Məhkəmə qərarları › İş №2(103)-7/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7/2024

21.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və sair tələbləri barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2019-cu il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus və Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 577-ci məhəllə, bina 87 “A”-da yerləşən 756 saylı mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması, mənzilin ona (iddiaçıya) təhvil verilməsi, əldən çıxmış faydanın əvəzinin ödənilməsi məqsədi ilə 7.200 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. X3 və X2 iddia ərizəsində iş üzrə üçüncü şəxs kimi göstərilmişlər.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, iddia ərizəsində göstərilən mənzili onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən əldə etmişdir. Mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmış və bununla bağlı olaraq iddiaçıya “Reyestrindən çıxarış” verilmişdir. “Alğı-satqı müqaviləsinə” əsasən cavabdeh həmin mənzili onun tərəfindən iddiaçıya təhvil verilməsi barədə üzərinə öhdəlik götürsə də, bu öhdəliyi icra etməmiş, mənzili iddiaçıya təhvil verməmişdir. Buna görə də iddiaçı hesab edir ki, ona məxsus mənzildən cavabdehin istifadə hüququna xitam verilməli, cavabdehin mənzildən çıxarılmalı və mənzil iddiaçıya təhvil verilməlidir. Bundan başqa iddiaçı bildirir ki, cavabdeh həmin mənzili ayda 300 manata iş üzrə üçüncü şəxslərə kirayəyə vermiş və 2 il ərzində onlardan (300 manat x 24 ay=) 7.200 manat məbləğində gəlir əldə etmişdir, halbuki, mənzil iddiaçının mülkiyyətində olduğu üçün iddiaçı özü mənzili kirayəyə verib həmin məbləği əldə edə bilərdi. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı 7.200 manat məbləğində fayda itirmişdir. Odur ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın tam həcmdə təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğu üçün onun tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi cavabdehi məhkəmə iclası barədə xəbərdar etməmiş, cavabdehin iştirakı olmadan qətnamə qəbul etmişdir. Bunun nəticəsində cavabdeh iddia tələbinə qarşı öz mövqeyini Rayon Məhkəməsinə bildirə bilməmişdir. Əslində aşkar qaydada təsdiq olunur ki, iddia ərizəsində istinad edilən “Alğı-satqı müqaviləsi” saxtadır. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İş üzrə tərəflər və üçüncü şəxslər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. İşdə olan sənədlərdən görünür ki, üzərində iddiaçı ilə cavabdehin arasında xx.xx.2017-ci il tarixdə bağlanması qeyd edilmiş “Alğı-satqı müqaviləsində” nəzərdə tutulmuşdur ki, cavabdeh özünə məxsus olan və iddia ərizəsində qeyd edilən mənzili iddiaçıya satmışdır.

10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi dövlət reyestrində xx.xx.2017-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır.

11. İşə apellyasiya qaydasında baxılan zaman Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh hazırki iş üzrə iddiaçıya qarşı müvafiq iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək “Alğı-satqı müqaviləsini” mübahisələndirmişdir.

12. Bunu müəyyən etmiş Məhkəmə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadla hazırki iş üzrə icraatı dayandırmışdır.

13. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-345/2023 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə, iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı və cavabdeh (hazırki iş üzrə tərəf olmayan) Bakı Şəhəri 50 saylı Notariat Ofisinə qarşı irəli sürdüyü “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3718/2023 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə, iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Nizami Rayon Məhkəməsinin 2(007)-345/2023 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdehlər İddiaçı və 50 saylı Notariat Ofisinə qarşı irəli sürdüyü “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasının təmin edilməsini, üzərində Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanması qeyd edilmiş “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, müqavilədə qeyd edilən 30.000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 618/2024 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3718/2023 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.

16. Bunu müəyyən etmiş Məhkəmə hazırki iş üzrə icraatı təzələmişdir.

17. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).

19. Qeyd edilən prosessual və maddi hüquq normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alan Məhkəmə qeyd edir ki, üzərində hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilə dair bağlanması qeyd edilmiş xx.xx.2017-ci il tarixli “Alğı-satqı müqaviləsi” etibarsız hesab edildiyindən iddiaçı mübahisəli mənzilin artıq mülkiyyətçisi deyil. Belə olan halda onun hazırki iş üzrə cavabdehə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və sair tələbləri barədə” iddiası əsaslı hesab edilə bilməz. f) apellyasiya baxışının nəticəsi

20. Beləliklə apellyasiya baxışı ilə müəyyən edilir ki, üzərində hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilə dair bağlanması qeyd edilmiş xx.xx.2017-ci il tarixli “Alğı-satqı müqaviləsi” etibarsız hesab edildiyindən Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə səhv və işin hallarına uyğun olmayan hesab edilməlidir. Bu baxımdan apellyasiya şikayəti əsaslı hesab edilir.

21. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

22. Apellyasiya şikayəti təmin edildiyindən, iddia ərizəsi isə təmin edilmədiyindən Məhkəmə hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinin tələbinə görə iddiaçıya aid edilməlidir.

23. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi rədd edildiyindən cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. İddiaçı isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

24. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və sair tələbləri barədə” iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları İddiaçı aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumunun əvəzi 15 (on beş) manat 40 (qırx) qəpik İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh bu qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar