Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6989/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X2 qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X5 Əziz qızının katibliyi, cavabdeh X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 27 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh iddiaçıdan tikinti materialları götürmüş, tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəyə (qəbzə) əsasən o, İddiaçı MMC-yə olan 22457 manat borcunu xx.xx.2023-cü ilə kimi ödəyəcəyini öhdəsinə götürmüşdir. Pul ödənilmədiyindən iddiaçı polisə müraciət etmiş, Nərimanov rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru Rahib Əliyevin qərarı ilə cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya vurduğu 22457 manat ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının satdığı, onun vasitəsilə alıcılara qayimələr əsasında təhvil verdiyi dam örtüklərinin, onların aksesuarlarının və şurupların dəyərini təşkil edən 22 457 manat məbləğində pulunu ələ keçirərək mənimsəyib. Dəfələrlə müraciət olunsa da Cavabdeh ələ keçirib mənimsədiyi 22 457 manat məbləğində pulu geri qaytarmayıb, müraciətləri cavabsız qoyub, gah telefon zənglərinə cavab verməyib, gah da telefon aparatını bağlayıb, gizlənir. Sonuncu dəfə 14 Sentyabr 2023-cü ildə Cavabdeh ərizə yazıb mənimsədiyi 22 457 manatı 30 dekabr 2023cü il tarixədək geri qaytaracağını vəd etsə də, ziyanı ödəməyib və gizlənib.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2509/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia təmin edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 600.1, 1096.1, 1097.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, MMC-də heç vaxt əmək müqaviləsi ilə işləməyib. Sadəcə olaraq şirkətin tapşırığı ilə bəzi müştərilərə malların çatdırılması işində qeyri-rəsmi şəkildə kömək edib. Vəzifəsi yalnız malları təhvil verməkdən ibarət olub, pul yığımı onun öhdəliyinə verilməmişdir. Mallar müxtəlif müştərilərə çatdırılsa da, həmin müştərilərin bəziləri iddiaçı şirkətə pul ödənişi etməyib və nəticədə bu borc onda yox, müştərilərdə yaranmışdır. Həm polis orqanında izahat, həmdə xx.xx.2023-cü il tarixli yazdırılmış “ərizə” ona psixoloji təzyiq altında imzalatdırılmışdır. Məhkəmə həmin ifadələri araşdırmadan, onun mövqeyini sübutlarla yoxlamadan iddianı təmin etmişdir İddiaçı şirkət onun hansı “hüquqazidd hərəkətilə” zərər vurduğunu sübut etməmişdir. Məsuliyyət üçün zərər, qanunsuz hərəkət, səbəbli əlaqə və təqsir sübuta yetirilməlidir. Bu elementlərin heç biri müəyyən olunmayıb. Məhkəmə malların konkret kimə və nə qədər dəyərdə verildiyini, həmin müştərilərin kim olduğunu, onların ödəməməsinə dair səbəbləri araşdırmadan, müştərilərin ifadələrini almadan, onların borclu olub-olmamasını yoxlamadan tələb irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Maddə 1097.1. Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamədən cavabdeh apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
15. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
16. Cavabdeh tərəfindən yazılmış ərizədən, həmçinin cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda cavabdehin vermiş olduğu izahatından görünür ki, cavabdeh iddiaçıdan 22457 manatlıq mal almış, lakin həmin malların dəyərini iddiaçıya ödəməmişdir.
17. Cavabdeh malların dəyərinin məhz onun tərəfindən deyil, iddiaçının göstərişi ilə malların paylanmış olduğu müştərilər tərəfindən qaytarılmadığını, eləcə də sözügedən ərizənin və izahatın təzyiq altında yazıldığını bildirsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
18. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır.
19. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdikləri halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 10 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.