Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7041/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar ona dəymiş maddi ziyanın əvəzi olaraq 14.100 manat və dəymiş mənəvi ziyanın əvəzi olaraq 100.000 manat məbləğində pulun cavabdeh Nazirlikdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya elan olunmuş ittihama və barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə qəbul etdiyi hökmə (İş № 1(071)-29/2021) görə, iddiaçı, xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Hyundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən idarə etdiyi avtomobil ilə piyada Məmmədova Səbinə Arzu qızını vurmuş və sonuncu, aldığı xəsarətlər nəticəsində 5 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat etmişdir. Polis əməkdaşı olan iddiaçının barəsində, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 263.2-ci maddəsi ilə başlanmışdır. İstintaqı aparan Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Canpolad Nağıyev iddiaçıya bildirmişdir ki, polis əməkdaşları haqqında istintaq prokurorluq orqanlarında aparılır; prokurorluq orqanları polis əməkdaşlarının barəsində istintaqı qərəzli qaydada aparırlar; əgər iddiaçı işdən azad olunma haqqında dərhal ərizə yazarsa, onda cinayət işinin istintaqı polis orqanı, yəni Sabunçu Rayon Polis İdarəsi tərəfindən və obyektiv aparılacaq. İddiaçı, çaşqınlıq içində yalnız özünün deyil, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin imicinin prokurorluq orqanlarında aşağılanmaması üçün qeyd edilən məzmunlu ərizə yazmış və o, Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli (hadisə baş verməmişdən bir gün əvvəl) ə611ş/H-038-20 №-li əmri ilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin” 135-ci maddəsinin 1-ci bəndinə (öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə) əsasən işdən azad olunmuşdur. Cinayət işinin istintaqı başa çatdıqdan sonra, cinayət işi baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü (İş № 1(071)-29/2021) ilə iddiaçı, CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzanın əvvəli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablanmaqla 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı həmin hökmlə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə əsasən cinayət işinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərar (İş № 1(103)-847/2021) ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, iddiaçıya təyin edilmiş cəzanın müddəti azaldılaraq, cəmi 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il 6 ay cəzasına endirilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü (İş № 1(103)-498/2022) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli ittiham hökmü ləğv edilməklə onun barəsində bəraət hökmü çıxarılmışdır. Həmin hökmlə həmçinin iddiaçının həbs edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022ci il tarixli qərarı (İş № 1(102)-1686/2022) ilə kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından göründüyü kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 11 ay 15 gün müddətində 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində məhkum edilməklə iddiaçının azadlıq hüququ məhdudlaşdırılmış, əsassız və qanunsuz olaraq həbsdə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə iddiaçıya bəraət verilib, azadlığa çıxmasına baxmayaraq, həmin hökmdən verilmiş kassasiya protestinə baxılanadək keçən müddət ərzində də iddiaçı gərginlik və qorxu içərisində olmuş, mənəvi sarsıntılar keçirmişdir. İstintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya bərpaolunmaz maddi və mənəvi ziyan vurulmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı polis nəfəri vəzifəsinə bərpa olunmuşdur. İddiaçı, Bakı Şəhəri Nərimanov Rayon Mühafizə İdarəsində polis nəfəri işləməklə aylıq qazancı 564 manat olmuş, işləmədiyi və həbsdə saxlanıldığı 2 il 1 ay 7 gün (25 ay 7 gün) ərzində 14.100 manat qazancdan məhrum olmuşdur. Göstərilən müddət ərzində o, işini, gəlirini, işgüzar əlaqələrini itirmişdir. Ailədə yeganə qazanc gətirən şəxs olduğu üçün 4 nəfərdən ibarət ailəsi çıxılmaz maddi məhrumiyyətlərlə üzləşmişdir. Bundan başqa, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ağır mənəvi ziyan da vurulmuşdur. Belə ki, heç bir təqsiri olmadan qanunsuz həbs və məhkum olunması nəticəsində həyatının 11 ay 15 gününü dəmir barmaqlıqlar arasında keçirməyi cəmiyyətdə nüfuzunun sarsılmasına, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsinə, fəal ictimai həyat tərzindən məhrum olmasına, fəaliyyət göstərdiyi əhatədə barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə, ona neqativ münasibət bəslənməsinə, işgüzar əlaqələrinin itirilməsinə səbəb olmuşdur. Bütün bunlar iddiaçıya mütəmadi psixoloji əsəb və stress, ağır mənəvi iztirab və sarsıntı yaşatmışdır. Ona vurulmuş mənəvi ziyanı 100.000 manat məbləğində qiymətləndirən iddiaçı hesab edir ki, bu məbləğ onun məhrumiyyətlərini, iztirab və sarsıntılarını kompensasiya edə bilməsə də, sonrakı həyatının öz axarına düşməsinə, qaydaya salınmasına kömək ola bilər. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat
3. İş üzrə cavabdeh Maliyyə Nazirliyinin buna səlahiyyəti olan nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, “Maliyyə Nazirliyi haqqında Əsasnamədə” Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən Aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində öz orqanları vasitəsilə iştirak edir. Qanunvericilikdə “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər orqanları da nəzərdə tutulur. Eyni zamanda, Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyil. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirilir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı zərər vurulmadığı üçün iddia tələbi Nazirliyə qarşı təmin edilə bilməz. İddiaçının mənəvi zərərin mövcudluğu ilə əlaqədar sübut kimi gətirdiyi faktlar əsassızdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddia tələbinin qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 5.750 manat məbləğində pul vəsaitinin cavabdeh Nazirlik vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh Nazirlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə, mübahisələndirilən hissədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Rayon Məhkəməsi tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 5.750 manat müəyyən edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamışdır. Rayon Məhkəməsinin mənəvi ziyanın hər ay üçün 500 manat dəyərində müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyan zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi nəzərə alınmaqla dəyərləndirilməlidir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
8. Cavabdeh Nazirliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
9. İddiaçı apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat
10. Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Qeyd edilən prosessual hüquq normasının tələbini, iddia qismən təmin olunsa da, iddiaçının qətnamədən apellyasiya şikayəti verməməsini, apellyasiya şikayətinin yalnız cavabdeh Nazirlik tərəfindən verilməsini, bu şikayətlə iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin mübahisələndirilməsini, mübahisənin predmetinin bölünməz olmamasını nəzərə almış Məhkəmə qətnamənin əsaslığını mübahisələndirilən hissədə yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı, CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə həmin maddə ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü (İş № 1(103)-498/2021) ilə ona bəraət verilmiş, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İddiaçı, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 11 ay 15 gün həbsdə saxlanılmışdır. İddiaçı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli əmri ilə azad olunduğu polis nəfəri vəzifəsinə xx.xx.2023-cü il tarixdə bərpa olunmuş, bu müddət ərzində işsiz qalmışdır.
14. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, hazırki iş üzrə iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində qətimkan tədbiri kimi həbs tətbiq edilmişdir, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bunun nəticəsində o, 11 ay 15 gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir.
15. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir.
16. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, CPM-nin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir (maddə 56.0.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir (maddə 57.1.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir (maddə 60.1.). Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (maddə 61.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63.).
17. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
18. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır (maddə 4.). Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəətə digər gəlirlər, məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş mənəvi ziyan ödənilməlidir (maddə 5.). Bu Qanunun 5-ci maddəsinin 1, 2, 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə müəyyən edir (maddə 12.).
19. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).
20. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
22. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyannamə”yə istinad edilərək qeyd edilir ki, Bəyannamənin 4-cü maddəsinə görə, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
24. Odur ki, yuxarıda qeyd olunanlara, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara, iddiaçının 11 ay 15 gün müddətində azadlıqdan qanunsuz olaraq məhrum olunması faktına əsaslanaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mənəvi ziyana görə 5.750 manat məbləğində pulun dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
25. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.
26. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.
27. Bu dəlilin əsaslı olub-olmamasının yoxlanılması məqsədi ilə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
28. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Nazirlik arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdeh Nazirliyin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.
29. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiya baxışının nəticəsi
30. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Buna görə də, Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə həmçinin qeyd edir ki, iddianın qismən təmin edilməsinə baxmayaraq, iddiaçı Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Apellyasiya baxışı nəticəsində cavabdehin apellyasiya şikayəti əsassız hesab edilərək, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
34. MPM-nin 403.1-ci maddəsinə əsasən Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
35. Belə olan halda, Məhkəmənin qətnaməsi ilə iddiaçının təmin olunmayan tələbi mövcud olmadığı üçün iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.
36. Eyni zamanda, cavabdeh Maliyyə Nazirliyinin təmin edilməyən tələbi beş min manatdan az olmadığı üçün cavabdeh Nazirlik qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. Çünki MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
37. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.