Məhkəmə qərarları › İş №2(103)-6973/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6973/2022

04.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6973/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Nurəddin oğluna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində maddi zərərin əvəzi kimi 2.000 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsi xx.xx.2022-ci ildə məhkəməyə verilib. İddia onunla əsaslandırılıb ki, 4 il əvvəl, 2018-ci ilin avqust ayında iddiaçının övladı – xx.xx.2007-ci il təvəllüdlü X1 (həmin vaxt 11 yaşı olub) ağacda qalan topu düşürmək üçün ağaca çıxmış, bu zaman cavabdehin övladı – xx.xx.2009-cu il təvəllüdlü X2 (həmin vaxt 9 yaşı olub) iddiaçının övadının ayağından sallanaraq onu ağacdan yıxmış, nəticədə iddiaçının övladının sağ qolu biləkdən sınmışdır. İddiaçı övladının müalicəsinə 2.000 manat pul xərcləmiş, habelə sarsıntı keçirərək mənəvi zərər çəkmişdir, mənəvi zərəri 5.000 manat mələğində qiymətləndirir. Mülki Məcəllənin 1103.1-ci maddəsinə görə, 14 yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Bu maddə tətbiq ediləkən əvvəlcə azyaşlının mülki hüquq pozuntusu törətdiyi müəyyən olunmalı, daha sonra onun valideynləri zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməlidir. Hazırkı işdə cavabdehin övladının mülki hüquq pozuntusu törətməsi müəyyən olunmur. Belə ki, iddiaçı bu barədə sübut təqdim etməyib. İddiaçı polis orqanına müraciət edib, polisdə araşdırma aparılan zaman cavabdehin övadının izahatı alınıb. O, bildirmişdir ki, iddiaçının övadının ayağından dartmamış, iddiaçının övadı topu ağacdan düşürərkən özü yıxılmış və qolu sınmışdır (iş v.6). Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1103.1 və 1118.1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar