Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-697/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2500/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərə görə 220.000 (iki yüz iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 1030 məhəllə ünvanında yerləşən binadan sahəsi 140 kv.m olan qeyriyaşayış sahəsini "xxxx" MTK-dan 340.200 ABŞ dollarına almış və oranın təmirinə 100.000 ABŞ dolları məbləğində pul xərcləmişdir. Həmin binada yaşayan Cavabdeh1 yerlisi olduğundan onunla isti və yaxın münasibətləri olmuş, onun qızının yas mərasimində də iştirak etmişdir. Qızının yas mərasimindən sonra Cavabdeh1 ona geniş əlaqələrinin olduğunu və iş görmək üçün pul lazım olsa ona müraciət etməyi bildirmiş, 2012-ci ildə ona 300.000 ABŞ dolları məbləğində pul lazım olduğu üçün Cavabdeh1 müraciət etmiş, sonuncu ona bildirmişdir ki, heç bir problem yoxdur, arvadı Cavabdeh3 ilə getsinlər, banka tapşırıb bu məsələni həll edəcəkdir. “28 May” metrostansiyasının yaxınlığında, Azərbaycan X1rşısında yerləşən bankda olduqdan sonra Arzu bildirdi ki, bankdan o məbləğdə pulu almaq üçün 10.000 ABŞ dolları banka pul vermək lazımdır və həmçinin ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 1030 məhəllə ünvanında yerləşən binadakı 140 kv.m qeyri-yaşayış sahəsinin 108 kv.m hissəsini Arzunun adına keçirilməlidir və iddiaçı bu şərtlərlə razılaşmışdır. Həmin qeyri-yaşayış sahəsini ona satan Kərim adlı qohumundan müqavilə üzrə 108 kv.m yaşayış sahəsinin Cavabdeh3 adına keçirilməsini xahiş etdikdə Kərim bidirdi ki, bu işə razı olmasın, cavabdehlər onu aldadacaqlar. Lakin, iddiaçı onun sözünə qulaq asmamış, cavabdehlərin qoyduğu şərtləri yerinə yetirdikdən sonra Arzu bankdan götürüb ona 290.000 ABŞ dolları məbləğində pulu vermişdir. Həmçinin razılaşmaya görə, o, hər ay 4500 manat məbləğində pulu cavabdehlərə ödəməlidir. 20 ay ərzində 90.000 ABŞ dolları məbləğində pulu ödədikdən sonra, girov qoyduğu qeyri-yaşayış sahəsini satmaq qərarına gəlmişdir. Tez bir zamanda 420.000 ABŞ dollarına müştəri tapıb onunla behləşmışdir ki, qalıq 200.000 ABŞ dollarını da cavabdehlərə qaytarsın və qeyri-yaşayış sahəsini geri alsın. Lakin, Arzu bu məsələni bilən kimi, özündən çıxmış qeyri-yaşayış sahəsinin onun olduğunu və heç kimə satmadığını bildirmişdir. İddiaçı ödədiyi 90.000 ABŞ dollarını geri qaytarılmasını, əlavə 130.000 ABŞ dolları məbləğində pul ödəmələrini tələb etmiş, əvəzində isə obyekti onlara verməyi təklif etmişdir. Cavabdehlər pul ödəməkdən qəti şəkildə imtina etmişlər. Cavabdeh1 və qardaşı Cavabdeh2 isə bildirdilər ki, Arzunun işlərinə qarışmırlar, məsələni onunla özü həll etsin. Məcbur qalıb aldığı behi də tapdığı müştəriyə geri qaytarmış və artıq başa düşmüşdür ki, Şahbaz, Arzu və Cavabdeh2lardan ibarət bu mütəşəkkil dəstənin məqsədi yalnız hansı yolla olursa olsun əmlakını ələ keçirtməkdən ibarət olmuşdur və onlar da bu məqsədlərinə çatmışlar. Bununla bağlı cavabdeh şəxslərlə aralarında dəfələrlə söhbətlər olsa da, ağsaqqallar bu məsələyə qarışsa da, heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 220.000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir Nəsimi Rayon Məhkəməsinin 2(006)-2500/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dəymiş zərərin əvəzi kimi 220.000 (iki yüz iyirmi min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi qərara alınmışdır. İddiaçı rayon məhkəməsinin qətnaməsi ilə razılaşmış, onu mübahisələndirməmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmiş və hər iki apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, rayon məhkəməsi tərəfindən iş üzrə tərəflər arasında olan münasibətlərə düzgün qiymət verilməmiş, nəticədə düzgün olmayan qənaətə gəlinmiş, iddiaçı cavabdehlərin onlara zərər vurduğunu qeyd etsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Həmçinin qeyd edilən qeyri-yaşayış sahəsi tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanmış alqı-satqı müqaviləsi ilə dəyəri ödənilməklə Cavabdeh3 tərəfindən satın alınmışdır. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, rayon məhkəməsi qətnamə qəbul edərkən maddi və prossesual hüquq normalarının tələblərini pozmuş, iddiaçı ilə cavabehlər arasında hansı hüquq münasibətlərinin olmasını müəyyənləşdirə bilməmiş, iddia tələbinin qanuni əsasını düzgün müəyyən edə bilməmiş, cavabehlərin birgə cavadehliyinin əsasını göstərməmiş, iddiaçının ərizəsindəki məlumatların qarma-qarışıq, qeyri-müəyyən, ümumi sözlərdən ibarət olmasına, onun bildirdiklərinə, eləcə də tələb etdiyi 220.000 ABŞ dolları məbləğinin əsaslarına dair hər hansı sübutunun olmamasına əhəmiyyət verməmiş, tədqiq olunmuş sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərinə əməl etməmiş və aşıq-aşkar əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, əslində İddiaçı bu iddiadan məlumatı yoxdur, qardaşı Şahbazın şərikləri ilə (X2, hansı ki, hazırda həbs edilmişdir) aralarında uzun müddətdir ki davam edən mübahisələr zəmnində Rəhmanın adından bu uydurma iddianı ortaya atmışlar, iddiaçını təmsil edən vəkilin də şəriklər arasında uzun müddət davam edən çoxsaylı bütün məhkəmə mübahisələrində həmin şərikləri təmsil edən eyni şəxs olması, 10 (on) il bundan qabaq olan alqı-satqının indi mübahisələndirilməsi də bunu təsdiq edir, iddiada yazılanlar uydurulmuş, yalan məlumatlar olmaqla heç bir sübutla təsdiq olunmur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki,o, bu işdən tam məlumatlı deyil, bütün məlumatları vəkili bilir, ona bildirmişlər ki, bütün məsələləri vəkil həll edəcək, məhkəməyə də vəkil gəlməli idi, lakin nədəsə vəkil apellyasiyada iştirak etməyəcəyini bildirmişdi, o, cavabdehlərdən iddiada göstərilən məbləğdə pul istəməmiş, onun tələbi 90.000 manat təşkil edir, əslində onun məqsədi tərəfləri barışdırmaqdır, hər iki tərəfi yaxşı tanıyır, tərəflər barışsalar yaxşı olar, pul tələbinə gəldikdə isə ona 90000 manat versələr razı olar. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Bununla belə iddiaçı, cavabdehlərdən 300.000 ABŞ dolları məbləğində borc pul alması, həmin məbləğdən 90.000 ABŞ dollarının qaytarılması, 2012-ci ildən hazırkı iddia ərizəsi verilənədək cavabdehlərə bu tələbləri ilə bağlı hər hansı bildiriş verməsinə dair heç bir sübutunun olmadığını, on ilə yaxın müddətdə hərəkətsiz qalmasını isə yerlisi Şahbazla yaxın münasibətlərdə olması ilə əlaqədar olduğunu bildirdi, eləcə də özünə aid sahəyə dair bağlanmış müqavilələrin (əqdlərin) indiyədək mübahisələndirməməsinin səbəblərini də ağılabatan şəkildə izah edə bilmədi. Məhkəm iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs İ.Əliyev məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası MPM-in 376.2--ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 10.06.2006-cı il tarixli İddiaçı ilə "xxxx" MMC-nin sədri C.Məmmədov arasında bağlanmış müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanında tikilən "xxxx" MTK-da 340.200 manat məbləğində qiymətləndirilən 140 kv.m qeyri-yaşayış sahəsi payçı İddiaçı verilmişdir. İddiaçı ilə "xxxx" MMC-nin direktoru H.İbrahimov arasında bağlanmış 033 nömrəli, 02.10.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binanın 32 kv.m qeyri-yaşayış sahəsi İddiaçı müəyyən olunmuş ümumi dəyəri tam məbləği ödənilməklə satılmışdır. İddiaçı "xxxx" MMC-yə yazdığı 2 sentyabr 2012-ci il tarixli ərizəsindən məlum olur ki, Bakı şəhəri, Ak.H.Əliyev küçəsində yerləşən 108 kvm sahəsi olan obyekti Cavabdeh3 adına keçirilməsinə razıdır. Belə ki, həmin obyekti 300.000 ABŞ dolları məbləğinə Cavabdeh3 satmışdır. Cavabdeh3 ilə "xxxx" MMC-nin direktoru H.İbrahimov arasında bağlanmış 02.10.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanında tikilən "xxxx" MTK-da 108 kv.m qeyri-yaşayış sahəsi müəyyən olunmuş ümumi dəyərinin tam məbləği ödənilməklə Cavabdeh3 satılmışdır. Müqavilədə eyni xətt nümunəsi ilə qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən satılmasına dair qeyd mövcuddur. "xxxx" MMC-nin verdiyi notarial qaydada təsdiq edilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 108 kvm qeyri-yaşayış sahəsinin dəyərini Cavabdeh3 tam ödəmişdir, şirkətə hər hansı borcu yoxdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayətlərinə əsasən iddianın təmin olunan hissəsini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətləri təmin edilməli, iddia tələblərinin təmin olunmuş hissəsində qətnamə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir işdə olduğu kimi, mübahisənin düzgün həll edilməsi üçün ilkin olaraq iddiaçının tələbinin qanuni əsası tapılmalıdır. İddia hazırkı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MTK-dan 10 iyun 2006-cı il tarixli müqaviləyə əsasən 140 kv.m qeyri-yaşayış sahəsini 340.200 manat ödəməklə əldə etmişdir, sonradan ona pul lazım olmuş, Cavabdeh1la yerli olduğundan və onun yaxşı imkanları olmasını bildiyindən 2012-ci ildə 300.000 ABŞ dolları borc pul lazım olduğunu ona bildirmiş, Şahbazın arvadı Cavabdeh3 bankdan 300.000 ABŞ dolları kredit götürmüş, 290.000 ABŞ dollarını ona vermiş, bunun müqabilində o özünəməxsus 140 kvm qeyri-yaşayış sahəsinin 108 kv.m-ini onlara girova qoymuş, 20 ay müddətində aldığı pulun müqabilində 90.000 ABŞ dollarını Cavabdeh1 qaytarmışdır, nəticədə cavabdehlər tərəfindən ona 220.000 ABŞ dolları məbləğində zərər vurulmuşdur. Bu hadisələr 2012-ci ildə baş vermişdir. Belə olan halda məlum olur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmuş 1096 və 1097-ci maddələri təşkil edir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmin tələbi ilə əlaqədar məhkəməyə sübut kimi öz izahatından başqa 2 yazılı sənəd:
1. "xxxx" MTK ilə bağlanmış 140 kvm qeyri-yaşayış sahəsinin alınması ilə bağlı 10 iyun 2006-cı il tarixli müqavilənin surətini;
2. 02.10.2012-ci il tarixli həmin şirkətlə qeyd edilən qeyri-yaşayış sahəsinin 32 kvm-nin ona məxsus olmasına dair bağladığı müqavilənin surətini təqdim etmişdir. İddiaçı başqa hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Cavabdehlər iddiaya etiraz edərək iddia tələblərinin əsassız və uydurma olduğunu qeyd edərək, göstərmişlər ki, iddiaçı özünəməxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 1030 məhəllə ünvanında yerləşən binadakı 140 kvm qeyri-yaşayış sahəsinin 108 kvm-ini 2012-ci il tarixdə Cavabdeh3 satmışdır. Cavabdeh iddiaya etirazında aşağıdakı sübutları təqdim etmişdir:
1. 02.10.2012-ci il tarixdə Şirkətlə Cavabdeh3 arasında bağlanmış 108 kvm sahənin Cavabdeh3 satılmasına dair müqavilə,
2. Həmin qeyri-yaşayış sahəsinə görə Cavabdeh3 hər hansı borcunun olmamasına dair, eləcə də həmin sahənin ona məxsus olmasını təsdiq edən MTK tərəfindən verilmiş maliyyə arayışı,
3. 108 kvm sahənin Cavabdeh3 300.000 ABŞ dollarına satması və həmin sahənin onun adına keçirilməsinə dair İddiaçı MTK-ya yazdığı 2 sentyabr 2012-ci il tarixli ərizəsini təqdim etmişdir. Eyni zamanda, 02.10.2012-ci il tarixdə MTK ilə Cavabdeh3 arasında bağlanmış müqaviləyə qeyd verilmişdir ki, həmin sahə İddiaçı tərəfindən satılmışdır. Bundan başqa, cavabdeh iddiaya etirazında iddiaçının 9 ildən sonra məhkəməyə müraciət etməsinin anlaşılmaz olduğunu göstərmişdir. Cavabdehin təqdim etdiyi həmin sənədlər notariat qaydada təsdiq edilmişdir. Cavabdeh müddətin tətbiqi barədə ərizə də vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan normaların təhlilindən göründüyü kimi mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranma əsasları aşağıdakılardır. - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) hüquqazidd olmalıdır; - törədilmiş həmin əməl nəticəsində başqa şəxsə birbaşa ziyan yetirilməlidir; - zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticə arasında səbəbli əlaqə olmalıdır; - hüquq pozan şəxsin təqsiri olmalıdır. Belə olan halda aydın olur ki, iddiaçı məhkəməyə tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni cavabdelər tərəfindən ona zərər vurulmasına səbəb olan və qanunun dispozitiv şərtlərinə uyğun gələn hərəkət və ya hərəkətsizliklərlə bağlı hər hansı sübut verməmişdir. İddiaçının təqdim etdiyi sübutlar yalnız cavabdehlərdən Cavabdeh3 ilə onun arasında qeyri-yaşayış sahəsinin alqı-satqısı (payın güzəşt edilməsi) ilə bağlı müqavilə münasibətlərinin olduğunu göstərir, tərəflər arasında 2012-ci ildə bağlanmış həmin müqavilələr (əqdlər) isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı digər cavabdehlərlə hər hansı münasibətinin olmasına dair sübut təqdim etməmişdir. İddiaçı apellyasiya icraatı zamanı yeni sübut kimi K.Məmmədzadəni şahid qismində təqdim edəcəyini bildirsə də, sonradan həmin şəxsin imtina etməsi səbəbindən onu təqdim edə bilməyəcəyini bildirmiş, bunula belə həmin şəxsə aid olduğunu bildirdiyi ərizəni məhkəməyə təqdim etmişdir. Bununla bağlı Məhkəmə kollegiyası bildirir ki, MPM-nin 372.2-ci maddəsinin tələbinə əsasən həmin ərizə sübut kimi qəbul oluna və qiymətlədirilə bilməz. Beləliklə də müəyyən olunur ki, iddiaçı tələbində istinad etdiyi hallara dair biri digərini tamamalayan, hər hansı şübhədənkənar və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübut verə bilməmişdir. Cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə Məhkəmə Kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, hazırkı mülki iş üzrə aparılmış araşdırmalarla iddiaçının iddia tələblərinin əsasız olması müəyyən olunmuşdur. İddia müddətinin tətbiqi isə yalnız əsaslı olan (keçərli olan) iddialara tətbiq oluna bilər. Əsassız olan iddia tələbi elə əsassız olmasına görə rədd edilməlidir. Başqa sözlə, əsassız olan iddia tələbinə iddia müddətinin tətbiqi istisna olunur. Bu baxımdan da, hazırkı iş üzrə iddiaçının tələblərinə iddia müddətinin tətbiqinə dair cavabdehlərin ərizəsi təmin edilə bilməz. Prossesual qanunun tələbinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM, maddə 217.1.) Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır (maddə 217.3.). Qanunun tələbinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədbiq edilməli hüquq normalarını müvafiq olaraq qiymət verməlidir (maddə 88). Aparılmış apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, rayon məhkəməsi prossesual qanunvericiliyi qeyd olunan normalarının tələblərini pozmuş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasındakı münasibətlər düzgün müəyyənləşdirilməmiş, prossesual hüqquq normaları pozulmuş, müvafiq olaraq da maddi hüquq nomaları düzgün təfsir edilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə mübahisələndirilən, iddi təmin olunan hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəfləri özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2500/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi iddia tələblərinin təmin olunan hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbləri həmin hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev