Məhkəmə qərarları › İş №2(103)-700/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-700/2023

10.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-700/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1687/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış ******* saylı, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqısına dair İlkin Müqavilə”yə əsasən, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi və R.Rüstəmov küçələrinin kəsişməsi ünvanında tikilmiş 3 bloklu binanın “C” blokunun 5-ci mərtəbəsində yerləşən 84.1 kv.m ümumi sahədən ibarət 17 saylı mənzil dəyəri tam şəkildə MMC-yə ödənilməklə İddiaçı satılmışdır.

2. İş materiallarında olan, məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ******* saylı protokolun surətindən görünür ki, abonent kodu **********80017 olan istehlakçı üçün xx.xx.2022-ci il tarixdə yeni sayğac quraşdırılmışdır.

3. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli bildiriş-xəbərdarlığından görünür ki, abonent kodu **********80017 olan Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi, ev 2538, 17 saylı mənzilin sahibi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək elektrik enerjisi sərfiyyatına görə borcu 498.2 manat təşkil edir.

4. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında zirzəmidə quraşdırılmış sayğaca əsasən, xx.xx.2022-ci il tarixdə 498.2 manat borcun olması barədə bildiriş-xəbərdarlıq göndərilmiş, iddiaçı isə, "xxxx" ASC tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, enerji sərfiyyatı barədə "xxxx" ASC-nin Nizami Rayon Şöbəsi tərəfindən ona göndərilmiş əsassız bildirişin etibarsız sayılması və mənzilə onun iştirakı ilə yeni sayğac qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən mənzil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Nizami Rayon Şöbəsinin əməkdaşları heç bir xəbərdarlıq etmədən və onun iştirakı olmadan ona məxsus olan mənzilə elektrik sayğacı quraşdırıblar. Və həmin tarixdə sayğacın quraşdırılması barədə protokol tərtib edib, surətini Mənzil Tikinti Kooperativinə veriblər. O, həmin protokolun surətini MTK-dan götürdükdə başlanğıc göstərici 0 (sıfır) yazılmışdır. Lakin xx.xx.2022-ci il tarixdə yəni sayğac quraşdırıldıqdan 37 gün sonra ona elektrik enerjisinin sərfiyyatı barədə bildiriş göndərilib və həmin bildirişdə onun elektrik enerjisi üçün olan borcunun 498,20 manat olduğu qeyd olunmuşdur. O, bu rəqəmi gördükdə "xxxx" ASC-nin Nizami Rayon Şöbəsinə müraciət etmişdir. "xxxx" ASC-nin Nizami Rayon Şöbəsinə müraciət etdikdə göstəricinin çoxluğu onları da təəcübləndirmiş və işə baxılması üçün onun ərizə ilə idarə rəisinə müraciət etməyini istəmişlər. Ərizə ilə müraciət etdikdən sonra İlqar adlı əməkdaşı sayğaca baxış keçirməsi üçün göndərdilər. Lakin yenə də müraciətinə lazımi cavabı ala bilməmişdir. Şifahi olaraq sayğacın düzgün işlədiyini söyləyib getmişlər və bəhanə gətirmişlər ki, guya sayğac 2021-ci ilin dekabr ayında quraşdırılıb. Sual verdikdə ki, bəs nəyə görə sayğacın verilmə protokolunu xx.xx.2022-ci il tarixə yazılıb, cavab verə bilmədilər. Bildirmək istəyir ki, sayğac quraşdırıldıqdan sonra növbəti ayın həmin günü ona ödəyəcəyi məbləğ haqqında bildiriş gəlməli idi. Əgər həqiqətən də deyildiyi kimi sayğac 2021-ci ilin dekabr ayında quraşdırılıbsa nə maraq var idi ki, ödəniş bildirişi ona 4 ay sonra göndərilib. "xxxx" ASC-nin Nizami Rayon Şöbəsi onun hüquqlarını pozaraq protokolda ona məxsus olan bölmələrdə onun ad, soyad və imzası olmalı olan qrafaları boş qoyaraq və protokolun surətini ona verməli olduqları halda MTK-ya veriblər. O, ödəmə bildirişini alana qədər mənzilə sayğacın quraşdırılmasından və onun ilkin göstəricisindən xəbərsiz olmuşdur. O, iddia edir ki, sayğacın başlanğıc göstəricisi həqiqəti əks etdirmir.

7. İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, enerji sərfiyyatı barədə "xxxx" ASC tərəfindən ona göndərilmiş əsassız enerji borcunun silinməsi və ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(007)-1687/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı **********80017 nömrəli abonent kodu üzrə hesablanmış 498,20 manat məbləğində borcun silinməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin "xxxx" ASC-dən alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sayğac mənzildən kənarda binanın zirzəmisində quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın artıq borc hesablaması müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir.

10. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmiş, cavabdeh orqan borcun əsaslı hesablanmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borc silinməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8, 16 və 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.2, 5.2.1, 7.10, 7.11 və 8.33-cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilmişdir. a) Apelyasiya şikayətinin dəlilləri

13. Cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

14. Cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətində göstərilmişdir ki, abonent kodu **********80017 olan abunə haqqında məlumatın təhlilindən aydın olur ki, abonentin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 315.20 manat limitə qədər olan sərfiyyat,183 manat isə limitdən artıq sərfiyyat, cəmi 498,20 manat qalıq borcu yaranmışdır. Yuxarıda qeyd edilən borc məbləği abonent tərəfindən sərf edilmiş lakin ödənilməmiş elektrik enerjisinin dəyəri təşkil edir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

16. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Qətnamədən cavabdeh "xxxx" ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi:

21. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

22. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

23. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

24. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (Bundan sonra - Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.

26. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir.

27. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.

28. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.

29. Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

30. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

31. Qaydaların 8.33-cü bəndinə görə isə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Mülki Prosessual Məcəllə:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

40. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Belə ki, cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, abonentin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 315.20 manat limitə qədər olan sərfiyyat,183 manat isə limitdən artıq sərfiyyat, cəmi 498,20 manat qalıq borcu yaranmışdır. Yuxarıda qeyd edilən borc məbləği abonent tərəfindən sərf edilmiş lakin ödənilməmiş elektrik enerjisinin dəyəri təşkil edir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan abonentin abunə haqqında məlumatından görünür kimi, abonent kodu **********80017 olan sayğaca xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək elektrik enerjisi sərfiyyatına görə borcu 498.2 manat təşkil edir. Bundan 315,20 manat limitə qədər olan sərfiyyat,183 manat isə limitdən artıq sərfiyyatdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, sayğaca nəzarət etmək "xxxx" ASC-nin vəzifəsi olduğundan müdaxilənin kim tərəfindən olması barədə sübutetmə yükü də ASC-nin üzərinə düşür. Buna baxmayaraq, cavabdeh orqan bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın artıq borc hesablaması müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan qısa müddətdə çoxmərtəbəli binada yerləşən mənzildə abonent tərəfindən 3940 Kvt.s elektrik enerjisindən istifadə edilməsi inandırıcı deyil. Belə ki, cavabdeh "xxxx" ASC abonent kodu **********80017 olan sayğacda 3940 Kvt.s elektrik enerjisindən istifadə edilməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Eyni zamanda cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 315.20 manat limitə qədər olan sərfiyyat,183 manat isə limitdən artıq sərfiyyatın abonent tərəfindən sərf edildiyi göstərilsə də, həmin sərfiyyatın məs istehlakçı tərəfindən istifadə edilməsi barədə təşkilat tərəfindən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir.

49. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Odur ki, məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir.

51. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

52. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

53. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Məhkəmə kоllegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

55. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda mübahisələndirilən pul məbləği beş min manatdan az, yəni 498.20 (dörd yüz doxsan səkkiz manat iyirmi qəpik) manat təşkil edir.

56. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1687/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar