Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-702/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İddiaçının Səbail filialının xeyrinə 7.546 ABŞ dolları kredit borcu, 15 oktyabr 2006-cı il tarixə hesablanmış 164 ABŞ dolları faiz borcu, cəmi 7.710 ABŞ dolları borc və 19,80 AZN manat dövlət rüsumu tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2006-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edlsə də, ərizəsinə əsasən həmin Məhkəmənin 26 aprel 2007-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək iş yeni məhkəmə baxışına təyin edilmiş, ancaq növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq ona çatmamış, eyni zamanda iddiaçıya borcu olmamışdır. İddiaçının özünə məxsus problemləri ilə əlaqədar hüquq mühafizə orqanlarına çağrılmış, bundan sonra borcunun şəxsi hesab vərəqində silinmədiyini öyrənmiş, 13.01.2017-ci ildə qətnamənin surətini almış və apellyasiya şikayəti vermişdir. Banka olan borcunu ödəmiş və qəbzləri özündə saxlamışdır. Məhkəmə iclasında İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında sonuncu məhkəmə iclası barədə xəbərdar edilmiş Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək şəxsiyyət vəsiqəsi və pasportunun müddəti bitdiyi üçün “Asan Xidmət” qəbul edərək ona məhdudiyyət qoyulduğu üçün yenisinin verməkdən imtina etmiş, ona görə də peyvənd ola bilmədiyindən məhkəməyə gələ bilmədiyindən iclasın başqa vaxta keçirilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 2(103)- 14516/2019 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəmə-mühasibatlıq ekspertizasının 22 may 2020-ci il tarixli 4965 saylı rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, mövcud iş materiallarında olan sənədlər əsasında (yəni, zəruri sənədlərin təqdim edilmədiyini və eyni zamanda iş materiallarında əlavə edilmiş kassa mədaxil qəbzlərinin tam olmadığını nəzərə alaraq) iddiaçı Cavabdeh 21 sentyabr 1999-cu il tarixli kredit sazişi üzrə cavabdeh İddiaçı ASC-yə ödənilməli olan borcun məbləğini müəyyən etmək mümkün olmadı. Bundan sonra əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 05 yanvar 2021-ci il tarixli 3035 saylı rəydə qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, mövcud iş materiallarında olan sənədlər əsasında (yəni, zəruri sənədlərin təqdim edilmədiyini və eyni zamanda iş materiallarında əlavə edilmiş kassa mədaxil qəbzlərinin tam olmadığını nəzərə alaraq) iddiaçı Cavabdeh. 21 sentyabr 1999-cu il tarixli kredit sazişi üzrə cavabdeh İddiaçı ASC-yə ödənilməli olan borcun məbləğini müəyyən etmək mümkün olmadı. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının hər iki rəyi ilə ekspertlər qarşısında qoyulan suallara cavab verilməməsi əsassız olmuşdur. Belə ki, ekspertlərin bu cür rəylər verməsi anlaşılan deyildir. Çünki, bu cür rəylərlə ekspertlər özlərinin prosessual statusunu şübhə altına almaqla yanaşı, xüsusi bilik tələb edən sualları izah etmək iqtidarında olmadığını yaxud qarşısında qoyulmuş suala dair rəy vermək istəmədiyini büruzə vermiş olur. Əks halda ən azından qarşısında qoyulan sualda göstərilən dövrü nəzərə alaraq rəy verə bilərdi. Borcun məbləğini müəyyən etmək üçün zəruri sənədlərin təqdim edilmədiyi halda ekspert vəsatətinə əsasən bu sənədlər tərəflərdən yenidən istənilə bilərdi. Eyni zamanda iş materiallarına əlavə edilmiş kassa mədaxil qəbzlərinin tam olmadığı da rəy verməkdən imtina üçün əsas deyil. Çünki, tərəflər özlərində olan və təqdim edilməsi mümkün olan bütün sübutları məhkəməyə təqdim etmiş və iş materialına əlavə edilmişdir. Yəni, ekspert işdə olan və əlavə tələb etdiyi və təqdim edilməsi mümkün olan sənədlər əsasında rəy verməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iki ayrı-ayrı ekspertin eyni məzmunlu rəy verməkdən imtina etmələri faktiki olaraq məhkəmə qərarının icrasından imtina kimi qiymətləndirilməlidir. Çünki, qeyd olunduğu kimi iddiaçı tərəf müqavilə 1999-cu il tarixli olduğuna görə hər hansı bir zəruri sənədlərin bankda qalmadığını bildirir. Cavabdeh isə kredit müqaviləsi üzrə həyata keçirdiyi ödənişlərə dair kassa mədaxil qəbzlərini işə əlavə etmişdir. Ekspertlər bu qəbzlərin tam olmadığını göstərərək rəy vermək istəmirlər. Bu yolverilməzdir. Çünki, cavabdeh özündə olan və etdiyi ödənişlərə dair qəbzləri təqdim edir. Həmin qəbzlərin tam olmadığı ekspertləri narahat etməməlidir. Cavabdehi necə məcbur etmək olar ki, özündə olan yaxud olmayan ödəniş qəbzlərini təqdim etsin. Bu absurd bir yanaşmadır. Eyni zamanda iş üzrə xüsusi biliyə malik olan ekspertin rəyi olmadan düzgün yekun nəticəyə gəlmək bu xarakterli işlərdə mümkünsüz olur. Ekspertlərin məhkəmə qərarlarına bu cür yanaşması isə nəticə etibarı ilə həm də proses iştirakçılarının haqlı narazılığına səbəb olur. Göründüyü kimi, ekspertlərin məhkəmə qərardadına bu cür münasibəti onların hüquqi məsuliyyət daşımaqdan çəkinmədiklərinə dəlalət edir.Ona görə də, növbəti dəfə ekspertizanın təyin edilməsi barədə məhkəmə qərardadına bu cür münasibətin göstəriləcəyi təqdirdə ekspertlər barəsində intizam məsuliyyətinə cəlb edilmələri məsələsinə baxılması üçün Ədliyyə Nazirliyinə müraciət ediləcəyi onların diqqətinə çatdırılmışdır. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının 16 iyul 2021-ci il tarixli 9/3315 nömrəli rəyində isə göstərilir ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri və 21 sentyabr 1999-cu il tarixli kredit sazişinin şərtlərinə müvafiq olaraq Cavabdeh 10.03.2000-ci il tarixə(müqavilənin müddətinin sonuna) banka borcu 91.091.325,00 AZM(20 678,85 USD) məbləğində müəyyən olunur, o cümlədən əsas borc 86.220.000,00 AZM(19573,21 USD), faiz borcu 4.571.325,00 AZM(1.037,76 USD). Həmçinin ödəniş qəbzlərindən göründüyü kimi, 17.03.2000-ci il tarixdən 23.04.2001-ci il tarixədək ümumilikdə 18.900.000,00 AZM məbləğində ödəniş edilmişdir. 18.900.000,00 AZM nəzərə alındığı təqdirdə 72.191.325,00 AZM(16.385,5 USD) (91.091.325,00- 18.900.000,00) məbləğində borcu qalacaqdır, o cümlədən əsas borc üzrə 72.191.325,00 AZM(16.385,5 USD), faiz borcu üzrə 0,00 AZM(0,00 USD).Qeyd: Mərkəzi Bankın 10.03.2000-ci il tarixli valyuta məzənnəsinə əsasən 1 USD=4.405,00 AZM məbləğində müəyyən olunur.Qeyd: əvvəlki təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizaları ilə 28.12.2019-cu il tarixdə 31880 nömrəli, 28.02.2020-ci il tarixdə isə 4965 nömrəli verilmiş vəsatətlərlə məhkəməyə müraciət edilərək 21 sentybr 1999-cu il tarixli kredit sazişi üzrə hesabdan çıxarış, ödəniş qəbzləri və.s təqdim olunması xahiş edilmiş, lakin vəsatətlər təmin olunmadığı üçün cavabdehin iddiaçı banka olan mövcud borcunu müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan ödəniş qəbzlərində göstərilən ödənişlərin cəmi 20.100.000,00 AZM(4563,00 USD) məbləğindədir. Lakin iddia ərizəsində borc 7.710,00 USD göstərilir. Həmin ödənişlər kreditin təkcə ssudasına yönəldilsə belə (15437,00 USD(20,000,00-4563,00)iddia olunan rəqəmi almaq mümkün deyil. Belə bir nəticəyə gəlmək olar ki, ödəniş qəbzləri tam təqdim edilməmişdir. Qeyd:tədqiqat ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə mövcud sənədlər əsasında aparıldı. Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MMnin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri və iddia müddətinin tətbiqi barədə ərizəsi qətnamənin ləğvi üçün əsasdır.. Belə ki, 21 sentyabr 1999-cu ildə bağlanmış kredit sazişinin müddəti 10 mart 2000-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 16.10.2006-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də təsdiq olunur ki, cavabdeh tərəfindən ödəniş qəbzlərindən göründüyü kimi, 17.03.2000-ci il tarixdən 23.04.2001-ci il tarixədək ümumilikdə 18.900.000,00 AZM məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 6 il 7 ay 5 gün, sonuncu ödəniş tarixindən isə 5 il, 5 ay, 23 gün sonra məhkəməyə müraciət etmişdir. Bu fakt isə iddia müddətinin ötürüldüyünü təsdiq edir. Cavabdehin apellyasiya baxışı zamanı yəni, 21.07.2020-ci ildə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etməsi iddia müddətinin tətbiq edilməsini istisna etmir. Belə ki, işdən görünür ki, iş üzrə məhkəmənin 28 dekabr 2006-cı il tarixli qiyabi qətnaməsi cavabdehin 26.04.2007-ci il tarixli ərizəsinə əsasən həmin tarixli qərardadla ləğv edilmiş, cavabdehin 17 may 2007-ci il tarixə məhkəmə iclası barədə məlumatlandırılması barədə qəbzə imza edilmiş, 17 may 2007-ci il tarixli məhkəmə iclasında cavabdeh iştirak etməmiş, məhkəmə iclası 28 iyun 2007-ci il tarixə təxirə salınmış, lakin cavabdehə bildiriş göndərilməsi və ona çatdırılması işdən görünmür, yalnız çağırış vərəqəsinin kötüyü işə tikilmiş, bundan sonra yenə də məhkəmə iclası 26 iyul 2007-ci il tarixə təxirə salınmış, lakin cavabdehə bu dəfə də bildiriş göndərilməsi və ona çatdırılması işdən görünmür, yalnız çağırış vərəqəsinin kötüyü işə tikilmiş, beləliklə də işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etmədiyindən cavabdehin apellyasiya instansiyası məhkəməsində iddia müdətinin tətbiq edilməsi üçün ərizə verməsinə əsas olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair maddələrinin şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100(yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-702/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-702/2021
01.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver