Məhkəmə qərarları › İş №2(103)-6992/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6992/2025

03.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6992/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı MKİS-nə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə, Cavabdeh4 və Cavabdeh5 qarşı orderin ləğvi və hüquqi nəticələrinin tətbiq edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: orderin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı2 nümayəndəsi Vəkil3 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı MKİS-nə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə, Cavabdeh4 və Cavabdeh5 qarşı orderin ləğvi və hüquqi nəticələrinin tətbiq edilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(001)-87/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən vətəndaş İddiaçı1 ünvanlanan xx.xx.2018-ci il tarixli, 01/7015 saylı məktubda göstərilir: Sizin, mülkiyyətinizdə olan mənzildə məskunlaşmış məcburi köçkün ailəsinin başqa yaşayış sahəsi ilə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış, Azərbaycan Respublikasının Qaçqıların və X6 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2011-ci ilin 21 fevral tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”na Əlavələr təsdiq edilmişdir. Həmin “Əlavə”lərin 1.4-cü bəndində Bakı və Sumqayıt Şəhərlərində başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələrin köçürülməsi nəzərdə tutulmuşdur. “Dövlət Proqramı”na edilmiş “Əlavələr” icra olunarkən müraciətinizə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır.

2. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı evin 35 saylı mənzilinə kirayə müqaviləsinin bağlanılması barədə müraciətinə baxılmış, həmin ünvanda yerləşən keçmiş yataqxana binasının əvvəllər məxsus olduğu "xxxx" X18 Cəmiyyəti tərəfindən qeyd edilən mənzilə dair digər şəxsin adına xx.xx.2003-cü il tarixli, 637a saylı orderin verildiyi qeyd edilir.

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.1990-cı il tarixli, 1200 saylı arayışda göstərilir ki, İddiaçı2 Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9, mənzil 70 ünvanında qeydiyyatda olmaqla yaşayır.

4. Kirov Rayon JEK (MKİS) tərəfindən Binəqədi rayon İcraiyyə Komitəsinə ünvanlanan xx.xx.1990-cı il tarixli vəsatətdən görünür ki, Kirov rayon MKİS boş olan xidməti mənzilin işçi İddiaçı2 Qadir qızına ayrıldığını, eyni zamanda hazırda İddiaçı2 Qadir qızının B.Sərdarov adına zavodun balansında olan yataqxada özü və 3 övladı ilə birlikdə yaşadığını qeyd edir.

5. ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının (1980-1993 ixtisarla) surətindən görünür ki, İddiaçı1 1991-ci ildə B.Sərdarov adına maşınqayırma zavodunda şkaturçu vəzifəsinə keçirilmişdir,1993-cü ildə isə köçürülmə ilə əlaqədar işdən azad olunmuşdur.

6. ИТ-İ seriyalı, ******* saylı İddiaçı2 əmək kitabçasının surətindən görünür ki, o, 1987-ci ildə müvəqqəti olaraq Kirov rayonunda sanitarka vəzifəsinə götürülmüş, daha sonra xadiməçi vəzifəsinə müvəqqəti keçirilmiş, 1988-ci ildə öz ərizəsi ilə 135 nömrəli məktəbə köçürülmüş, 1988-ci ildə texniki işçi vəzifəsindən azad edilmiş, 1989-cu ildə 1 nömrəli zavoda “dvornik” vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixindən işçi kimi köçürmə yolu ilə Kirov rayon 1 saylı JEK-ə işə qəbul edilmiş, daha sonra Jek-dən 79 nömrəli MİS-ə keçirilmiş və1993-cü ilin iyul ayında öz ərizəsi ilə işdən azad edilmişdir. Daha sonra başqa vəzifələrdə çalışmışdır.

7. 78 saylı MKİS tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 869 saylı arayışdan görünür ki, İddiaçı1 Z.Qəmbərov küçəsində 9 saylı evdə qeydiyyatdadır (həyat yoldaşı, qızları və oğlu isə qeydiyyatsızdılar).

8. xx.xx.1990-cı il tarixli, 2926 saylı arayışdan görünür ki, İddiaçı2 Qadir qızı xx.xx.1989-cu ildən Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9 ünvanında, B.Sərdarov adına Maşınqayırma Zavoduna məxsus binada qeydiyyatdadır, ailəsi 4 nəfərdən ibarətdir.

9. Musayev Vəkil Abbas oğlu, X11 və X3 tərəfindən tərtib edilən xx.xx.2016-cı il tarixli aktda göstərilir: bu aktı tərtib edirik ondan ötəri ki, biz Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, yataqxana ev 9, 3-cü mərtəbə, mənzil 70-in (305 in) həqiqətən İddiaçı1, İddiaçı2 məxsus olduğuna, mənzilin tabeçiliyində olmasına, kommunal sərfiyyatların onun tərəfindən ödənildiyinə, bu gün də və yəni 27 ildir mənzilində qaçqın olduğuna, mənzilində faktiki yaşaya bilmədiyinə, mənzilinə qaçqın girməzdən öncə 1979-cu il tarixdən etibarən 70-ci mənzildə yaşadığına, 70-ci mənzildə yaşadığı müddətdə 3 övladı olduğuna, mənzilinə qaçqın girdiyi üçün də adına Order almamış olduğuna, indi həmin mənzilə dair sənədləri vaxtilə işləmiş olduğu və işlədiyi B.Sərdarov adına zavoddan ona " itmişdir" deyilməsinə, qeyd olunan ünvandakı 70-ci mənzilə dair "Order"in hökmən onun adına verilməli olduğuna, onun təcili olaraq 70-ci mənzilin içərisində yaşaması bərpa olunmalı olduğuna, MİKS-dən verilmiş olan xx.xx.1990-cı il tarixli, forma-2 tipli arayış sadalanan həqiqətə uyğun olduğuna, onun 1979cu ildən etibarən faktiki həmin ünvanda qeydiyyatda olduğuna və 30 il sahiblik etdiyi 70-ci mənzilin tam hüquqlu mülkiyyətçisi olduğuna şahidlik edirik.

10. "xxxx" TSC tərəfindən “Bakı Poladtökmə” ATSC-nin məktubu əsasında Cavabdeh5 verilən 637a saylı orderin surətindən görünür ki, “Bakı Poladtökmə” ATSC-də usta işlədiyi üçün yaşayış sahəsi ilə təmin olunması məqsədilə ona ailəvi yataqxanada M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, ünvanında mərtəbə 3, otaq 305-ə dair order verilmişdir.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda göstərilir: Sizin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı binanın 70-ci (yeni nömrə 305) mənzilinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barədə məlumatın, qeydiyyat aparıldığı halda həmin qeydiyyatın aparılmasına əsas olmuş sənədlərin və Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı binada olan mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların surətinin təqdim edilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, 305 saylı mənzil 322 nömrəli, xx.xx.2019-cu il tarixli forma 2 arayışına, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 37/6 nömrəli, xx.xx.2018- ci il tarixli sərəncamına, 637a nömrəli, xx.xx.2003-cü il tarixli orderə, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən xx.xx.2019-cu il tarixində Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

12. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olan xx.xx.2024-cü il tarixli, 3-52- 13- 14/2-147/2024 saylı məktubunda göstərilir: Bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı bina (keçmiş yataqxana) Bakı Şəhər İcra Hakimiyyəti Başcısının xx.xx.2008-ci il tarixli, 548 saylı Sərəncamına əsasən 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına mövcud vəziyyətdə əvəzsiz olaraq verilmişdir və Birliyin tabeliyində olan 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisində yerləşir. Aidiyyəti üzrə MKİS-nin verdiyi xx.xx.2024cü il tarixli, 28/78 saylı məlumata əsasən İddiaçı1, İddiaçı2 1984-cü ildə həmin ünvana pasport qeydiyyatına düşərkən Forma "A" blankında hər-hansı bir mənzil və ya otaq nömrəsi göstərilməmişdir. Yataqxana binası balansa qəbul edilərkən şikayətçi orada yaşamırdı. İddiaçı1 iddia etdiyi 70 saylı otaq indiki 305-ci mənzil olmuşdur və həmin mənzildə yaşayan Cavabdeh4 adına özəlləşdirilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-122/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı1 və İddiaçı2 cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı kirayə müqaviləsinin bağlanılması tələbinə dair iddia ərizəsi iddiaçıların subyektiv hüquqlarının olmaması əsası ilə mümkün sayılmamışdır.

14. Qərardadda iş materialı kimi göstərilir: Cavabdehin tabeliyində olan birlik tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1984-cü il tarixdən yaşayış yeri üzrə həmin yataqxanada qeydiyyatdadır, lakin qeydiyyat zamanı hər hansı otaq göstərilməmişdir. Eyni zamanda, iddiaçı həmin yataqxanada bina təhvil verilərkən yaşamamış, həmin sahəyə dair onun adına order mövcud olmamışdır.Ümumiyyətlə yataqxana balansa götürüləndə 70 saylı mənzil olmamışdır. 78 saylı MKİS tərəfindən Departamentə ünvanlanmış və həmin Departament tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənəddən görünür ki, bina balansa qəbul edilərkən otaq nömrələri 1-ci mərtəbə üzrə 100-119, 2-ci mərtəbə üzrə 201-224, 3-cü mərtəbə üzrə 301-319, 4-cü mərtəbə üzrə 401-416, 5-ci mərtəbə üzrə 501-519 kimi olmuşdur. Həmin sənəddə göstərilir ki, 31 ədəd order yataqxanda faktiki yaşayan mənzil sahiblərinə qaytarıldığından əsli İstismar Sahəsində mövcud deyil. Mənzil İstismar Sahəsinin 13 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, 305 saylı mənzildə məcburi köçkün məskunlaşmamış, bina balansa qəbul edilərkən üçüncü şəxslər orada yaşamış, mənzillər balansa qəbul edilərkən 3 rəqəmli nömrələnmə həmin mənzillər üçün xarakterik olmuş, 70 saylı mənzil nömrəsi olmamışdır.

15. Qərardadda məhkəmə tərəfindən işin müəyyən edilmiş halları kimi göstərilir: İddiaçıların 70 saylı mənzilin 305 saylı mənzil olması barədə hər hansı təsdiqedici sənəd mövcud olmamışdır. Belə ki, həmin binada yerləşən mənzillərə dair bina təhvil alınarkən, ümumiyyətlə nömrələnmə 3 rəqəmli aparılmışdır. Məhkəmə sorğusuna əsasən əldə edilən digər mənzillərə dair orderlərin surəti də həmin halı təsdiq etməkdədir. Ümumiyyətlə, iddiaçılar məhz 70 saylı mənzilə qeydiyyatının olmaları barədə mövqe bildirsə də, işin hallarından da görünür ki, həmin şəxslər binaya qeydiyyatda olmuş, 70 saylı mənzillə bağlı hər hansı qeydiyyat məlumatı daxil olmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, 70 saylı mənzil olub-olmaması, 70 saylı mənzil mövcud olmuşdursa həmin mənzilin üçüncü şəxslərin yaşadığı 305 saylı mənzil olub-olmaması barədə əlavə araşdırmanın aparılması ilə bağlı yerli baxış da həyata keçirilmişdir. Bina sakinlərinin iştirakı ilə yerli baxış zamanı isə məlum olmuşdur ki, istər İddiaçıların orada yaşadığını qeyd etdiyi dövr sakinlərindən, istərsə də sonrakı dövrdə orada yaşayan sakinlərdən heç biri iddiaçıları tanımamışdır. Eyni zamanda, iddiaçılardan sonra iddiaçıların iddia etdiyi 305 saylı mənzildə məcburi köçkünlərin yaşaması halı da həmin mərtəbədə uzun müddətdir ki, yaşayan qonşular tərəfindən təkzib edilmiş, üçüncü şəxslərdən əvvəl belə həmin mənzildə hər hansı məcburi köçkünün yaşamaması barədə məlumat verilmişdir. İddiaçı ilə birgə yerli baxışda iştirak etmək istəyən şəxs belə zavodda iddiaçı ilə birgə işlədiyini təsdiq etsə də, göstərilən binada yerləşən mənzildə onların yaşayış-yaşamaması barədə məlumat verə bilməmişdir. 70 saylı mənzilin adının çəkildiyi 1200 saylı 1990-cu il tarixli arayışın isə hazırkı mərhələdə işin digər halları və iş materiallarında olan sənədlərlə ziddiyyət təşkil etməsi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, adıçəkilən mənzilin hansı mənzil olması, mənzil nömrələnməsinin 3 rəqəmli həyata keçirilməsinə baxmayaraq həmin mənzilin 2 rəqəmli nömrələnməsi barədə heç bir sənəd sübut aşkar edilə bilməmişdir ki, həmin sənədin mötəbərliyindən, məhkəməyə şahidliklə bağlı təqdim edilmiş ərizənin mötəbərliyi kimi məhkəmə hesab edir ki, söhbət gedə bilməz.

16. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-19810-4176/2018 saylı qərarından görünür ki, Bakı şəhəri, ünvan 9, 305 saylı mənzilin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.

17. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinn xx.xx.2018-ci il tarixli, 37/6 saylı sərəncamdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı evin yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı 305 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) Cavabdeh4 adına kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilə kirayəçi hesab olunması qərara alınmışdır.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 9, 305 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 adına xx.xx.2019-cu il tarixində qeydiyyatdan keçmişdir.

19. Bakı İnzibati Məhkəməsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 2-1(81)-4176/2018 saylı məktubda göstərilir: Bakı İnzibati Məhkəməsinə daxil olmuş 2(001)-380/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinizə baxılmışdır. Bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4176/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə iddi tələbi təmin edilmiş, Bakı şəhəri, ünvan 9, 305 saylı mənzilin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur. Ərizəçilər İddiaçı2 və İddiaçı1 üçüncü şəxs qismində cəlb edilməklə 2-1(81)-4176/2018 nömrəli inzibati iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 4176/2018 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 və İddiaçı1 iddiaçı Cavabdeh4 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın verilməsi barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından ərizəçilər tərəfindən apellyasiya şikayəti verilmiş və iş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. "Elektron Məhkəmə sistemindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2505/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçilərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat

20. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinin boşaldılması, evdən məhrum edilməyə qədər mövcud olmuş vəziyyətin bərpası, qanunsuz yazılmış əmrin silinməsi, ekspertin müəyyən etdiyi vəsaitin X1 verilməsi, əmək kitabçasının düzəldilərək, təqdim olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra tələbi dəqiqləşdirməklə məhkəmədən ünvan 5 ünvanındakı zavodun ailəvi yataqxanası olan(sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırki nömrəsi 305 olan mənzilə dair Cavabdeh5 adına verilmiş 637A nömrəli, xx.xx.2003-cü il tarixli orderin ləğv edilməsi və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilərək həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

21. İddia onunla əsaslandırılmışdır ki, uzun müddət iddiaçılar İddiaçı2 və həyat yoldaşı İddiaçı1 B. Sərdarov adına Maşınqayırma zavodunda işləmiş və ev növbəsində olmuşlar. Həmin vaxt onlara ünvan 6 ünvanındakı zavodun ailəvi yataqxanası olan(sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırki mənzil nömrəsi 305 olan mənzil onların istifadəsinə verilmiş və 1993-cü ilədək həmin mənzildə yaşamışlar. 1993-cü ildə məlum hadisələrlə bağlı evdə olmadıqları müddətdə onların mənzillərinə və digər mənzillərə məcburi köçkünlər daxil olmuş və yaşamağa başlamışlar. Bundan sonra Ölkə başçısının məcburi köçkünlərin məskunlaşdığı mənzillərdə çixarılmasının dayandırılması barədə sərəncamı olduğundan məcburi köçkünlərin çıxarılması mümkün olmamışdır. Lakin, bu yaxınlarda məlumat almışlar ki, mənzillərindəki məcburi köçkünlər evi tərk etmiş Cavabdeh4 onların mənzilini zəbt edərək saxta sənədlər əsasında mənzili özəlləşdirmişdir. Belə ki. Cavabdeh4 adına order verilmədən heç bir hüquqi əsası olmayan sərəncam verilmişdir ki, həmin sərəncam inzibati qaydada məhkəmədə mübahisələndirilmişdir. Təqdim olunan sənədlərdən aydın olur ki, onlara aid olan 305 nömrəli mənzil 637A nömrəli orderlə Cavabdeh5 adına yazılmışdır.

22. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(001)- 87/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd olunmuşdur.

23. Qətnamənin əsaslarına görə, İddiaçı1 və İddiaçı2 B.Sərdarov adına Maşınqayırma Zavodunun işçisi olmuşlar. 78 saylı MKİS tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 869 saylı arayışa görə İddiaçı1 (qeydiyyata alındığı tarix qeyd edilməmişdir), B.Sərdarov adına Maşınqayırma Zavodu tərəfindən verilən xx.xx.1990-cı il tarixli, 2926 saylı arayışa görə isə İddiaçı2 Qadir qızı xx.xx.1989-cu ildən Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9 ünvanında, B.Sərdarov adına Maşınqayırma Zavoduna məxsus binada qeydiyyatda olmuşlar. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.1990-cı il tarixli, 1200 saylı arayışda göstərilir ki, İddiaçı2 Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9, mənzil 70 ünvanında qeydiyyatda olmaqla yaşayır. İddiaçı2 əmək kitabçasına görə is, o, xx.xx.1990-cı il tarixindən işçi kimi köçürmə yolu ilə Kirov rayon 1 saylı JEK-ə işə qəbul edilmişdir. JEK1-in rəisi Bakı şəhəri Kirov rayonu X8 İcraiyyə Komitəsi qarşısında İddiaçı2 xidməti mənzil ayrılması barədə xx.xx.1990-cı il tarixdə vəsatət qaldırmışdır Həmin vəsatətdə İddiaçı2 B.Sərdarov adına zavodun yataqxanasında 4 ailə üzvü ilə birlikdə yaşadığı və ona boşalmış mənzillərdə xidməti mənzil ayrılması xahiş edilmişdir. İddiaçının özü də, bu faktı etiraf etməklə bildirir ki, 1992-ci ildə ona 135 saylı mənzillə bağlı order verilmişdir. 2000-ci ilin əvvəllərində isə həmin mənzili özəlləşdirməklə satmışdır. Rayon İcraiyyə Komitəsinin arayışına görə, İddiaçı2 həqiqətən 1992-ci ildən 8-ci mkrda yerləşən 135 saylı mənzildə qeydiyyatda olmuşdur. İddiaçılar B.Sərdarov adına Maşınqayırma Zavoduna məxsus keçmiş Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9 ünvanında yerləşən binada qeydiyyatda olduqlarını göstərən arayışlara və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən 1200 saylı 1990-cı il tarixli arayışa istinad etməklə, keçmiş otaq nömrəsi 70, hazırki nömrəsi 305 olan mənzilin onlara məxsus olduğunu iddia edirlər. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olan xx.xx.2024-cü il tarixli, 3-52- 13-14/2-147/2024 saylı məktubuna görə İddiaçı1 iddia etdiyi 70 saylı otaq indiki 305-ci mənzil olmuş olsa da, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı bina (keçmiş yataqxana) Bakı Şəhər İcra Hakimiyyəti Başcısının xx.xx.2008-ci il tarixli, 548 saylı Sərəncamına əsasən 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilərkən şikayətçi (yəni iddiaçılar) orada yaşamırdı. Sözü gedən mənzil isə orada yaşayan Cavabdeh4 adına özəlləşdirilmişdir. Məhkəmə mübahisəsi dövründə müəyyən edilir ki, iddiaçılar ilk olaraq "xxxx"xxxx" Törəmə ASC-yə qarşı (üçüncü şəxs: Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək (yaşadığı əvvəl 70-ci (otaq), mənzil olub) mənzilə dair onunla cavabdeh arasında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, yataqxana ev 9, 3-cü mərtəbədə yerləşən (faktiki nömrəsi 305 olmuş) həmin mənzilə mənzil-kirayə müqaviləsi bağlanması (Order verilməsi) vəzifəsinin cavabdeh təşkilata həvalə olunması, eyni zamanda həmin mənzilə dair sənəd almış vətəndaş qanunsuz olduğu üçün sərəncamın etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, ona mülkiyyət hüququnun tanınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, mənzildən oranı qanunsuz tutmuş vətəndaşların çıxarılması, onun qeyd edilən 305-li mənzilə köçürülməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati məhkəməsinin 2-1(112)-122/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddianın mümkünlüyü araşdırılan zaman Məhkəmə, 70 saylı mənzil olub-olmaması, 70 saylı mənzil mövcud olmuşdursa həmin mənzilin üçüncü şəxslərin yaşadığı 305 saylı mənzil olub-olmaması barədə əlavə araşdırmanın aparılması ilə bağlı yerli baxış da həyata keçirmiş, bina sakinlərinin iştirakı ilə yerli baxış zamanı isə məlum olmuşdur ki, istər İddiaçıların orada yaşadığını qeyd etdiyi dövr sakinlərindən, istərsə də sonrakı dövrdə orada yaşayan sakinlərdən heç biri iddiaçıları tanımamışdır. Eyni zamanda, iddiaçılardan sonra iddiaçıların iddia etdiyi 305 saylı mənzildə məcburi köçkünlərin yaşaması halı da həmin mərtəbədə uzun müddətdir ki, yaşayan qonşular tərəfindən təkzib edilmiş, üçüncü şəxslərdən əvvəl belə həmin mənzildə hər hansı məcburi köçkünün yaşamaması barədə məlumat verilmişdir. Hətta iddiaçı ilə birgə yerli baxışda iştirak etmək istəyən şəxs belə zavodda iddiaçı ilə birgə işlədiyini təsdiq etsə də, göstərilən binada yerləşən mənzildə onların yaşayış-yaşamaması barədə məlumat verə bilməmişdir. 78 saylı MKİS tərəfindən Departamentə ünvanlanmış və həmin Departament tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənədə görə isə bina balansa qəbul edilərkən otaq nömrələri 1-ci mərtəbə üzrə 100-119, 2-ci mərtəbə üzrə 201-224, 3cü mərtəbə üzrə 301-319, 4-cü mərtəbə üzrə 401-416, 5-ci mərtəbə üzrə 501-519 kimi olmuşdur. Həmin sənəddə göstərilir ki, 31 ədəd order yataqxanda faktiki yaşayan mənzil sahiblərinə qaytarıldığından əsli İstismar Sahəsində mövcud deyil. Mənzil İstismar Sahəsinin 13 yanvar 2023-cü il tarixli məktubuna görə isə 305 saylı mənzildə məcburi köçkün məskunlaşmamış, bina balansa qəbul edilərkən üçüncü şəxslər orada yaşamış, mənzillər balansa qəbul edilərkən 3 rəqəmli nömrələnmə həmin mənzillər üçün xarakterik olmuş, 70 saylı mənzil nömrəsi olmamışdır. Hazırda isə iddiaçılar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, əslində B.Sərdarov adına zavodda işçi kimi ev növbəsində olduqlarını, onlara xidməti mənzil kimi, 70 saylı mənzilin verildiyini, 1976-cı ildən(ziddiyyətli ifadələrlə) 1993- cü ilədək mübahisəli mənzildə yaşadıqlarını, 1990 və 1993-cü illərdə mənzillərinə qaçqınların girməsi səbəbində evdən çıxarıldıqlarını, mənzilə dair (özlərində olmasa belə) onlara order verildiyini, qüvvədə olan orderləri olmasına baxmayaraq, qanunsuz olaraq, Cavabdeh5 adına 637A nömrəli, xx.xx.2003-cü il tarixli order verildiyini bildirməklə, həmin orderin ləğvini, nəticələrinin etibarsız hesab edilməklə, mənzilin boşaldılmasını tələb edirlər. Məhkəmə tərəfindən sözügedən orderin mövcudluğunu müəyyən etmək üçün xx.xx.2025-ci il tarixli, 2(001)-87/2025 saylı qərardad ilə cavabdeh "xxxx" MMC-dən zavodun işçilərinə mənzillərin, orderlərin verilməsinə dair məlumatları özündə əks etdirən 1988-1989-cu illəri əhatə edən jurnallar tələb edilmiş, MMC tərəfindən qərardadın icrası ilə bağlı bildirilmişdir ki, adı gedən yataqxana və onunla əlaqəli bütün sənədlər 07 may 2014-cü il tarixli təhvil-təslim aktı ilə Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamnetinin 2 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinə təhvil verilmişdir. Cəmiyyətdə adı gedən yataqxana ilə bağlı heç bir sənəd qalmamışdır. Bundan başqa məhkəmə tərəfindən mübahisəli mənzilin hüquqi vəziyyətinin aydınlaşdırılması üçün aidiyyəti dövlət orqanına ünvanlanmış sorğuya cavab olaraq təqdim edilən sübutlarla müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Departamentinin xx.xx.2018-ci il tarixli, 37/6 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı evin yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı 305 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) Cavabdeh4 adına kirayə müqaviləsi bağlanması qərara alınmış, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-19810-4176/2018 saylı qərarı ilə Bakı şəhəri, ünvan 9, 305 saylı mənzil Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xüsusi mülkiyyət hüququ ilə sonuncunun adına xx.xx.2019-cu il tarixində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-19810-4176/2018 saylı qərarında qeyd edilir ki, mübahisəli daşınmaz əmlak Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 37/6 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamı əsasında Cavabdeh4 ayrılsa da, həmin mənzil iddiaçının qaynatası Cavabdeh5 "xxxx" TSC tərəfindən 2003-cü il tarixli order əsasında verilmiş, Cavabdeh4 Cavabdeh5 oğlu, X5 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və o, 2008-ci ildən həmin ünvanda yaşadığından, Cavabdeh4 mübahisəli mənzilə hüquqları xx.xx.2018ci il tarixdən deyil, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən əvvəl yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə B.Sərdarov adına Maşınqayırma Zavodunun balansında olmuş ünvan 8 ünvanında yerləşən keçmiş yataqxana binasında 305 nömrəli mənzillə bağlıdır. Belə ki, iddiaçılar uzun müddət B.Sərdarov adına zavodda işlədiklərinə görə həmin mənzilin order əsasında məhz onlara verildiyini, evdə məcburi köçkünlərin məskunlaşdığına görə çıxmaq məcburiyyətində qaldıqlarını, daha sonra həmin mənzilin saxta order əsasında cavabdehə verildiyini iddia edirlər və tələblərini onlara verilən orderin ləğv edilmədən yeni orderin verilməsinin qanunsuzluğu ilə əsaslandırırlar. Bundan əlavə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ünvan 8 ünvanında yerləşən keçmiş yataqxana binasının 206 nömrəli mənzili iş materiallarında olmayan order əsasında Cavabdeh5 verilmişdir, sonuncuya ailə tərkibinin artması ilə bağlı 637 a nömrəli order əsasında 305 saylı mənzil də verilmişdir. 2008-ci ildən mənzildə yaşayan Cavabdeh5 gəlini Cavabdeh4 ilə kirayə müqaviləsinin bağlanmasına dair Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən xx.xx.2018-ci il tarixli 37/6 saylı sərəncam verilmişdir. Hansı ki, Cavabdeh4 sonradan həmin mənzilə dair məhkəmə qərarına əsasən çıxarış almışdır. Qeyd edilən sərəncam iddiaçılar tərəfindən inzibati qaydada mübahisələndirilmiş və yuxarıda göstərilən qərarlar qəbul edilmişdir. Əvvəla qeyd edilməlidir ki, Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri mənzil fondunu təşkil edirlər və mənzil fonduna isə dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil tikinti kooperativi fondu, fərdi mənzil fondu daxildir. Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, qeyd edilən yataqxana idarə mənzil fonduna aiddir(bax iş materiallarında Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2018-ci il tarixli, 37/6 sərəncamı). Yataqxanalarda mənzil sahəsi iş dövründə yaşamaq üçün verilir və əmək müqaviləsinə xitam verildikdə işçilər başqa yaşayış sahəsi verilmədən yataqxanadan çıxarılır. Xidməti yaşayış sahələrində də eyni qaydalar tətbiq edilir və əmək münasibətlərinə xitam verilməsi xidməti yaşayış sahəsindən çıxarılma üçün əsasdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçılara əgər qeyd edilən yataqxanada yaşamaq üçün otaq və ya xidməti mənzil ayrılmışdırsa, onlar başqa işə keçirilən zaman ya başqa yaşayış sahəsi verilmədən, ya da başqa yaşayış sahəsi verilməklə müvafiq olaraq yataqxanadan və xidməti yaşayış sahəsindən onsuz da çıxarılmalı idilər. Hansı ki, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı2 1990-cı ildə köçürülmə yolu ilə JEK1-ə işə qəbul edilmiş və JEK1-in rəisi Bakı şəhəri Kirov rayonu X8 İcraiyyə Komitəsi qarşısında İddiaçı2 xidməti mənzil ayrılması barədə 1990-cı ildə vəsatət qaldırmışdır. İddiaçının etirafına və tədqiq edilmiş sübutlarla da təsdiq olunur ki, 1992-ci ildə iddiaçıya 8-ci mikrorayon ərazisində 2 otaqlı xidməti mənzil verilmişdir. Hansı ki, iddiaçı sonradan həmin mənzili özəlləşdirmiş və daha sonra başqa şəxsə satmışdır. Yəni iddiaçının dəlillərinin əsassızlığı burdan da aydın olur ki, iş yeri dəyişən şəxsə dövlət mənzil fondundan əvvəlki yaşayış sahəsi saxlanılmaqla başqa yaşayış sahəsinin verilməsi mümkün ola bilməzdi. Bundan əlavə tədqiq edilmiş sübutlarla iddiaçılara həmin mənzilə dair hər hansı orderin verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıların işlədikləri yerin yataqxanasına qeydiyyata düşmələri, sübut olunmasa belə müvəqqəti olaraq qeyd edilən mənzildə yaşamaları, İcraiyyə Komitəsi qarşısında vəsatət qaldırılması ilə bağlı yaşayış barədə arayış almaları orderin verildiyini təsdiq etmir. Məhkəmə hesab edir ki, iddiaçıların qeyd edilən mənzilə dair sonrakı orderin mübahisləndirilməsi ilə bağlı subyektiv hüququ yoxdur.

24. Məhkəmə gəldiyi nəticəni (1982-ci ildə təsdiq edilmiş) 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35, 44, 45, 48, 49, 100, 103, 104, 106, 107, 108-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari

a) Apellyasiya şikayətinin dəlilləri

25. İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlillərinə əsasən, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır, qanunsuz və işin hallarına uyğun olmadığından ləğv edilməlidir. Belə ki, iddiaçılar İddiaçı2 və həyat yoldaşı İddiaçı1 uzun müddət B.Sərdarov adına Maşınqayırma zavodunda işləmiş və ev növbəsində olmuşlar. Həmin vaxt onlara ünvan 9 ünvanındakı zavodun ailəvi yataqxanası olan (sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırki mənzil nömrəsi 305 olan mənzil onların istifadəsinə verilmiş və 1993-cü ilədək həmin mənzildə yaşamışlar. 1993-cü ildə məlum hadisələrlə bağlı evdə olmadıqları müddətdə onların mənzillərinə və digər mənzillərə məcburi köçkünlər daxil olmuş və yaşamağa başlamışlar. Bundan sonra ölkə başçısının məcburi köçkünlərin məskunlaşdığı mənzillərdən çixarılmasının dayandırılması barədə Sərəncamı olduğundan məcburi köçkünlərin çıxarılması mümkün olmamışdır. Lakin bu yaxınlarda məlumat almışlar ki, mənzillərindəki məcburi köçkünlər evi tərk etmiş, Cavabdeh4 onların mənzilini zəbt edərək saxta sənədlər əsasında mənzili özəlləşdirmişdir. Belə ki, Cavabdeh4 adına order verilmədən heç bir hüquqi əsası olmayan Sərəncam verilmişdir ki, həmin Sərəncam inzibati qaydada məhkəmədə mübahisələndirilmişdir. Təqdim olunan sənədlərdən aydın olur ki, onlara aid olan 305 nömrəli mənzil 637A nömrəli orderlə Cavabdeh5 adına yazılmışdır. Lakin məhkəmə araşdırması zamanı qeyd olunan 9 saylı binanın keçmiş otaq nömrəsi 70, hazırki mənzil nömrəsi 305 olan mənzilin, həmçinin də həmin binanın 206-cı mənzilinin iddiaçılara verilməsinə dair müvafiq hüquqmüəyyənedici sənədlər təqdim olunmasına baxmayaraq, məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəməyə daimi pasport qeydiyyatı ilə bağlı f-2 arayış və digər sənədlər təqdim edilsə də, məhkəmə orderin verilməməsini əsas gətirərək, iddianı təmin etməməmişdir. İşlədikləri zavodun rəhbərliyi tərəfindən qeyd olunan mənzillərin iddiaçılara verilməsinə dair rəsmi sənədlər təqdim olunmasına baxmayaraq, məhkəmə onların vəsatəti əsasında xx.xx.2025-ci il tarixli icrası dərhal olan qərardad qəbul edərək, cavabdeh "xxxx" MMC-dən zavodun işçilərinə mənzillərin, orderlərin verilməsinə dair məlumatları özündə əks etdirən 1988-1989-cu illəri əhatə edən jurnalları tələb etmiş, lakin qərardad icra olunmamış, jurnallar məhkəməyə təqdim edilməmişdir. Hesab edir ki, qətnamə birbaşa iddiaçıların mənafelərinə uyğun deyildir, maddi və prosessual pozuntularla qəbul edildiyindən qüvvədə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət etməmiş, qanunvericiliyin tələblərini pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İddiaçı2 nümayəndəsi Vəkil3 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

29. 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 35. Vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; 2) daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; 3) iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; 4) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; 5) altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə, məhkum edildikdə. Uçotdan çıxarmanı vətəndaşları uçota götürmək haqqında qərar qəbul etmiş orqanlar həyata keçirirlər. Qəbul olunmuş qərar haqqında vətəndaşa yazılı şəkildə məlumat verilir. Maddə 44. Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X8 icraiyyə komitəsi tərəfindən verilir. Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X8 icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq X8 icraiyyə komitəsinə məlumat verilir. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X8 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Maddə 49. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi kündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Maddə 104. Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə 108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş* və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxişinin hədləri

32. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

33. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.

35. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə B.Sərdarov adına Maşınqayırma Zavodunun balansında olmuş ünvan 8 ünvanında yerləşən keçmiş yataqxana binasında 305 nömrəli mənzillə bağlıdır. Belə ki, iddiaçılar uzun müddət B.Sərdarov adına zavodda işlədiklərinə görə həmin mənzilin order əsasında məhz onlara verildiyini, evdə məcburi köçkünlərin məskunlaşdığına görə çıxmaq məcburiyyətində qaldıqlarını, daha sonra həmin mənzilin saxta order əsasında cavabdehə verildiyini iddia edirlər və tələblərini onlara verilən orderin ləğv edilmədən yeni orderin verilməsinin qanunsuzluğu ilə əsaslandırırlar. Bundan əlavə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ünvan 8 ünvanında yerləşən keçmiş yataqxana binasının 206 nömrəli mənzili iş materiallarında olmayan order əsasında Cavabdeh5 verilmişdir, sonuncuya ailə tərkibinin artması ilə bağlı 637 a nömrəli order əsasında 305 saylı mənzil də verilmişdir. 2008-ci ildən mənzildə yaşayan Cavabdeh5 gəlini Cavabdeh4 ilə kirayə müqaviləsinin bağlanmasına dair Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən xx.xx.2018-ci il tarixli 37/6 saylı sərəncam verilmişdir. Hansı ki, Cavabdeh4 sonradan həmin mənzilə dair məhkəmə qərarına əsasən çıxarış almışdır. Qeyd edilən sərəncam iddiaçılar tərəfindən inzibati qaydada mübahisələndirilmiş və yuxarıda göstərilən qərarlar qəbul edilmişdir.

36. İddiaçılara əgər qeyd edilən yataqxanada yaşamaq üçün otaq və ya xidməti mənzil ayrılmışdırsa, onlar başqa işə keçirilən zaman ya başqa yaşayış sahəsi verilmədən, ya da başqa yaşayış sahəsi verilməklə müvafiq olaraq yataqxanadan və xidməti yaşayış sahəsindən onsuz da çıxarılmalı idilər. Hansı ki, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı2 1990-cı ildə köçürülmə yolu ilə JEK1-ə işə qəbul edilmiş və JEK1-in rəisi Bakı şəhəri Kirov rayonu X8 İcraiyyə Komitəsi qarşısında İddiaçı2 xidməti mənzil ayrılması barədə 1990-cı ildə vəsatət qaldırmışdır. İddiaçının etirafına və tədqiq edilmiş sübutlarla da təsdiq olunur ki, 1992-ci ildə iddiaçıya 8-ci mikrorayon ərazisində 2 otaqlı xidməti mənzil verilmişdir. Hansı ki, iddiaçı sonradan həmin mənzili özəlləşdirmiş və daha sonra başqa şəxsə satmışdır. Yəni iddiaçının dəlillərinin əsassızlığı burdan da aydın olur ki, iş yeri dəyişən şəxsə dövlət mənzil fondundan əvvəlki yaşayış sahəsi saxlanılmaqla başqa yaşayış sahəsinin verilməsi mümkün ola bilməzdi.

37. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçıların işlədikləri yerin yataqxanasına qeydiyyata düşmələri, sübut olunmasa belə müvəqqəti olaraq qeyd edilən mənzildə yaşamaları, İcraiyyə Komitəsi qarşısında vəsatət qaldırılması ilə bağlı yaşayış barədə arayış almaları orderin verildiyini təsdiq etmir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(001)-87/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(001)-87/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar