Məhkəmə qərarları › İş №2(103)-700/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-700/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-700/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələblərinə dair 2(005)-1725/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3260 (üç min iki yüz altmış) manat məbləğində ona vurulmuş maddi zərərin, cavabdehin inzibati xəta törətməsi nəticəsində yaranmış 73 (yetmiş üç) manat cərimənin və vurulmuş 2000 (iki min) manat məbləğində mənəvi zərərin, müqaviləyə əsasən 2019-cu ilin mart ayından bu günədək ödənlməmiş pulla bağlı yaranmış itirilmiş faydanın 4800 (dörd min səkkiz yüz) manatın ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə ona məxsus olan 99- RH- 335 dövlət qeydiyyat nişanlı “Chevrolet Nubira minik” markalı avtomobili xx.xx.2018-ci il tarixində xüsusi notariat kontorunda verilmiş etibarnamə əsasında hər ay 400 manat olmaqla 34 (otuz dörd) ay ərzində hissə-hissə ödəmək şərti ilə cavabdehə satmışdır. (xx.xx.2018-ci il tarixli ilkin müqavilə əsasında) cavabdehə etibarnamə verilən zaman sadəcə idarə etmək səlahiyyəti verilmişdir. Belə ki, cavabdehlə razılaşmışdır ki, pulu tam ödədikdən sonra avtomobili onun adına keçirəcəkdir. Bu şərtlə avtomobil cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh razılaşmaya sadəcə 3 ay riayət etmiş, lakin sonradan ödəniş etməyi dayandırmışdır. Ödənişin 4-cü ayına keçdikdə cavabdeh ona zəng vurub bildirdi ki, “beynim çöndü, maşını yandırdım”. Ondan bunu niyə etdiyini soruşduqda bildirdi ki, “əsəbləşdim, yandırdım, əgər sığortanız varsa, sığortadan pulu alaq”. Bunu araşdırmaq üçün cavabdehlə görüşmüş və bəlli olmuşdur ki, avtomobilin motoru yanmışdır və tam yararsız vəziyyətdədir. Bəlli olmuşdur ki, cavabdeh bunu aylıq pulu ödəməmək üçün edib, guya bununla fikirləşib ki, kasko sığorta ilə işi həll edə bilər. Bundan sonra məcbur olaraq polisə müraciət etmişdir. Lakin araşdırma zamanı polis aralarında notarial qaydada razılıq olduğunu bildirərək cavabdehin əməlində cinayət tərkibinin olmadığından məhkəməyə müraciət etməli olduğu bildirdi və polis tərəfindən xx.xx.2020-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilmsi barədə qərar" qəbul edildi. Araşdırma zamanı ekspertiza təyin edildi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının müvafiq rəyinə əsasən, avtomobilinə 3260 manat zərər dəydiyi müəyyən edilmişdir. Dəfələrlə cavabdehin evində olmuş və cavabdehin anası onu inandırmışdır ki, başqa yerlərə şikayət etməsin, bir neçə ay ərzində avtomobilə dəyən zərər tam ödəniləcək. Avtomobilinə dəymiş zərərin həcmini müəyyənləşdirmək üçün avtomobili cavabdehdən götürərək usta yanına aparmış və avtomobilinə dəymiş zərər hesablanmışdır. Müstəqil ekspert 268 saylı xx.xx.2019-ci il tarixli arayışa əsasən, zəhmət haqqı və ehtiyyat hissələrinin qiyməti də daxil olmaqla 3720 manat vəsaitin tələb olduğunu qeyd etmişdir. Avtomobil isə ərazi üzrə polis müvəkkilinin iştirakı ilə avtomobil dayanacağına yerləşdirildi ki, avtomobilin üzərindən başqa detallar çıxarılmasın. Bu gün də avtomobili dayanacaqdadır, iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən də görünür ki, avtomobili tam yararsız və bərbad vəziyyətdədir. Belə ki, cavabdeh maşını pis saxlamışdır. Eyni zamanda bildirir ki, avtomobil cavabdehin istifadəsinə verilən zaman tam saz vəziyyətdə olmasına baxmayaraq cavabdehin məsuliyyətsiz və qanunsuz hərəkətləri nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. Bu azmış kimi, müqavilə şərtlərinə uyğun olaraq aylıq ödənilməli pul ona ödənilməmişdir və o, gəlirindən məhrum olmuşdur. Belə ki, avtomobilin saz şəkildə ona təhvil verilsə idi, avtomobilini qeyri-bir şəxsə satıb gəlir əldə edərdi. Lakin o, qərəzli şəkildə ona dəymiş maddi zərəri ödəməkdən artıq bir ildir ki, boyun qaçırır. Məhz bu səbəbdən cavabdeh tərəfindən ona dəymiş maddi zərər cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehin törətdiyi inzibati xəta ilə bağlı tərtib edilmiş protokollar aşağıdakı kimidir: xx.xx.2019-ci il tarixində saat 14:52 radələrində və xx.xx.2019-ci il tarixində saat 15:38 radələrində “Yol hərəkət haqqında" Qanunun tələbləri pozulmuşdur. İXP ******* saylı protokol tərtib edilmişdir, qərara əsasən cavabdeh 64 manat cərimə edilmişdir. xx.xx.2018-ci il tarixində saat 13:34 radələrində “Yol hərəkət haqqında" Qanunun tələbi pozulmuşdur. EQ 428112 saylı protokol tərtib edilmişdir, qərara əsasən cavabdeh 9 (doqquz) manat cərimə edilmişdir. Qeyd edilən cərimələr hələ də cavabdeh tərəfindən ödənilməmişdir. O, uzun müddət avtomobilindən istifadə edə bilməmiş, eyni zamanda cavabdehin hərəkətləri onda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Mənəvi zərərin vurulması maddi sübut, sənədlə sübut oluna bilən bir kateqoriya deyil. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh **-RH-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Nubira minik” markalı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 3260 (üç min iki yüz altmış) manat, müqaviləyə əsasən 4800 (dörd min səkkiz yüz) manat olmaqla, cəmi 8060 (səkkiz min altmış) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan avtomobilə zərər dəyməsi ilə nəticələnən yanğın onun təqsiri ucbatından deyil, avtomobilin mühərrikindəki çatışmamazlıqdan baş vermişdir. O, qəsdən mühərriki yandırmamış, bu fors-major bir hadisədir və ona görə də dəymiş zərər tək ona aid edilməməlidir. Gələcəkdə avtomobilin onun mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Lakin mülkiyyətçi tərəfindən təqdim edilmiş etibarnamə ilə həmin avtomobilə sahiblik və istifadə hüququ ona verilmişdir. Gündəlik həyatında istifadə etdiyi əmlaka qəsdən necə zərər vura bilər. Müqavilə imzalandıqdan 4 ay sonra qəflətən avtomobilin mühərrikindəki çatışmamazlıq səbəbindən o, maşınsız qalmış, ondan istifadə edə bilməmişdir. Həmin hadisə baş verərkən o, dərhal iddiaçıya zəng edərək, onu məlumatlandırmış, problemi birlikdə həll etmək lazım olduğunu bildirmişdir. O, hadisə yerinə gələrək hadisənin şahidi olmuş, təmir üçün yaxşı ustaya ehtiyac olduğunu söyləmiş, onun usta tanışı olduğunu bildirmiş və avtomobili götürərək aparmışdır. Ehtiyat hissələrinə və təmir xərclərinə onun 1500 manata yaxın xərci çıxmışdır. Elə o vaxtdan mübahisəli avtomobil İddiaçı qalmış, təmirdən sonra ona qaytaracağına söz vermişdir. Elə o vaxtdan o, müqavilə üzrə aylıq ödənişləri dayandıraraq avtomobili geri aldıqdan sonra yenidən ödəniş edəcəyini bildirmişdir. Lakin hadisədən uzun müddət keçdikdən sonra iddiaçı ona müraciət edərək dəymiş zərəri və ödəmədiyi ödənişləri cəm halda ona verməsini, yalnız bundan sonra avtomobili ona verəcəyini bildirmişdir. Nəticədə, aralarında mübahisə yaranmışdır. Qeyd edilənləri təsdiq edəcək şahidləri var və onların məhkəməyə dəvət olunaraq ifadələrinin alınmasına ehtiyac vardır. Bütün bu xüsusatları məhkəməyə söyləsə də, məhkəmə buna əhəmiyyət verməmiş, yalnız iddiaçının mülahizəsinə əsaslanaraq hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsinə dair yoxlanılır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, AD seriyalı, 33067 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən 2006-cı il buraxılışlı **-RH-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Nubira minik” markalı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı tərəfindən Cavabdeh verilmiş nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnaməyə əsasən xx.xx.2018-ci il tarixdə **-RH-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Nubira minik” markalı avtomobil 2 il 8 ay müddətinə xx.xx.2021-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış, **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasına dair xx.xx.2018-ci il tarixli ilkin razılaşmaya (ilkin müqavilə) görə, İddiaçı mülkiyyətində olan “Chevrolet Nubira minik” markalı, 99-RH-33S dövlət qeydiyyat nişanlı, 2006-ci il buraxılışlı avtomobili 13400 manata Cavabdeh ilə alqısatqısına dair razılaşırlar. “Chevrolet Nubira minik” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı, 2006-ci il buraxılışlı avtomobillə bağlı Cavabdeh xx.xx.2021-ci il tarixədək hər ay 400.00 (dörd yüz) manat, axırıncı ay (xx.xx.2021) 200 (iki yüz) manat nağd ödəməyi ilə razılaşırlar. Avtomobildən istifadə edilməsi haqqında Cavabdeh adına etibarnamə verilir. Müqavilə şərtində olan ödəniş tam qurtardıqdan sonra nəqliyyat vasitəsi özgəninkiləşdirilə bilər. Satıcı daşınar əmlakı alıcıya işlək vəziyyətdə təhvil verir. “Chevrolet Nubira minik” markalı, 99-RH-33S dövlət qeydiyyat nişanlı, 2006-ci il buraxılışlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən 2019-cu ilin aprel ayında mühərrikdə yanğın baş vermişdir. Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28126 saylı ekspert rəyinə əsasən, 2006-cı il buraxılışlı **-RH-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Nubira minik” markalı avtomobilin təmir bərpa xərci dəyişilməli hissələrin qiyməti – 2510 manat, təmir-bərpa xərci 750 manat olmaqla, təxminən 3260 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 571.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Mülki Məcəllənin 571.2-ci maddəyə əsasən, yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Araşdırılan iş üzrə Cavabdeh mübahisəli avtomobili İddiaçı işlək vəziyyətdə təhvil almışdır. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bundan sonra, cavabdeh həmin əmlaka təqsirli və hüquqa zidd əməli nəticəsində birbaşa zərər vurduğundan avtomobilə dəymiş zərərə görə iddiaçı qarşısında məsuliyyət daşımalıdır. Həmin zərərin məbləği hazırki mülki iş keçirilmiş ekspertiza ilə 3260 manat olaraq müəyyən edilmişdir. Ekspert rəyi əsaslı olduğundan vurulmuş zərərin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, Kollegiya hesab edir ki, iddia tələbinin "müqaviləyə əsasən 2019-cu ilin mart ayından bu günədək ödənlməmiş pulla bağlı yaranmış itirilmiş faydanın 4800 ( dörd min səkkiz yüz) manatın ona verilməsi" barədə iddia tələbinin təmin edilməsinə dair hissədə qətnamə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 606.1-ci maddəsinə görə əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Hazırkı iş üzrə iddiaçı 2019 ilin mart ayından 2020-ci ilin mart ayına qədər 400 manat olmaqla aylıq ödənişləri cavabdehdən tələb etmişdir. İşin mübahisəsiz halıdır ki, qeyd edilən nəqliyyat vasitəsi 4 ay ərzində cavabdehin istifadəsində olmuş, aralarındakı razılaşmaya uyğun olaraq iddiaçıya həmin dövr üçün mütəmadi olaraq ödənişlər etmişdir. Lakin daha sonra baş vermiş yanğın hadisəsi nəticəsində avtomobilə zərər dəymiş, beləliklə əmlak cavabdehin istifadə və sahibliyindən çıxmışdır. Beləliklə, qeyd edilən avtomobilin cavabdehin istifadə və sahibliyində olmadığı 2019 ilin mart ayından 2020-ci ilin mart ayına qədər 400 manat olmaqla aylıq ödənişlərin tutulmasına dair hissədə iddia qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iddia həmin hissədə qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 1725/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh **-RH-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Nubira minik” markalı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 3260 (üç min iki yüz altmış) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar