Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7039/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X4 (sədrlik edən və məruzəçi), katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-40/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,47 hektar torpaq sahəsi iddiaçıya məxsusdur və kənd təsərrüfatı təyinatlıdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,47 hektar torpaq sahəsi iddiaçının xüsusi mülkiyyəti kimi xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Torpaq sahəsinin rəsmi sənədləri ilə yanaşı sahənin texniki pasportu ona verilmişdir. Bakı şəhəri – Saray qəsəbəsi yolunun kənarında yerləşən 0,47 ha torpaq sahəsində cavabdehin sifarişi əsasında 2019-cu ildə yüksək gərginlikli elektrik xətlərinin quraşdırılması aparılmış və iddiaçıya məxsus sahədə böyük işıq dirəyi quraşdırılmışdır. Bu zaman iddiaçının razılığı soruşulmamış və ona heç bir kompensasiya ödənilməmişdir. Hal-hazıra kimi torpağından istifadə edə bilmir. Həmin ərazi yüksək gərginlikli elektrik xətlərinin tam altında olduğundan ciddi təhlükə mənbəyidir. Beləliklə, iddiaçının Konstitusiya və qanunlarla müəyyən edilmiş mülkiyyət və torpaq sahəsindən istifadə hüququ pozulmuşdur. Göstərilənlərə əsasən hüquqlarının pozulmasına görə 250.000 manat zərər məbləği "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsi ilə cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mülkiyyətində olan torpaq sahəsində işıq dirəyini iddiaçının razılığı olmadan quraşdırmaqla, habelə torpaq sahəni yüksək gərginlikli elektrik verilişi xətlərinin altına salmaqla, "xxxx" ASC və "xxxx" ASC iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət, mülkiyyət üzərində sərəncam vermək və ondan istifadə etmək hüquqlarını pozmuşdur. Yüksək gərginlikli elektrik verilişi xətlərinin altına düşdüyü üçün maddi ehtiyaclarını və ipoteka kreditini ödəmək məqsədilə iddiaçıya məxsus torpaq sahəsini sata bilmir. Sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ hələ işıq dirəyi və xətti quraşdırılmamış, torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında 2004-cü ildə, sonra xx.xx.2012-ci ildə ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən edilib. Yüksək gərginlikli elektrik verilişi xətləri və dirəyi isə iddiaçıya məxsus sahədə sonradan quraşdırılıb. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə görə iddiaçıya məxsus sahənin eni 43 metr təşkil edir. Çəkilmiş yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasının hər iki tərəfdən 25 metr olmasını nəzərə alsalar, onda bu torpaq sahəsi tamamilə qoruma və mühafizə zonasına, habelə təhlükəli əraziyə aid olur. Çünki yüksək gərginlikli elektrik dirəyi təhlükə mənbəyidir. Beləliklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 10/7604 nömrəli ekspert rəyinə əsasən sözügedən işıq dirəyi iddiaçıya məxsus torpaq sahəsində quraşdırılıb və sahə yüksək gərginlikli elektrik verilişi xətlərinin altına düşür. Nəticədə, yüksək gərginlikli elektrik dirəyini və xəttini iddiaçıya məxsus sahədə quraşdıraraq "xxxx" ASC və "xxxx" ASC iddiaçının razılığı olmadan mülkiyyətinə müdaxilə edib. Yüksək gərginlikli elektrik verilişi xətlərinin altına düşən daşınmaz əmlak hesab edilən torpaq sahəsindən iddiaçının istifadə, sahiblik və sərəncam vermək hüququ pozulub. Bundan başqa, "xxxx" ASC və "xxxx" ASC iddiaçının məhkəməyə müraciətindən və iddia tələbindən sonra məhkəmədə iddia ərizəsinə baxılması dövründə torpaq sahəsinin hasarını məhkəmə qərarı olmadan sökərək iddiaçıya 5.600 manat məbləğində maddi ziyan vurub. Bu ilk növbədə "xxxx" ASC və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara hörmətsizlik və insan hüquqlarının pozulmasıdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən hüquqlarının pozulmasına görə 250.000 manat maddi və mənəvi ziyan məbləğinin, torpaq sahəsinin daş hasarının qanunsuz söküntüsünə görə 5600 manat məbləğində vurulmuş maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və sökülmüş 256 kv.m. hasarın bərpası, yüksək gərginlikli elektrik dirəyinin iddiaçıya məxsus torpaq sahəsindən sökülərək çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 40/2023 nömrəli qərardadı ilə (hakim R.A.Xəlilov) iddia tələbinin “yüksək gərginlikli elektrik dirəyinin iddiaçıya məxsus torpaq sahəsindən sökülərək çıxarılması” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 40/2023 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə daş hasarının qanunsuz söküntüsünə görə dəymiş maddi ziyanın əvəzi kimi 5.600 manat, mənəvi zərərin əvəzi kimi 1.000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 6.630 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
6. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən X2 mülkiyyətində olan 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində keçən, 110 kv-luq hava xətlərinin "xxxx" ASC-nin balansında olmasına dair "xxxx" ASC-nin Xırdalan enerji Təchizatı və Satış İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu təqdim edilmiş və cavabdehin əsl cavabdeh "xxxx" ASC ilə əvəz olunmasına dair vəsatətlə məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə vəsatətə qiymət verməyərək iş üzrə məhkəmə ekspertizası keçirilməsi qənaətinə gəlmişdir. İddiaçının oğlu X2 da qeyd olunan ərazidə atasının torpaq sahəsinə bitişik torpaq sahəsi vardır və o da öz növbəsində "xxxx" ASC-yə qarşı hazırki iş üzrə verdiyi iddia ilə eyni məzmunda iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin o, sonradan məhkəmə iclasında iştirak etmədiyinə görə onun iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Belə ki, həmin məhkəmə işi üzrə icraat zamanı tərəflərindən iddaçının torpaq sahəsindən keçən hava xətlərinin "xxxx" ASC-nin balansında olması barədə "xxxx" ASC-nin Xırdalan enerji Təchizatı və Satış İdarəsinin yuxarıda adı çəkilən eyni formada olan məktubu məhkəməyə təqdim edilmiş, lakin məhkəmə ərazidən keçən hava xətlərinin həqiqətən də "xxxx" ASC-yə məxsus olmasının aydınlaşdırmaq məqsədilə "xxxx" ASC-yə əlavə sorğu göndərmişdir. Qeyd edilən sorğuya "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən X2 mülkiyyətində olan 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində keçən, 110 kv-luq 5-ci Sənayə Qovşağı” hava xətiinin "xxxx" ASC-yə məxsus olması qeyd edilmiş, həmçinin "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən qeyd edilən məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikitidə təhlükəsizliyə X3, Abşeron Rayon İcra Hakimiyyətinin başçısına, Abşeron rayon Polis İdarəsinə ünvanladığı məktub əlavə olunmuşdur. Qeyd edilən məktubda "xxxx" MMC-nin balansında olan 110 kv-luq hava xəttinin mühafizə zonasında İddiaçı (hazırki iş üzrə iddiaçı) tərəfindən qanunsuz tikinti işlərinin aparılması qeyd edilmiş və müvafiq səlahiyyətli orqanlardan ərazidə olan daş hasarın sökülməsi və zəbt olunmuş hava xətlərinin mühafizə zonasının boşaldılması üçün müvafiq tədbirlər görülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən mühüm hallardan olan iddiaya cavab verməli olan şəxsin dəqiq müəyyən edilməsi məsələsini tam araşdırmamış və bu da öz növbəsində məhkəmə tərəfindən prossesual hüquq normalarının pozuntusu halına gətirib çıxarmışdır. Digər tərəfdən, iddiaçı ona məxsus daş hasarın məhz "xxxx" ASC tərəfindən sökülməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, əlavə olaraq onun tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması barədə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
10. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı Bənd 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bənd 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24- 26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Bənd 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-40/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.
15. Belə ki, hazırki iş üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu iddia edir. İşdən görünür ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətləri yoxdur.
16. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 14-cü bəndinə və İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-40/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı ona vurulmuş maddi və mənəvi zərərlə bağlı tələbi cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakimlər: