Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7010/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh və onun nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlunun, Tərcüməçi Qasımov Fərid Əflatun oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-782/2021 saylı 09 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı heyvanların yaşayış təyinatlı ərazidən köçürülməsi tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh topladığı heyvanların ondan alınaraq, onların qonşu ərazidən heyvanat sığınacaqlardan birinin qayğısına həvalə edilərək köçürülməsi və cavabdehə bir daha belə vəziyyətə səbəb olmaması üçün, bundan sonra heyvan saxlamaqla məşğul olmasına qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, hər biri ailəlidir və ailəsi ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dəniz kənarı küçəsi adlanan sıx əhalinin yerləşdiyi yaşayış massivində bir-biri ilə qonşuluqda fərdi evlərdə uzun illərdir ki, heç bir problemlər yaşamadan dinc yaşayırlar. 2016-cı il tarixdən isə Cavabdeh da qonşuluğa- Dənizkənarı küçəsi, ev 10 “a” ünvanına köçmüş və ərazidə yaşayan sakinlərin həyatını dözülməz etmiş, yaratdığı hazırkı vəziyyətə görə evlərində yaşamaq, nə gecə nə də gündüz dincəlmək, gərginliksiz, rahat yaşamaq qeyri-mümkün olmuşdur. Cavabdeh faktiki başqa ünvanda yaşasa da, sahibi olduğu ərazini təyinatına uyğun yaşayış ərazisi kimi deyil, saysız küçə heyvanların saxlanma mərkəzinə çevirərək, bir çox qanun-qayda normalarını pozmuşdur. Cavabdeh həmin yaşayış sahəsinin mülkiyyətində olmasını əsas gətirir. İtlər kütlə halında toplanmış ərazidə gün ərzində birbirlərini parçalayır, heyvanlar arasında yaşamaq uğrunda mübarizə gedir. Gecələr isə sayı 50 dən artıq olan itlərin boğuşmaları, aramsız hürməsi daha aktivləşir. Sakinlər isə bu dəhşətləri istirahət bilmədən gündüz və gecə dinləməli, onların havasını qoxulamalı, havada uçan it tüklərini nəfəslərinə, ciyərlərinə çəkməli olurlar. Qonşuların bəzilərinin evində səhhətində müxtəlif ağır problemlər olan xəstələri vardır. Son zamanlar isə sahibsiz, ac itlərin gecə-gündüz ulaşması, bir-birlərini acından didməsi, zingiltili səs-küyü, qoxusu xəstələrin durumunu daha da ağırlaşmışdır, bu da onları çox narahat edir və əziyyət çəkirlər. Cavabdehin qərəzli olaraq ona və qonşulara olan qanuna zidd hərəkəti heç bir qanuna sığmır. Cavabdehin qanuna zidd hərəkəti onların insan kimi sağlam ətraf mühitdə yaşamaq hüququnu, sağlamlığın qorunması hüquqlarını, istirahət hüququnu, bərabərlik hüququnu, təhlükəsiz yaşamaq hüququnu, mülkiyyət hüququnu və s. digər kostitusion hüquqlarını kobud qaydada pozur və pozmaqda hələ də çox davam edə bilər. İnsanlarla olduğu kimi, cavabdehin heyvanlarla da mərhəmətsiz yanaşmasının dəfələrlə şahidi olmuşlar. Cavabdehin əraziyə saysız heyvanlar daşıması davam etsə də, nadir halda, xüsusən də axşam vaxtları gəldiyi bəllidir, itlərə mənşəyi bilinməyən, ətrafa həddindən artıq dözülməz ağır qoxu yayan qida verir. Onun heyvanlara zalım səslərlə çığırtıları, heyvanların isə zədələnmə işarəsi olan zingildəməsi səsləri məhəlləni başına götürür. Cavabdeh tərəfindən saysız itləri qapalı əraziyə toplayaraq, pis, baxımsızlıq və digər səbəbsiz işgəncə verməsi və bunlardan həzz almasının faktları da diqqətini çəkmişdir. Heyvanlara mərhəməti olmayan cavabdehin bu cür hərəkətinin əsas məqsədi başqadır. Sevmədən və yalnız şəxsi maddi maraqları naminə o, özünün guya ki, küçə itlərinə mərhəmət göstərən heyvansevər olmasına inandırmaq üçün hamıya bloqerlik etdiyi “Youtube” kanalı vasitəsilə hər gün itlərin çox sayda olduğunu və çox maddi xərc tələb olduğunu inandırmaq üçün yayımlayır, mərhəmətli insanların ürəyinə yol taparaq, bu itlərin yemlənməsi, saxlanması adı ilə sosial saytlardan ianə toplayır. Lakin, heyvanlara gərəksiz qida, şiddətli davranışları səbəbindəndir ki, ərazidən onun dəfələrlə ölü itlərin kisələrə yığılaraq çıxarılmasının şahidi olmuşlar. Qonşular da Cavabdehnm qalmaqallı davranışı səbəbindən aqressiv davranışlarından zərər çəkmiş, müvafiq hüquq müdafiə qurumlarına müraciət etmişlər. Qanuna zidd əməllərindən əziyyət çəkdikləri barədə ilk öncə özü ilə danışmağa, məsələnin cəhd etmək istəsələr də, bu qadınla söhbət edib, yaratdığı problemləri qonşuluq münasibətlərini qorumaqla həll etməyə nail ola bilməmişlər. Cavabdeh hər dəfə söhbəti milliyyətlərinin təhqiri həddinə keçirir, həm də səs-küyünə toplaşmış, aramızda azyaşlılar da olan qonşulara tərbiyyəsiz və nalayiq əl və bədən ifadələri də göstərir, uşaqların yanında da alçaltmağa çalışır. Qadın adına yaraşmayan mədəniyyətsiz davranışı, qonşuluq münasibətlərində qəbul edilməz münaqişələri ilə o, gərginliyi nə qədər artırmağa çalışsa da, onlar səbrli olmağa, bütün bunların qanuni həlli yollarını axtarmağa çalışırlar. Onunla danışıqlara cəhd etməkləri əhəmiyyətsiz olduğuna əmin olduqdan sonra yalnız, müvafiq icra qurumlarına Cavabdeh səbəbindən pozulmuş dincliyin bərpası üçün kollektiv qaydada müraciətlər edilmişdir. Müxtəlif müvafiq səlahiyyətli nümayəndələrin gələrək ərazidə apardığı araşdırmalar nəticəsində vəziyyət həqiqi qiymət verilməsinə nail ola bilmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-782/2021 saylı 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən torpaq sahəsində saxladığı heyvanlar (itlər) həmin ərazidən köçürülmələri, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçıların iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd olunan qətnaməni qəbul edərkən həm maddi normaları pozmuş, həm də, müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamamışdır. Qətnamə qəbul edilərkən yuxarıda qeyd olunan pozuntuların baş verməsini aşağıdakı faktlar təsdiq edir. Belə ki, ilk növbədə, məhkəmə qəbul etdiyi qətnamədə “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması Qaydarlarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09.03.2011-ci il tarixli qərarının 2.1-ci maddəsinə istinad etmişdir. Sözügedən qərarın 2.1-ci maddəsinə əsasən ev baytarlıq, sanitariyagigiyena, səs-küy və digər normaları pozmaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərti ilə bir it və iki pişik saxlamağa icazə verilir. Lakin həmin qaydalarda bağ evinin həyətində it saxlanılmasını və onun sayını məhdudlaşdıran heç bir norma yoxdur. Buna baxmayaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində heç bir digər normaya əsaslanmayaraq cavabdehin heyvanların müəyyən edilmiş say limitini keçməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmənin qətnamədə qeyd etdiyi “limit” yalnız çoxmərtəbəli binada yerləşən mənzillərə aiddir. Bu səbəbdən, Suraxanı Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09.03.2011-ci il tarixli qərarının 2.1-ci maddəsinə istinad edilməsi qanunun səhv təfsir edilməsi, bu isə öz növbəsində maddi hüquq normalarının pozulması deməkdir. Daha sonra, məhkəmə qəbul etdiyi qərarda iddiaçılar tərəfindən təqdim edilən müxtəlif aidiyyəti olmayan qurumlardan alınan məktublara istinad edərək cavabdehin öz bağ sahəsində itləri gigiyena normalarına uyğun olmayan şəraitdə saxlanıldığı nəticəsinə gəlmişdir. Göründüyü kimi, məhkəmə ərazidə mövcud sanitariya vəziyyətini, saxlanılan itlərin şəraitini yerində yoxlamadan mövcud vəziyyəti aydınlaşdırmaq məqsədi ilə yerində baxış keçirməkdənsə səlahiyyəti olmayan qurumların 1 il əvvəl yazılan məktublarını sübut kimi qəbul edərək ərazidə antisanitar normaların pozulması qənaətinə gəlmişdir. Bununla bağlı qeyd edilir ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilən və məhkəmənin istinad etdiyi məktubların ən yenisi 25.06.2020-ci il tarixindədir. Yəni məhkəmə 2021-ci ilin aprel ayında mülki işə baxaraq təqribən 1 il əvvəl ərazidə səlahiyyəti olmayan qurum tərəfindən baxış keçirilən zaman aşkar olunan antisanitar vəziyyətinin hələ də mövcud olması qənaətinə gəlmişdir. Halbuki, antisanitariya statik (sabit, hərəkətsiz, inkişafsız) anlayış deyil, yəni antisanitariya təmizlənməklə dərhal aradan qalxa bilər. Hazırda və məhkəmə prosesi gedən zaman mübahisə predmeti olan ərazidə hər hansı bir anitsanitariya halı mövcud deyil. Bütün itlər stirilizə olunub, peyvəndləri vurulub və çiplə təchiz olunublar bunu işə əlavə olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin müvafiq işə əlavə olunmuş müvafiq dezinfeksiya və vaksinasiya aktları təsdiq edir. Beləliklə, Suraxanı Rayon Məhkəməsi tərəfindən həqiqətən də mənə məxsus bağ sahəsində antisanitariya şəraitinin, iddiaçıların iddia etdiyi kimi pis qoxunun olub-olmamasını müəyyən etmək üçün əlavə araşdırma aparılmalı olduğu halda, (yerli baxış və s.) bunların heç biri olmadan məhkəmə köhnə sənədlərə əsaslanaraq bu cür nəticəyə gəlmişdir. Suraxanı rayon Məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar məhkəmə tərəfindən sübut olunmamışdır, yəni hazırda ərazidə sanitariya qaydalarının pozulması faktının müəyyən edilməsi nə məhkəmə tərəfindən keçirilmiş yerli baxış nəticəsinə nə də ki digər möhtəbər sübuta əsaslanmır. Həmçinin Suraxanı Rayon Məhkəməsi qəbul etdiyi qətnamədə cavabdeh tərəfindən ərazidə saxlanılan itlərin köçürülməsini qət etsə də onların məhz hara köçürülməsi haqda heç bir aydınlıq gətirməmişdir. İtlərin saxlanılması üçün sığınacağın olmaması və itlərin köçürülmə yerinin məhkəmə tərəfindən müəyyən edilməməsi itlərin ölümünə bərabərdir. Belə ki, 40-a yaxın əlil itlərin iddiaçı tərəfindən küçəyə buraxılması həm itlərin kütləvi ölümünə, həm də ki ərazidə xoşagəlməz halların baş verməsinə səbəb ola bilər (əlil itlər insanlara cuma bilər və yaxud insanlar onları zədələyə və ya öldürə bilər). Suraxanı Rayon Məhkəməsi qeyd olunan işlə bağlı ümumiyyətlə araşdırma aparmayıb və qəbul etdiyi qətnamədə mübahisəni kökündən həll eləməyib. Belə ki, cavabdehə itlərin köçürülməsini öhdəlik kimi üzərinə qoyan məhkəmə itlərin sonrakı talelərinə və əraziyə 40-a yaxın əlil itin buraxılmasına bir növ göz yummuş və bununla da mübahisə mahiyyəti üzrə düzgün həll olunmamışdır. Məhkəmə tərəfindən qeyd olunan məsələnin köklü həlli üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmənin təşşəbbüsü əsasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməliyidlər. Belə ki, qeyd olunan qurumlar bilavasitə ərazidə baytarlıq qaydalarının təmin edilməsini və ictimai asayişin qorunmasını təmin edir. Belə olan halda, həmin qurumlar tərəfindən məhkəmənin köçürülməsini qət etdiyi itlərin köçürülməsi üçün müəyyən alternativ təklif oluna bilərdi. Lakin Suraxanı Rayon Məhkəməsi mübahisəyə səthi yanaşaraq, birtərəfli qaydada işə baxaraq natamam qərəzli qərar qəbul etmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Azərbaycan Respublikasının da ratifikasiya etdiyi "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsini 2-ci bəndində qeyd edilmişdir ki, heç bir kəs ev heyvanını çölə ata bilməz. Məhkəmə isə iddiaçının saxladığı qəbul etdiyi qətnamə ilə saxladığı itlərin çölə atılmasını müəyyən edir. Bundan əlavə, iddia ərizəsi ilə iddiaçıya qarşı məhkəməyə müraciət edən şəxslərin yalnız ikisi İddiaçı1 və Həsənov Cəmaləddin Hüseyn oğlu onun bağ qonşularıdır. Digər iddiaçılardan İddiaçı3 onunla divar qonşusu deyil, İddiaçı4, İddiaçı6, İddiaçı2 isə ümumiyyətlə onunla qonşu deyillər və onlar iddiaçıya məxsus bağ sahəsindən çox uzaqda yaşayırlar. Qeyd olunan şəxslərin ikisi İddiaçı1 qohumu digəri isə ona məxsus avtoyuma məntəqəsinin işçisidir (yani maddi cəhətdən İddiaçı1 asılı adamdır). Suraxanı Rayon Məhkəməsi həmin şəxlərin həqiqətən də Cavabdeh ilə bağ qonşusu olub-olmamasını araşdırmamış və həmin şəxslərin həqiqətən də orada yaşadıqları faktını müəyyən etməmişdir. Məhkəmə həmin şəxslərin yaşadığı yeri müəyyən etmədən onların izahatlarını dinləmədən iddiaların təmin etmişdir. Bu fakt öz əksisni 18.03.2021-ci il tarixli məhkəmə iclas protokolunda da tapmışdır. Belə ki, həmin protokoldan göründüyü kimi məhkəmə tərəfindən iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı6 verdiyi izahatlar sözbəsöz eyni məzmunludu və vergülünə kimi eyni yazılıb. Halbuki, həqiqətən də məhkəmə qeyd olunan şəxslərin izahatını dinləsəydi və cavabdehin onlara sual verməsinə şərait yaratsaydı sözügüdən şəxslərin qeyd olunan mübahisəyə aidiyyəti olmadığını müəyyən ediləcəkdir. Həmçinin, iddiaçılardan heç biri heç vaxt Cavabdeh bağ sahəsində olmamışdırlar. Belə olan halda, cavabdehə məxsus bağ sahəsində antisanitariyanın mövcud olmasını necə aşkar etməkləri sual doğursa da, məhkəmə bu fakta da göz yummuşdur. Bir daha məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı3 bir sahə o biri tərətəfdə yaşayır və özü də it saxlayır İddiaçı4, İddiaçı6, İddiaçı2 isə ümumiyyətlə Cavabdeh ilə qonşu deyillər və onlar cavabdehə məxsus bağ sahəsindən çox uzaqda yaşayırlar. Lakin göründüyü kimi məhkəmə iddiaçıların izahatını dinləmədən, məhkəmə araşdırması aparmadan, formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmiş və tərtib etdiyi protokolda isə bir şəxsin izahatını vergülünə kimi kopyalaraq digər şəxsin izahatı kimi təqdim etmişdir. Bununla da Suraxanı Rayon Məhkəməsi mübahisənin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır və Mülki Prossesual Məcəllənin 14.1-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinin yeganə məqsədi Cavabdeh hesabına varlanmaqdır. Belə ki İddiaçı1 iddia ərizəsində də qeyd etdiyi kimi cavabdehin əlil itlərin qayğısına qalmağla “Youtube” kanalı vasitəsi ilə küllü miqdarda ianələr toplamağını düşünür və həmin toplanan pullardan da özünə pay istəyir. Bu faktı iddiaçının bundan əvvəl eyni itlərlə bağlı məsələyə görə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 32 000 manat pul tələb etməsi sübut etmişdir. İtlərin saxlanılmasından, səsküydən, pis qoxudan narazı qalan şəxs ilk növbədə məhkəməyə itlərin köçürülməsi ilə bağlı müraciət etməli olduğu halda 32 000 manat pulun ona verilməsini tələb etmiş, daha sonra heç bir maddi xeyir əldə edə bilməyəcəyini görərək digər pul qazanmaq yoluna əl atmışdır. Cavabdeh həqiqətən də “Елена Симакина” adlı “Youtube” kanalında olan 65 000 izləyiciləri var, onlar onun kimi heyvansevər insanlardır, onlar cavabdehə əlil itləri saxlamaqda kömək edirlər və onlardan gələn vasiətlər itlərə yem alınmasına, peyvənd vurulmasına, itlərin müalicə edilməsinə xərclənir və bunun hamısmn videohesabatı Cavabdeh “Youtube” səhifəsində var. “Youtube” kanalında olan 65 000 izləyici Suraxanı Rayon Məhkəməsinin qərarın sonrakı talehindən maraqlanırlar və ədalətsiz qərar çıxarmış hakim barədə müvafiq qurumlara şikayət etməyə başlayıblar. Həmçinin, İddiaçı1 və Əlai Pərvizin Cavabdeh öz bağ sahəsində itlərin saxlanılmasına etiraz etməmələri haqqında yazılı ərizələri var. Həmin ərizə cavabdeh tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdim edilsə də məhkəmə sənədi işə sübut kimi əlavə etməmişdir və bununla bir daha ədalətsiz mövqedə olmasını sübut etmişdir. Cavabdeh öz izahatında İddiaçı1 və Əlai Pərvizin Cavabdeh öz bağ sahəsində itlərin saxlanılmasına etiraz etməmələri haqqında yazılı ərizələrin olduğunu məhkəməyə bildirsə də, Suraxanı Rayon Məhkəmə digər məsələlər kimi də bu faktı da araşdırmayıb, və iddia ərizəsinin verilməsinin əsas məqsədinin müəyyən etməmişdir. Beləliklə, yuxarıda yazılanların cəmindən göründüyü kimi Suraxanı Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən bir neçə pozuntuya yol verilmişdir. Belə ki, məhkəmə həm maddi normaları pozmuş, həm də ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Vətəndaş Cavabdeh özünə məxsus bağ sahəsində yalnız, əlil, görmə qabiliyyəti olmayan və digər problemli itləri müvəqqəti saxlayır, onları müəlicə edir və daha sonra onları yerbəyer edir. Bütün bu prosesslər onun 65 000 izləyicisi olan “Елена Симакина” “Youtube” kanalında əks olunmuşdur. Bütün qayğısına qaldığı itlər stirilizə olunub, peyvəndləri vurulub və çiplə təchiz olunublar. Cavabdeh Suraxanı Rayon Məhkəməsinin ədalətsiz qərarı ilə bağlı müxtəlif mətbu nəşrlərinə müraciət etmiş və bununla bağlı həmin KİV orqanları tərəfindən ətraflı reportaj hazırlanmışdır. Sözü gedən 65 000 vətəndaş (Simakinanın ev heyvanlarına həsr olunmuş “Youtube” kanalındakı izləyiciləri) həmçinin digər normal heyvansevən insanlar bu məsələyə laqeyid qalmayacaqlar ona görədə tərəflərindən mübahisələndirilən məsələ kütləvi informasiya vasitələri tərəfindən gələcəkdə də işiqlanacaq. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qeyd olunan məsələ ilə bağlı ətraflı tam araşdırılmanın aparılmasına və yekunda ədalətli, qanuna əsaslanan qərar qəbul edilməsi çox vacibdir. Ona görə də apellyasiya məhkəməsindən xahiş edir ki, iş üzrə qərar qəbul edərkən nəyinki 40-a yaxın əlil itin taleyi, həmçinin həmin itlərin taleyindən nigaran qalan 65 000 vətəndaşın mənafeyi nəzərə alınmalıdır. Cavabdeh qayğısına qaldığı əlil itlərin taleyi ilə həm digər ölkənin vətəndaşları, həm də ictimai birliklər maraqlanmaqdadı. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, iddia ərizəsi ilə ona qarşı məhkəməyə müraciət edən şəxslərin yalnız ikisi İddiaçı1 və Həsənov Cəmaləddin Hüseyn oğlu onun bağ qonşularıdır. Digər iddiaçılardan İddiaçı3 onunla divar qonşusu deyil, İddiaçı4, İddiaçı6, İddiaçı2 isə ümumiyyətlə onunla qonşu deyillər və onlar ona məxsus bağ sahəsindən çox uzaqda yaşayırlar. Qeyd olunan şəxslərin ikisi İddiaçı1 qohumu digəri isə ona məxsus avtoyuma məntəqəsinin işçisidir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq həmin ərazidə yaşadıqlarının təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Bakı şəhəri Suraxanı Rayon İcra Hakmiyyətinin nümayəndəsi Zahirli Elşən Həsən oğlu izahatında bildirdi ki, itlərin köçürülməsi üçün torpaq sahəsi ayrılmalıdır. Hazırki halda isə bu məqsədlə torpağın ayrılması İcra Hakimiyyətinin səlahiyyəti xaricindədir. Cavabdeh tərəfindən itlərin saxlanılması birmənalı şəkildə iddiaçıların mənafeyinə toxunur. Belə ki, həmin ərazi yaşayış massivi kimi nəzərdə tutulub və ailələr yaşayır. Həmin ərazidə şikəst və ya sağlam itlərin saxlanılması onların hüquqlarını pozur. İcra Hakmiyyəti olaraq itlərin həmin ərazidə saxlanılması ilə razı deyillər. Qonşuların müraciəti əsasında itlərin saxlanıldığı yerə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, sürü şəklində cavabdeh tərəfindən saxlanılan itlər iddiaçıların hüquqlarını pozur. İddiaçıların hüquqlarını pozacaq hallar yəni, itləri səs-küyü, iyi-qoxuları və.s həmin ərazidə mövcuddur. Cavabdehin nümayəndəsinin sualına əlavə olaraq bildirdi ki, iddiaçıların yaşamaq hüququ pozulur. Belə ki, cavabdeh tərəfindən həm qonşuluq hüququ, həm də qanunla heyvanların saxlanılması üçün müəyyən olunan qaydalar pozulmuşdur. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı5 və Bakı şəhəri Suraxanı Rayon İcra Hakmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-782/2021 saylı 09 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyi Bakı Regional Bölməsinin 21 may 2020-ci il tarixli 19/1/BN-2384 saylı, müraciətə baxılmasının nəticəsi haqqında məktubdan görünür ki, araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dəniz kənarı ünvanında ev heyvanları (itlər) qanunla müəyyən edilmiş normadan artıq və antisanitar şəraitdə saxlanılmaqdadır, itləri saxlayan Elena Simakina ilə maarifləndirici söhbət aparılaraq izah edilmişdir ki, şəhər yerlərində, şəhər tipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtəbəli binaların arasında mal-qara, it, pişik saxlamaq ətraf mühitin təmizliyinə ziyan vurmaqla bərabər baytarlıq, sanitariyagigiyena tələblərinin pozulmasına, pis qoxu, səs-küy yaranmasına səbəb olur, ərazinin epizootoloji sabitliyinə və insanların sağlamlığına təhlükə yaradır. Eyni zamanda Elena Simakinanın it saxlamaqla və onların müalicəsi ilə bağlı hərəkətlərində “Baytarlıq haqqında” Qanunun 5.2-ci bəndinin “Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə baytarlıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər məşğul ola bilər”, 20.2-ci “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və fiziki və hüquqi şəxslər tərəfindən bu qaydaların yerinə yetirilməsi məcburidir”, bəndlərinin tələblərinin pozulduğu aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dəniz kənarı küçəsində yaşayan İddiaçı1 və bir qrup sakinə ünvanlanmış 25.06.2020-ci il tarixli R/01 saylı məktubundan görünür ki, 26.04.2020-ci il tarixli şikayət araşdırıldı və adı çəkilən əraziyə baxış keçirildi və bu zaman məlum oldu ki, həqiqətən də, vətəndaş Cavabdeh həyətində antisanitar vəziyyətdir, xəstə küçə itlərini saxlayır. İtlərin səs küyündən qonşular yata bilmir və buna qarşı qonşular narazıçılıq bildirəndə və aidiyyatı orqanlara müraciət edəcəklərini bildirdikdə vətəndaş qonşuları və dövlətimizi və onun ali orqanlarını təhqir edir. Bütün bunları nəzərə alaraq vətəndaşa xəbərdarlıq edilib və yerində akt tərtib edilib. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 27.06.2020-ci il tarixli 09-15/1997 saylı məktubundan görünür ki, Mərkəzin mütəxəsissləri tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi Dənizkənarı küçəsinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı vətəndaş Smakina Elena Vladimirovnanın evində və yaşayış sahəsinin ətrafında çoxlu sayda it və pişik saxladığı müəyyən olunmuşdur. Bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 38 saylı qərarının 2.1. və 2.3. maddələrinin pozulması deməkdir. Yaranmış vəziyyət əhali arasında yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Hövsan Qəsəbə İnzibati dairəsinə, Hövsan Bələdiyyəsinə və Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə yaranmış vəziyyətlə əlaqədar olaraq müraciət olunmuşdur. İş materiallarında olan 29.06.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Cavabdeh ev heyvanlarının saxlanması qaydalarının tələblərini pozmaqla Azərbaycan Respublikası İXM-nin 290-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan 21.08.2020-ci il tarixli İACC/083/20 saylı İDEA Heyvanların Qayğı Mərkəzinin məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Azərbycan Respubikası vətəndaşı Cavabdeh İDEA Heyvanların Qayğı Mərkəzinin əməkdaşı deyil və buna görə heç bir halda Mərkəzin adından çıxış etmək, özünü Mərkəzin nümayəndəsi, əməkdaşı kimi təqdim etmək və Mərkəzi təmsil etmək səlahiyyəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İddiaçı1 ünvanlanmış AXA №25/03-15-17 saylı 08.01.2021-ci il tarixli kollektiv şikayətə cavab məktubundan görünür ki, Dövlət Baytarlıq Xidmətinin inzibati hüquqpozmalar barədə həyata keçirdiyi bütün səlahiyyətləri 01.07.2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 09 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarının 2.1 bəndinə əsasən baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla şəhərdə və şəhərtipli qəsəbələrdə, çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandın İması qanunvericiliklə müəyyən olunmuş qaydada qadağandır. Belə hallara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, habelə insanların həyatı və sağlamlığı üçün təhlükəli olan heyvanların (it və pişiklərin) ərazidən yığışdırılması və digər tədbirlərin həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik idarəsinin, daxili işlər orqanlarının və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinə aiddir. Şikayətdə qeyd edilən məsələlər barəsində tədbirlərin görülməsi Aqrar Xidmətlər Agentliyinin səlahiyyətləri xaricindədir. İş materiallarında olan CD disklərindən müəyyən edilir ki, iddiaçıların yaşadığı ərazinin qonşuluğunda yerləşən cavabdehə məxsus hasarlanmış torpaq sahəsində çoxlu sayda sahibsiz itlər vardır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçılar bir biriləri ilə qonşudurlar, cavabdehin isə onların qonşuluğunda torpaq sahəsi vardır, hansı ki, həmin sahədə çox miqdarda sahibsiz itləri saxlayır. Mübahisə predmetini həmin itlərin orada cavabdeh tərəfindən saxlanılması təşkil edir. İddiaçılar tələblərini onunla əsaslandırırlar ki, çoxsaylı itlərin orada olması antisanitar vəziyyət yaradır, heyvanların səsi, iyi onların yaşayışını pozur, həmçinin yolxucu xəstəliklər və heyvanların onların üzərinə hücum etmək təhlükəsi onların gündəlik həyatlarına çətinlik yaradır və onları narahat vəziyyətdə saxlayır. Cavabdehin etirazı bundan ibarətdir ki, o qonşuları olan iddiaçıların bəzilərini əvvəldən tanıyır, onlar əvvəllər itlərin saxlanılması ilə bağlı etiraz etmirdilər, buna görə də, hesab edir ki, iddia ərizəsi qərəzli olaraq verilib. Bundan əlavə, əgər ona müvafiq ərazi verilsə, heyvanları ora köçürə bilər, nə qədər ki, belə ərazi verilməyib, iddia əsassızdır. Məhkəmə haqlı olaraq hazırkı mübahisənin fərdi və ictimai maraqların bir-birinə mütənasibliyi kontekstində yanaşılmaqla həll edilməli olmasını hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə görə hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsi digər prinsiplərlə yanaşı mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərini də müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, Konstitusiya və ona əsaslanan mülki qanunvericilik hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Hər hansı hüquqa qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu hüquqi yanaşmanı hazırkı mübahisəyə tətbiq edərək məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin özünə məxsus ərazidə ev heyvanları saxlamaq hüququ həmin ərazidə yaşayan digər şəxslərin (iddiaçıların) təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını pozur və bu pozuntu aradan qaldırılmalıdır. Digər tərəfdən, cavabdeh bu hüququndan sui istifadə etmiş, bu hüquqla bağlı vəzifələrini həyata keçirməmişdir. Belə ki, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli qərarının 1.2-ci maddəsinə əsasən ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar. Həmin Qərarın 2.1-ci maddəsinə əsasən baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır. Həmin Qərarın ev heyvanı sxlayan şəxslərin vəzifələrini tənzimləyən 5-ci maddəsinin tələblərinə görə ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir: 5.1.1. heyvana lazımi səviyyədə yem və su verməli; 5.1.2. heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli; 5.1.3. Agentlikdə qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə müayinədən keçirməli; 5.1.4. baytarlıq xidmətində ev heyvanları üçün quduzluğa qarşı müalicə-profilaktik tədbirləri həyata keçirməli; 5.1.5. lazım olmayan heyvanları sahibsiz heyvanları saxlayan müəssisəyə təhvil verməli; 5.1.6. heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün Agentliyin regional bölməsinə müraciət etməli; 5.1.8. ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalı. İşin hallarından görünür ki, cavabdeh ev heyvanlarının, eləcə də itlərin saxlanılması üçün tələb olunan qaydalara əməl etməmiş, həmçinin heyvanların saxlanılması üçün müəyyən edilmiş say limitini də keçmişdir. Sadalananlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən torpaq sahəsində saxladığı heyvanların (itlər) həmin ərazidən köçürülməsi şəklində təmin edilməlidir. Çünki, itlərin həmin ərazidə saxlanılması iddiaçıların yuxarıda qeyd edilən hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri odan ibarətdir ki, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması Qaydarlarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09.03.2011-ci il tarixli qərarında bağ evinin həyətində it saxlanılmasını və onun sayını məhdudlaşdıran heç bir norma yoxdur. Buna baxmayaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində heç bir digər normaya əsaslanmayaraq cavabdehin heyvanların müəyyən edilmiş say limitini keçməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmənin qətnamədə qeyd etdiyi “limit” yalnız çoxmərtəbəli binada yerləşən mənzillərə aiddir. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı onu qeyd edir ki, işin mübahisələndirilməyən daha bir halı ondan ibarətdir ki, cavabdeh tərəfindən itlərin saxlanıldığı torpaq sahəsi və ona qonşuluqda yerləşən torpaq sahəsi iddiaçıara və cavabdehlərə məhz bağ evinin tikintisi məqsədi ilə verilmişdir. Qanunla bağ evinin həyətində it və digər ev heyvanlarının saxlanılmasını və onun sayını məhdudlaşdıran heç bir normanın mövcud olmaması halında belə fiziki və hüquqi şəxlər tərəfindən onlara verilən bu hüquqdan sui-istifadə edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, qanunla hüquqdan hər hansı formada sui-istifadə edilməsinə yol verilmir. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri də odan ibarətdir ki, hazırda və məhkəmə prosesi gedən zaman mübahisə predmeti olan ərazidə hər hansı bir anitsanitariya halı mövcud deyil. Bütün itlər stirilizə olunub, peyvəndləri vurulub və çiplə təchiz olunublar bunu işə əlavə olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin müvafiq işə əlavə olunmuş müvafiq dezinfeksiya və vaksinasiya aktları təsdiq edir. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı onu qeyd edir ki, işin mübahisələndirilməyən halıdır ki, cavabdehə məxsus bax sahəsində onun tərəfindən 40da çox əlil it saxlanılmaqdadır. Qeyd edilən sayda əlil itin ulaşması və digər formada səsküy salması da qaçılmazdır. Yəni itlərin stirilizə olunması və peyvəndlərinin vurulması halı qəbul edilmiş olsa belə, cavabdeh tərəfindən iddiaçıların hüquqlarının pozulmadığı qənaətinə gəlinə bilməz. Ona görə də, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır və təmin edilə bilməz. Cavabdehin apelyasiya şikayətinin daha bir dəlili odan ibarətdir ki, qətnamədə cavabdeh tərəfindən ərazidə saxlanılan itlərin köçürülməsini qət etsə də, onların məhz hara köçürülməsi haqda heç bir aydınlıq gətirməmişdir. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, heyvanların hansı əraziyə köçürülməsi məsələsini əvvəlcədən müəyyən etmək mümkün olmadığına görə məhkəmə haqlı olaraq hesab etmişdir ki, bu məsələ icra mərhələsində öz həllini tapmalıdır. Cavabdehin apelyasiya şikayətinin daha bir dəlilli odan ibarətdir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməmişdir. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşmır. Belə ki, iş materiallarında görünür ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və apellyasiya icraatı zamanı İcra Hakimiyyətinin nümayəndəsinin iştirak təmin edilməklə və izahatı alınmışdır. Cavabdehin apelyasiya şikayətinin daha bir dəlilli odan ibarətdir ki, iddiaçılardan yalnız ikisi - İddiaçı1 və Həsənov Cəmaləddin Hüseyn oğlu cavabdehin bağ qonşularıdır. Digər iddiaçılardan İddiaçı3 onunla divar qonşusu deyil, İddiaçı4, İddiaçı6, İddiaçı2 isə ümumiyyətlə onunla qonşu deyillər və onlar ona məxsus bağ sahəsindən çox uzaqda yaşayırlar. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və Həsənov Cəmaləddin Hüseyn oğlunun onunla qonşu olduğu mübahisələndirilmir və ona görə də qeyd edilən iddiaçıların subyektiv hüququnun mövcudluğu üzrə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. İş üzrə digər iddiaçıların apellyasiya icraatı zamanı təqdim etdiyi sənədlərdən görünür ki, həmin iddiaçıların da cavabdehin yaşadığı ərazidə torpaq əraziləri var və həmin ərazidə yaşayırlar. Göründüyü kimi, hazırki iddia üzrə iddiaçıların hər birinin subyetkiv hüququ təsdiq olunduğundan cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdir və yuxarıda qeyd edilənlərlə təkzib edilməklə həmin qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-782/2021 saylı 09 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-782/2021 saylı 09 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7010/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7010/2021
27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver