Məhkəmə qərarları › İş №2(103)-7033/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7033/2023

18.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7033/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin cavabdehə qadağan edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3838/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 ha torpaq sahəsi Mehriban Aslan qızının xüsusi mülkiyyətində olmuşdur.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 2222/2021 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Binəqədi rayon Bələdiyyəsinə qarşı “cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv.m torpaq sahəsinin 200 kv.m sahəsinə dair qəbul etdiyi qərarın və onun əsasında hər hansı sənəd (akt) vermişdirsə, həmin sənədin etibarsız sayılmasına dair” iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarı ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1007/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2-1(102)-2222/2021 saylı qərarı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1007/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(001)- 11/2022 saylı qətnaməsi ilə, iddiaçı Mehriban Aslan qızının cavabdeh Araz Novruzova (Novruzluya) qarşı mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 hektar (200 kv.metr) ölçülü torpaq sahəsinin cavabdeh tərəfindən yararsız vəziyyətə salınması və torpaq sahəsinin hasarının cavabdeh tərəfindən uçurdulması nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə cəmi 8.200 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair iddia tələbi və Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində Mehriban Aslan qızına qarşı “Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 595 saylı qərarı il ona ayrılmış, xx.xx.2006-cı il tarixində 682 saylı “Alğı-satqı müqaviləsi” bağlayaraq fərdi yaşayış evi tikmək üçün aldığı, faktiki olaraq onun istifadəsində və sahibliyində olan və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 330 kv.metr torpaq sahəsinin 200 kv.metr sahəsinə dair Mehriban Aslan qızının adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı “Çıxarışın” ləğv edilməsi barədə” müstəqil iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6575/2022 saylı 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Mehriban Aslan qızı cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərə onun mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 ha (200 kv.m) torpaq sahəsinə mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiada göstərilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 ha (200 kv.m) torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin hasarı X4 tərəfindən uçurulduğuna və torpaq sahəsi yararsız vəziyyətə salındığına görə 2018-ci ildə tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdi. Bundan sonra, Cavabdeh2 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi ona qarşı iddia qaldıraraq onun adına verilmiş Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki işə baxılarkən Cavabdeh2 eyni zamanda çıxarışın verilməsi üçün əsas olmuş Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində yerləşən 330 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin X5 ayrılmasına dair 13 oktyabr 2004-cü il taixli, 245 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin inzibati işə baxılana kimi mülki işin icraatı dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-72/2020 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində yerləşən 330 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin X5 ayrılmasına dair Binəqədi Bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 245 nömrəli qərarının ləğv edilməsi barədə Cavabdeh2 iddiası rədd edilmişdir. Həmin qərardan Cavabdeh2 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2- 1(103)- 1007/2021 saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2-1(102)-2222/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Bundan sonra mülki iş üzrə icraat təzələnmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(001)-11/2022 nömrəli qətnaməsinə əsasən həm onun zərərin əvəzinin ödənilməsi barədə iddiası, həm də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Cavabdeh2 iddiası rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(103)-6575/2022 saylı qətnaməsinə əsasən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(103)- 6575/2022 saylı qətnaməsi də qanuni qüvvəyə minmişdir. Göründüyü kimi Cavabdeh2 həm daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həm də çıxarışın verilməsi üçün əsas olmuş bələdiyyə qərarının ləğvi barədə iddiaları rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(103)-6575/2022 saylı qətnaməsinin: 26cı bəndində qeyd olunur ki,“... qəbul edilmiş məhkəmə aktları ilə Binəqədi Bələdiyyəsinin 13 oktyabr 2004-cü il taixli, 245 nömrəli qərarının qanunsuz olmadığı, habelə bu qərarla ayrılmış 200 kv.m torpaq sahəsinin Cavabdeh2 ayrılmış 330 kv.m torpaq sahəsi ilə eyni torpaq sahəsinin olmadığı, hüquqi nəticə etibarilə Səməndər X1 hər hansı ölçüdə torpaq sahəsini tələb etmək hüququnun olmaması müəyyən edilmişdir.” 30-cu bəndində qeyd olunur ki, “... qanunvericiliyin tələbinə görə yuxarıda göstərilən faktlar Cavabdeh2 üçün məcburidir və o, həmin faktları yenidən mübahisələndirmək hüququna malik deyil.” Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən Cavabdeh2 həmin torpaq sahəsinə aidiyyətinin və subyektiv hüququnun olmaması təsdiqini tapmışdır. Lakin bundan sonra cavabdehlər tərəfindən darvazanın giriş qapısının açarı dəyişdirilmişdir. Əgər Cavabdeh2 iddiası subyektiv hüququn olmaması əsası ilə rədd edilmişdirsə, onun zərərinin əvəzinin ödənilməməsi barədə iddiasının rədd olunma səbəbi zərərin mövcudluğu, yəni, hasarın, torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı sübutları təqdim edilməməsi olmuşdur. Bunun səbəbi ondan ibarətdir ki, o, mülkiyyətində olan torpaq sahəsinin heç bir aidiyyəti olmayan şəxslər tərəfindən zəbt ediləcəyini öncədən görə bilməzdi ki, əvvəlki vəziyyəti əks etdirən sübutları olsun. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən Cavabdeh2 torpaq sahəsinə dair subyektiv hüququnun olmaması müəyyən olunsa da, o, yaxın qohumu X4 ilə birlikdə Azərbaycan Respublikasının adından çıxarılan və bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktlarına məhəl qoymur və yenidən torpaq sahəsinə müdaxilə etməyə cəhd edir. Buna görə də mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia qaldırmaq məcburiyyətindədir. Tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunaraq torpaq sahəsinə daxil olma, giriş darvazasının açarının dəyişdirilməsi və həmin torpaq sahəsi ilə bağlı digər hərəkətlərin edilməsinin qadağan edilməsi xahiş olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-16(001)-143/2023 saylı qərardadına əsasən ərizə qismən təmin edilmişdir.

7. İddiaçı Mehriban Aslan qızının nümayəndəsi və vəkili X3 ərizəsi əsasında iddiaçı Mehriban Aslan qızı əsl İddiaçı ilə əvəz edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3838/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbi təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin torpaq sahəsinə qanunsuz daxil olmaqla və darvazanın açarlarını dəyişdirməklə, onun mülkiyyət hüquqlarını əsassız şəkildə pozur. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh2 və X2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsi qadağan olunmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş edib şikayətində göstərib ki, onunla Mehriban Aslan qızı arasında olan və uzun müddət davam edən inzibati və mülki mübahisələr zamanı (Mehriban Aslan qızına verilmiş çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsinə dair iddia qaldırılmışdır.) qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçıya və ona ayrılmış torpaq sahələri eyni torpaq sahəsi deyil. İddiaçının iddia etdiyi mübahisəli həmin sahə məhz onun mülkiyyətində olmaqla çıxarışda göstərilən torpaq sahəsi ilə eyni yer deyil. İddiaçı torpağını başqa yerdə - ərazidə axtarmalıdır. İddiaçıya ayrılmış 200 kv.m. torpaq sahəsi ona məxsus olan 330 kv.m. torpaq sahəsində yerləşmədiyindən iddiaçının ona qarşı hər hansı iddiası ola bilməz. Məhkəmə özü qətnaməsində aralarında olan mübahisələrlə bağlı bəzi məhkəmə aktlarına istinad etsə də, həmin aktlara formal yanaşmış, məhkəmələrin müəyyən etdiyi və hazırda qüvvədə olan halların hazırkı işin həlli üçün əhəmiyyətinə fikir verməmişdir. Bundan başqa, hazırkı işin həlli üçün əhəmiyyətli digər hal budur ki, məhkəmə onun iddiaçıya məxsus 200 kv.metr torpaq sahəsində hərəkətinə qadağa qoymuşdur. Halbuki, mübahisəli sahə ona ayrılmış 330 kv.metrdir. Sual olunur: iddiaçının iddia etdiyi 200 kv.metr torpaq sahəsi ona məxsus 330 kv.metr torpaq sahəsinin hansı hissəsinə düşür? Məhkəmə bunu necə müəyyən etdi? Hətta şərti qəbul etsə belə ki, guya mübahisəli sahənin 200 kv.metri iddiaçıya məxsusdur. Belə olan halda, 200 kv.m. torpaq sahəsinin sərhədlərinin 330 kv.metrin içində (hardan hara, məhz hansı koordinatlarda) yerləşməsini müəyyən etmək mümkün olmur. Halbuki, məhkəmə bu halları müəyyən etmək üçün müvafiq ekspertiza təyin etməli olduğu halda, bunu etməmişdir. Məhkəmə işin bu hallarını da araşdırmamış və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, İ və İİ hissələri. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 29, İV bəndi. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia hər iki cavabdehə münasibətdə təmin edilsə də yalnız bir cavabdeh şikayət verib və şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

23. Mülki prosessual qanunvericiliyin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu mənada, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və buna görə də şikayətin dəlillərinin əsaslı olması təsdiq edilmədiyindən qətnamənin ləğv edilməsi üçün də əsas yoxdur. 24.Buna baxmayaraq məhkəmə tərkibi apellyasiya şikayətinin hər bir dəlili ilə bağlı aşığıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, həqiqətən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehə ayrıldığını iddia etdiyi torpaq sahəsinin eyni olmadığı, yəni, üst-üstə düşmədiyi müəyyən edilmişdir. Deməli, cavabdehin “mübahisəli” adlandırdığı sahədə iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alındığı 200 kv. m torpaq sahəsi yerləşir və bu hüquq da hər cür pozuntudan qorunmalıdır. 25.Əgər cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə mübahisəli adlandırdığı ərazidəki torpaq sahəsinin eyni olmadığını bəyan edirsə, demək ki, yeni hallara istinad edir. İstinad etdiyi yeni halı sübut etmək yükü isə artıq onun üzərinə düşür. Bu vziyyətdə əksinə, onun təbirincə qeyd edilsə cavabdeh özü iddia etdiyi torpağı başqa yerdə-ərazidə axtarmalıdır. Bunun başqa cür olması da mümkün deyil. 26.Çünki, cavabdeh iddiaçıya məxsus 200 kv.m. torpaq sahəsinin ona məxsus olan 330 kv.m. torpaq sahəsində yerləşmədiyini qeyd edirsə, ilk növbədə ona ayrıldığını iddia etdiyi həmin ölçüdə torpaq sahəsinin məhz harada yerləşdiyinə dair mötəbər sübut təqdim etməli yaxud ona ayrıldığını iddia etdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir hüquqla qeydə alınmasına və torpağın cizgi planının tərtib olunmasına nail olmalıdır. Məhz bundan sonra hazırki iddiaya etiraz edə bilər ki, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi iddia etdiyi ərazidə yerləşmir, əksinə mübahisəli ərazi qanuni əsaslarla ona məxsusdur və buna dair hüquqmüəyyənedici sənədləri vardır. Ancaq cavabdeh qeyd olunan ərazinin yalnız ona məxsus torpaq sahəsi olduğunu bəyan etmək kifayətlənir ki, bu da şikayətinin əsaslı olması demək deyil. 27.Bununla yanaşı, cavabdeh mübahisəli ərazidə 200 kv. metrdən əlavə 330 kv. metr torpaq sahəsinin mövcudluğuna dair də məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ən azından qeyd olunan ərazidəki torpaq sahəsinin cəmi ölçüsünün 530 kv. metr olması təsdiq olunmur. Cavabdeh mübahisəli sahənin ölçüsünün ona ayrılmış 330 kv.metr olduğunu və əlavə artıq ölçüdə torpaq sahəsinin olmadığını göstərir. Buna görə də, 200 kv.metr torpağın ona məxsus 330 kv. metr torpaq sahəsinin hansı hissəsinə düşdüyünü, hətta mübahisəli sahənin 200 kv.metrinin iddiaçıya məxsus olduğunu qəbul etsə belə 200 kv.m. torpaq sahəsinin sərhədlərinin 330 kv.metrin içində (hardan hara, məhz hansı koordinatlarda) yerləşməsini müəyyən etməyin mümkün olmadığını, halbuki, məhkəmənin bu halları müəyyən etmək üçün müvafiq ekspertiza təyin etməli olduğunu göstərir. Göründüyü kimi, bu cür dəlillərdən istifadə etməsi də ona dəlalət edir ki, cavabdeh həqiqətən iddiaçının mülkiyyət hüququnu pozan və məhdudiyyət yaradan hərəkətlərə yol verir. Əks halda şikayətində ümumiyyətlə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərə yol vermədiyini bəyan edərdi. Etmir, deməli iddia və onun təmin olunması da əsaslı olmuşdur.

28. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3838/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3838/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar