Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7013/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “texniki şərtlərin alınması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2023-cü il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü iddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini qət etmişdir. Həmin qətnamə cavabdehin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, cavabdehin müraciəti əsasında qətnamə kağız daşıyıcıda xx.xx.2023-cü il tarixdə təkrar cavabdehə təqdim edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron kabineti vasitəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, qətnamənin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmiş, onun müraciətinə cavab olaraq, Rayon Məhkəməsi tərəfindən ona qətnamənin surətinin təkrarən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və daha əvvəl isə elektron kabinetinə yerləşdirilməsi barədə məlumat verilmişdir. Cavabdeh Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən xx.xx.2023cü il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh, eyni zamanda Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün onun tərəfindən ötürülmüş prosessual müddətin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə apellyasiya şikayətini qaytarmışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə cavabdehin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmişdir. Qətnamənin təkrarən və kağız daşıyıcıda cavabdehə təqdim edilməsi prosessual müddətin axımını yeniləmir və bərpa etmir. Belə olan halda hesab edilməlidir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 1 aylı prosessual müddəti ötürülməklə verilmişdir. Cavabdeh, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehə göndərilməmiş, cavabdeh qətnamənin mövcud olmasından Sumqayıt Şəhər İcra İdarəsinin icra məmuru tərəfindən mobil telefonuna xx.xx.2023-cü il tarixdə göndərilmiş SMS-lə bağlı həmin icra idarəsinə getdikdə məlumatı olmuşdur. Qətnamə, cavabdehin müraciəti əsasında xx.xx.2023-cü il tarixdə ona rəsmi qaydada təqdim edilmiş və həmin vaxtdan etibarən 1 aylıq müddət çərçivəsində apellyasiya şikayəti verilmişdir. Cavabdehin öhdəsində olan uşağı suçiçəyi xəstəliyinə tutulduğu üçün mənzildən çox az hallarda çıxmışdır. Cavabdeh məhkəmə sənədlərini həmişə poçt vasitəsi ilə almışdır. Qeyd edilənlərə əsasən, qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməsi üzrlü hesab edilərək bərpa edilməlidir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla ərizənin təmin edilməməsini, apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə cavabdehin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilməklə rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Qətnamənin təkrarən kağız daşıyıcıda xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edilməsi müddətin həmin vaxtdan hesablanması üçün əsas deyil. MPM-nin 135.5 və 135.6-cı maddələrinin tələbi baxımından “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə rəsmi qaydada verilmiş hesab edildiyi üçün apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməsi və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Əsasları “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin əsasları ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq göstərilmişdir ki, həqiqətən də cavabdehin şəxsi kabineti mövcuddur, həmin şəxsi kabinetdən cavabdeh ona sms-bildiriş göndərildiyi hallarda istifadə edir. Məhkəmə qətnaməsi elektron kabinetə yerləşdirilmiş olsa da, cavabdehə bu barədə sms-bildiriş göndərilməmişdir. Eyni zamanda, cavabdeh şəkərli diabet xəstəsidir və uzun müddətdir ki bu xəstəlikdən müalicə olunur. Qeyd edilənlərə əsasən qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından görünür ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh verdiyi şikayətdə ona sms-bildiriş göndərilmədiyi üçün elektron kabinetə baxmadığını və qətnamənin elektron kabinetə yerləşdirilməsindən xəbərsiz olduğunu, qətnaməni xx.xx.2023-cü il tarixdə rəsmi qaydada müraciət edərək aldığını bildirmişdir. Məhkəmə bildirir ki, qətnamənin təkrarən kağız daşıyıcıda xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edilməsi müddətin həmin vaxtdan hesablanması üçün əsas deyil. Qeyd edilənlərə əsasən, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Qətnamədən cavabdehə münasibətdə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət həmin tarixdən başlanmış və xx.xx.2023-cü il tarixdə bitmişdir. Lakin cavabdeh ilk dəfə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Prosessual müddətin ötürülməsinin məhz üzürlü səbəbdən baş verməsi apellyasiya icraatı zamanı müəyyən edilmədi. MPM-in 133.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etdiyi halda buraxılmış müddəti bərpa edir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad qanuni və əsaslıdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət əsassızdır – formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-7013/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7013/2023
14.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver