Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7041/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X2, habelə cavabdehin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamı ilə cavabdehə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və Buzovna qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinin 1/2 hissəsinə onun (iddiaçının) mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.1985-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahda olduqları dövrdə fərdi yaşayış evinin tikintisi üçün Abşeron RİH başçısının xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamı ilə cavabdehə Buzovna qəsəbəsində 0,10 hektar torpaq sahəsi ayrılmış və ayrılmış həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Prezidenti X5 Təsərrüfatı Müəssisəsinin 28 saylı, xx.xx.2003-cü il tarixli əmrdən çıxarışdan da görünür ki, Abşeron RİH başçısının həmin sərəncamı Buzovna Tərəvəzçilik-südçülük X1 xx.xx.2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq, baş plana uyğun olaraq fərdi ev tikintisi üçün nəzərdə tutulmuş ərazidən cavabdehə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Lakin cavabdeh ailəyə ayrılmış həmin torpağı sənədləşdirmir, iddiaçının həmin torpaqdan istifadəsinə imkan vermir. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının həmin torpaqdan istifadə hüquqları məhdudlaşdırılır. Qeyd olunanlara əsasən, iddiaçı hesab edir ki, mübahisəli torpaq sahəsinin 1/2 hissəsinə onun mülkiyyət hüququ tanınmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən əsassız hesab edilməlidir. Rayon Məhkəməsi işi tam araşdırmamış, işin hallarına düzgün hüquqi qiymət verməmiş, iddianın əsaslı olmasına əhəmiyyət verməmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.1985-ci il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Prezidenti X5 Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 28 saylı “Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında” əmrdən çıxarışın surətindən görünür ki, Abşeron RİH başçısının xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamı, Tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti X4 Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli, 02 saylı protokolunu nəzərə alaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən (cavabdeh) Cavabdeh 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Həmin Müəssisəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Müəssisə tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 28 saylı “Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında” əmrdən çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün Cavabdeh 0,10 ha ölçüdə 3-346 kodlu torpaq sahəsi ayrılmışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsinə görə xx.xx.2016-cı il tarixdə torpaq vergisi ödənilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamından verilmiş xx.xx.1999-cu il tarixli “Çıxarışdan” görünür ki, cavabdehə ayrılmış 0,10 ha ölçülü həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı hesab edir ki, həmin torpaq sahəsi onunla cavabdehin birgə nikahları dövründə əldə olunmuş əmlak olduğu üçün sahənin 1/2 hissənə onun mülkiyyət hüququ tanınmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 36-cı maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir (maddə 36.1.). Əmlakın bölünməsi barədə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3.). Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 14.3-cü maddəsinə görə, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-cü bəndinə görə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunveriçiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunveriçilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məcəllənin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi ərlə arvadın nikah dövründə əldə etdikləri daşınmaz əmlakın ümumi birgə mülkiyyət hesab edilməsi üçün həmin əmlakın dövlət reyestrində, əmlak üzərində əmlak hüquqların isə dövlət qeydiyyatına alınması tələb edilir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti X5 Təsərrüfatı Müəssisəsi tərəfindən xx.xx.2003-cü il tarixli, 28 saylı əmrdən çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün cavabdehə ayrılmışdır. Həmin torpaq sahəsi üzərində cavabdehin (həmçinin iddiaçının) mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış və həmin torpaq sahəsi üzərində tərəflərin hər hansı hüquqlarının olması barədə məhkəmələrə sübut təqdim edilməmişdir. Halbuki, MPM-nin 77.1-ci və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda müəyyən edilir ki, iddianın hüquqi əsası yoxdur, həmin əmlakın ər-arvadın ümumi birgə mülkiyyət kimi qəbul edilərək, tərəflərin əmlak üzərində 1/2 hissədə hüquqları müəyyən edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi, iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7041/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7041/2020
02.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver