Məhkəmə qərarları › İş №2(103)-7039/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7039/2022

04.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7039/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 avqust 2022-ci il tarixli qətnamədən cavabdeh Nazirliyin verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat:

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması barədə ərizə” ilə Rayon Məhkəməsinə müraciət edərək, istintaq orqanın qanunsuz hərəkəti nəticəsində ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 7.405,20 manat, mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 100.000 manat, məhkəmə xərclərinin və məsrəflərinin əvəzinin ödənilməsi məqsədi ilə 3.000 manat məbləğində pulun cavabdeh Nazirlikdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, polis işçiləri, iddiaçının yaşadığı və Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 55-də yerləşən 48 saylı mənzilə xx.xx.2020-ci il tarixdə, saat 14:00 radələrində gələrək onu Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aparmışlar. Orada iddiaçı saatlarla fasiləsiz olaraq psixi təzyiqlərə məruz qalmışdır. Təhqiqatçı tərəfindən iddiaçıya bildirilmişdir ki, əgər o istintaqla əməkdaşlıq edərsə onda ona yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunacaq və iddiaçının yanında yaşayan xəstə qardaşı ilə istintaqın işi olmayacaq. İddiaçı, qardaşının toxunulmazlığını təmin etməkdən ötrü əlacsız qalıb səhnələşdirilmiş, saxta şəxsi axtarış və götürmədə dəfələrlə iştirak etmək məcburiyyətində qalmışdır. Bununla da, elə həmin gün saat 19:00 radələrində Sumqayıt şəhərində yerləşən “Qarabağ” kinoteatrının arxasında videoçəkiliş aparılmaqla süni şəkildə tərəfindən cinayət törədilməsi görüntüsü, yəni cinayətin imitasiyası təşkil olunmuş və nəticədə iddiaçı guya cinayət başında yaxalanmışdır. Belə ki, polis əməkdaşlarının iddiaçının cibinə qoyduqları, lakin ona aidiyyəti olmayan narkotik vasitə heroin, guya ona məxsus satış məqsədi ilə əldə etdiyi narkotik vasitə kimi götürülərək sənədləşdirilmişdir. İddiaçı faktiki olaraq tutulduqdan sonra onun müdafiə hüquqları kobud şəkildə pozulmuş, hüquq və vəzifələri izah edilməmiş, dırnaqarası istintaq hərəkəti iddiaçıya formal olaraq kağız üzərində təyin olunmuş müdafiəçinin iştirakı olmadan belə, keçirilməklə keyfiyyətli hüquqi yardım almaq hüququ təmin edilməmiş, habelə eynəksiz olduğundan təqdim olunmuş sənədləri, o cümlədən ifadələrinin yazıldığı protokolları belə, oxumadan imza etməli olmuşdur. Bundan başqa, saxlandıqdan sonra iddiaçıya müdafiəçi təyin, sonra təqdim edilməli, məhz müdafiəçinin iştirakı ilə ətrafında istintaq hərəkətləri keçirilməli olduğu halda, iddiaçı faktiki olaraq şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı və məhkəmənin qərarı olmadan, habelə şübhəli şəxs qismində tutma protokolu tərtib olunmadan belə, barəsində qanunsuz və əsassız olaraq küçədə şəxsi axtarış və götürmə aparılmışdır. İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirildikdə məlum olmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yox, həmin Məcəllənin daha ağır maddəsi ilə - 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Bununla bağlı iddiaçının etiraz və iradlarına baxmayaraq, məhkəmə tərəfindən barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və iddiaçı 3 saylı İstintaq Təcridxanasına göndərmişlər. Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində aparılmış ibtidai araşdırma yekunlaşdıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə iddiaçı, CM-nin 234.4.3-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmdə qeyd edilmişdir ki, iddiaçıya təyin edilmiş cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İddiaçının vəkilinin həmin hökmdən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cəzanın çəkilməsi üçün iddiaçı, 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir. İddiaçının vəkilinin verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsinə, yeni apellyasiya baxışına göndərilməsini qərara almışdır. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinə yenidən baxmış və iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli hökmlə apellyasiya şikayətini təmin edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünü ləğv etmiş və iddiaçının təqsirinin sübuta yetməməsi əsası ilə iddiaçıya bəraət verilmiş, iddiaçının barəsində seçilmiş həbs qətimkan tədbirini isə ləğv edərək iddiaçını həbsdən azad etmişdir. Həmin hökm qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Bu hökmə, habelə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə uyğun olaraq iddiaçıya izah edilmişdir ki, barəsində bəraət hökmü çıxarıldığından pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı o, mülki qaydada məhkəməyə müraciət edə bilər. Beləliklə, orta-ixtisas təhsilli, əvvəllər pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin könüllü iştirakçısı olaraq dəfələrlə ağır yaralanıb kontuziya almış, İİ dərəcəli əlil olan iddiaçıya məlum olmayan səbəblərdən, o, buna heç bir qanuni əsas olmadan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən əvvəlcə qanunsuz olaraq psixi və fiziki təzyiqlərə məruz qalmış, sonra da heç bir aidiyyəti olmayan ağır cinayətə görə məsuliyyətə cəlb olunaraq 2 il müddətində azadlıqdan qanunsuz olaraq məhrum olmuşdur. İddiaçı bildirir ki, həbsdə olduğu bütün müddət ərzində onda olan xəstəliklər proqressivləşərək son həddə kəskinləşmiş, həmçinin dəfələrlə müxtəlif başqa xəstəliklərə də yoluxaraq səhhətində ciddi problemlər yaranmışdır. Belə ki, həmin dövrdə digər xəstəliklərlə yanaşı “Sətəlcəm” də keçirmiş və bunun nəticəsində diş əti yığıldığından, demək olar – bütün dişlərini itirmişdir. Hazırda sadəcə olaraq həyat fəaliyyətini davam etdirmək üçün qida qəbul etməkdə böyük çətinliklər çəkir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar müayinə keçərkən məlum olmuşdur ki, onda olan xəstəliklərin ağırlaşması ilə yanaşı ”Xroniki C viruslu hepatit”, “Xroniki bronxit” və digər xəstəliklər də müəyyən edilir. Artıq bəraət alıb azadlığa qovuşduqdan sonra isə yaşayış yeri üzrə poliklinikada müayinə olunarkən qeyd edilən faktlar bir daha təsdiqini tapmaqla, səhhətinin son dərəcə ağır durumda olduğunu göstərir. Bundan başqa, 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi-Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin iddiaçı cəzaçəkmə yerlərində olduğundan həmin komissiyadan tam həcmdə keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və elə həmin vaxtdan da həm əlilliyə görə pensiyadan, həm də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. Bununla da artıq 9 aydır ki, dolanmaq üçün yeganə pul vəsaitini ala bilmir. Hazırda əlilliyinin təkrar qiymətləndirilməsi isə yalnız xx.xx.2022-ci il tarixdən sonra mümkün olacaqdır. Hələ bu azmışkən, qanunvericiliyin tələblərinə uyğun olaraq, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək üçün tələb olunan sənədləri toplayaraq müvafiq dövlət qurumuna müraciət etməyinə baxmayaraq, qanunsuz və əsassız olaraq həmin müavinətin verilməsindən də imtina edilmişdir. Bununla da, iddiaçının cəzaçəkmə yerlərində qanunsuz və əsassız olduğu 2 il ərzində nəinki səhhətində həyatına birbaşa təhlükə törədən problemlər yaranmış, həm də bu hazırda son dərəcə acınacaqlı maddi duruma səbəb olmuşdur. Başqa sözlə, iddiaçı cinayət prosesini həyata keçirən orqanların səhvi və suiistifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuza xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmış, uzun müddət qapalı şəraitdə saxlanıldığından səhhətində ciddi problemlər yaranmış və hazırda müalicəyə kəskin ehtiyacı var. Həmçinin, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçı 2 il həbsdə saxlanılaraq azadlıq hüququndan məhrum edilməyi onda son dərəcə inamsızlıq, narahatlıq, məyusluq hissləri keçirməyinə, stresslər, əzab və əziyyətlər yaşamağına bilavasitə qaçılmaz səbəb olmuşdur. Odur ki, hətta intihar etmək belə, bir neçə dəfə xəyalından keçmişdir. Bu hərəkətlər iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməyini labüd etmişdir. Belə ki, baş vermiş hadisə nəticəsində iddiaçının həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olmağı mübahisəsizdir. Hazırda iddiaçı barəsində cinayət təqibi üzrə icraat qurtardığından cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, dövlət büdcəsinin vəsaiti hesabına iddiaçının xeyrinə 24.000 manat məbləğində mənəvi zərərin, 7.405,2 manat məbləğində maddi zərərin, 1.015 manat məbləğində hüquqi yardımın əvəzi olmaqla, cəmi 32.420,2 manat məbləğində pulun ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. c) Apellyasiya şikayətləri barədə məlumat

4. Cavabdeh Nazirlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. d) Apellyasiya icraatında iş üzrə tərəflərin izahatları və etirazları

6. İddiaçı və cavabdeh Nazirliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı izahat göndərərək, bildirmişdir ki, Azərbaycan Respublikası təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsi hesabına ödənilməlidir. e) Apellyasiya baxışının hədləri barədə məlumat

8. Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

9. Qeyd edilən prosessual hüquq normasının tələbini, iddia qismən təmin olunsa da, iddiaçının qətnamədən apellyasiya şikayəti verməməsini, apellyasiya şikayətinin yalnız cavabdeh Nazirlik tərəfindən verilməsini, mübahisənin predmetinin bölünməz olmamasını nəzərə almış Məhkəmə qətnamənin əsaslığını yalnız Nazirlik tərəfindən mübahisələndirilən hissədə yoxlamışdır. f) Hazırki işdə olan sübutlar

10. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən (İş № 1(101)246/2021) görünür ki, həmin məhkəmə, hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsini, ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini, cəzanın əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanmasını və sair məsələləri hökm etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından (İş № 1(105)-301/2021) görünür ki, həmin qərarla hazırki iş üzrə iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021ci il tarixli qərarından (İş № 1(102)-1732/2021) görünür ki, həmin qərarla hazırki iş üzrə iddiaçının verdiyi kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmündən (İş № 1(105)-165/2022) görünür ki, həmin hökmlə hazırki iş üzrə iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətinin təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün ləğv edilmiş, iddiaçıya, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması sübuta yetməməsi əsası ilə bəraət verilmişdir.

14. İş materiallarında olan qəbzlərdən görünür ki, hazırki mülki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi yardıma görə 3 saylı Vəkil Bürosunun hesabına cəmi 1.015 manat məbləğində pul ödəmişdir.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçıya həqiqətən də həmin Filialı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə ödənilmiş əmək pensiyası, onun əlilliyinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixdən bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya ödənişi 472,80 manat).

16. ƏƏM Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı “DOST Mərkəzi” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı, ƏƏM Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Dövlət Sosial Müdafiə Fondundan İİ dərəcə müharibə əlilliyinə görə 350 manat məbləğində Prezident təqaüdünü xx.xx.2021-ci il tarixinə qədər almışdır. g) Məhkəmənin mövqeyi

17. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmə hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmişdir.

18. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir.

19. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə .xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir (maddə 56.0.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir (maddə 57.1.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir (maddə 60.1.). Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (maddə 61.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63.).

20. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

21. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

22. Həmin Qanunun tələblərinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda və ya cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır (maddə 4.). Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəətə digər gəlirlər, məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş mənəvi ziyan ödənilməlidir (maddə 5.). Bu Qanunun 5-ci maddəsinin 1, 2, 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə müəyyən edir (maddə 12.).

23. Qeyd edilən maddi hüquq normalarının tələblərinin mövcud mülki işin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, Rayon Məhkəməsinin iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində iddiaçıya maddi zərər vurulması və buna görə də iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı mövqeyi düzgündür.

24. İddiaçı qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində İİ dərəcəli müharibə əlilliyinə görə hər ay 822,8 manat (350+472,8) olmaqla, 9 ay ərzində cəmi (822,8 x 9=) 7.405,20 manat məbləğində Prezident təqaüdü və pensiyasından məhrum olmuşdur.

25. Qeyd edilən kompensasiyanın iddiaçıya məhz dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməsi ilə bağlı Məhkəmə bildirir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6-cı maddəsinin 1-ci bəndinə görə, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

26. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən iddiaçıya münasibətdə cinayət təqibinin qanunsuz olaraq həyata keçirilməsi nəticəsində iddiaçının müəyyən narahatçılıqlar, iztirab və sarsıntı keçirməsi labüddür.

27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).

28. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

30. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyannamə”yə istinad edilərək qeyd edilir ki, Bəyannamənin 4-cü maddəsinə görə, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

32. Odur ki, yuxarıda qeyd olunanlara, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara, iddiaçının 2 il (24 ay) müddətində azadlıqdan qanunsuz olaraq məhrum olunması faktına əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsi mənəvi ziyana görə 24.000 manat məbləğində pulun dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə cavabdeh Nazirliyin apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır.

34. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

35. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Nazirlik arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdeh Nazirliyin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

36. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) Apellyasiya baxışının nəticəsi

37. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Buna görə də, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 avqust 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar