Məhkəmə qərarları › İş №2(103)-7015/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7015/2022

12.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7015/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı – maraqlı şəxslər kimi Baki şəhəri Səbail rayon qeydiyyat şöbəsi və Azərbaycan Respublikası Baki şəhər Səbail rayon İcra Hakimiyyəti cəlb edilməklə “övladlığa götürülmə faktının müəyyən olunması” na dair ərizə ilə məhkəməyə müraciət edərək, 24 aprel 1949-cu il tarixdə anadan olmuş X1 1995-ci ildə onu övladlığa götürməsinin, Tatyana Fətəliyevanın övladlığa göturən, onun isə övladlıga götürülən kimi müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim R.Qafarova, iş № e-2(009)-1784/22) iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmişdir. İddiaçı qərardaddan şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, hüquq münasibəti 1995-ci ildən yarandığından, 2000-ci ilin sentyabr ayinin 1-nə kimi qüvvədə olan qanunvericilik tetbiq edilməlidir. Həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 113 və 114-cü maddələrinə görə, övladlığa götürmə məhkəmə tərəfindən deyil, İcra Hakimiyyəti orqani tərəfindən aparılmışdır. Xalasının İcra Hakimiyyətinə müraciəti olmuş, lakin bu barədə sənəd təqdim edə bilmir. Azərbaycan SSR Nikah və ailə Məcəlləsinin 124-cü maddəsinə əsasən övladlığa götürənlərinin xahişi ilə uşağın doğulmasi ilə bağli qeydiyyat kitabında valideyn qrafasında onlar valideyn kimi qeyd oluna bilərlər. Yəni, bu qeyd aparılmaya da bilər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, X2 İddiaçı övladlığa götürülməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət etməmiş və övladlığa götürmə halı qeydə alınmamışdır, bu halda ərizəyə məhkəmə qaydasında baxılması istisna olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. (4.1) Övladlığa götürmənin qeydə alınma faktını müəyyən edən zaman məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə görə, övladlığa götürməyə yalnız uşağın doğumu vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alındıqdan sonra və yalnız məhkəmənin Azərbaycan Respublikası MPM-nin 345-351-ci maddələrində nəzərdə tutulan müddəalara əsasən xüsusi icraat qaydasında uşağın övladlığa götürülməsinə dair işə baxaraq qətnamə çıxarılmasından sonra yol verilir (4.4). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X2 İddiaçı övladlığa götürülməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət etməmiş və övladlığa götürmə halı qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsində övladlığa götürmə faktının deyil, övladlığa götürmənin qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu fakt o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeyd saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini iddianın yolverilməzliyi əsası ilə icraata qəbul etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilir. Ərizəçi övladlığa götürən qismində qeyd aparılmasını xahiş etdiyi xalasının müvafiq icra Hakimiyyəti orqanına müraciət etdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar