Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-701/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər:birgə nikah dövründə əldə edilmiş əmlaklarda payın müəyyən edilməsi, həmin əmlakların dəyərinin paya görə ödənilməsi, əmlakın qapalı və açıq hərracda satışı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuş və nikahları 2021ci ildə pozulmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə Elay adlı qızları anadan olmuşdur. Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “Tayota Camry” markalı **-MM-*** dövlət nömrə nişanlı avtomobil üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə bərabər payları müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli müraciət-təklif göndərərək avtomobillə bağlı 32.500 manat məbləğində pulun ona verilməsini təklif etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək tərəflərin paylı mülkiyyətində olan “Toyota Camry" markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobilin ekspert rəyində göstərilmiş məbləğin yarısını, yəni 21.000 manatın və bu məbləği indeksləşdirilməklə 6447 manatın cavabdehdən ayrıca almaqla, bu mümkün olmadıqda avtomobilin açıq hərracda satılaraq satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylara uyğun ½ hissədə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, həmin avtomobil əslində 68 000 manata alınsa da, tərəflər arasında sözügedən əvvəlki məhkəmə araşdırmaları zamanı həmin avtomobilin 65 000 manata alınması işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Hazırda avtomobil faktiki olaraq cavabdehin sahibliyində və istifadəsindədir. İddiaçı 1/2 payına uyğun olaraq cavabdehə həmin məbləğin yarısının ona verilməsini təklif etsə də, cavabdeh buna reaksiya verməmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, e-2(003)-1104/2024 saylı qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov) iddia qismən təmin edilərək, avtomobilin açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylarına uyğun 1/2 hissədə bölüşdürülməsi, iddiaçıdan 100 (yüz) manat məbləğində ekspertiza xərcinin tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı avtomobilin qiymətinin yarısının ona verilməsini cavabdehə təklif etmişdir. Lakin cavabdeh bu təklifə heç bir reaksiya verməmişdir. Bu səbəbdən iddianın avtomobilin açıq hərracda satılması və satışdan əldə edilmiş pulun tərəflər arasında paylarına uyğun ½ hissədə bölüşdürülməsi təmin olunmalıdır. Məhkəmədə müəyyən olunan faktlara və qanunvericiliyə əsasən indeksasiya ilə bağlı tutulmalı pul məbləğlərinin məhkəmə qətnaməsi yoxdur, bununla bağlı tərəf heç bir sübut təqdim etməmişdir.
6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 220.4, 220.6-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, avtomobilin ekspert rəyi ilə müəyyən edilmiş 42.000 manat dəyərinin yarısının, yəni 21.000 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə yəni qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi avtomobilin açıq hərracdan satılması avtomobilin açıq hərraca çıxarılaraq satılması nəticəsi həm dəyərindən aşağı qiymətə satılmasına və satıldığı dəyərdən də 5 faiz hərrac və 7 faiz icra xərclərin ödənilməsi nəticəsində hər iki tərəf müəyyən məbləğdə zərərə düşəcəyini nəzərə almamışdır. Məhkəmə məlum nəcəyə gələrkən hər iki tərəfə münasibətdə AR Konstitusiyasının 13,29-ci və AR MM-nin 152.1-ci maddələrini nəzərə almamış,AR MPM-nin 14.1,76.1,77.1 və 88 maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmə onun ekspert rəyi ilə razılaşaraq avtomobilin dəyərinin iddiaçının payına düşən hissəsini ödəməyə razı olduğu halda həmin avtomobilin hərracdan satılaraq satışdan əldə edilmiş vəsaiti tərəflər arasında bölüməsinə dair gəldiyi nəticə hər iki tərəfin mənafəyinə uyğun olmadığını nəzərə almamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 10.Cavabdehin nümayəndəsi ərizə göndərərək apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmaqla apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
11. İddiaçı isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
12.Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
13.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və avtomobilin ekspert rəyilə müəyyən edilmiş 42 000 manat dəyərinin yarısını təşkil edən 21 000 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh qətnamənin ləğv olunmasını xahiş etməklə onu tam həcmdə mübahisələndirir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə qismən – avtomobilin açıq hərracda satılması hissəsində dəyişdirilməlidir. 16.Kollegiya bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. 17.İddiaçının tələbi aşağıdakılardan ibarətdir: 18.- avtomobilin ekspert rəyində göstərilmiş məbləğin yarısını, yəni 21.000 manatın cavabdehdən alınması, 19.- bu məbləği indeksləşdirilməklə 6447 manatın cavabdehdən alınması, 20.- bu mümkün olmadıqda avtomobilin açıq hərracda satılaraq satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylara uyğun ½ hissədə bölüşdürülməsi 21.İddiaçı tələbini cavabdehə avtomobilin dəyərinin ödənilməsi barədə təklif göndərməsi, sonuncunun isə həmin təklifi qəbul etməməsi ilə əsaslandırır. 22.Birinci instansiya məhkəməsi isə cavabdehin təklifə heç bir reaksiya verməməsini əsas gətirərək Mülki Məcəllənin 220.4 və 220.6-cı maddəsinin tələbinə əsaslanaraq avtomobilin açıq hərracda satılması və satışdan əldə edilmiş pulun tərəflər arasında paylarına uyğun ½ hissədə bölüşdürülməsi barədə qənaətə gəlmişdir. 23.Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsi paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verildiyini, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bildiyini müəyyən etmişdir. 24.Birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdehin ekspert rəyi ilə müəyyən edilmiş məbləğə münasibətdə öz payına düşən hissəni ödəməyə hazır olduğunu, avtomobilin hərracda satılmasına isə etiraz etdiyini bildirmişdir. 25.Apellyasiya baxışı zamanı tərəflərə mübahisəni barışıq yolu ilə həll etmək təklif olunmuş, lakin tərəflər arasında barışıq əldə olunmamışdır. 26.Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisə Mülki Məcəllənin 221ci maddəsinin tələbinə uyğun həll olunmalıdır. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. 27.Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 6 dekabr 2024-cü il tarixli 02/2024 nömrəli qərardadında ifadə edilmiş hüquqi mövqelərə görə birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. 28.Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. 29.Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə bu qərardadın 59-61-ci bəndlərində göstərilən qaydada həll olunmalıdır. 30.Kollegiya cavabdehin mübahisəli əmlak üzərində mülkiyyət hüququnu davam etdirmək niyyətində olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, payçının mülkiyyət hüquqlarının qorunması məqsədilə avtomobil qapalı hərracda satılmalı, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır. Avtomobilin hərracdan ilkin satış qiyməti ekspert rəyinə uyğun olaraq 42 000 manat müəyyən edilməlidir. Tərəflər ekspert rəyi ilə müəyyən edilən ilkin satış qiymətini mübahisələndirməmişlər. 31.Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 32.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qətnaməsi qismən – avtomobilin açıq hərracda satılması hissəsində dəyişdirilsin. “Toyota Camry" markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobil yalnız paylı mülkiyyətin iştirakçıları üçün keçirilən qapalı hərracda satılsın. Avtomobil həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul vəsaiti tərəflər arasında paylarına uyğun 1/2 hissədə bölüşdürülsün. “Toyota Camry" markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobilin hərracdan ilkin satış qiyməti 42 000 (qırx iki min) manat müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.