Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7029/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (X17 və X14 üçüncü şəxs kimi cəlb olunmaqla) “əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-640/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (X17 və X14 üçüncü şəxs kimi cəlb olunmaqla) "əmlakın geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” atraksionlarının ona təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 27.11.2014-cü il tarixli 243337 və 243338 saylı, 28.11.2014-cü il tarixli 244472 saylı 06.12.2014-cü il tarixli 244468 saylı 13.12.2014cü il tarixli 244470 saylı 11.12.2014-cü il tarixli 244469 saylı gömrük bəyannamələrinə əsasən Azərbaycan Respublikası ərazisinə onun adına İtaliya firması olan “MOSERS RİDES SRL” şirkəti tərəfindən attraksion - karusel (sökülmüş halda dəst hissələri) daxil olmuşdur. Ayrı-ayrı gömrük bəyannamələrinə əsasən ölkə ərazisinə daxil olmuş karusel hissələri 22m*32 ölçülü “SİDE WİNDER” və 10 m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar adlı karusellərdir. İddiaçı həmin malları bulvar ərazisində yerləşdirmişdir. Həmin atraksionları təhvil almaq istədikdə isə, Dənizkənarı Bulvar İdarəsindən bildirdilər ki, məhkəmə qaydasında mülkiyyət hüququnun tanınması və ondan təhvil alınma ilə bağlı qətnamə göstərilmədən attraksiyonları əldə edə bilməz. O, dəfələrlə atraksionları istəsə də ona həmin mallar Bulvar İdarəsinin ərazisindən ancaq məhkəmə qərarı ilə çıxarıla biləcəyini bildirmişlər. Səbəb kimi isə guya İdarədə qaydanın belə olduğunu bildirmişlər, ondan məhkəmə qətnaməsi istəmişlər. Ona görə də atraksionların "xxxx" MMC-dən alınıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia tələbində həmçinin qeyd edilmişdir ki, iddia tələbinin Dənizkənarı Milli Park MMC-yə qarşı qaldırılmasının səbəbi isə qeyd edilən atraksionların yerləşdirilməsi ilə bağlı İddiaçı tapşırığı ilə üçüncü şəxslərlə Dənizkənarı Milli Park MMC arasında bağlanmış müqavilələrdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş iki müqavilə üzrə Dənizkənarı Milli Park MMC həmin atraksionları qəbul etmiş və bulvar ərazisində yerləşdirmişdir. Bu səbəblə də, Dəniz kənarı Bulvar İdarəsi deyil, cavabdeh Dənizkənarı Milli Park MMC-dir. Rayon məhkəməsinə müraciət etmələrinin səbəbi İddiaçı VÖEN-in olmamasıdır. Mülki Məcəllənin 157.2-ci madəsinə əsasən “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər”. Sözügedən atraksionlar onun tərəfindən ölkəyə gətirilmiş və Gömrük bəyannamələri də bunu təsdiq edir. Ona görə də hesab edir ki, onun əmlakları ona geri qaytarılmalıdır. Həmin atraksionların üzərində mülkiyyət hüququnun yaranması əsası isə yuxarıda adı çəkilən gömrük bəyannamələridir. Belə ki, MM-in 181.1-ci maddəsinə əsasən “Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir”. Qeyd edilən norma daşınar əşyalar üzərində mülkiyyət hüququnun yaranması əsaslarından birini müəyyən edir. Belə ki, yuxarıda adı qeyd edilən şirkət tərəfindən həmin mallar bir başa olaraq onun adına göndərilmiş və onun mülkiyyətinə verilmişdir. Yalnız reyestrdə qeydiyyata alınmalı olan daşınar əşyalar qeydiyyatdan keçməlidir. Belə ki, reyestrdə qeydiyyata alınmalı daşınar əşya olsa təbii ki məhkəmə qərarının qəbul edilməsinə zərurət olmazdı. Lakin Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin siyahısı»nda sözügedən daşınar əmlak yoxdur və buna görə də bu daşınar əşya Reyestrdə qeydiyyatdan keçməməli olduğuna görə bunun üzərində mülkiyyət hüququnun tanınması qeyd edilən gömrük bəyannamələri ilə müəyyən edilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-640/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında hər hansı bir müqavilə münasibətləri olmamış və cavabdeh "xxxx" MMCnin İddiaçı qarşısında əmlak vermək öhdəliyi yoxdur və hazırki mülki mübahisədə öhdəlik olmadığı halda iddiaçı tərəf cavabdeh "xxxx" MMC-dən qeyd olunan attraksionları tələb etmək subyektiv hüququ yoxdur. İddiaçı mübahisəli attraksionların ona məxsusluğunu, attraksionları hansı tarixdə, hansı qaydada, kim tərəfindən, hansı müqavilə (əqd) əsasında və ya müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında (əgər vardırsa) “Dənizkənarı Bulvar” ərazisində quraşdırılması, attraksionların kimin tərəfindən qəbul edilməsi, təhvilqəbul aktının olub-olmaması, kimin tərəfindən istismar edilməsi, hansı səbəbdən bu vaxta kimi attraksionlarla bağlı maraqlanmaması və s. məsələləri sübut etməlidir. Qeyd olunmalıdır ki, mübahisəli əmlakların (attraksionların) tələbi barədə İddiaçı subyektiv hüququ yoxdur, vəsatətə əlavə olunmuş ərizəçi X6 “Hüquqiəhəmiyyətli faktın müəyyən edilməsi” barədə Nərimanov rayon Məhkəməsinə verdiyi (qeydiyyata alınıb 26.12.2019 ildə) ərizəsindən, ərizəyə əlavə olunmuş X15 ilə İddiaçı arasında imzalanmış 05.12.2019cu il tarixli, 01 nömrəli müqaviləsindən, Nərimanov Rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli qərardadından, X6 Nərimanov Rayon Məhkəməsinə ünvanladığı qərardaddan olan şikayətindən, Bakı Apellyasiya Məhkəməsinin 17.02.2020-ci il tarixli qərardadından müəyyən olunur ki, hazırda məhkəmənin icraatında baxılan İddiaçı inzibati iddiasında qeyd etdiyi mübahisə predmeti olan 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar adlı karusellər 05.12.2019-cu il tarixdə İddiaçı tərəfindən X2 sonuncunun mülkiyyətinə keçmiş və X15 qeyd olunan attraksionlar üzərində mülkiyyət hüquqlarının tanınması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Vəsatətə əlavə olunan iddiaçı Samir X3 arasında bağlanmış 05.12.2019-cu il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, İddiaçı sözü gedən attarksionları alıcı X10 özgəninkiləşdirmiş və sonuncu həmin əmlaklarla bağlı “Dənizkənarı Bulvar” İdarəsini maraqlı şəxs qismində cəlb etməklə məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmiş, ərizəsində attraksionları İddiaçı aldığını, attraksionların ona məxsus olduğunu bildirmiş və məhkəmə proseslərində də bu barədə dəfələrlə məhkəməyə bildirmiş, alqı-satqı müqaviləsini təqdim etmişdir. Belə olan halda müəyyən edilir ki, hazırda Səbail Rayon Məhkəməsində baxılan mülki işdə İddiaçı üçüncü şəxsə özgəninkiləşdirdiyi və ona faktiki şəkildə məxsus olmayan attaraksionların ona verilməsi barədə subyektiv hüququ olmadığı halda belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddia ərizəsində İddiaçı 2014-cü ildə gömrük bəyannamələri əsasında Azərbaycan Respublikası ərazisinə öz adına İtaliya firması olan “MOSERS RİDES SRL” şirkəti tərəfindən attraksion - karusellərin (sökülmüş halda dəst hissələri) daxil olmasını və daxil olmuş karusel hissələri 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar adlı karusellər “Dənizkənarı Bulvar” İdarəsinin ərazisində quraşdırılmış və hazırda da onları tələb edir. lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367.1, 372.1, 372.2, 377-ci maddələrinə əsasən 3 illik iddia müddətini buraxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən hazırki iddia tələbi ilə bağlı 1 illik iddia müddəti İddiaçı tərəfindən ötürüldüyündən, iddia müddətinin keçməsi əsası ilə iddia təmin olunmamalıdır. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin məmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili isə apellyasiya şikayətinə etiraz etmiş və hazırki iddia tələbinə 1 illik iddia müddətinin tətbiq edilməli olmamasını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 14 may 2014-cü il tarixli Sifariş təklifindən görünür ki, ünvan 3 ünvanında yaşayan, telefon nömrəsi +**********2 olan İddiaçı arxa səhifədə qeyd edilən “Moser's Rides” tərəfindən müəyyən edilən satış şərtlərlərinə əsasən hüquqi ünvanı SS12, Via A.Brennero Nord 15B, 13, 46035 Ostiflia (Mantova) - İtaliya olan “Mosers Rides SRL” şirkətindən aşağıdakı malları sifariş edir. Ölçüləri əlavə edilmiş çertyojda qeyd edilən, hər hansı şüşə-lif dekorasiyası olmadan alıcı seçiminə əsasən qondola və sürüşkən döşəmədə işıqla 22m x 32 oturacaqlı Side Winder növlü bir ədəd attraksion, ölçüləri əlavə edilmiş çertyojda qeyd edilən, hər hansı şüşə-lif dekorasiyası olmadan alıcı seçiminə əsasən qondola və sürüşkən pilləkənlərdə işıqla 10 m x21 oturacaqlı Maverick növü bir ədəd attraksion. Zəmanət: Quraşdırmadan sonra 12 ay və ya konossament tarixindən sonra 15 ay. Qiymət: 22m x 32 oturacaqlı Side Winder - Ex - Works İtaliya şərtlərinə əsasən 600.000.00 avro 10 m x21 oturacaqlı Maverick - Ex - Works İtaliya şərtlərinə əsasən 450.000.00 avro. Çatdırılma: 30 oktyabr 2014-cü il tarixində razılaşdırıldığı kimi çərşənbə axşamı əvvəlcədən ödənişin həyata keçirilməsindən 171 gün sonra nəqliyyat vasitəsinə yüklənəcəkdir. İş materiallarında olan 27.11.2014-cü il tarixli 243337 və 243338 saylı, 28.11.2014cü il tarixli 244472 saylı 06.12.2014-cü il tarixli 244468 saylı 13.12.2014-cü il tarixli 244470 saylı 11.12.2014-cü il tarixli 244469 saylı gömrük bəyannamələrindən görünür ki, Azərbaycan Respublikası ərazisinə İddiaçı adına İtaliya firması olan “MOSERS RİDES SRL” şirkəti tərəfindən attraksion - karusel (sökülmüş halda dəst hissələri) daxil olmuşdur. İş materiallarında olan "xxxx" MMC ilə X17 arasında bağlanmış 20.04.2015-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, Dənizkənarı Milli Park ərazisində X12 məxsus, sahəsi 35 kv.m obyektin ərazisində “Uçan Boşqab” attraksionunun 01 may 2015-ci il tarixdən 31 iyul 2015-ci il tarixədək fəaliyyət göstərməsinə icazə verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə X17 arasında bağlanmış 20.04.2015-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, Dənizkənarı Milli Park ərazisində X12 məxsus “Kosmos” attraksionunun 01 may 2015-ci il tarixdən 31 iyul 2015-ci il tarixədək fəaliyyət göstərməsinə icazə verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə X14 arasında bağlanmış 02.05.2016-cı il tarixli, 42 nömrəli müqavilədən görünür ki, Dənizkənarı Milli Park ərazisində 470 kv.m ərazidə “Uçan Boşqab” attraksionunun 02 may 2016-cı il tarixdən 31 dekabr 2016-cı il tarixədək fəaliyyət göstərməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X7 və X16 Agentliyi tərəfindən X12 verilmiş 26.02.2014-cü il tarixli 073801 nömrəli lisenziyadan görünür ki, attraksionların quraşdırılmasına və istismarına 5 il müddətinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X7 və X16 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X8-Tədqiqat X1 adına verdiyi “Dənizkənarı Bulvar ərazisində yeni quraşdırılmış “Maverick” və “Sidewinder" tipli, zavod nömrələri T/0297277 və T/0297281 olan attraksionların texniki sənədləri»nə təhlükəsizlik texnikası baxımından 2015-ci ildə verdiyi texniki təhlükəsizliyə dair **-TB-***02015 saylı ekspertiza rəyindən görünür ki, Dənizkənarı Bulvar ərazisində yeni quraşdırılmış “Maverick” və “Sidewinder" tipli, zavod nömrələri T/0297277 və T/0297281 olan attraksionların texniki sənədlərinin texniki təhlükəsizlik baxımından müvafiq normativ sənədlərin, norma və qaydaların tələblərinə uyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X7 və X16 Agentliyinin 05.05.2015-ci il tarixli Texniki Təhlükəsizliyə dair ekspertiza rəyinin təsdiq edilməsi barədə k/1470 saylı Qərarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X7 və X16 X9 ərazisində yeni quraşdırılmış “Maverick” və “Sidewinder" tipli, zavod nömrələri T/0297277 və T/0297281 olan attraksionların texniki təqdim edilmiş ekspertiza rəyinə baxmış və onu **-TD-***0- 2015 nömrə ilə qeydiyyata almışdır. Ekspertiza rəyinə baxılmasının nəticələrinə əsasən, texniki təhlükəsizliyə dair ekspertiza rəyinin texniki təhlükəsizlik tələblərinə uyğun olması və ekspertiza rəyinin təsdiq edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X7 və X16 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X8-Tədqiqat İnstitutunun fiziki şəxs K.Cəfərova ünvanladığı 12.02.2015-ci il tarixli RŞ-309/14 saylı məktubundan görünür ki, onun 05.12.2015-ci il tarixli məktubuna əsasən tərtib olunmuş Dənizkənarı Bulvar ərazisində yeni quraşdırılmış “Maverick” və “Sidewinder" tipli, zavod nömrələri T/0297277 və T/0297281 olan attraksionların texniki sənədlərinə dair təhlükəsizlik texnikası baxımından ekspert rəyinin verilməsi» adlı 12.02.2015 il tarixli TEX- 15/058-14 №li müqavilənin təsdiq olunması üçün ona göndərilir. İş materiallarında olan K.Cəfərovun 05.12.2015-ci il tarixli məktubuna əsasən tərtib olunmuş Dənizkənarı Bulvar ərazisində yeni quraşdırılmış “Maverick” və “Sidewinder" tipli, zavod nömrələri T/0297277 və T/0297281 olan attraksionların texniki sənədlərinə dair təhlükəsizlik texnikası baxımından ekspert rəyinin verilməsi» adlı 12.02.2015 il tarixli TEX- 15/058-14 №li müqaviləyə əlavə olan elmi texniki xidmətin smeta qiymətinin kalkulyasiyasından görünür ki, müqavilə qiyməti (18% ƏDV daxil olmaqla) 3000 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X7 və X16 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X8-Tədqiqat İnstitutunun fiziki şəxs K.Cəfərovun adına verdiyi 01.05.2015-ci il tarixli AİC 743957 saylı kassa mədaxil qəbzinin əslindən görünür ki, o, 29.04.2015-ci il tarixli 821 saylı h/f-ya əsasən ekspert rəyi üçün 3000 manat ödəmişdir. İş materiallarında olan 15.01.2015-ci il tarixli quraşdırma aktından görünür ki, “Maverick” və “Sidewinder" tipli, zavod nömrələri T/0297277 və T/0297281, 2014-cü il buraxılışı olan mexanikləşdirilmiş attraksionları mövcud norma və standartlara uyğun quraşdırılmışdır. Attraksionlar quraşdırıldıqdan sonra texniki sınaq aparılmış, çatışmamazlıqlar aşkar olunmamış, istismara tam yararlı olmuşdur. İş materiallarında olan Həmçinin fiziki şəxs K.Cəfərovun da imzaladığı attraksionun sınağı haqqında 19 yanvar 2015-ci il tarixli aktdan görünür ki, “SİDEWİNDER” tipli, zavod nömrəsi T/0297281, 2014-cü il buraxılışı olan mexanikləşdirilmiş attraksionu mövcud norma və standartlara uyğun quraşdırılmışdır. Quraşdırıldıqdan sonra vizual baxış keçirilmiş, dinamiki və statiki (75 kq dinamiki, (75+25) kq statiki) yüklə yoxlanılmışdır. Yoxlama zamanı heç bir əyinti və deformasiya qeydə alınmamışdır. Attraksionun bütün qurğuları və cihazları işçi vəziyyətdə olmuşdur. Attraksion istismara yararlı olmuşdur. İş materiallarında olan X6 “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə Nərimanov rayon Məhkəməsinə verdiyi (qeydiyyata alınıb 26.12.2019 ildə) ərizəsindən görünür ki, o 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar üzərində mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir. İş materiallarında olan X15 ilə İddiaçı arasında imzalanmış 05.12.2019-cu il tarixli, 01 nömrəli müqaviləsindən görünür ki, olan 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar adlı karusellər 05.12.2019-cu il tarixdə İddiaçı tərəfindən X10 40000 manata satılmışdır. Müqavilə 30.12.2019-cu il tarixinədək qüvvədədir. (müqavilənin 8.1 bəndi). Qeyd edilən müqavilənin 8.2 bəndinə əsasən tərəflər qarşılıqlı razılıq əsasında müqavilənin qüvvədə olma müddətini uzada bilərlər. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5730/2019 saylı, 28.12.2019-cu il tarixli qərardadından görünür ki, X6 “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan imtina edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2667/2020 saylı, 17.02.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5730/2019 saylı, 28.12.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 09.02.2020-ci il tarixli 01 saylı razılaşma adlanan sənəddən görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X13 (AZE 06576586, 16.07.2008 verilib Yasamal RPİ) şəxsində (bundan sonra “Alıcı” adlandırılacaq) bir tərəfdən, X15 (AA ******* FİK 551F4NY) şəxsində (bundan sonra “Alıcı” adlandırılacaq) digər tərəfdən (“Satıcı” və “Alıcı” birlikdə “Tərəflər” adlandırılacaq) aralarında bağlanmış 05.12.2019-cu il tarixli müqavilənin ləğv edilməsinə dair razılığa gəlirlər. Müqavilənin predmetini təşkil etmiş 22m x 32 ölçülü SİDE WİNDER və 10 m x 21 ölçülü oturacaqları olan MAVERİCK ATRAKSİONLAR dair X6 (AA ******* FİK 551F4NY) heç bir tələbi və iradı olmayacaqdır. İddiaçı da 05.12.2019-cu il tarixli müqavilənin ləğvindən sonra həmin müqaviləyə dair heç bir tələbi və iradı olmayacaqdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı adına olan 27.11.2014-cü il tarixli 243337 və 243338 saylı, 28.11.2014-cü il tarixli 244472 saylı 06.12.2014-cü il tarixli 244468 saylı 13.12.2014-cü il tarixli 244470 saylı 11.12.2014-cü il tarixli 244469 saylı gömrük bəyannamələrinə əsasən Azərbaycan Respublikası ərazisinə İtaliya firması olan “MOSERS RİDES SRL” şirkəti tərəfindən attraksion - karusel (sökülmüş halda dəst hissələri) daxil olmuşdur. Qeyd edilən gömrük bəyannamələrinə əsasən ölkə ərazisinə daxil olmuş karusel hissələri 22m*32 ölçülü “SİDE WİNDER” və 10 m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar adlı karusellərdir. İddiaçı qeyd edilən sənədlər əsasında mübahisəli attraksionların ona məxsus olduğu halda cavabdeh tərəfindən ona geri verilməsinin imtinasının qanunsuzluğunu mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların, habelə pul vəsaitinin iddia etdiyi ədəddə (miqdarda) və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən götürüldüyünü sübut etməlidir. Birinci instansiya məhkəməsində dindirilmiş üçüncü şəxslər olan X17 və X14 izahatlarında adlarına müqavilələr olmasına baxmayaraq mübahisələndirilən karusellərin faktiki olaraq onlara deyil, iddiaçıya məxsus olmasını, onun Dənizkənarı Milli Park MMC ilə aralarında şifahi razılaşmalarına əsasən karusellərin 2014-cü ildə bulvar ərazisinə yerləşdirilməsini, quraşdırılmasını, iddiaçının adına VÖEN olmadığı üçün quraşdırılma və istismarla bağlı bütün rəsmiləşdirilmələrin X11 adına olmasını inkar etməmiş, əlavə olaraq göstərmişlər ki, karusellərin istismarı dövründə həm işlədikləri idarədən maaş almış, həm də iddiaçı tərəfindən onlara göstərilən xidmətə görə maaş şəklində əlavə ödənişlər verilmişdir. Hazırda cavabdehin istifadəsində olan mübahisəli attraksionlar iddiaçının tələb etdiyi əmlaklardır. Materiallarından da görünür ki, "xxxx" MMC ilə X17 arasında 20.04.2015-ci ildə, X14 arasında 02.05.2016-cı il tarixli, 42 nömrəli müqavilələr bağlanmış, məxsusluğu X12 aid olan və “Uçan Boşqab” və “Kosmos” attraksionlarının müəyyən müddətdə istifadə edilməsinə icazə verilmişdir. Attraksionların quraşdırılmasına və istismarına 5 il müddətinə icazə verilməsinə dair 26.02.2014-cü il tarixli 073801 nömrəli lisenziya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X7 və X16 Agentliyi tərəfindən X11 adına verilmiş, attraksionların texniki sənədlərinin texniki təhlükəsizlik baxımından müvafiq normativ sənədlərin, norma və qaydaların tələblərinə uyğun hesab edilməsi ilə bağlı texniki təhlükəsizliyə dair ekspertiza rəyi verilmiş, texniki sınaq aparılaraq istismara tam yararlı olmasına dair müvafiq quraşdırma, sonradan isə sınağı haqqında aktlar tərtib edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "xxxx" MMC-nin İddiaçı qarşısında əmlak vermək öhdəliyi olmamasını, iddiaçının mübahisəli attraksionların ona məxsusluğunu, attraksionları hansı tarixdə, hansı qaydada, kim tərəfindən, hansı müqavilə (əqd) əsasında və ya müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında “Dənizkənarı Bulvar” ərazisində quraşdırılması, attraksionların kimin tərəfindən qəbul edilməsi, təhvil-qəbul aktının olub-olmaması, kimin tərəfindən istismar edilməsi, hansı səbəbdən bu vaxta kimi attraksionlarla bağlı maraqlanmaması və s. məsələləri sübut etməli olmasını göstərsə də, özü tərəfindən iddiaya etirazının əsası kimi bu əmlakların “Dənizkənarı Bulvar” ərazisində quraşdırılması və istismarının hansı əsaslarla olmasına dair müvafiq sənədlər təqdim etməmişdir. Başqa sözlə, məhkəmənin qənaətinə görə iddiaçı iddiasının əsasını təşkil edən hallara dair sübutlar təqdim edə bilmədiyi və təqdim etdiyi sübutları cavabdeh kifayət qədər mötəbər və tutarlı sübut hesab etmədiyi halda, cavabdehin üzərinə bu sübutları təkzib edən digər sübutlar təqdim etmək vəzifəsi düşür ki, cavabdeh tərəf də məhz iddiaçının tələb etdiyi əmlakların “Dənizkənarı Bulvar” ərazisinə hansı şəraitdə gətrilməsinə və bu əmlakların kimə məxsus olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin, apellyasiya icraatı zamanı iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş gömrük bəyannamələrinin notarial qaydada təsdiq olunmuş surətləri də təqdim olunmuşdur Kollegiya İddiaçı adına 2014-cü ildə gömrük bəyannamələri əsasında Azərbaycan Respublikası ərazisinə gətirilmiş İtaliya firması olan “MOSERS RİDES SRL” şirkətinin 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionların ona məxsus olması, hazırda bu əmlakların “Dənizkənarı Bulvar” İdarəsinin ərazisində quraşdırılması və onların iddiaçının tələbi ilə ona geri qaytarılmasına imtina etməsinin mövcud olması kimi faktların işin araşdırılmış halları əsasında müəyyən edilməsinə məhkəmə qiymət verərək hesab edir ki, həmin əmlaklar iddiaçının mülkiyyəti (ona məxsus olması) kimi qiymətləndirildiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya cavabdehin iddia müddətinin tətbiq edilməli olması arqumentini də əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Kollegiya hazırki iş üzrə mübahisəli attraksionların iddiaçının mülkiyyətində (ona məxsus olması) olmasının müəyyən edildiyini və iddia tələbinin əsaslı hesab edildiyini, eləcə də qanunvericiliyin tələbini nəzərə alaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizənin əsassız olması nəticəsinə gəlir. Sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh öz hüquqi mövqeyini sübut edə bilməmiş və iddianın əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci tərəflərdən tutularaq müvafiq hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-640/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7029/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7029/2021
04.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver