Məhkəmə qərarları › İş №2(103)-7047/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7047/2022

19.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7047/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi Vəkil2 və iddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMMC-nin cavbdeh Cavabdeh MTK-ya qarşı "sənədlərin verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2063/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2063/2022 saylı işi üzrə 26 may 2022-ci il tarixli qətnaməsi ilə, iddia ərizəsinin qismən təmin edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin iddianı təmin edilməyən hissədə ləğv edərək iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Kollegiyanın xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmiş, məhkəmə iclası xx.xx.2022-ci il saat 10:40-a təyin edilmiş və sonradan icraat zamanı Yasamal Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixində məktubla müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2063/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "Atlantik Servis-A” MTK tərəfindən apellyasiya şikayətinin daxil olması bildirilmş və mülki işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMMC-nin nümayəndəsi Vəkil2 və iddiaçının nümayəndəsi X4 mülki işin baxışdan çıxarılaraq Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh "Atlantik Servis-A” MTK-nın iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Kollegiya hesab edir ki, cavabdehin şikayətinin məzmun tələblərinə riayyət edilməsinə (mümkünlüyünə) səlahiyyət həddində qiymət verilməsi üçün iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 384.0.6-ci maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7047/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli icraata qəbul qərardadı ləğv edilsin, cavabdeh "Atlantik Servis-A” MTK-nın apellyasiya şikayətinin məzmununa səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar