (iki) ədəd çantanın, iki dəst idman geyiminin, iç geyim dəstinin, şalvarın, pijama dəstinin, nişan donunun, şərfin və ya onların ümumilikdə 8430 (səkkiz min dörd yüz otuz) manat dəyərinin, həmçinin nişan mərasimi günü gözəllik salonunda bəzənmə, foto-video çəkiliş və şirniyyat üçün çəkmiş olduğum ümumilikdə 1670 (min altı yüz yetmiş) manat xərcin, eləcə də dövlət rüsumu üçün ödəmiş olduğum 120 (yüz iyirmi) manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək: 1. şadlıq sarayının menyusunun qiyməti 27 manat olmaqla, 85 yerlik nişan mərasimi üçün “Təbrik” Şadlıq Sarayına ödədiyim 2295 manatın, el adəti üzrə nişan mərasimində boynuma şərfatan, İddiaçı qardaşı arvadına verdiyi 50 manatın, nişan mərasimində İddiaçı güzgü tutan qardaşı oğluna verdiyi 50 manatın, nişan mərasimində boynuma boyunbağı salan, İddiaçı qardaşı arvadına verdiyi 50 manat, nişan mərasimində fotovideo çəkiliş üçün ödədiyi 125 manatın, nişan mərasimində İddiaçı tərəfindən gələnlərə paylanılan şirniyyatlar üçün xərclədiyi 350 manatın-cəmi olaraq 2920 manatın; 2. nişan mərasimində İddiaçı hədiyyə etdiyi 585 əyarlı qızıl üzük üçün verdiyi 530 manatın, xx.xx.2022-də Babayev Royalın ad günü hədiyyəsi kimi Akademik H.Əliyev küçəsində yerləşən “İcon Karaoke” restoranına ödədiyi 350 manatın, İddiaçı hədiyyə etdiyi, 1 ədəd “Defacto” firmasının qış köynəyi üçün ödədiyi 38 manatın, hədiyyə etdiyim 1 ədəd “Defacto” firmasının dəri kəməri üçün ödədiyi 25 manatın, “Rodrigo” mağazasından alman 1 ədəd qış köynəyi üçün ödədiyi 35 manatın , cəmi olaraq 978 manatın, ümumilikdə isə 3898 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim Adilə Paşayeva, iş № 2(008)-4159/2024) iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. İddiaçı Cavabdeh şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə çəkişmə prinsipinə əməl etməyərək əsassız qərardad çıxarmışdır. İddiaçı iddia ərizəsində qeyd edilən qızl-zinət əşyalarınının həqiqətən də qeyd edilən çəkidə, qeyd edilən əyarda, qeyd edilən qiymətdə və 7 adda olması, həmçinin həmin qızıl-zinət əşyalarınının briliant və yaxud zirkon qaşlı olubolmamasına dair iddiaçı tərəfindən məhkəməyə yalnız fotoşəkillər təqdim edilməklə, hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən vəsatət verilməklə məhkəmədən ekspertiza qarşısında İddiaçı iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərə əsasən həmin qızl-zinət əşyalarınının hansı çəkidə, hansı əyarda, hansı dəyərdə və neçə adda olması, həmçinin, qızıl-zinət əşyalarınının briliant və yaxud zirkon qaşlı olubolmamasının müəyyən edilməsinə dair suallar qoyulmasını xahiş etsə də, məhkəmə qeyd etdiklərini qəti olaraq nəzərə almamış, ümumiyyətlə mövcud olmayan əşyaların da qiymətləndirilməsi barədə qərardad qəbul etməklə, işin baxılmasını əsassız surətdə uzadılmasına, eləcə də tərəflər arasında çəkişmə prinsipinin pozulmasına gətirib çıxarmışdır Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə ekspertin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatı dayandıra bilər (255.0.5, 256.0.2). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin verdiyi hüquqdan istifadə edərək qanuni və əsaslı olaraq iş üzrə icraatı dayandırmışdır. Şikayətin dəlilləri iddianın mahiyyəti ilə bağlı olduğundan hazırkı mərhələdə hüquqi qiymət verilməsi üçün əsas deyildir. Digər tərəfdən, şikayətin dəlillərindən görünür ki, apelyator ekspertiza təyin olunmasına etiraz edir. MPM-ə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər (395.1). Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardadda olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər (395.2). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərardadı apellyasiya baxışının predmeti olan hissədə (icraatın dayandırılması hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar