Məhkəmə qərarları › İş №2(103)-7019/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7019/2021

08.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7019/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 Əli qızının iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızının Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “tikinti işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3923/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “tikinti işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, İzmir küçəsi, 5A ünvanda tikinti işlərinin aparılmasının Cavabdeh Sığorta Şirkəti ASC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Yasamal rayonu, İzmir küçəsi, 5A ünvanda tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-cı il tarixli 2(004)- 3923/2021 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ünvan 1 ünvanında yerləşən həyətyanı sahədə tikinti işlərinin aparılmasının müvəqqəti dayandırılması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Sığorta Şirkəti ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-cı il tarixli 2(004)-3923/2021 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3923/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-cı il tarixli, 2(004)-3923/2021 nömrəli qərardadı və onun əsasında tətbiq edilmiş iddianı təmin etmə tədbirinin ləğv edilməsi qərara alınmışdır. Həmin qərarardaddan iddiaçılar şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3923/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinə mahiyyəti üzrə baxılanadək iddia təmin tədbiri kimi ünvan 1 ünvanında yerləşən həyətyanı sahədə tikinti işlərinin aparılmasının müvəqqəti dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət, iddia təmin tədbiri barədə ərizənin dəlilləri ilə əsaslandırılmış, həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddia təmin tədbiri barədə qərardadı ləğv etməklə düzgün nəticəyə gəlməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3923/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı1 şikayətin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, yaşadıqları binanın həyətində cavabdeh tərəfindən tikinti işləri aparılır, həmin fakt təqdim etdiyi fotoşəkillərlə də öz təsdiqi tapır. Həyətə giriş-çıxış məhdudlaşdırılıb. Birinci instansiya məhkəməsi isə iddia təmin tədbiri barədə qərardadı ləğv etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı4 Əli qızı şikayətin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən aparılan tikinti işləri onların həyətə olan yollarını bağlayıb və həyətdən istifadələri məhdudlaşdırılmışdır. Məhkəmə iclasında İddiaçı2 şikayətin dəlillərini müdafiə edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3923/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı3 və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya, şikayəti iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbirləri qətnamənin gələcəkdə icra edilməsi məqsədinə yönəldiyindən və belə ərizələrə daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalı olduğundan həmin tədbirlərin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. İddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə, ərizədə cavabdeh kimi qoyulmuş şəxs(lər)ə qarşı yönəldilmiş tələb(lər)in ilkin əsaslandırılmasına və bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxs(lər)in, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. İşin hallarından görünür ki, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Yasamal rayonu, İzmir küçəsi, 5A ünvanda tikinti işlərinin müvəqqəti dayandırılmasına dair iddiaçıların ərizəsi təmin edilmiş, daha sonra cavabdehin şikayəti əsasında qeyd olunan iddia təmin tədbiri barədə qərardad ləğv edilmişdir. Birinci instansiya məhkəməsi şikayəti təmin edərkən belə nəticəyə gəlmişdir ki, hazırkı işdə iddia tələbləri ilə tətbiq edilməsi xahiş olunan iddianı təmin etmə tədbiri məzmununa və mahiyyətinə görə eynidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia təmin tədbiri barədə qərardadı ləğv etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan eləcə də təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi cavabdeh mübahisəli ünvanda yerləşən həyətyanı sahədə tikinti işləri aparır. Cavabdeh təqdim etdiyi şikayətdə istinad edir ki, qeyd olunan işləri aparmasına dair müvafiq qurumlardan razılıq və rəylər almışdır. Kollegiya qeyd edir ki, həmin sübutlara məhz iddia tələbinə mahiyyəti üzrə baxılması zamanı qiymət verilməlidir. Hazırki vəziyyətdə iddia tələbi ilə iddia təmin tədbiri arasında əlaqə mövcud olmaqla yanaşı, tətbiq olunan tədbir irəli sürülmüş tələbə mütənasibdir. Göründüyü kimi işə mahiyyəti üzrə baxılanadək iddia təmin tədbiri qismində mübahisəli ünvanda tikinti işlərinin aparılmasının müvəqqəti dayandırılmaması gələcəkdə iddianın təmin olunduğu halda qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-cı il tarixli 2(004)-3923/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə şikayəti təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3923/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-cı il tarixli 2(004)-3923/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızı tərəfindən verilmiş şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3923/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-cı il tarixli 2(004)- 3923/2021 nömrəli qərardadından Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar