Məhkəmə qərarları › İş №2(103)-6992/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6992/2023

05.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6992/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1653/2023 nömrəli 22 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 05 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Suraxanı RPİ-nin 30-cu PB-nin təhqiqatçısı İddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərara əsasən İddiaçı ərizəsi üzrə aparılmış araşdırma zamanı əməldə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

2. Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Aqil Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2019- cu il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, qəbul edilmiş qərar barədə maraqlı şəxslərə bildirilmiş və vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququları izah olunmuşdur.

3. Həmin qərarda göstərilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Suraxanı rayon prokurorluğuna müraciət edərək Səbuhi adlı şəxs tərəfindən 3.000 ABŞ dollarının ələ keçirilməsini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2015-ci ilin noyabr ayında qohumu X3 ilə söhbət zamanı işsiz olduğunu söyləmiş, əgər iş olarsa ona xəbər etməsini demişdir. X9 isə keçmiş iş yoldaşı Səbuhinin “Azfen” şirkətində işləməsini, istəyəndə onu işə düzəltməsini Səbuhiyə deyə biləcəyini bildirmiş, o, razılaşdıqdan sonra Sadiq Məmmədov onu Səbuhi ilə tanış etmiş və o, “Azfen” şirkətində işə düzəltmək məqsədilə Səbuhiyə 3000 ABŞ dolları pul vermişdir. Lakin buna baxmayaraq Səbuhi tərəfindən nə işə düzəldilmiş və nə də pulu qaytarılmışdır. Araşdırma zamanı izahatı alınmış X3 eyni məzmunlu izahat verərək İddiaçı göstərdiklərini təsdiq etmişdir. Araşdırma zamanı Səbuhi adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək izahatının alınması mümkün olmamışdır. Göründüyü kimi, istintaq zamanı Səbuhi adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək və istintaqa təmin edərək izahatını almaq, eləcə də onunla digər zəruri istintaq hərəkətlərini həyata keçirmək mümkün olmamış, nəticə etibarılə onun əməlində dələduzluq cinayət əməlinin subyektiv cəhətinin mövcudluğunu sübuta yetirmək və material üzrə Səbuhi adlı şəxsin əməlinə obyektiv və hüquqi qiymət vermək mümkün olmamışdır. Beləliklə, material üzrə Səbuhi adlı şəxsin əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətlərinin mövcudluğunu sübut etmək mümkün olmadığından, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməlidir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Səbuhi adlı şəxsə 3000 ABŞ dolları pul vermiş, lakin ala bilməmişdir. Həmin xüsusat üzrə İddiaçı maddi ziyan dəyməsini və vurulmuş maddi ziyanla bağlı məsələnin cinayət-hüquqi deyil, mülki-hüquqi xarakterli olmasını və mülki qanunvericiliklə tənzimlənməsini, nəticədə isə maddi ziyanla bağlı məsələnin məhkəmələr tərəfindən araşdırılmasını nəzərə alaraq, tərəflərə vurulan ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 3000 ABŞ dolları borcun, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dollarına görə 1150 ABŞ dolları faizin, mənəvi zərərin əvəzi kimi 5000 manatın, ümumilikdə isə 4150 ABŞ dolları pulun, 5000 manatın, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin noyabr ayında cavabdeh yaşadığı Hövsan qəsəbəsi, Zeytun sovxozu N-1 ünvana gələrək “Azfen” şirkətinə işə düzəltmə adı ilə ondan 3000 ABŞ dolları almış, lakin işə düzəltməyərək pulu mənimsəmiş, dəfələrlə istəsə də, bu günədək geri qaytarmamışdır. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon prokuroruna müraciət edərək cavabdeh barəsində qanuni tədbir görülməklə aldığı pulun ona qaytarılması üçün köməklik etməsini xahiş etmişdir. Ərizə üzrə xx.xx.2016-cı il tarixdə Suraxanı RPİ 30-cu PBdə təhqiqatçı Emin Məmmədov tərəfindən araşdırma başlamış, Cavabdeh izahatı alınmamış, onun gətirilməsi barədə aidiyyəti əməkdaşa müraciət olunsa da, tapşırıq yerinə yetirilməmiş, Cavabdeh pulu ondan almağa gələn zaman idarə etdiyi avtomobillərin dövlət qeydiyyat nişanları, onun sahibinin iş yeri telefon nömrəsi, Səbuhinin işə düzəltmə adı ilə eynilə onun kimi aldadıb pul aldığı beş nəfərin ərizəsinin Səbail RPİ-də araşdırıldığı təhqiqatçı Emin Məmmədova bildirilsə də, o, bunları araşdırmaq üçün müddətin çatmayacağını bəhanə edərək heç bir əsas olmadan, 100% dələduzluq faktı olan əməlin istintaq şöbəsində araşdırılmasına heç bir təşəbbüs göstərməmiş, əksinə əməldə cinayət hadisəsi olmadığını əsas gətirərək, xx.xx.2016-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qanunsuz və əsassız qərarın ləğv edilməsi üçün xx.xx.2016-cı il tarixdə Suraxanı rayon prokuroruna müraciət etmişdir. Suraxanı rayon prokurorunun xx.xx.2016-cı il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və material üzrə araşdırmanın davam etdirilməsi üçün iş yenidən Suraxanı RPİ-nin 30cu PB-nə qaytarılmışdır. Rədd qərarı ləğv edilərək material yenidən 30-cu PB-nə qaytarılsa da, bu dəfə Fərid adlı təhqiqatçı eynilə əvvəlki təhqiqatçı kimi heç bir iş görməmiş, yalnız o, ona Cavabdeh barəsində Bakı şəhərinin Səbail və Xəzər rayonlarında cinayət işi başlandığını, tutularaq Xəzər RPİ-nin İŞ-nə təhvil verildiyini, artıq iş üzrə məhkəmə prosesi getdiyini təkidlə deyəndən sonra o, bu işlə məşğul olmuş və onun dedikləri təsdiqini tapmışdır (Səbuhi ona qarşı etdiyi hərəkətləri digər şəxslərə qarşı da etdiyindən həmin şəxslərin şikayəti üzrə CM-nin 178-ci maddəsinə əsasən cinayət işi başlanmış və o, azadlıqdan məhrum edilmişdir). Təhqiqatçı Səbuhinin izahatını aldıqdan sonra (Fərid adlı təhqiqatçının bildirdiyinə görə Səbuhi izahatında ondan də pul aldığını etiraf etmişdir. Bu həm də şahidlər olan həyat yoldaşı, oğlu, Sadiq (onu Səbuhi ilə tanış edən) və Hövsanda yaşayan, yaxından tanımadığı, həmin zaman təsadüfən oradan keçən Rafiq adlı şəxs tərəfindən də təsdiq edilir) işi Suraxanı RPİnin İŞ-nə göndərmiş, lakin 4 aya yaxın vaxt keçməsinə baxmayaraq orada da heç bir hərəkətlilik göstərilməmişdir. Məlum olmuşdur ki, Suraxanı RPİ İŞ-nin müstəntiqi Aqil Qasımov tərəfindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilməsi və Cavabdeh barəsində cinayət-hüquqi tədbirin görülməsi üçün xx.xx.2017-ci il tarixdə Suraxanı rayon prokuroruna müraciət etmişdir. Qanunsuz və əsassız qəbul edilmiş qərar rayon prokuroru tərəfindən xx.xx.2017-ci il tarixli qərarla ləğv edilmiş və xx.xx.2017-ci il tarixdə təkrarən müstəntiq Aqil Qasımov tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilib cinayət işinin başlanılması üçün xx.xx.2018-ci il tarixdə Suraxanı rayon prokuroruna müraciət ünvanlanmışdır. Prokurorluq tərəfindən xx.xx.2018-ci il tarixdə həmin qərar ləğv edilərək yenidən Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2018-ci il tarixdə müstəntiq Aqil Qasımov tərəfindən təkrarən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın da qanunsuz və əsassız qəbul edildiyinə görə ləğv edilməsi üçün xx.xx.2019-cu il tarixdə yenidən Suraxanı rayon prokuroruna müraciət etmişdir. Rayon prokurorunun xx.xx.2019-cu il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və araşdırmanın davam etdirilməsi üçün material Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. Materialın araşdırılması xx.xx.2019-cu il tarixdə yenidən İŞ-nin müstəntiqi Aqil Qasımova həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, ona qarşı dələduzluq əməllərinə yol verdiyi halda Suraxanı rayonu hüquq-mühafizə orqanları tərəfindən Cavabdeh barəsində cinayət işi başlanmamış (Səbail və Xəzər rayonlarında isə onunla bərabər eyni zamanda işə düzəltmə adı ilə aldadıb pullarını aldığı vətəndaşların şikayətləri əsasında cinayət işi başlanmış və o, məhkum edilmişdir), əksinə 5 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, bununla da hüquqları pozulmuş, maddi-mənəvi zərər çəkməklə yanaşı fiziki-psixoloji sarsıntı keçirmişdir. Qərarın 2-ci səhifəsində, yuxarıdan 4-cü, 5-ci abzaslarında deyilir: “Beləliklə də, material üzrə Səbuhi adlı şəxsin əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətlərinin mövcudluğunu sübut etmək mümkün olmadığından, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə rədd edilməlidir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Səbuhi adlı şəxsə 3000 ABŞ dolları pul vermiş, lakin ala bilməmişdir. Həmin xüsusat üzrə İddiaçı maddi ziyan dəyməsini və vurulmuş maddi ziyanla bağlı məsələnin cinayəthüquqi deyil, mülki-hüquqi xarakterli olmasını və mülki qanunvericiliklə tənzimlənməsini, nəticədə isə maddi ziyanla bağlı məsələnin məhkəmələr tərəfindən araşdırılmasını nəzərə alaraq, tərəflərə vurulan ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır”. Cavabdeh ona borclu olduğu 3000 ABŞ dolları pulu ona qaytarmalı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş hər bir il üçün əlavə olaraq həmin məbləğin 5 faizini və qərar qəbul edilən gün üçün bank uçot dərəcəsini əsas götürməklə faizini ona ödənilməlidir. Cavabdeh 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dolları borca görə həmin vaxtdan 7 il 8 ay keçdiyindən 38,33%, yəni 1150 ABŞ dolları faizi ona ödəməlidir. Bundan başqa, Cavabdeh tərəfindən çəkdiyi mənəvi ziyanın əvəzini ona ödənilməlidir.

6. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, müddət ötürüldüyünə görə iddiaçı tərəfindən verilmiş iddiadan imtina olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, göstərmişdir ki, iddia ərizəsinə əsasən iddiaçı ilə aralarında guya 2015-ci il tarixdə şifahi borc müqaviləsi bağlanmış, 2016-cı il tarixdən isə barəsində hüquq mühafizə orqanlarına şikayət ərizələri ünvanlamışdır. İddiaçı 2018-ci ilin noyabr ayınadək iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, 2023-cü ilin iyul ayında müraciət etmişdir.

7. Məhkəmədə şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, “o, əvvəllər nə İddiaçı, nə Cavabdeh tanımamışdır. Zığ qəsəbəsində fərdi ev tikdirərkən təxminən 2015-ci ilin noyabr ayında bahalı bir avtomaşının onun evinə yaxınlaşıb saxladığını və içərisində 2 nəfərin olduğunu görmüş, həmin şəxslər avtomaşından düşmüş, onlardan biri digərinə xarici valyuta olan dollarla pul sayıb vermişdir. Pul alan şəxs avtomaşına minib getmiş, o, pul verən şəxsə yaxınlaşmış və pulu nə məqsədlə verdiyini soruşmuşdur. Həmin şəxs onu “Azfen”ə işə düzəltmək adı ilə həmin şəxsə 3000 ABŞ dolları pul verdiyini demişdir. O, soruşmuşdur ki, həmin şəxsi tanıyır, Elnur demişdir ki, tanımır, onu tanış ediblər. Onda həmin şəxsin kimisə işə düzəltməyini soruşduqda, Elnur demişdir ki, eşitdiyinə görə kimisə işə düzəldir. O, təcrübəli şəxs kimi bildirmişdir ki, “sənin pulun batdı, o, səni işə düzəltməyəcək”. Həmin şəxsin sakit fağır adam olduğunu görüb telefon nömrəsini ona vermiş və demişdir ki, bu işlə bağlı problem yaşanarsa, şahid kimi ona kömək edə bilər. Bir müddət sonra həqiqətən Elnur ona zəng etmiş, aldadıldığını demiş, pulun qaytarılmasını üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmiş və həmin ərəfədə ona məlum olmuşdur ki, Səbuhi təkcə Elnuru deyil, Bakının müxtəlif rayonlarında yaşayan 12- 13 nəfəri də işə düzəltmək adı ilə aldadıb pullarını almış, həmin şəxslərin şikayəti əsasında cinayət işi başlanmış və Səbuhi 8 il azadlığdan məhrum edilmişdir. İddiaçı isə sakit təbiətli adam olduğu üçün onun şikayətlərinə baxılmamışdır. O, Elnura demişdir ki, Səbuhi həbsdən azad olunandan sonra mülki qaydada iddia qaldırılar. Bir gün Elnur ona zəng edərək demişdir ki, o, məhkəməyə iddia vermişdir, Səbuhi onunla görüşmək istəmiş, görüşdə onun da iştirak etməsini xahiş edir. Elnurla birlikdə Səbuhi ilə görüşmüş, Səbuhi həmin gün 500 manat vermək istədiyini və hissə-hissə 250 manat olmaqla pulu tam qaytaracağını bildirmiş, lakin o, demişdir ki, bu şərtlə razıdırlar, Səbuhi bir dəfə məhkəməyə gəlib pulu aldığını etiraf etsin. Ondan sonra Səbuhi heç bir əlaqə saxlamadı və məhkəməyə də gəlmədi.”

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 sentyabr 2023-cü il tarixli 2(009)-1653/2023 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında iddiaçının işə düzəltməsi ilə bağlı pulun verilməsinə dair razılaşma olmuş, məhkəmə iclasında həmin razılaşma əsasında iddiaçı tərəfindən cavabdehə 3000 ABŞ dolları məbləğində pulun verilməsi şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən cavabdehə 3000 ABŞ dolları məbləğində pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmaması halı öz təsdiqini tapdığından, iddia tələbi 3000 ABŞ dolları pulun qaytarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

10. Məhkəmə iddia tələblərinin 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dollarına görə 1150 ABŞ dolları faizin tutulması, həmçinin 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutulması hissələri üzrə qeyd etmişdir ki, həmin hissələrdə tələb təmin edilməməlidir.

11. Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair və öhdəliyin icra edilməməsi nəticəsində dəymiş ziyanla bağlı hər hansı bir sübut mövcud olmadığından, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin pozulması nəticəsində iddiaçıya 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dollarına görə 1150 ABŞ dolları faizin tutulması, həmçinin 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutulması hissələrində tələblər əsassızdır və təmin edilməməlidir.

12. Məhkəmə vurulmuş mənəvi ziyana görə 5.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz.

13. Məhkəmə qeyd etmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Hazırkı tələb müqavilə münasibətləri ilə bağlı deyil, öhdəliklərin icrası ilə əlaqədar ziyan vurma və əsassız varlanma ilə bağlı olduğundan, bu münasibətə ümumi iddia müddətinin (10 il) tətbiq edilməli olması nəzərə alınmaqla qiymət verilməlidir. Yəni iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürməmişdir.

14. Məhkəmə iddiaçının cavabdehin əməllərində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardadla prokurora müraciət olunması barədə tələbi üzrə qeyd etmişdir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. İddiaçı əvvəllər bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana təkrar CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.7, 449.1,372.1, 372.2, 373.1-373.3, 373.4, 551.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarı, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

17. İddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin qətnamə qəbul edərkən cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş mənəvi ziyanın və ödənilməli olan faizlərin təmin edilməməsini hər hansı bir sübutun olmaması ilə əsaslandırması qanunamüvafiq deyil. Ona görə ki, 8 ilə yaxın dövr ərzində aldadılmağı ilə bağlı keçirdiyi iztirablar və mənəvi sarsıntı barədə baş verən hallar nəzərə alınmayıb. Bu cür hallar barədə sübutların olmaması göstərilsə də, hansı sübutları təqdim etməyi məhkəmə tərəfindən qətnamədə əksini tapmayıb. Həmçinin, faizlərin ödənilməsi üçün hər hansı bir digər sübutun olmamasının məhkəmə tərəfindən qeyd edilməsi bütün faktiki halların araşdırılmamasının nəticəsidir.

18. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə aralarında mülki qaydada pul alınıb-verilməsi prosesi baş vermiş, pulun borc olaraq verilməsi isə yalnız şifahi və ya yazılı qaydada bağlanmış müqavilə ilə tənzimlənə bilər, yəni borcla bağlı yaranmış mübahisələr müqavilə öhdəliklərindən irəli gəlir. Hazırki mülki mübahisəyə 10 illik ümumi iddia müddəti yox, müqavilə tələblərindən irəli gələn 3 illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlinmiş və mübahisə əsassız varlanma ilə əlaqələndirilmişdir. Mübahisənin əsassız varlanma ilə əlaqəli olduğunu fərz etdikdə də Mülki Məcəllənin 1095-ci maddəsinə görə 2 il müddətində iddia verilə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz ünvanlayaraq, qətnamədən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında iştirak edən iddiaçı öz apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

21. Cavabdehin nümayəndəsi-vəkili isə təmsil etdiyi şəxsin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

25. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

26. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

27. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, iddia tələbinin təmin edilməyən hissəsində qətnamə qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.

43. İddiaçının hazırki tələbi cavabdehdən onu işə düzəltmək adı ilə aldıgı 3000 ABŞ dolları pul; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 2015-ci ilin noyabr ayından qaytarmadıgı 3000 ABŞ dollarına görə 1150 ABŞ dolları faiz (əldən çıxmış fayda); mənəvi zərərin əvəzi kimi 5000 manat; Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutulmasından ibarətdir.

44. Cavabdehdən onu işə düzəltmək adı ilə aldıgı 3000 ABŞ dolları pulun tutulması hissəsində məhkəmənin iddianın təmin edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.

45. İşin müəyyən edilmiş hallarından görünür ki, 2015-ci ilin noyabr ayında cavabdeh “Azfen” şirkətinə işə düzəltmə adı ilə iddiaçıdan 3000 ABŞ dolları pul almış, lakin işə düzəltməyərək, aldığı pulu da geri qaytarmamışdır. Bu səbəbdən iddiaçı hüquqmühafizə orqanlarına müraciət etmiş, onun şikayətləri əsasında Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir.

46. Cavabdehin iddiaçıdan işə düzəltmək adı ilə pul alması və həmin pulu qaytarmaması müəyyən olunduğundan, iddiaçı hazırda həmin pulun geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

47. Göstərilən hal məhkəmədə dindirilmiş şahid X4 ifadəsi, habelə ibtidai araşdırma dövründə izahatı alınmış X2 göstərdiyi hallarla da təsdiq olunur (bax: cinayət işinin başlanmısının rədd olunması barədə xx.xx.2016-cı il tarixli və xx.xx.2019-cu il tarixli qərarlar). Həmin araşdırma zamanı cavabdeh verdiyi izahatda 2015-ci ilin sentyabr ayında dostu Sadiq Məmmədovdan 3000 manat borc istədiyini, sonuncu da iddiaçıdan 3000 manat götürüb, 250 manatını özünə saxladığını, 2750 manatını isə ona verdiyini bildirmişdir.

48. Göründüyü kimi, tərəflər arasında pul mübadiləsinin olması mübahisəsizdir, lakin iddiaçı ondan cavabdehin 3000 ABŞ dolları aldığını və verilmiş pulun təyinatının işə düzəltmək olduğunu, cavabdeh isə 2750 manat borc olduğun bildirirlər.

49. Kollegiya yuxarıda göstərilən sübutları, habelə işin diqqətəlayiq hallarını (iddiaçının ilk gündən eyni məzmunlu şikayətlər etməsini, cavabdehin isə eyni dövrdə dələduzluq cinayəti törətməsinə görə məhkum olunmasını və s.) nəzərə alaraq hesab edir ki, cavabdehin tərəflər arasında borc münasibətləri olması barədə dəlilləri inandırıcı deyil və işin yuxarıda göstərilən halları ilə təkzib olunur.

50. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə aralarında guya şifahi borc müqaviləsi olduğuna görə 3 illik iddia müddətinin ötürüldüyünə əsaslanmışdır.

51. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

52. Belə ki, tərəflər arasında hər hansı borc müqaviləsi olmamış, borc kimi pulun alınıbverilməsi baş verməmişdir.

53. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmuşdur, iddiaçı da hazırki tələbində vurulmuş ziyanı tələb edir.

54. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

55. Deliktdən yaranan tələblər üzrə isə ümumi iddia müddəti (10 il) tətbiq edilir. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

56. Bundan başqa iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 2015-ci ilin noyabr ayından qaytarmadıgı 3000 ABŞ dollarına görə 1150 ABŞ dolları faiz tələb etmiş, məhkəmə isə bu hissədə iddianı rədd etmişdir.

57. Kollegiya bu hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq, hesab edir ki, iddiaçının tələbi bu hissədə əsaslıdır.

58. Borclunun icranı gecikdirməsindən bəhz edən MM-nin 445-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

59. Hazırki iş üzrə isə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir, belə olan halda, o, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

60. Kollegiya iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməli və cavabdeh 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dollarına görə illik 5% hesablanmaqla 1150 ABŞ dolları məbləğində pul ödəməlidir.

61. İddia tələbinin Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutulması hissəsində iddia tələbi əsassız olduğundan məhkəmə haqlı olaraq təmin etməmişdir.

62. Hazırki iş üzrə cavabdehin mübahisələndirilən pul vəsaitindən faydalanması halı sübuta yetirilmir və iş materiallarından müəyyən edilmir, belə olan halda Kollegiya hesab edir ki, MM-nin 449-cu maddəsinin dispozisiya şərtləri daxilində cavabdehdən bank uçot dərəcəsinə uyğun olaraq pulun tutulması yolverilməzdir.

63. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

64. Mənəvi zərər hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Kollegiya bu hissədə iddia tələbini qismən əsaslı hesab edərək, iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasının ağlabatan və ədalətli olmayıb, bu məqsədlə cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1653/2023 nömrəli iş üzrə 22 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən (əldən çıxmış fayda və mənəvi zərər hissəsində) ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. Cavabdeh illik 5% hesablanmaqla 1150 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar