Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6998/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı İdman Sağlamlıq Kompleksinin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” X5 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı İdman Sağlamlıq Kompleksinin cavabdehlər Bakı şəhəri Yasamal Bələdiyyəsi və Cavabdeh2 qarşı (“X1 və Koordinasiya Mərkəzi” PHŞ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən istifadəyə olan maneənin aradan qaldırılması və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2968/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İdman Sağlamlıq Kompleksi cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 177\06 saylı Sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 586-cı məhəllədə "ŞÜA“ X2 istifadəsinə verilmiş 779.46 kv.melr torpaq sahəsindən istifadəyə Yasamal Bələdiyyəsi tərəfindən yaradılan hər hansı maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı İdman Sağlamlıq Kompleksinin yazılı vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Bundan sonra, İddiaçı İdman Sağlamlıq Kompleksi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin Bakı şəhəri Yasamal rayonu, A.Abbasov küçəsi 586-cı məhəllədə yerləşən torpaq sahəsində iddiaçıya yaratdığı maneələrə son qoyması və Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh2 vəsatəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2968/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi il iddianın qismən təmin edilməsi, Cavabdeh2 iddiaçı ŞÜA” İdman Sağlamlıq Kompleksinin istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, A.Akimov küçəsi, 589-ci məhəllədə yerləşən torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı İdman Sağlamlıq Kompleksinə aid edilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı İdman Sağlamlıq Kompleksinin nümayəndəsi və vəkili izahat verərək həmin sənaye və istehsal xarakterli olduğunu, bu isə hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasının şərtləndirdiyindən mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin nümayəndəsi də eyni mövqedən çıxış edərək, mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2968/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının: 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər; 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. 25-ci bəndinə əsasən kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən olunmuş halına görə, Bakı şəhəri Yasamal rayonu, A.Abbasov küçəsi 586-cı məhəllədə yerləşən torpaq sahəsi sahibarlıq fəliyyətinin həyata keçirilməsi üçün istifadə edilir və cavebdeh Cavabdeh2 orada “Ləbləbi” adlı kafe işlədərək sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Eyni zamanda iddiaçı da həmin sahədən iaşə-istirahət zonası kimi istifadə etmişdir. Elektron məhkəmə sistemindən əldə olunan məlumata görə də Cavabdeh2 da xx.xx.2022-ci il tarixdən ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Kollegiya hesab edir ki, mübahisə, fərdi sahibkar statusu olan cavabdeh ilə hüquqi şəxs olan iddiaçı arasında əşya hüquqi münasibətlərdən yaranmaqla kommersiya xarakterlidir; eyni zamanda iddiaçının iddia tələbini irəli sürdüyü cavabdehlərdən biri də bələdiyyə orqanı olan Bakı şəhəri Yasamal Bələdiyyəsi çıxış etdiyindən, birinci instansiya məhkəməsi qeyd edilən bu halları nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası göstərilənləri, habelə hazırki mübahisənin məhz tərəflər arasında yaranmış kommersiya mübahisəsindən irəli gəldiyini nəzərə alıb, belə qənaətə gəlir ki, bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək, işə məhkəmə aidiyyəti baxımından ümumi məhkəmə, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraatına qəbul edilməsi zamanı mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini yoxlamamış və nəticədə məhkəmə aidiyyəti ilə bağlı qaydalara riayət etməməklə ərizəni icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2968/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 32-ci, 384-cü, 387-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2968/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İdman Sağlamlıq Kompleksinin cavabdehlər Bakı şəhəri Yasamal Bələdiyyəsi və Cavabdeh2 qarşı (“X1 və Koordinasiya Mərkəzi” PHŞ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən istifadəyə olan maneənin aradan qaldırılması və sair” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6998/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6998/2023
13.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver