Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-698/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-5512/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3.500 manat kompensasiya verilməklə ona məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 170 saylı fərdi yaşayış evindən cavabdehin istifadə hüququnun itirilməsi və evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə xx xxxxxx 1995-ci il tarixdə rəsmi nikahı qeydə alınmış, bir müddət normal münasibətləri olsa da, sonradan münasibətləri pozulmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə onların arasında xx xxxxxx 1995-ci ildə bağlanmış nikahın ləğv edilməsi, birgə nikahlarından olan xx xxxxxx 1997-ci il təvəllüdlü X2 və xx xxxxxx 1999-cu il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi yeni yaşayış sahəsindəki evə köçürülməsi, evin bir otağının onun istifadəsinə verilməsi, evdən istifadə qaydalarının müəyyən edilməsi və birgə nikah dövründə əldə etdikləri avtomobil üzərində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 170 saylı ünvanda yerləşən onun yaşadığı evə köçürülməsi, “Kia Rio” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə Cavabdeh, 1/2 hissəsinə onun paylarının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh evə köçdüyü vaxtdan nə övladlarının, nə də onun hüzuru qalmamış, hər gün başqa-başqa bəhanələrlə rahatlığını pozmuşdur. Cavabdeh özünə xəsarət yetirərək sahə müvəkkilinə müraciət etmiş, ona böhtan atmış, onu polis idarəsinə çağırmışlar. Uşaqları böyümüşdür və analarına nifrət edirlər. Mülkiyyətçi kimi mənzilinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu tam həyata keçirə bilmir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5512/2017 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Zirə kəndində evin kirayə haqqı azdır, aylıq 70-80 manat təşkil edir. Bununla bağlı “xxxxxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli arayışını təqdim etsə də, məhkəmə bunu sübut qismində qəbul etməmiş və nəticədə onun hüquqlarını pozan birtərəfli qətnamə qəbul etmişdir. Apellyasiya icraatı zamanı iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək kompensasiyanın məbləğini artıraraq 8.000 manat təklif etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7742/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-5512/2017 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən 8000 manat kompensasiya verilməklə Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahə, 170 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və Cavabdeh həmin evdən çıxarılması qət edilmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-201/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7742/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3620/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-5512/2017 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6289/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3620/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üşün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh ərizə göndərərək, 8.000 manat kompensasiya məbləği ilə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə hazırki iddia üzrə kompensasiyanın məbləği məhkəmə tərəfindən müəyyən edilməklə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığının olub-olmaması nəzərə alınmaqla iddianın təmin və ya rədd edilməsi barədə qətnamə qəbul edilə bilər. Apellyasiya məhkəməsi yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozaraq iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği ilə razılaşmadığı halda işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etmədən iddianın rədd edilməsi barədə barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər xx.xx.1995-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, tərəflərin birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü Əhməd və xx.xx.1999-cu il təvəllüdlü Ülvi adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasına olan nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş uşaqlar atanın yanında saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 170 saylı ünvanda yerləşən İddiaçı yaşadığı evə köçürülməsi, “Kia Rio” markalı avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 23 nömrəli qərarından görünür ki, İddiaçı Zirə qəsəbəsi 170 saylı sahədə fərdi ev tikmək üçün 875 kv.m torpaq sahəsi ayrılmışdır. RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ümumi sahəsi 144 kv.m olan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi yeni sahə 170 saylı ev xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixli MB 10/858 nömrəli arayışında mübahisəli evin bazar dəyərinin 30000-35000 manat, həmin ərazidə və ona yaxın ətrafda 1 otaqlı fərdi yaşayış evinin orta bazar kirayə haqqının 70-80 manat olduğu qeyd edilmişdir. İddiaçı 3500 manat kompensasiya verilməklə cavabdehin istifadə hüquqlarına xitam verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təklif etdiyi kompensasiyanın cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olmadığına görə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmin işdə Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə razılaşdırılmaqla təmin olunmalıdır. Əvvəlki apellyasiya baxışı zamanı iddiaçı kompensasiya məbləğini 8000 manata qaldırmışdır. Hazırda isə cavabdeh Kollegiyaya notariat qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq ona verilən 8000 manat kompensasiya məbləği ilə tam razı olduğunu bildirmişdir. Göründüyü kimi cavabdeh iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği ilə razılaşmışdır. Belə olan halda Kollegiya hesab edir ki, 8000 manat kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməli və cavabdeh həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.1-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(003)- 5512/2017 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. İddiaçı tərəfindən 8000 manat kompensasiya verilməklə Cavabdeh Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Yeni sahə 170 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin və Cavabdeh həmin evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-698/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-698/2020
08.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver