Məhkəmə qərarları › İş №2(103)-7024/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7024/2024

25.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7024/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7024/2024 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4062/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyanın əvəzi kimi ödəniləcək zaman məzənnəyə uyğun olaraq 7224 ABŞ dolları məbləğində, mənəvi ziyanın əvəzi kimi 10.000 manat məbləğində pulun və ödənilmiş 157 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddət hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışmış və hazırda təqaüdçüdür. Onun aldığı pensiya məbləği kifayət qədər qane edicidir. İddiaçı imkan olduqca istirahət etməyi və buna görə xarici ölkələrə səfər etməyi xoşlayır və bu səbəbdən pul xərcləmək zərurəti yaranır ki, ölkədən çıxarkən müəyyən edilmiş məbləğdən artıq pul götürməyə qanunvericilik izin vermir. Eyni zamanda, pulun daşınma və saxlanması bir çox hallarda müəyyən çətinliklər yaradır ki, iddiaçı bununla bağlı 2022-ci il tarixdə "xxxx" ASC-yə müraciət edərək “Tamkart” debet kartı sifariş etmişdir. Hansı ki, bu kartın iddiaçı üçün bir sıra istifadə üstünlükləri və o, ölkə xaricində səfərdə olarkən rahat istifadə etmək imkanı vardır. Bu minvalla, iddiaçı qeyd edilən kartdan 2 ilə yaxın müddətdə istifadə etmiş, kartın və bankın xidmətindən də narazılığı olmamışdır. Lakin 16 iyul 2024-cü il tarixdə günorta saatlarında iddiaçının mobil telefon nömrəsinə ona məxsus “**********026521” nömrəli kartdan pul çıxarılması ilə bağlı “SMS” daxil olmuşdur. Əvvəlcə iddiaçı bunun texniki səhvlik olduğunu düşünmüşdür. Lakin həmin vaxtdan 3 saat ərzində iddiaçıya məxsus kartdan 7224 ABŞ dollar məbləğində pul çəkilmişdir. Halbuki, bankın verdiyi limit üzrə gün ərzində iddiaçı kartdan cəmi 1000 manat məbləğində pul çıxarmaq hüququna malik olduğu halda, 3 saat ərzində qeyd edilən ABŞ dolları məbləğində pulun çıxarılması təsadüf və ya texniki səhvlik ola bilməz. İddiaçıya məxsus “**********026521” nömrəli kartda 11.384 ABŞ dollar məbləğində pul olmuşdur ki, həmin pul məbləğinin 7224 ABŞ dolları hissəsi iddiaçının iradəsi ziddinə kartdan götürülmüşdür. Baş vermiş hadisədə bank əməkdaşlarının əlinin olması istisna deyil. Çünki qeyd edilən tarixdə iddiaçı Şərur rayonu Çərçiboğan kəndi ərazisində yerləşən evində bankomat kartı özündə olmaqla, hər hansı bank əməliyyatını həyata keçirməmişdir. Bu hadisədən dərhal sonra iddiaçı "xxxx" ASC-nin Şərur rayonu ərazisində filialı olmadığından, həmin bankın Naxçıvan filialına getmiş və kartın bloklanmasını təmin edə bilmişdir. Bankın Naxçıvan filialı iddiaçının yaşadığı ünvandan 70 km məsafədə yerləşdiyindən və iddiaçı filiala çatmaq üçün sərf etdiyi bir saatdan artıq vaxt ərzində naməlum şəxslər tərəfindən onun kartından pulun çıxarılması davam etdirilmişdir. İddiaçı "xxxx" ASC-nin Naxçıvan filialına çatdıqda iradəsi ziddinə onun hesabından çıxarılmış pulun geri qaytarılmasını tələb etdikdə bank əməkdaşları tərəfindən Bankın baş idarəsinin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı hesab edir ki, ona vurulmuş maddi və mənəvi ziyana görə bankın da məsuliyyəti az deyil. İddiaçı banka güvənib öz əmanətini etibar etmiş, lakin bank tərəfindən əmanətin saxlanılmasında məsuliyyətsizliyə yol verilməklə iddiaçıya 7224 ABŞ dolları məbləğində maddi ziyan, eyni zamanda baş vermiş hadisə ilə əlaqədar iddiaçının keçirdiyi sarsıntı və narahatçılıq səbəbindən ona 10000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Bu səbəbdən iddiaçıya vurulmuş maddi və mənəvi ziyan cavabdeh bank tərəfindən ödənilməlidir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4062/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia təmin edilməmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386.1, 1096.1, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında guya iddiaçı cavabdehin sosial şəbəkədə olan kampaniyasına qoşulmaq məqsədilə FİN kodunu və tələb edilən digər məlumatları yazdığımı bildirdiyindən və cavabdeh bank tərəfindən mənə 3 dəfə “OTP” kodgöndərildiyini mübahisələndirmədiyindən, ona ziyan vurulması ilə nəticələnən həmin hadisədə cavabdeh bank (və ya əməkdaşları) tərəfindən hər hansı mülki hüquq pozuntusunun törədilməsi və ziyan dəyməsinə səbəb olan hadisədə cavabdehin (işçilərinin) təqsirinin olması istisna edilir. Çünki cavabdeh bank iddiaçıya tətbiqə birdəfəlik giriş üçün təyin olunan həmin kodları göndərdiyi mesajın mətnində “Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin” məzmununda xəbərdarlıq da ünvanlamışdır. Guya xx.xx.2024-cü il tarixli məhkəmə iclasında o, əvvəlcə izahatında ona göndərilmiş kodları daxil etdiyini etiraf etsə də, sonradan izahatını dəyişərək, dəqiq yadında olmadığını, bəlkə də, həmin kodları da verdiyini bildirmiş, bununla da ziddiyyətli izahatlar vermişdir. Halbuki o, hazırlıq iclasında heç bir ziddiyyətli izahat verməmiş, sosial şəbəkədən olan kompaniyaya şəxsiyyət vəsiqəsinin fin kodunu verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halları, bankın təhlükəsizlik sistemindəki zəifliyə görə məsuliyyət daşımasını, həmin əməliyyatın ona məxsus olan telefonla edilmədiyini, pul çıxaran şəxlərin araşdırılmamasını, cavabdehlə aralarında bağlanmış müqavilədə şəxsiyyət vəsiqəsinin fin kodunun kiməsə verilməsindən söhbət getmədiyini, həmin müqavilənin şərtlərini, məhkəmə iclasında heç bir ziddiyyətli izahat vermədiyini nəzərə almamışdır. Məhkəmə iclası isə zalda deyil, kiçik bir otaqda keçirilmişdir. Məhkəmənin hazırlıq icıasında tədim edilmiş 44 vərəqdən ibarət çıxarışlarda pul çəkənlər Sevil A, İqor F, Qadir İ, Mehdi A, Fuad N, Anar İ, Nadir H, Elşən R adlı 8 nəfərin adları ilə yanaşı, kart nömrələri, eləcə də bank daxili kartlardan istifadə etdikləri göstərilsə də, şahid qismində dindirilməsi üçün həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün hər hansı addım atılmamış, öz kartıları arasında 3000 azn çıxarıldığı halda (onun bir tam kartı olmuşdur, ikinci kartın isə necə, hansı yolla əldə olunması aydınlaşdırılmamış, 16 iyul 2024-cü il tarixdə saat 14:30-da və 15:32-də 2 dəfə hesabdan hesaba pul köçürülsə də, bu hesabların kimə məxsus olduğu, necə açıldığı, hesabların açılmasında, hansı işçilərinin əli olduğu dəqiqləşdirilməmişdir). ABB tərəfindən, həqiqətən, ona SMS-lərin göndərilib-göndərilməməsi barədə Azercelldən müvafiq arayışlar alınmayıb, 58,18 ABŞ dollarının kartına (kredit dövriyyə) elə həmin günü, yəni xx.xx.2024-cü il tarixdə deyil, məhkəmə araşdırmaları başlananadan sonra qaytarıldığı məsələləri aydınlaşdırılmamışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, müharibə veteranıdır. Dövlət rüsumunu ödəməkdən azaddır, bununla belə səhvən 157 manat ödədiyi halda məhkəmə nəinki iddianı təmin etməmiş, səhvən ödədiyi rüsumun qaytarılması üçün belə hər hansısa addım atılmamışdır. Səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilmədiyi üçün teleqram ünvanlayaraq iştirakı olmadan işə baxılması və iddianın təmin edilməsini xahiş etsə də, məhkəmə iradəsinin əksinə qətnaməni ziyanına çıxarmış, iştirakının təmin edilməsi üçün hər hansı addım atmamış, çəkişmə prinsipini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, ona kompaniya barədə link gəlmiş, həmin linkə daxil olmuş, ona gələn OTP kodunu daxil etmiş, sonra ondan pulların çıxıldığını müşahidə etmişdir. Bankla iddiaçı arasında bağlanılan müqavilənin şərtlərinə görə yalnız kartın “şen” kodunun və kart məlumatlarının kiməsə verilməməsi barədə xəbərdarlıq olunmuşdur. Fin kod barədə heç nə qeyd edilməmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı məhkəmə iclaslarının heç bir mərhələsində ona OTP kodunun gəlməsini inkar etməmiş, kodu özünün daxil etdiyini bildirmişdir. Həmin kodların yanında onun hansı təyinat üzrə göndərilməsi qeyd olunmuş və təhlükəsizlik üçün kənar şəxslərə təqdim olunmaması bildirilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

11. Maddə 14.2 və 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

12. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

15. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

18. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamənin qanunililiyi və əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

28. Belə ki, iş üzrə materiallardan və tədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçıya məxsus pul vəsaitlərin iddiaçının iradəsinə zidd olaraq məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı deyil.

29. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən, bank müştəriyə Tam kart kredit və debet kartı vermişdir.

30. Həmin müqavilənin 5.13-cü bəndinə əsasən tam kart, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlar, Hesabların qalığı, habelə Müştəri haqqında məlumatlar bank sirridir və üçüncü şəxslərə yalnız Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda verilir. Həmin müqavilənin 8.2.8-ci bəndinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır.

31. Həmin müqavilənin 8.3.6-cı bəndinə əsasən X4 sistemi vasitəsilə həyata keçirilən elektron əməliyyatların mövcud qanunvericiliyə uyğun tərtib edilməsinə, onların buraxılış məlumatlarını istifadə etməklə təsdiq edilməsinə, habelə Müştəri tərəfindən İnternet Bankçılıq sisteminə daxil edilən məlumatların dürüstlüyünə və tamlığına görə məsuliyyət daşıyır, bununla bağlı yarana biləcək bütün risklərə və Müştəriyə dəymiş zərərə görə məsuliyyəti tam olaraq Müştəri daşıyır. Həmçinin müqavilənin 10.4-cü bəndinə əsasən müştəri Tam kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə (Tam kartı üçüncü şəxslərə verməmək, ŞEN-kodu gizli saxlamaq və s.) məsuliyyəti tam şəkildə özü daşıyır.

32. Tərəflər arasında razılaşdırılmış müqavilənin yuxarda qeyd edilmiş şərtlərindən də göründüyü kimi iddiaçı Bankın müştərisi olaraq ona məxsus olan kartın təhlükəsizliyini qorumaq və bununla bağlı Bank tərəfindən tətbiq olunan qoruma mexanizmlərindən düzgün formada istifadə etməyi öz öhdəsinə götürmüşdür.

33. Lakin istər iş materialları, istər iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatları, istərsə də apelyasiya baxış zamanı mövcud olan ifadəsinə əsasən müəyyən olunur ki, iddiaçı ona dələduzluq edən şəxs tərəfindən göndərilmiş linkə daxil olaraq şəxsiyyət vəsiqəsi məlumatlarını, o cümlədən Bank tərəfindən təhlükəsizlik məqsədilə göndərilmiş OTP kodu daxil etmişdir. Bununla da iddiaçı məlumatlarının dələduzların əlinə keçməsinə özü şərait yaratmış, təhlükəsizlik tədbirlərini kifayət qədər diqqətlə həyata keçirməmişdir.

34. Halbuki cavabdeh tərəfindən iddiaçıya göndərilən OTP kodun məzmununda da dələduzlardan ehtiyatlı olması, təhlükəsizliyi üçün kodun digər şəxslərə verilməməsi qeyd olunmuş, bununla da Azərbaycan Respublikasında bankçılıq və elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair tələbləri yerinə yetirmiş, E-bankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirləri görmüşdür.

35. İddiaçının ona belə bir kod göndərilib-göndərilməməsi məsələsinin birinci instansiya məhkəməsində aydınlaşdırılmaması ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarındakı xx.xx.2024-cü il tarixli iclas protokolundan da göründüyü kimi iddiaçı cavabdehin sosial şəbəkədə olan kampaniyasına qoşulmaq məqsədilə FİN kodunu və tələb edilən digər məlumatları yazdığını bildirmiş, bununla da kodların göndərilməsini qəbul etmiş, sadəcə cavabdeh olaraq Bankın bundan daha çox təhlükəsizlik tədbirləri görməli olduğuna əsaslanmışdır. Kollegiya qeyd edir ki, apelyasiya baxışı zamanı da iddiaçı ona göndərilmiş linkə daxil olmasını və müvafiq məlumatları daxil etməsini təkzib etməmiş və izahatında bu halları təsdiqləmişdir.

36. Buna görə də kollegiya hesab edir ki, Bank tərəfindən iddiaçıya müvafiq təhlükəsizlik kodlarının göndərilməsi cavabdehin təqdim etdiyi çıxarışla təsdiq edildiyindən və iddiaçı özü tərəfindən bu kodun daxil edildiyini bildirdiyindən sözügedən xüsusatın əlavə olaraq aydınlaşdırılmasına hər hansı zərurət qalmamışdır.

37. İddiaçının onunla Bank arasında bağlanılan müqavilənin şərtlərinə əsasən yalnız kartın “Şen kodunu” və digər məlumatlarını gizli saxlaması, digər hər hansı məlumatla bağlı belə tələbin olmaması ilə bağlı şikayətin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, yuxarıda göstərilən müqavilə şərtlərindən də göründüyü kimi iddiaçı öz üzərinə sadəcə kartın “Şen kodunu” deyil, müştəri barəsində bank sirri sayıla biləcək bütün məlumatları gizli saxlamaq barədə öhdəlik götürmüş, tam kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə məsuliyyəti tam şəkildə özünün daşıması təsbit olunmuşdur. Bundan əlavə qeyd edilən OTP kodunun özünün də məzmununda “Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin” məzmununda xəbərdarlıq göstərilmişdir.

38. Nəticə etibarilə iş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə həmin kartın balansında iddiaçıya məxsus olan 11,384.95 ABŞ dolları məbləğində pul olmuş, iddiaçı tərəfindən müvafiq kodların təqdim edilməsindən sonra gün ərzində dəfələrlə onlayn əməliyyatlar aparılaraq xx.xx.2024-cü il tarixə kartın balansında qalan məbləğ 4.160,92 ABŞ dolları olmuşdur.

39. Beləliklə, işin hallarından da məlum olduğu kimi cavabdeh iddiaçının müraciəti ilə bağlı atıla biləcək addımlarda yubanmaya yol verməmiş, səhlənkarlıq etməmiş, müştərini qeyri-məmnun edəcək, ona maddi zərər vuracaq hər hansı hərəkət və ya hərəkətsizliyə yol verməmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə onun həmin tələbini əsaslı hesab etmək mümkün deyildir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

41. Kollegiya iddiaçının onun hesabından pulu məxaric edən şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən hər hansı addımın atılmaması ilə bağlı dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə şahidlərin çağırılması məsələsi işin məhkəmədə hazırlanması başa çatanadək bu barədə tərəflərin verdiyi vəsatət əsasında həll olunur və hazırki iş üzrə iddiaçı tərəfindən belə bir vəsatətin verilməsi müəyyən olunmur. Bundan əlavə qeyd edilməlidir ki, hazırki mübahisənin mahiyyəti cavabdehin müvafiq təhlükəsizlik tədbirlərini lazımi qaydada görüb-görməməsi ilə bağlıdır və iddiaçıya qarşı dələduzluq halının baş verməsi halı mövcud olsa belə, həmin məsələ hazırki məhkəmə mübahisəsi çərçivəsində müzakirə olunmur.

42. İddiaçının dövlət rüsumundan azad olmasına baxmayaraq məhkəmə tərəfindən rüsumun qaytarılması ilə bağlı hansısa tədbir görməməsi ilə bağlı şikayətinin dəlillərinə münasibətdə ilə kollegiya qeyd edir ki, iddiaçı istər birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən, istərsə də işin baxılmasının hər hansı mərhələsində dövlət rüsumundan azad olmaya əsas verən hallara sahib olması barədə məhkəməyə məlumat verməmiş, bu barədə təsdiq edici sənəd təqdim etməmiş, yalnız apelyasiya şikayətində qeyd etmişduir. Bu zaman iddiaçının həmin kateqoriyadan olan şəxslər arasında olduğunu müəyyənləşdirmək birinci instansiya məhkəməsi tərəfindən mümkün olmamışdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, göstərilən hallar iddiaçının MPM-in 114-cü maddəsinə tələblərinə əsasən artıq ödənilmiş dövlət rüsumunun qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

43. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

45. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

47. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4062/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məkhəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar