Məhkəmə qərarları › İş №2(103)-706/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-706/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-706/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehdən 50.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə birlikdə 2018-ci ildən "xxxx" MMC-də işləmişdir. Cavabdeh həmin MMC-nin təsisçisi olmuş, iddiaçı isə MMC-də direktor vəzifəsində işləmişdir. Onların münasibətləri yaxşı olmuşdur. 2022-ci ildə cavabdeh iddiaçıya bildirmişdir ki, özünə məxsus, lakin dostu X4 adına formal olaraq qeydiyyata alınmış “X15” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili 50.000 manata satmaq istəyir. İddiaçı avtomobili bəyəndiyi üçün 50.000 manatı hissə-hissə cavabdehə ödəmiş, sonuncu isə avtomobilin idarə edilməsi üçün Raqif Məmmədovun adından 2022-ci ilin oktyabr ayında iddiaçıya etibarnamə vermiş və avtomobili iddiaçıya təhvil vermişdir. Bir neçə aydan sonra isə Raqif Məmmədov avtomobilin geri qaytarılması ilə bağlı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə avtomobilin hazırkı iş üzrə iddiaçıdan alınaraq Raqif Məmmədova verilməsi qət edilmişdir. Raqif Məmmədov iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddiaçı anlamışdır ki, cavabdeh onu aldatmış, onun pulunu qanunsuz yolla almışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş, avtomobil hazırkı iş üzrə iddiaçıdan alınaraq Raqif Məmmədova qaytarılmışdır. Lakin cavabdeh iddiaçıdan aldığı pul məbləğini iddiaçıya qaytarmamaşdır, baxmayaraq ki, iddiaçı cavabdehə dəfələrlə müraciət edərək, avtomobilə görə verdiyi 50.000 manat məbləğində pulunun qaytarılmasını tələb etmişdir. Bununla da, cavabdeh iddiaçıya münasibətdə əsassız olaraq varlanmışdır. İddiaçı, cavabdehin qanunsuz hərəkəti barədə şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi tərəfindən aparılmış araşdırma zamanı cavabdeh izahat verərək, əməlini etiraf etmişdir. Buna baxmayaraq Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan və iddiaçı ilə cavabdeh arasında olan “whatsapp” yazışmalarından görünür ki, cavabdeh iddiaçıdan pul almasını etiraf edir. b) cavabdeh tərəfin iddiaya etirazı barədə məlumat

3. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, təmsil etdiyi cavabdeh iddia tələbi ilə razılaşmır. Belə ki, həmin avtomobil cavabdehə yox, cavabdehin tanışı olan Raqif Məmmədova məxsusdur. Cavabdeh avtomobili iddiaçıya satmamış və cavabdehin belə hüququ heç olmamışdır. Həmin avtomobil iddiaçıya yalnız istifadə üçün verilmişdir ki, cavabdehin təsisçisi olduğu "xxxx" MMC-nin işləri ilə bağlı idarə etsin, çünki iddiaçı həmin MMC-də direktor vəzifəsində işləmişdir. Cavabdeh iddiaçıdan avtomobilin satılması üçün pul almamışdır. İddiaçının ödədiyi 50.000 manat pul vəsaiti cavabdehin təsisçisi olduğu MMC-yə məxsus olmuş, iddiaçı həmin pul vəsaiti MMC-yə qaytarmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflərin "xxxx" MMC-də birlikdə işlədikləri zaman iddiaçının cavabdeh tərəfindən aldadılması və cavabdehin ona məxsus olmayan və heç bir faktiki sahibliyi və ya mülkiyyəti olmayan nəqliyyat vasitəsini satması və bu məqsədlə ondan 50.000 manat pul vəsaitini qanunsuz olaraq alması barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı sözügedən dilləri irəli sürsə də, cavabdehə 50.000 manat pul vəsaiti verməsini təsdiq edən hər hansı sübutları (iltizamı, sadə yazılı formada hər hansı sənədi və sair) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, 50.000 manat məbləğində pul vəsaitinin məhz iddiaçıya məxsus olması da iş üzrə müəyyən edilmir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş (iddiaçının bacısı) X1 və (iddiaçının bacısının rəfiqəsi) X5 ifadələrindən görünür ki, onlar 50.000 manat pul vəsaitinin iddiaçı tərəfindən bilavasitə cavabdehə verməsinin şahidləri olmamış, bu məsələni iddiaçıdan eşitmişlər. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Sübutetmə yükü baxımından 50.000 manatın məhz iddiaçıya məxsus olması və bu məbləğin cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan iddiaçıdan alması, bir sözlə, tələbin hüquqi və faktiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda işin məhkəmə araşdırılması bu hallar öz təsdiqini tapmamışdır. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iddiaçının şikayəti əsasında Yasamal RPİ-nin 27-ci PB-də aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarını nəzərə almamışdır. Halbuki, həmin qərarda qeyd edilmişdir ki, cavabdeh avtomobili iddiaçıya satmasını və bunun müqabilində iddiaçıdan 50.000 manat məbləğində pul almasını etiraf etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, iddiaçının ödədiyi 50.000 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-yə məxsus olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh arasında olan “whatsapp” yazışmaları da təsdiq edir ki, cavabdeh iddiaçıdan pul almasını etiraf edir.

e) iş üzrə qəbul edilmiş məhkəmə aktları barədə məlumat

8. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (iş № 2(103)- 1690/2024) ilə apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsini, 50.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

9. Həmin qətnamədən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (iş № 2(102)-2608/2024) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və mülki iş apellyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.

10. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına 50.000 manat pul əldə etməklə əsassız varlanması nəticəsinə gəlsə də, iddiaçının bunun nəticəsində həqiqətən əmlak itkisinə məruz qalıb-qalmaması barədə onun iddiaya etirazının dəlilləri ilə bağlı lazımi araşdırma aparmayıb. Halbuki, cavabdehin vəkili ilk gündən iddiaya etirazında, habelə məhkəmə iclasında verdiyi izahatında iddia tələbi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının avtomobilin dəyəri kimi ödədiyi 50.000 manat pul vəsaiti iddiaçıya deyil, məhz cavabdehin təsisçisi olduğu "xxxx" MMC-nə məxsusdur. Cavabdeh özü də apellyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatında göstərib ki, iddiaçının ona göndərdiyi pul vəsaiti MMC-yə məxsus olub. Belə ki, MMC-də audit yoxlaması keçirilib və orada 600.000 manatdan çox yeyinti olduğu müəyyən edilib. İşdən görünür ki, cavabdeh izahatında göstərdiyi bu faktı təsdiq etmək üçün məhkəməyə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli audit rəyini təqdim etdiyi və həmin rəy işə əlavə olunduğu halda, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə həmin rəyi iş üzrə toplanmış digər sübutlarla, o cümlədən tərəflərin izahatları ilə yanaşı yoxlayıb qiymətləndirmədən, habelə işin obyektiv həlli üçün "xxxx" MMC-ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edib, onun qanuni təmsilçisinin hazırkı mübahisəli məsələyə münasibətini öyrənmədən, başqa sözlə işə əlavə edilmiş sözügedən audit rəyinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, həmin sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, cavabdehin etirazının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, audit rəydən görünür ki, "xxxx" MMC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində malmaterial və pul vəsaitlərinin dövriyyəsinin audit yoxlaması aparılıb və satış obyektində çatışmayan mal qalığının dəyəri 840.273 manat, bank hesabından nağd qaydada 54.890 manat olmaqla, cəmi 895.163 manat pul vəsaitinin iddiaçı tərəfindən kənarlaşdırıldığı müəyyən edilib. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə iddiaçının iddia etdiyi 50.000 manat pul vəsaitinin mənbəyi, yəni həmin pul vəsaitinin "xxxx" MMC-yə məxsus olub-olmadığı, MMC-nin bank hesabından 54.890 manat pul vəsaitinin nə vaxt çıxarıldığı, həmin pul vəsaitinin cavabdehə (nağd və ya bank vasitəsi ilə) göndərilibgöndərilmədiyi, habelə cavabdehin iddiaçıya borcunun olub-olmadığı, avtomobilin razılaşdırılmış satış qiyməti və iddiaçı tərəfindən avtomobilin dəyərinin cavabdehə nə vaxt, hansı qaydada ödənilməsi və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmaqla, iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddiaçı özü də iddia ərizəsində, MMC-nin fəaliyyəti üçün bir neçə dəfə cavabdehə borc verdiyini, sözügedən avtomobilin satış qiymətini cavabdehə hissəhissə ödədiyini, yəni pulun bir hissəsini cavabdehin ona olan borcu hesabına, qalan hissəsini isə MMC-nin hesabına ödədiyini inkar etmir. Belə olan halda iddiaçının MMC-yə ödədiyi vəsaitin təyinatı, məbləği dəqiqləşdirilmədən cavabdehdən iddiaçının xeyrinə bütövlükdə 50.000 manat pulun tutulması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.1-ci maddəsinin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. f) apellyasiya baxışı zamanı "xxxx" MMC-nin işin baxılmasına cəlb edilməsi barədə məlumat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi qərarında göstərilənləri nəzərə alan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) işə yenidən apellyasiya qaydasında baxarkən "xxxx" MMC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb etmişdir. g) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

12. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi.

13. Apellyasiya baxışı iclaslarında iştirak edən cavabdehin vəkili (nümayəndəsi), habelə apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş cavabdeh şikayətin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat vermişlər.

14. Üçüncü şəxs olan MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, bildirmişdir ki, iddiaçı, MMC-yə məxsus pul vəsaitinin mənimsəmişdir və bu pulun bir hissəsini MMC-yə qaytarmaq üçün MMC-yə 50.000 manat ödəmişdir. İddia tələbi əsassızdır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

16. Belə ki, Füzuli Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(064)-820/2023 saylı qətnaməsindən görünür ki, yuxarıda qeyd edilən avtomobilin mülkiyyətçisi olan X8 cavabdeh (hazırkı iş üzrə iddiaçı) İddiaçı qarşı “avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması” barədə iddia ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir 16.1. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Raqif Məmmədova məxsus avtomobilin İddiaçı istifadəsində qalmasının hüquqi əsası yoxdur. X13 mülkiyyətində olan həmin avtomobilə dair İddiaçı vermiş olduğu etibarnaməni xx.xx.2023-cü il tarixdə ləğv etdirmiş, lakin sonuncu həmin avtomobili Raqif Məmmədova qaytarmamışdır. 16.2. Füzuli Rayon Məhkəməsinin həmin qətnaməsi ilə iddianın təmin edilməsi, avtomobilin və avtomobilə dair “Qeydiyyat şəhadətnaməsinin” İddiaçı alınaraq Raqif Məmmədova verilməsi qət edilmişdir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən (iş № 2(106)-1503/2023) görünür ki, həmin qətnamə ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin HK-944 sayı material üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından görünür ki, (hazırkı iş üzrə iddiaçı) İddiaçı şikayət ərizəsi ilə polis orqanına müraciət edərək tanışı olan (hazırkı iş üzrə cavabdeh) Anar Əsgərovun onu aldadaraq avtomobilin ona satması adı ilə ondan 50.000 manat məbləğində pul almış və avtomobili etibarnamə əsasında ona verilmişdir. Sonradan avtomobilin əsl sahibi həmin etibarnamə ləğv etdirmişdir. Buna baxmayaraq Anar Əsgərov ondan aldığı pulu ona qaytarmamışdır. 18.1. Aparılmış araşdırma zamanı izahatı alınmış Anar Ələsgərov bildirmişdir ki, ona məxsus "xxxx" MMC-də icraçı direktor vəzifəsində çalışmış İddiaçı avtomobil satmamışdır. Həmin avtomobil onun dostu Raqif Məmmədova məxsus olmuş və o, Raqif Məmmədovdan xahiş etmişdir ki, avtomobili İddiaçı müvəqqəti istifadə üçün versin ki, sonuncu MMC-nin işləri ilə bağlı lazım olan yerlərə gedə bilsin. O, Çin Xalq Respublikasından ezamiyyətdən qayıtdıqdan sonra bilmişdir ki, İddiaçı MMC-yə məxsus küllü miqdarda pul vəsaiti mənimsəmişdir. O, İddiaçı pulun qaytarılmasını tələb etdikdə, Nərmin onu hədələyərək bildirmişdir ki, ona göndərdiyi və MMC-yə məxsus 50.000 manatın avtomobilin alınması üçün ona göndərməsi barədə şikayət edəcək. Bir daha bildirir ki, avtomobili İddiaçı satmamış, avtomobilə görə İddiaçı pul almamış, o, Çin Xalq Respublikasından ezamiyyətdə olduğu vaxt İddiaçı ona göndərdiyi pul vəsaiti təsisçisi olduğu "xxxx" MMC-nin pulu olmuşdur. 18.2. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin HK-944 sayı material üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.

19. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş (iddiaçının bacısı) X2 ifadəsində göstərmişdir ki, iddiaçı ona zəng vuraraq evdən 11.500 manat pul vəsaitini onun iş yerinə gətirilməsini xahiş etmişdir. O, rəfiqəsi Aytən Musayeva ilə görüşmüş və onlar birlikdə həmin pul məbləğini aparıb iddiaçıya vermişlər. Daha sonra iddiaçı zəng vuraraq 18.200 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişdir. Lakin evdə həmin valyuta ilə pul olmadığından o, 31.000 manat məbləğində pul vəsaitini evdən götürüb Aytən Musayeva ilə birlikdə Milli Onkologiya Mərkəzinin yanında yerləşən “Expressbank”ın yanına aparmış və iddiaçıya vermişlər. İddiaçı həmin məbləği götürərək banka girmiş və avtomobilin dəyərinin bir hissəsini ödəmişdir. Bildiyinə görə iddiaçı onun rəfiqəsi olan Aytən Musayevadan 6.700 manat məbləğində borc da almışdır. Həmin avtomobili iddiaçıya məhz cavabdeh satmış, lakin sonradan avtomobilin cavabdehə məxsus olmadığını bilmişlər.

20. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş (iddiaçının bacısının rəfiqəsi) X10 ifadəsində bildirmişdir ki, o, Aynurə Ələsgərzadə ilə bir yerdə olanda, iddiaçı, Aynurəyə zəng vuraraq evdən təcili olaraq 11.500 manat pulun ona çatdırılmasını xahiş etmiş və o, Aynurə ilə birlikdə pulu götürüb iddiaçının işlədiyi ofisə aparıb iddiaçıya vermişlər. Daha sonra, o, Aynurə ilə birlikdə olan zaman, iddiaçı zəng vuraraq Aynurəyə demişdir ki, avtomobilin alınması üçün ona 31.000 manat məbləğində pulu ona çatdırsın. O, Aynurə ilə birlikdə Aynurəgilə getmiş, Aynurə evdən 31.000 manat götürmüş və onlar birlikdə Milli Onkologiya Mərkəzinin yanında yerləşən “Expressbank”ın yanına gedərək, həmin pulu iddiaçıya vermişlər. İddiaçı pulu götürüb ödəniş etmək üçün Banka girmiş, çıxdıqdan sonra avtomobilin pulunu bir hissəsini ödədiyini bildirmiş və qəbzi göstərmişdir. Bir neçə müddət sonra iddiaçı ondan borca 6.700 manat istəmiş, o da həmin məbləği iddiaçıya, iddiaçının işlədiyi ofisə gedərək, çatdırmışdır. Ofisdə cavabdehlə tanış olmuşdur. Avtomobil barədə dəqiq məlumatı yoxdur. Bilir ki, iddiaçının cavabdehdən aldığı avtomobil ağ rəngdədir, “Jeep” markalıdır, qiyməti 50.000 manatdır.

21. İddiaçı iddia tələbinin əsalı olmasını yuxarıda qeyd edilən şahidlərin ifadələri ilə əsaslandırır.

22. Bununla bağlı Məhkəmə bildirir ki, həmin şahidlərin ifadələrindən görünür ki, onlar 50.000 manat pul vəsaitinin iddiaçı tərəfindən bilavasitə cavabdehə verməsinin şahidləri olmamış, bu məsələni iddiaçıdan eşitmişlər.

23. Şahidlər onlar tərəfindən iddiaçıya 11.500 manat, 31.000 manat və 6.700 manat məbləğində pulun verilməsini bildirsələr də, həmin pul məbləğlərinin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edə bilmirlər, çünki bunun şahidi olmamışlar.

24. Buna görə də, Məhkəmə bu şahidlərin ifadələrini etibarlı sübut kimi qəbul etmir.

25. İddiaçı iddia tələbinin əsalı olmasını həmçinin onunla əsaslandırır ki, cavabdehin qanunsuz hərəkəti barədə onun şikayətı əsasında Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən aparılmış araşdırma zamanı cavabdeh izahat verərək, etiraf etmişdir ki, avtomobili ona satmış və bunun müqabilində ondan 50.000 manat məbləğində pul almışdır.

26. Bununla bağlı Məhkəmə bildirir ki, Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən toplanmış və hazırkı mülki işin materiallarına əlavə edilmiş HK-944 sayı materialdan görünür ki, hazırkı iş üzrə cavabdeh iddiaçının bildirdiyi məzmunda izahat verməmişdir. Əksinə o, 27-ci PŞ-yə verdiyi izahatda bildirmişdir ki, avtomobili iddiaçıya satmamış, avtomobilə görə iddiaçıdan pul almamış, o, Çin Xalq Respublikasından ezamiyyətdə olduğu vaxt iddiaçının ona göndərdiyi pul vəsaiti təsisçisi olduğu "xxxx" MMC-nin pulu olmuşdur (daha ətraflı məlumat üçün bax: hazırkı qətnamənin 18.1-ci bəndinə).

27. Buna görə də, Məhkəmə cavabdehin 27-ci PŞ-yə verdiyi izahatı iddianın əsaslı olmasını təsdiq edən sübut kimi qəbul etmir.

28. İddiaçı iddia tələbinin əsalı olmasını həmçinin onunla əsaslandırır ki, onunla cavabdeh arasında olan “whatsapp” yazışmalarından görünür ki, avtomobilə görə ondan 50.000 manat alınmasını cavabdeh həmin yazışmada etiraf edir.

29. İş materiallarında olan yazışmalardan görünür ki, cavabdeh iddiaçıdan avtomobilə görə hissə-hissə cəmi 20.220 ABŞ dolları məbləğində pulu aldığını etiraf etmişdir.

30. Həmin yazışmaları sübut kimi qəbul etmədiyini bildirən cavabdeh yazışmada pulun avtomobilə görə ödənilməsini qeyd etməsinin ağlabatan izahını verə bilməmişdir.

31. Yazışmanın bilavasitə mübahisə tərəflərinin arasında aparılmasını nəzərə alan Məhkəmə hesab edir ki, həmin yazıma iddiaçı tərəfindən cavabdehə avtomobilə görə 20.220 ABŞ dolları pul vəsaitinin verilməsini təsdiq edən sübut kimi qəbul edilə bilər.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi qərarında göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardadla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə iddiaçı tərəfindən hansı həcmdə vəsaitin "xxxx" MMC-nin hesabından nağdlaşdırdığı və həmin vəsaitlərin nağdlaşdırılması zamanı hansı müddətdə və məbləğdə Konix MMC-nin hesabına pul vəsaitini mədaxil etməsi barədə məlumatlar, aparılmış ödəniş, köçürmə, mədaxil əməliyyatları (tarix, saat, əməliyyatın növü, məbləğ, valyuta, təsərrüfat subyektinin adı, əməliyyatın təyinatı, vəsaiti alan və ya göndərən tərəf barədə məlumat göstərilməklə) və onların hesablaşması üzrə çıxarışın təsdiq edilmiş surətinin "xxxx" ASC-dən götürülməsini qərara almışdır.

33. "xxxx" ASC tərəfindən qərardad icra edilmiş və qərardadda qeyd edilən dövrü əhatə edən MMC-yə məxsus bank hesablarından çıxarış Məhkəməyə təqdim edilmişdir.

34. Həmin çıxarış apellyasiya baxışı zamanı iş üzrə tərəflərin iştirakı ilə tədqiq edilmiş lakin həmin dövrdə iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabından pul vəsaitlərin nağdlaşdırılması, hesaba pul vəsaitini mədaxil etməsi və sair əməliyyatlar aşkar edilməmişdir.

35. Bu baxımdan qəbul edilməlidir ki, iş üzrə cavabdehin bildirdiyi hal, yəni iddiaçının MMC-yə məxsus pul vəsaitini mənimsəməsi halı öz təsdiqini tapmamışdır.

36. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi qərarında göstərilənləri nəzərə alan Məhkəmə cavabdehin təsisçisi olduğu "xxxx" MMC-də "xxxx" MMC tərəfindən aparılmış auditin nəticəsi ilə verilmiş xx.xx.2024-cü il tarixli audit rəyi ilə bağlı araşdırma aparmışdır.

37. Bu zaman Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin rəydə "xxxx" MMC-də mal-material və pul vəsaitlərinin dövriyyəsinin audit yoxlamasının aparılması və satış obyektində çatışmayan mal qalığının dəyəri 840.273 manat, bank hesabından nağd qaydada 54.890 manat olmaqla, cəmi 895.163 manat pul vəsaitinin iddiaçı tərəfindən kənarlaşdırıldığı müəyyən edilməsi qeyd edilsə də, MMC-nin həmin audit rəyinə əsaslanaraq iddiaçının barəsində etdiyi şikayət ərizəsi əsasında Bakı Şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı, "xxxx" MMC-yə məxsus pul vəsaiti mənimsəmişdir. 37.1. Bunları nəzərə almış Bakı Şəhəri Binəqədi Rayon Prokurorluğu 24-3-2-2/310- 0319 253-c-24 saylı material üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanmasını rədd etmişdir.

38. İş üzrə tərəflərin verdikləri məlumatlardan bəlli olur ki, həmin qərardan şikayət verilməmiş, qərar qanuni qüvvəyə minmişdir.

39. Bu baxımdan da qəbul edilməlidir ki, iş üzrə cavabdehin bildirdiyi hal, yəni iddiaçının MMC-yə məxsus pul vəsaitini mənimsəməsi halı öz təsdiqini tapmır.

40. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, iş üzrə tərəflər arasında hər hansı müqavilə bağlanmayıb və hazırda iddiaçı hüquqi əsas olmadan cavabdehin onun hesabına 50.000 manat pul əldə etməklə əsassız varlandığını, cavabdeh isə iddiaçının ona göndərdiyi pul vəsaitinin iddiaçıya deyil, onun təsisçisi olduğu "xxxx" MMC-yə məxsus olduğunu bildirir.

41. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər (maddə 1093.1.).

42. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Göründüyü kimi əsassız varlanmada iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxs sayılır. Əsassız varlanma nəticəsində şəxsin pozulmuş hüququ o, halda bərpa edilə bilər ki, o həqiqətən əmlak itkisinə məruz qalmış olsun.

44. Yuxarıda artıq qeyd edildiyi kimi, işin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehin təsisçisi olduğu "xxxx" MMC-yə məxsus pulu mənimsəməmiş, iddiaçının cavabdehə ödədiyi pul vəsaiti MMC-yə dəymiş zərərin ödənilməsi ilə bağlı olmamış, avtomobilə görə olmuş və iddiaçı tərəfindən cavabdehə ödənilmiş (ödənilməsi sübuta yetən) pul vəsaiti 20.220 ABŞ dolları, yəni məzənnəyə uyğun olaraq (20.220 x 1,7 =) 34.374 manat məbləğində olmuşdur.

45. Bu baxımdan müəyyən edilir ki, iddia qismən əsaslıdır, Rayon Məhkəməsi iddianı tam rədd etməkdə haqlı olmamışdır, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. i) apellyasiya baxışının nəticəsi

46. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.

47. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında baxışın predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

48. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, 34.374 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

49. İddiaçı məcburi köçkün olduğu üçün dövlət rüsumu ödəməkdən azaddır. İddia qismən təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən, tələbin təmin edilən hissəsinə mütənasib olaraq iş üzrə məhkəmə xərclərinin 31%-i dövlət büdcəsinə, 69%-i cavabdehə aid edilməlidir. Bu məqsədlə iddia ərizəsinin verilməsi üçün ödənilməli olan (120 + 40.000 x 0.3% =) 240 manat dövlət rüsumunun 165,60 manat hissəsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun (165,60 : 2 =) 82,80 manat hissəsi, ümumilikdə 248,40 manat məbləğində pul cavabdehdən dövlət nəfinə tutulmalı, kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan 120 manat (239,60 manat ödənilmişdir) dövlət rüsumunun 37,20 manat hissəsi dövlət büdcəsinə, 82,80 manat hissəsi isə cavabdehə aid edilməlidir. Cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən dövlət büdcəsinə artıq ödənilmiş 119,60 manat məbləğində pul isə ondan dövlət nəfinə tutulmalı olan məbləğdən çıxılmaqla dövlət rüsumuna görə cavabdehdən dövlət nəfinə tutulmalı olan qəti məbləğ (248,40 - 119,60 =) 128,80 manat müəyyən edilməlidir.

50. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh 34.374 (otuz dörd min üç yüz yetmiş dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 128 (yüz iyirmi səkkiz) manat 80 (səksən) qəpik məbləğində pul tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar