Məhkəmə qərarları › İş №2(103)-7068/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7068/2025

10.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7068/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) X2 qızının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, iddia ərizəsi və “iddianın həcminin artırılması haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, keçmiş qayınanasının – cavabdehin ona olan borcunun ödənilməsi məqsədi ilə 1.571,53 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüquqi yardıma görə vəkillə bağladığı “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən vəkilə ödədiyi pul məbləğinin əvəzi olaraq 320 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun əvəzi olaraq 38,92 manat məbləğinə pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin övladı X7 ilə iddiaçının nikahı pozulmamışdan əvvəl (nikah xx.xx.2024-cü il tarixdə pozulub), yəni münasibətlər hələ normal olan zaman, iddiaçı, cavabdehə görə “Premium Hotel”ə cəmi (110+220=) 330 manat ödəniş etmişdir. Cavabdeh həmin xərcin əvəzini iddiaçıya ödəyəcəyi barədə vəd versə də, verdiyi vədə əməl etməmişdir. Bundan təxminən 1 ay sonra, cavabdeh, Tbilisidən iddiaçı ilə əlaqə yaradaraq iddiaçıdan (1 bilet + 3 bilet) 4 aviabiletin alınmasını xahiş etmiş və bildirmişdir ki, Bakıya qayıtdıqdan sonra iddiaçının çəkdiyi xərcin əvəzini ödəyəcək. İddiaçı da, 278,27 manata bir aviabilet, bir neçə gündən sonra isə 963,26 manata 3 aviabilet almışdır. Lakin cavabdeh həmin məbləği də iddiaçıya ödəməmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, (330+278,27+963,26=) 1.571,53 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı, vəkillə “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə bağlamış və müqaviləyə əsasən vəkilə 320 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə dövlət büdcəsinə 38,92 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, həmin xərclərin də əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Rayon Məhkəməsinə verdiyi izahatda cavabdeh bildirmişdir ki, keçmiş gəlini olmuş iddiaçı onun xahişi ilə onun üçün aviabiletlər almışdır. Lakin, o, verdiyi vədə əməl etmiş və aviabiletlərin alınması üçün iddiaçının çəkdiyi xərcin əvəzini iddiaçıya ödəmişdir. Belə ki, o, 3 biletə görə 968 manat pulu oğlunun (iddiaçının keçmiş ərinin) yanında evdə iddiaçıya nağd şəkildə qaytarmışdır. 1 biletə görə isə 279 manatı iddiaçının bank kartına köçürmüşdür. İddiaçı da, həmin məbləğin kart hesabına daxil olmasını təsdiq edən bildirişin şəklini ona göndərmişdir. Naxçıvanda yerləşən “Premium Hotel” mehmanxanasında qalma xərclərinə gəldikdə isə qeyd edir ki, iddiaçı, onları Naxçıvana qonaq kimi dəvət etmiş, lakin onları evlərində deyil, mehmanxanada yerləşdirmişdir. Göründüyü kimi, həmin xərci iddiaçı özü yaratmış və özü də qarşılamışdır. Göstərilənlərə əsasən o hesab edir ki, iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 4 ədəd aviabiletin alınması üçün iddiaçının çəkdiyi xərcin əvəzinin ödənilməsi məqsədi ilə (278,27+963,26=) 1.241,53 manat, hüquqi yardıma görə iddiaçının çəkdiyi xərcin bir hissəsinin ödənilməsi məqsədi ilə 100 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 33,41 manat məbləğinə pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

5. İddianın bir qisminin təmin edilməsi hissəsində Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehin tapşırığı ilə 4 ədəd aviabilet almağı və bununla bağlı 1.241,53 manat məbləğində xərc çəkməsi işin mübahisəsiz halıdır. Cavabdeh həmin məbləğin onun tərəfindən iddiaçıya ödənilməsini bildirsə də, bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdeh həmin məbləği iddiaçıya ödəməmişdir. Bu səbəbdən də, 1.241,53 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cəmi 330 manat məbləğində pulun iddiaçı tərəfindən mehmanxanaya ödənilməsi də işin mübahisəsiz halıdır. Lakin qeyd edilməlidir həmin ödənişin cavabdehin tapşırığı əsasında ödənilməsi sübuta yetmir. Buna görə də iddianın bu hissəsi təmin edilməməlidir. İddiaçının məhkəməyə müraciət etmək üçün çəkdiyi xərclər isə tam həcmdə cavabdehə aid edilə bilməz. Çünki iddia qismən təmin edilmişdir. Buna görə də, həmin xərc iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli və buna görə də, hüquqi yardıma görə iddiaçının çəkdiyi xərcin bir hissəsinin ödənilməsi məqsədi ilə 100 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 33,41 manat məbləğinə pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddianın qismən təmin edilərək 278,27 manat məbləğində pulun ondan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddianın təmin edilmiş hissəsi 4 ədəd aviabiletin alınması üçün çəkilmiş xərcin əvəzinin ödənilməsi ilə bağlıdır. 3 ədəd aviabiletin alınmasına iddiaçının çəkdiyi 963,26 manat məbləğində xərc cavabdeh tərəfindən iddiaçıya yaşadıqları evdə 2 şahidin, yəni cavabdehin oğlu (iddiaçının keçmiş əri) X5 və sonuncunun dostu olan X4 yanında qaytarılmışdır. Cavabdeh, heç olmasa Roman Məmmədovun şahid qismində dindirilməsini Rayon Məhkəməsindən dəfələrlə xahiş etsə də, Rayon Məhkəməsi buna əhəmiyyət verməmişdir. Əgər Rayon Məhkəməsi şahidləri dindirsə idi onda iddianın 3 aviabiletə aid hissəsini təmin etməzdi. İddianın təmin edilmiş hissəsi həmçinin əlavə olaraq 1 ədəd aviabiletin alınması üçün çəkilmiş 278,27 manat məbləğində xərcin əvəzinin ödənilməsi ilə bağlıdır. Cavabdeh həmin məbləği də iddiaçıya qaytarmışdır. Lakin bununla bağlı onun sübutu yoxdur. Buna görə də o, qətnamənin həmin hissəsini mübahisələndirmir.

e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

8. Apellyator – cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.

9. İş üzrə iddiaçı işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həddi barədə məlumat

10. Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddianın “iddiaçı tərəfindən mehmanxanaya çəkilmiş xərcin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə” hissəsini təmin etməsə də iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin həmin nəticəsi ilə razılaşmışdır.

11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh də Rayon Məhkəməsinin həmin nəticəsini və 1 ədəd aviabiletin alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 278,27 manat məbləğində pulun ondan iddiaçının xeyrinə tutulması barədə nəticəsini mübahisələndirmir. Cavabdeh, 3 ədəd aviabiletin alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 963,26 manat məbləğində pulun ondan iddiaçının xeyrinə tutulması barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmır.

12. Odur ki, bunları, mübahisə predmetinin bölünməz olmadığını və MPM-in 372.6cı maddəsinin tələbinə nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək, apellyasiya baxışının predmetini təşkil edən tələb rədd edilməlidir.

14. Belə ki, cavabdehin tapşırığı ilə 3 ədəd aviabiletin iddiaçı tərəfindən alınması və bunun üçün 963,26 manat məbləğində xərc çəkməsi işin mübahisəsiz halıdır.

15. İşin mübahisəli halı isə həmin xərcin cavabdeh tərəfindən iddiaçıya ödənilibğdənilməməsindən ibarətdir. Çünki iddiaçı bildirir ki, keçmiş qayınanası olan cavabdeh həmin xərcin əvəzini ona ödəyəcəyi barədə vəd versə də, verdiyi vədə əməl etməmişdir. Cavabdeh isə bildirir ki, o, keçmiş gəlini olan iddiaçının çəkdiyi 963,26 manat məbləğində xərci yaşadıqları evdə 2 şahidin, yəni oğlu (iddiaçının keçmiş əri) Roman Məmmədovun və sonuncunun dostu olan Surxay Fərəcovun yanında iddiaçıya qaytarmışdır.

16. Cavabdehin işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatlardan görünür ki, cavabdeh, 963,26 manat məbləğində pulun onun tərəfindən iddiaçıya Roman Məmmədovun yanında verdiyini bildirsə də, Rayon Məhkəməsi Roman Məmmədovun şahid qismində dindirilməsi ilə bağlı hər hansı addım atmamış, o cümlədən cavabdehin bununla bağlı vəsatət vermək hüququna malik olmasını cavabdehə izah etməmişdir.

17. Buna görə də Məhkəmə cavabdehin apellyasiya icraatı zamanı verdiyi “şahidlərin dindirilməsi haqqında” vəsatətini təmin etmişdir.

18. Apellyasiya icraatı zamanı şahid qismində ayrı-ayrılıqda dindirilmiş Roman Məmmədov və Surxay Fərəcov Məhkəməyə verdikləri ifadələrdə təsdiq etmişlər ki, xx.xx.2024-cü il tarixdə onlar cavabdehin yaşadığı mənzilində olduqları vaxt, iddiaçı, demişdir ki, banka olan kredit borcunu ödəmək lazımdır, lakin pulu yoxdur. Bundan sonra isə cavabdeh, arasında pul saxladığı dəftərdən 970 manat pulu götürərək iddiaçıya vermiş və iddiaçıya demişdir ki, bu aviabiletlərin alınması ilə bağlı onun yaranmış borcudur və həmin pulla banka olan kredit borcunu ödəyə bilər.

19. Şahidlərin ayrı-ayrılıqda verdikləri ifadələrdə qeyd edilmiş həmçinin xırda xüsusatlar belə üst-üstə düşdüyündən (dəqiq və ətraflı məlumat üçün bax: apellyasiya baxışı iclasının protokoluna və (və ya) iclasın audio-video çəkilişinə) Məhkəmə həmin ifadələri etibarlı sübut kimi qəbul etmişdir.

20. Beləliklə də, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh, onun tapşırığı ilə iddiaçının 3 ədəd aviabileti almaq üçün çəkdiyi 963,26 manat məbləğində xərcin əvəzini iddiaçıya ödəmişdir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 783.1-ci maddəsinin tələblərinin mənasına görə, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini ödəməlidir.

22. Bu maddi hüquq normasının tələbindən işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, cavabdeh, iddiaçıya verdiyi tapşırığın icrası ilə bağlı iddiaçının çəkdiyi xərcin əvəzini iddiaçıya ödəmiş, bununla da onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyi qalmamışdır. h) apellyasiya baxışının nəticəsi

23. Qeyd edilənlərə əsasən apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi əsassızdır. Rayon Məhkəməsi həmin tələbi təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal xarakterli deyil.

24. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

25. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2025-ci il tarixli qətnamə qismən, yəni apellyasiya baxışının predmeti olan hissədə - Cavabdeh 963 (doqquz yüz altmış üç) manat 26 (iyirmi altı) qəpik məbləğində pulun İddiaçı xeyrinə tutulması hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin məbləğin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin qalan hissəsi – 1 ədəd aviabiletin alınması üçün iddiaçının çəkdiyi xərcin əvəzinin ödənilməsi məqsədi ilə 278 (iki yüz yetmiş səkkiz) manat 27 (iyirmi yeddi) qəpik, hüquqi yardıma görə iddiaçının çəkdiyi xərcin bir hissəsinin ödənilməsi məqsədi ilə 100 (bir yüz) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 33 (otuz üç) manat 41 (qırx bir) qəpik məbləğinə pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi hazırkı apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar