Məhkəmə qərarları › İş №2(103)-705/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-705/2022

12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-705/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdeh “X8” MMC-nin nümayəndəsi X7 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “X8” MMC-yə və həmin xəstəxananın pediatr həkimi Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi ziyana görə 60000 manat və mənəvi zərərə görə 150.000 manat olmaqla, cəmi 210000 manat məbləğində pulun tutulub birdəfəlik qaydada ona ödənilməsi barədə qətnamə çıxarılmasını, eləcə də cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş №2(005)-377/21) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X12 ilə 11.09.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, bir müddət sonra hamilə qalmış, hamiləliyi doğuşa qədər tam normal şəkildə keçmiş, heç bir şikayəti olmamış, vaxtlı-vaxtında həkim-ginekoloqa müraciət etmiş və daim həkimin nəzarəti altında olmuşdur. Hamiləlik müddətində bir neçə dəfə həkimin göstərişi ilə Usm müayinəsi və qan analizləri vermişdir. 17 sentyabr 2019-cu il tarixdə o, təbii doğuş üçün “Oksigen” Klinik Xəstəxanasına müraciət etmiş, 675 manat ödəniş etmişdir. Doğuş həkimi Kamal Niftəliyev təyin olunmuşdur. Həmin gün, yəni 17 sentyabr 2019-cu il tarixdə təbii doğuşla oğlu Onur Məmmədli dünyaya gəlmişdir. Onur dünyaya gələndən sonra uşağa pediatr həkim kimi Cavabdeh1 təyin edilmişdir. İddiaçı uşağın sağlamlığı haqqında həkim pediatr Cavabdeh1 maraqlanmış, həkim uşaq “fizioloji sarlıq keçirir və fizioloji sarılıqla bağlı qanda “Bilirubin” miqdarı yüksəkdir” deyə bildirmişdir. İddiaçı fizioloji sarılıqdan tam narahat olmuş və həkimə xəstəxanada qalmağı təklif etmişdir. Həkim isə xəstəxanada qalmağa ehtiyac olmadığını, qısa vaxta keçib gedəcəyini və bütün uşaqların fizioloji sarılıq keçirdiyini, yəni normal qarşılamağı bildirmişdir. İddiaçı evə gəldikdən 3 gün sonra Onurun günü-gündən daha geri getdiyini, sarılığının daha da artmasını və halsız vəziyyətini görərək həkimə yenidən zəng etmiş, həkim ona yenə sarılığın çəkilib gedəcəyini, narahat olmamağı bildirmişdir. Bir dəfə də olsun həkim bilirubinin yüksək olmağından narahatçılıq keçirtməmiş və ona hər hansı bir həkimə getməyi göstəriş verməmiş və yaxud “gətir müayinə edim” deməmiş və işə soyuq yanaşaraq səhlənkarlıq etmişdir. Çarəsiz vəziyyətdə iddiaçı uşağı 22 sentyabr 2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat pediatriya instutuna müayinə üçün gətirmiş, burada Onurun qan analizini etmiş və bilurubinin həddindən çox yüksək olduğunu bildirmişlər. Hətta ondan bilirubinin belə yüksək vəziyyətdə xəstəni evə necə buraxmalarını təəccüblə soruşmuşlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Fərəcova adına X2 iddiaçıya uşaqda fizioloji sarılıq deyil, patoloji sarılıq olmasını demişlər. İddiaçı ilə uşaq arasında qan uyuşmazlığı olduğundan uşaq fizioloji sarılıq deyil, patoloji sarılıq keçirir və bu sarılıq öz-özünə keçmir. Həmçinin Onuru müayinə edən həkimlər bilirubin miqdarı qanda çox olarsa 2 orqan (göz və ya qulaq) sıradan çıxacağını bildirmişlər. “Oksigen” Klinik Xəstəxanası iddiaçının orda qan analizlərini realizə etməmiş, bilirubinin yüksək olduğuna əhəmiyyət verməmiş, səhlənkarlıq edərək onu evə buraxmışdır. Patoloji sarılıq nəticəsində uşaqda düzəlməz xəstəliklər yaranmışdır. Belə ki, İran İslam Respublikasının Təbriz şəhərində iddiaçıya yenə eyni diaqnoz qoyulmuşdur. İddiaçının oğlunda isə qulaq nahiyyəsinə təsir etmiş və tamamilə eşitmir. Onun eşitmə cihazına və eşitmə təliminə ehtiyacı vardır, lakin maddi vəziyyəti imkan vermədiyindən onları yerinə yetirə bilmir. Bundan əlavə keçirdiyi patoloji sarılıq nəticəsində oğlu hazırda 1 yaşına çatsa da boynunu saxlaya bilmir, oturmur, yerimir. Bir sözlə sağlam doğulmuş uşağın gələcəyini “Oksigen” Klinik Xəstəxanası şikəst etmişdir. İddiaçı uşağı İran İslam Respublikasına və Türkiyə Respublikasına aparmış, bütün həkimlər ona xəstəliyin başlıca səbəbi kimi uşağın sarılıqla bağlı müalicəsinin gecikməsi olduğunu bildirmişlər. Hətta sarılıq nəticəsində uşağın qulağı 4-cü dərəcə ilə eşitməmə diaqnozu qoyulmuş, imkansızlıq səbəbindən Qulaq aparatı ala bilməmiş, aparat taxılandan sonra qulaq əməliyyatı olunmalıdır. O, əməliyyat isə çox bahalı əməliyyatlardan biridir və iddiaçının buna maddi imkanı çatmır. “Oksigen” Klinik Xəstəxanasının səhlənkarlığı nəticəsində iddiaçı uşağı ilə birlikdə çox əziyyət çəkir. Bir ildir onların günü müalicə üçün xəstəxanalarda keçir. Bugünədək iddiaçı özəl xəstəxanalara getmiş, həkimlərin yazdığı dərmanları almış, oğlunu Rentgen, Angioqrafiya və Neyrosonoqrafiya müayinəsi etdirmiş, həkimlərin göstərişi əsasında müxtəlif adda qan analizləri vermişdir. Həkimlərin reseptlərdə yazdıqları dərmanları almışdır. Artıq madiyyat baxımından çatdıra bilmədiyindən X4 25 iyul 2020-ci il tarixində aldığı 17300 manat borc pulla oğlunu Türkiyə Respublikasına aparmış, orada 1 ay qalaraq müayinə etdirə bilmişdir. Uşağı əvvəlcə İran İslam Respublikasına, daha sonra isə Türkiyə Respublikasında müayinəyə apararaq 1 ay orada qalmışlar. Türkiyədə həkimlər ona uzun müddət orda qalmağı, uşağın masaj və fizioterapiya olunmağını bildirmişlər. “Oksigen” Klinik Xəstəxanası səhlankarlığı nəticəsində oğlu Onurun analiziləri ilə maraqlanmamış, çıxardıqları səhv nəticəsində bugünki günədək uşağı bu yaşında xəstəliklərlə mübarizə aparır və xəstəlikdən əziyyət çəkir. Hal-hazırda uşağı belə qoyub işləyə bilmir və uşağına müalicə lazımdır. Odur ki, “Oksigen” Klinik Xəstəxanasıın səhlənkarlığı nəticəsində maddi ziyan olaraq 60000 manat məbləğində maddi ziyan dəymişdir və hələdə maddi ziyan dəyməkdə davam edir. Cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq 150 000 manat pul tutulmalıdır. Belə ki, uşağının gözünün qabağında belə vəziyyətdə olmasından iddiaçı ailəsi ilə birlikdə mənəvi sarsıntılar, iztirablar, stresslər keçirir. Uşağın xəstəliyinə görə o, məcburiyyət qarşısında qalıb evində dəyərli olan əşyaları, qızılları dəyərindən dəfələrlə ucuz satmış, bir çox kənar şəxslərdən borc pul almışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh “X8” MMC-nin nümayəndəsi R.Qasımov iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, təmsil etdiyi Klinikada iddiaçının uşağına düzgün diaqnoz qoyulmuşdur və uşağın səhhətinin sonradan ağırlaşmasında Klinikanın təqsiri yoxdur. Uşaq doğularkən ona tibbi göstərişlərə uyğun müalicə tətbiq olunmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsində iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı doğuşa yardımla bağlı X8na müraciət etmiş və 17.09.2019cu il tarixdə onun fizioloji yolla oğlan uşağı doğulmuşdur. Həmin yeni doğulmuş uşaq tərəfindən müayinə edilmiş və iki sutkadan sonra sağlam vəziyyətdə evə yazılmışdır. Xəstəxanada olduğu müddət ərzində yeni doğulmuş uşağın ümumi vəziyyətində heç bir problem qeyd olunmamış, normal qidalanmış və anasının yanında olmuşdur. Xəstəxanadan evə yazılan gün, uşaqla ana arasında qrup uyğunsuzluğu olduğundan uşaqdan “ümumi bilirubin” analizi götürülmüş və alınan nəticə Səhiyyə Nazirliyinin protokollarına əsasən müalicə tələb etmədiyindən anaya qidalanma və qulluq haqqında məsləhətlər verilərək evə yazılmışdır. Bundan sonra 22.09.19-cu il tarixdə ana zəng edərək uşağın rənginin saraldığını və süst olması barədə məlumat vermişdir. Həmin günü qeyri-iş günü olmasına baxmayaraq uşağın stasionar qaydada müalicə qəbul etməsi üçün xəstəxanaya aparmaları tövsiyə olunmuşdur. İddiaçının Oksigen Kimik Xəstəxanasında doğuşa yardımla bağlı müraciəti əsasında onun fizioloji yolla oğlan uşağı doğulmuş və ona keyfiyyətli tibbi xidmət göstərilmişdir. Onun özü və yeni doğulmuş uşağı barədə tibbi norma və standartlara düzgün əməl edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, ekspert öz rəyini hansı tibbi-hüquqi sənədlərə, protokollara və təlimatlara uyğun tərtib etdiyini qeyd etməmişdir. Rəyin nəticə hissəsinə gələnə qədər mülki iş materiallarındakı sənədləri sadalamış və sonda öz fikrini qeyd etmişdir (nəticəvi hissə). Halbuki, öz rəyində əsaslandığı, istinad etdiyi normativlər mütləq qeyd edilməli idi. Ekspertiza keçirilməsi üçün qəbul edilən məhkəmə qərardadında texniki səhv olaraq 22 əvəzində 26 yazılması bütövlükdə işin mahiyyətini dəyişir. Cavabdehin təqdim etdiyi saxta sənədlər belə bir-birini təkzib edir. Protokol və təlimatda qəti şəkildə vurğulanır ki, əgər heç bir risk yoxdursa, bütün dəyərlər normasındadırsa, o zaman uşağı müvafiq prosedurlardan və doğuşundan 3-4 gün sonra evə buraxmaq olar. O, 17.09.2019-cu il tarixdə, səhər saat 07:30-da xəstəxanaya gəlmiş, gecə saat 21.00-da uşaq dünyaya gəlmişdir. Xəstəxana isə onu 19.09.2019-cu il tarixdə saat 12:00-da evə yazmışdır. Bünüt bunlar cavabdehin məhkəmə gedişi zamanı təqdim etdiyi sənədlər toplusunun 1-ci və 7-ci səhifəsində öz əksini tapır. Xəstəxana onu tez, hətta 3 gün olmamış evə buraxıb. O, məhkəməyə sübutlar təqdim etsə də, hakim yalnız ekspert rəyini nəzərə almış, onların sübutlarına, eyni zamanda, Normal doğuş üzrə Klinik Protokola, Oksigen Klinikasından verilmiş və həkim pediatr Cavabdeh1 tərəfindən yazılmış dəftərə - Peyvənd və müşahidə kartına əhəmiyyət verməmişdir. Bundan əlavə, bilirubini əks etdirən kağıza sonradan dəyişiklik aparılmış, 203 ədədi silinib, yerinə 148 ədədi yazılmışdır. Bununla bağlı, o, məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət versə də, həmin vəsatətə hakim tərəfindən qiymət verilməmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh “X8” MMC-nin nümayəndəsi E.Qasımov apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hazırkı iş üzrə tələbi sağlamlığa vurulan ziyana görə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən iddiaçı 17 sentyabr 2019-cu il tarixdə təbii doğuş üçün “Oksigen” Klinik Xəstəxanasına müraciət etmiş, həmin gün təbii doğuşla oğlu Onur Məmmədli dünyaya gəlmişdir. İddiaçı uşağı ilə birgə 3 gün sonra 19.09.2019-cu il tarixdə evə yazılmışdır. 22 sentyabr 2019-cu ildə iddiaçı oğlunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat pediatriya instutuna müayinə üçün gətirmiş, burada uşağın qan analizi götürülmüş və qanda bilirubinin səviyyəsinin ümumi-465mkmol/L olduğu müəyyən edilmişdir. İddiaçı bildirir ki, o, klinika tərəfindən evə buraxılarkən, yəni 19.09.2019-cu il tarixdə qanın laborator müayinəsi zamanı ümumi bilirubinin səviyyəsi 148 mkmol/L deyil, daha çox olmuş, həkim uşağı evə buraxmalı olmadığı halda, ona heç bir müalicəyə ehtiyac olmadığını bildirmişdir. Bu səbəbdən, iddiaçı cavabdehlərin təqsirli olduqlarını qeyd edir və onlardan müştərək qaydada vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” tərəfindən iki dəfə ekspertiza keçirilmişdir. 16.12.2020-ci il tarixli, 2472 nömrəli ekspert rəyində ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: X11 K.Fərəcova adına X2 təyin edilmiş “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” diaqnozu xəstəliyin klinikasını nəzərə alaraq doğulduqdan 3 gün sonra yenidoğulmuşa təyin oluna bilərdi. “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” xəstəliyinə səbəb rezurs konfilikti və qan qruplarının uyğunsuzluğu ola bilər. Onur Məmmədliyə təyin edilmiş “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” diaqnozu düzgün olaraq qanın laborator müayinəsində ümumi bilirubinin qanda səviyyəsinin yüksəlməsinə (465 mkmol/L) əsasən müəyyən edilmişdir. “X6”nda isə yeni doğulmuş uşağa qanın laborator müayinəsində ümumi bilirubinin göstəricisi yoxlanılmış və 148 mkmol/L olduğu müəyyən edilmişdir ki, bu da fizioloji sarılığın klinikasına uyğun olmuşdur. “X6”nda yenidoğulmuş uşağa aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur; 15.04.2021-ci il tarixli, 971 nömrəli rəyində isə ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: K.Fərəcova adma X2 X11 təyin edilmiş “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” diaqnozu doğulduqdan 3-5 gün ərzində təyin edilə bilər. “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” ana və uşağın rezus konilikti və qan qruplarının uyğunsuzluğu nəticəsində yarana bilərdi. Yenidoğulmuşun “X6”nda 19.09.2019-cu il tarixdə qanın laborator müayinəsi zamanı ümumi bilirubinin göstəricisi 148mkmol/L olmuşdur ki, bu da fizioloji sarılığın klinikasına uyğun olmuş, K.Fərəcova adına Elmi-X1 laborator müayinəsində müəyyən edilmiş ümumi bilirubinin səviyyəsinin yüksəlməsi (465mkmol/L) “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” diaqnozunu təsdiq edir. Bu müddət ərzində ümumi bilirubin göstəricisinin yüksəlməsi mümkün ola bilərdi. Yenidoğulmuş uşağa tibb müəssisələrində göstərilmiş tibbi yardımlar Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri, o cümlədən ekspert rəylərini nəzərə alaraq iddianı əsassız saymış və rədd etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “X8” MMC və həmin xəstəxananın həkimi tərəfindən iddiaçının uşağına yanlış diaqnoz qoyulması və ya uşağın müalicəsi ilə bağlı hərəkətsizliyə yol verilməsi iş üzrə keçirilmiş 16.12.2020-ci il tarixli, 2472 nömrəli və 15.04.2021-ci il tarixli, 971 nömrəli ekspertiza rəyləri ilə öz təsdiqini tapmamışdır. Ekspert rəylərinə görə, K.Fərəcova adma X2 X11 təyin edilmiş “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” diaqnozu doğulduqdan 3-5 gün ərzində təyin edilə bilərdi. “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” ana və uşağın rezus konilikti və qan qruplarının uyğunsuzluğu nəticəsində yarana bilərdi. Yenidoğulmuşun “X6”nda 19.09.2019-cu il tarixdə qanın laborator müayinəsi zamanı ümumi bilirubinin göstəricisi 148mkmol/L olmuşdur ki, bu da fizioloji sarılığın klinikasına uyğun olmuş, 26.09.2019-cu il tarixdə isə K.Fərəcova adına Elmi-X1 laborator müayinəsində müəyyən edilmiş ümumi bilirubinin səviyyəsinin yüksəlməsi (465mkmol/L) “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” diaqnozunu təsdiq edir. Bu müddət ərzində ümumi bilirubin göstəricisinin yüksəlməsi mümkün ola bilərdi. Yenidoğulmuş uşağa tibb müəssisələrində göstərilmiş tibbi yardımlar Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusu (delikt) törədildiyini və nəticədə ona maddi ziyan vurulduğunu iddia etsə də, zərərin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində vurulması məhkəmə araşdırması ilə müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehlər tərəfindən iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətində iddiaçı iş üzrə əlavə ekspertiza keçirilməsinə ehtiyac olduğunu qeyd edərək ekspertiza təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bu dəlili (vəsatəti) əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində iş üzrə iki dəfə məhkəmə tibb ekspertizası keçirilmiş və ekspert rəyləri arasında hər hansı uyğunsuzluq olmamışdır. Rəylər aydın olmuş, ekspert qarşısında qoyulan suallara tam cavab verilmişdir. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza keçirə bilər. Həmin Məcəllənin 102-ci maddəsinin tələbinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası xatırladır ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) Ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) Qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) Rəyin tamlığının müəyyən edilməsi; 4) Rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, ekspert rəyləri aydın və tam olduğundan, rəylər arasında hər hansı uyğunsuzluq, ziddiyyət olmadığından iş üzrə əlavə, yaxud təkrar ekspertiza təyin olunmasına da zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyator öz tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin düzgün diaqnoz qoymamasını, övladının xəstəliyinin məhz cavabdehin düzgün diaqnoz qoymaması səbəbindən baş verməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar