Məhkəmə qərarları › İş №2(103)-6999/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6999/2022

25.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6999/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 181.900 manat borcun qaytarılması tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 181.900 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətininin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddia ərizəsində bildirib ki, həmin pulu cavabdehə borc verib. Birinci instansiya məhkəməsi pulun tutulmasını qət edərkən əsassız varlanma qaydalarına istinad edib. Müəyyən olunur ki, tərəflərin arasında borc münasibəti olmayıb, iddiaçı şəxsi münasibətlərə əsaslanaraq həmin pulu cavabdehə bağışlayıb, sonradan şəxsi münasibətlər pozulduğuna görə iddiaçı pulu geri almaq üçün onu borc verdiyini bildirib. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. 1-ci, hər iki tərəf təsdiq edir ki, pulun verildiyi zaman aralarında şəxsi (kişi-qadın) münasibətləri olub. Bu isə onu təsdiq edir ki, pulun bağışlanmasına səbəb həmin münasibətlər olub, yəni iddiaçı həmin münasibətlərə əsaslanaraq mənzil almaq üçün cavabdehə pul bağışlayıb. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edib ki, 2020-ci ildə aralarında “isti” münasibətlər yaranıb, bir müddət Türkiyədə birlikdə yaşayıblar, xx.xx.2021-ci ildə cavabdeh Azərbaycana qayıdıb, sonradan pandemiya səbəbindən Türkiyəyə gələ bilməyib, buna baxmayaraq aralarında telefon əlaqəsi davam edib, cavabdeh mənzil almaqda ona köməklik etməsini xahiş edib, xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2021-ci ilədək cavabdehə bank vasitəsilə ümumilikdə 107.000 ABŞ dolları pul göndərib. Daha sonra, əlavə olaraq cavabdehə yenə pul göndərib. Ümumilikdə cavabdehə bank vasitəsilə hissə-hissə 181.900 manat pul göndərib. Cavabdeh iddiaya etiraz edir, bildirir ki, iddiaçı ilə 3 il əvvəl Türkiyədə tanış olub, iddiaçı ona vəkil olduğunu bildirib, aralarında “yaxınlıq” münasibəti olub və qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlayıblar, sonradan münasibətləri pozulub. Münasibətləri yarandıqdan sonra iddiaçı ona bildirib ki, ev almaqda ona köməklik edəcək. İddiaçı pulu ona 3 il ərzində hissə-hissə göndərib, pulu borc kimi deyil, kömək məsədilə verib, pulu geri qaytarmalı olduğunu əvvəlcədən bildirməyib. 2-ci, pul şəxsi (kişi-qadın) münasibətlərin pozulmasından sonra geri tələb olunub. Bu isə onu təsdiq edir ki, pul borc verilməyib. Əgər borc verilsəyidi pulun qaytarılması şəxsi (kişi-qadın) münasibətlərinin davam etdiyi zaman tələb olunardı. Pulun məhz şəxsi (kişi-qadın) münasibətlərinin pozulmasından sonra geri tələb edilməsi, onu təsdiq edir ki, iddiaçı həmin münasibətlərə əsaslanaraq mənzil almaq üçün cavabdehə pul bağışlayıb. 3-cü, pul verildiyi zaman onun qaytarılacağı tarix müəyyən olunmayıb. Belə şərtlə borc verilməsi mümkündür, bu halda pulun qaytarılması (öhdəliyin icrası) tələbetmə məqamı ilə müəyyən edilir. Lakin bu hal işin digər halları ilə birlikdə qiymətləndirildikdə onu təsdiq edir ki, pul bağışlanıb, bu səbəbdən onun qaytarılacağı tarix müəyyən edilməyib. 4-cü, yazılı borc müqaviləsi bağlanmayıb, ümumiyyətlə heç bir sənəd (qəbz, iltizam və s.) tərtib olunmayıb. İddiaçı hüquqşünasdır, vəkillik fəaliyyəti ilə məşğuldur. O, bilir ki, belə böyük məbləğədə pulun (181.900 manatın) borc verilməsi üçün borc müqaviləsi bağlanmalı, yaxud borc alandan ən azı iltizam və ya qəbz alınmalıdır. O cümlədən belə böyük məbləğdə pulun borc verilməsi zamanı öhdəliyin icrasının təmini üsullarından (girov, zaminlik və s.) istifadə olunması məqsədə uyğundur. Əgər qanunvericiliyi bilməyən şəxs bu qaydada başqasına pul versəyidi, borcun həqiqiliyinə şübhə yaranmazdı. Hüquqşünasın, xüsusilə də vəkillik fəaliyyəti ilə məşuğul olan şəxsin bu qaydada başqa şəxsə pul verməsi, işin digər halları ilə birlikdə qiymətləndirildikə onu təsdiq edir ki, pul bağışlanıb, bu səbəbdən borcla bağlı heç bir sənəd tərtib olunmayıb 5-ci, pul hissə-hissə bank vasitəsilə göndərilib, göndərişlərin heç birində onun borc verildiyi qeyd edilməyib. Bu hal işin digər halları ilə birlikdə qiymətləndirildikdə onu təsdiq edir ki, pul borc verilməyib. Beləliklə, yalnız iddiaçı tərəfin izahatına əsasən pulun borc verildiyi müəyyən edilə bilməz. Pulun borc verildiyi müəyyən edilmədiyinə görə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia ədd olunmalıdır. Hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilməlidir. Apellyasiya şikayətində həmçinin tələb olunub ki, birinci instansiya məhkəməsinin xüsusi qərardadı ləğv olunsun və avtomobilin üzərinə müvəqqəti təminat tədbiri kimi qoyulmuş həbs götürülsün. Bununla bağlı məhkəmə qeyd edir ki, xüsusi qərardaddan apellyasiya şikayəti verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb, həbsin götürülməsi üçün isə birinci instansiya məhkəməsinə müraciət olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. Hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar